Məhkəmə qərarları › İş №2(104)-866/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-866/2023

05.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-866/2023 05.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alimentin artırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədilo İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(076)-3026/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AZ-İİ seriyalı 540405 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 22 dekabr 2014-cü il təvəllüdlü X1 atası X4, anası İddiaçıdır.

2. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(015)-582/2016 saylı qətnaməsindən görünür ki, xx.xx.2014-cü təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir.

3. İşdə olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci ildən "xxxx" MMC-də dəmirçi işləyir və onun aylıq əmək haqqısı 300 manat təşkil edir.

4. 19.09.2022-ci il tarixli BPM**********80 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən mediasiya xidmət haqqı kimi 51 manat ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü Məhəmməd adlı övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment məbləğinin artırılaraq hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə faktiki olaraq ayrılmışlar. Birgə nikah dövründə 2014-cü il təvəllüdlü övladları Məhəmməd doğulmuşdur. Lakin, sonradan aralarında olan narazılıqlar səbəsindən rəsmi olaraq ayrılmışlar və hazırki vaxtadək ayrı yaşayırlar. Cavabdehə qarşı 2016-cı ildə alimentin artırılması tələbinə dair iddia qaldırmışdır. Həmin vaxt Ağstafa Rayon Məhkəməsinin qətnaməsi ilə onun xeyrinə övladı üçün hər ay 80 manat alimentin tutulması qət edilmişdir. Hal-hazırda övladı onun himayəsindədir. O da, uşağını böyütməkdə çətinlik çəkir. 2016-cı ildə müəyyən edilmiş aliment uşağının ehtiyaclarını ödəmir. Keçimiş əri yaxşı qazanc əldə edir, lakin alimentdən əlavə övladına heç bir yardım göstərmir. Alimentin artırılaraq 200 manat sabit pul məbləğində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Şəmkir Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(076)-3026/2022 nömrəli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) iddianın qismən təmin edilməsi, 22 dekabr 2014-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Ağstafa Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(015)-582/2016 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılaraq Cavabdeh həm hər ay 75 (yetmiş beş) manat sabit pul məbləğində, həm də hər ay qazancının (başqa gəlirinin) ¼ (dördə bir) hissəsi miqdarında alimentin müəyyən edilməsi, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 22 dekabr 2014-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay həm 75 (yetmiş beş) manat sabit pul məbləğində, həm də hər ay qazancının və başqa gəlilərinin ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməsi, Cavabdeh 38 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi gündən icra edilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 76.1.1, 78.1 və 78.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 112.1.3-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(076)-3026/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiasının təmin edilərək aliment məbləğinin artırılaraq hər ay 200 manat sabit pul məbləğində tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamış, tətbiq edilməli maddi hüquq normasını tətbiq etməmişdir. Belə ki, o iddia tələbi ilə sabit pul məbləğində təyin edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir, əmək haqqı və ya başqa gəlirdən aliment tutulmasını xahiş etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, Cavabdeh onun oğludur, O, "xxxx" MMC-də dəmirçi işləyir və onun aylıq əmək haqqısı 300 manat məbləğindədir. Alimentin tutulması qət edilərkən onun əmək haqqı məbləği nəzərə alınmalıdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

13. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

14. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

16. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

17. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

18. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

19. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8 nömrəli Qərarı:

20. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşdırılmış hüquqi mövqeyinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

21. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.

Azərbaycan Respublikasında Yaşayış minimimu haqqında Qanunu

22. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu:

23. Maddə 8.1.1. İddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

24. Maddə 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.

25. Maddə 9.1.2. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 112.1.3. Aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur.

29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

31. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

32. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

34. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

35. MPM-in 376.1. İşdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır.

36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəlmişdir, ona görə də hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(076)-3026/2022 nömrəli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməsi, Ağstafa Rayon Məhkəməsinin 15 mart 2016-cı il tarixli, 2(015)-582/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 05 aprel 2023-cü ildən başlayaraq hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 49.2 (qırx doqquz manat iyirmi qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

40. İşin halları ondan ibarətdir ki, tərəflərin birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X2 hazırki iş üzrə iddiaçının yanında saxlanılması və yetkinlik yaşına çatanadək onların saxlanılması üçün hər ay uşağa görə 80 manat sabit pul məbləğində alimentin hazırki iş üzrə cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı alimentin artırılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edərək alimentin miqdarının artırılaraq 200 manat sabit pul məbləğində tutulmasını xahiş etmişdir. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi alimentin həm sabit pul məbləğində həm də cavabdehin qazancının və başqa gəlirinin ¼ hissəsi miqdarında tutulmasını müəyyən etmişdir. Halbuki, iddiaçı sabit pul məbləğində tutulması müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Məhkəmə bu nəticəyə gələrkən ona istinad etmişdir ki, cavabdeh aliment ödəmək iqtidarında deyildir və alimentin qeyd edilən formada müəyyən edilməsi tərəflərin həqiqi vəziyyətinə uyğundur.

41. Məhkəmə kollegiyası bu məqamda onu qeyd edir ki, yuxarıda göstərilən normadan da göründüyü kimi uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu qanuna uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Hazırki iş üzrə iddiaçı təyin edilmiş alimentin sabit məbləğinin artırılmasını xahiş etdiyi halda birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq alimentin tutulması formasını dəyişmişdir. Halbuki, cavabdeh iddia tələbinə möqeyini bildirərkən ümumiyyətlə alimentin artırılmasına razı olmamış, əmək haqqından tutulmasını belə xahiş etməmişdir.

42. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi vəziyyətini, valideynlərin uşağı saxlamaq vəzifəsinin olmasını, bununla belə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları və uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin sabit məbləği hər ay 160 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, artırılaraq müəyyən edilən məbləğ hər iki tərəfin real vəziyyətinə uyğun olmaqla uşağın tələbatının ödənilməsi üçün kifayətdir.

43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yuxarıda göstərilən normaların tələblərindən irəli gələrək iddiaçı dövlət rüsumunun ödəməkdən azad edildiyinə görə 49.2 (qırx doqquz manat iyirmi qəpik) manat (30+160x12%1) məbləğində dövlət rüsumu Cavabdeh tutulmalıdır.

44. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə qismən əsaslıdır.

45. Kollegiya qeyd edir ki, baxılan iş üzrə çıxarılan qətnamədən (qətnamənin mübahisələndirilən hissəsi iddianın qiyməti (ödənilməli alimentin illik məcmusu) beş min manatdan az olduğu üçün) kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(076)-3026/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 15 mart 2016-cı il tarixli, 2(015)-582/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh 05 aprel 2023-cü ildən başlayaraq hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 49.2 (qırx doqquz manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar