Məhkəmə qərarları › İş №2(104)-877/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-877/2025

22.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-877/2025 22.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: uşağın himayəyə verilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi və aliment tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli 2(023)-46/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nikah haqqında arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə tərəflərin nikahı qeydə alınmışdır;

2. Doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə ailə münasibətlərindən xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur.

3. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(023)1102/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh araslında olan nikah pozulmuşdur;

4. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır;

5. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 atası Cavabdeh, 04 iyun 2019-cu ildə anadan olmuş X7 və xx.xx.2020ci ildə anadan olmuş X2 anaları İddiaçı himayəsinə verilmələri məqsədəmüvafiq hesab edilir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 iyun 2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər bir uşaq üçün aylıq 300 manat, cəmi 600 manat miqdarında alimentin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Daha sonra İddiaçı iddianın həcminin artırılması barədə ərizə verərək, xx.xx.2016cı il təvəllüdlü X1 Cavabdeh alınıb ona verilməsi və xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər bir uşaq üçün aylıq 300 manat, cəmi 900 manat miqdarında alimentin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə el adəti ilə evlənmişlər və 24 yanvar 2019-cu il tarixdə Qazax rayon Xanlıqlar kənd İƏD üzrə nümayəndəliyində 01 saylı akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Birgə ailə münasibətlərindən xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Nikahın pozulması ilə bağlı məhkəmənin icraatında iş vardır. Ailə münasibətləri pozulduğundan cavabdehlə ayrı yaşayırlar. 04 iyun 2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 onun himayəsindədir, cavabdeh uşaqların saxlanılmasında iştirak etmir. Cavabdeh işləyir, əmək haqqı yüksəkdir və uşaqlarına heç bir maddi yardım etmir.

9. Məhkəmə iclasında pedaqoqun iştirakı ilə dindirilən xx.xx.2016-cı il təvəllüdlü X6 bildirmişdir ki, anasının yanında qalmaq istəmir. Bacı və qardaşını çox istəyir. Lakin atasının yanında qalmaq istəyir.

10. Qazax Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli 2(023)-46/2025 nömrəli qətnaməsi ilə (hakim Elçin Mansırov) İddiaçı iddiası qismən təmin edilərək, xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 Cavabdeh alınaraq İddiaçı verilməsi; xx.xx.2016-cı il tarixdə anadan olmuş X3 aid hissədə həmin uşağın alındığı tarixdən, xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 isə xx.xx.2024-cü il tarixdən başlayaraq saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 (sıfdır tam yüzdə qırx üç) misli həddində sabit pul məbləğində aliment tutulması; Alimentin tutulmasının X1, X4 və X2 yetkinlik yaşına çatana qədər müəyyən edilməsi; Qətnamənin aliment tutulması hissəsində dərhal icra edilməsi; İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52, 60.4, 75.1, 78.1, 78.2, 100.2 və 110.2-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, «Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa, habelə «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Sərəncamına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsini və iddiaçı ilə birgə ailə münasibətlərindən anadan olmuş uşaqların onun himayəsinə verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə qəyyumluq və himayəçilik orqanının rəyini sübutlar siyasından çıxarmaqla işin obyektiv baxılmasını təmin etməmiş, iş üzrə mütəxəsis və psixoloq rəyi almadan uşağın ondan alınaraq iddiaçıya verilməsi qənaətinə gəlmişdir. Uşaqların hər üçü hazırda onun himayəsindədir və uşaqlar onsuz qala bilmirlər. xx.xx.2016-cı il təvəllüdlü X1 üstün mənafeyi, onun mənəvi və sair şəxsi keyfiyyətləri, onun şərəfli olan polis peşəsində fəaliyyət göstərək uşağın sağlam mühitdə böyüməsini təmin edəcəyi, uşağın anası ilə görüşməkdən belə yayınaraq ona olan bağlılığı nəzərə alınmamışdır. Apellyasiya şikayətinə əlavə etdiyi Qazax rayon icra və probasiya şöbəsində tərtib edilmiş aktdan da görünür ki, Xədicə Mehdizadə anası yəni, İddiaçı ilə görüşmək belə istəmir. İddiaçı ilə ünsiyyət qurmaq istəməyən Xədicə Mehdizadəninin iddiaçıya veriləcəyi təqdirdə hansı psixoloji vəziyyətə düşəcəyi məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. X5 birgə qalmaq istəyir və iddiaçıya getməkdən qəti şəkildə yayınır. Qəyyumluq və himayəçilik orqanı mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur və bunu edərək məhkəməyə rəy təqdim etmişdir. Lakin məhkəmə həmin rəyi sübutlardan xaric etmiş və nəticədə heç bir rəy olmadan öz daxili inamına uyğun qətnamə qəbul etmişdir. İş üzrə məhkəmə psixoloji ekspertizası təyin edilməli, uşaq psixoloq tərəfindən dindirilməli və tərəflərin psixoloji durumları müayinə edilməlidir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, Cavabdeh apellyasiya şikayətində yalnız bir “dəlilə” əsaslanaraq guya qəyyumluq və himayəçilik komissiyasının rəyi nəzərə alınmamaqla düzgün olmayan qətnamə qəbul edildiyini qeyd etmişdir. Halbuki, məhkəmə hətta azyaşlı uşaqları Xədicəni pedaqoqun iştirakı ilə dindirmiş və fikrini öyrənmişdir. Həmin fikirlərlə Xədicəyə atasının və onun ailə üzvlərinin etdiyi psixoloji təsirlər tam sübuta yetirilmişdir. Belə ki, Xədicəyə öyrətmişdirlər ki, məhkəmədə ifadə verərək, “anam məni bıçaqla və kreslo ilə vurubdur və kreslonu isə hakimin sualına cavab olaraq, əli ilə göstərərək kreslonun əl içi boyda olmasını göstərmişdir”. Belə olan vəziyyətdə Xədicəyə edilmiş psixoloji təsirlər bəlli olmuşdur. Bundan başqa, Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(023)-3/2025 saylı qərardadı əsasında Xədicə adlı uşağı ilə görüşüb ünsiyyətdə olur. Hətta, həmin iş üzrə də Xədicədən alət kimi istifadə etməklə qərardadın icrasına maneçilik etməyə çoxsaylı cəhdlər edilmişdir. Lakin, sonra icra məmurunun sayəsində həmin qərardad icra edilmiş və Xədicə adlı uşaq onunla, ailə üzvləri və qardaş-bacısı ilə ünsiyyətdə olur. Uşaqlarına qarşı psixoloji təsirlər etməmək, onları düşünmək naminə yanında olan və zor-bəla ilə döyülməklə söyülməklə aldığı Fidan və Həmzə adlı uşaqlarını könüllü olaraq, atası və onun ailə üzvləri ilə görüşməsinə heç bir maneçilik etmir və şərait yaradır. Bu haldan da öz pis niyyətləri üçün istifadə etməyə çalışan Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, “Uşaqlarımın hər üçü hazırda mənim himayəmdədir və mənsiz qala bilmirlər”. Bundan başqa, qəyyumluq və himayəçilik orqanının rəyi əsassız olmuş və rəy verilməsi üçün hər hansı obyektiv araşdırma aparılmamışdır. Ən əsası da qeyd edir ki, Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi kimi, ekspertiza təyin edilməsi ilə bağlı hər hansı vəsatəti birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, uşaqların iddiaçıya verilməsinə etiraz edir, hər üç uşağın onun himayəsinə verilməsini istəyir. Çünki, iddiaçı şiddətə meyillidir. İddiaçı onun anasını döymüş, qulağını cırmış, öz əlini kəsib ona şər atmışdır. Ona görə də uşaqlarına iddiaçı tərəfindən tərbiyə verilməsini istəmir. xx.xx.2016-cı il təvəllüdlü Xədicə adlı qızı hazırda onunla birlikdə yaşayır. İddiaçının himayəsində olan digər iki uşağın da ona verilməsini istəyir, uşaqlar da onu istəyirlər. 2024-cü ilin iyun ayından iddiaçı ilə faktiki ayrılmışlar. İddiaçı evdən gedərkən uşaqları aparmamış, onlardan imtina etmişdir. Həmin vaxt polis gəlmişdi, iddiaçı polis əməkdaşlarının yanında “ondan olan uşaq mənə lazım deyil” deyə bildirmişdir. Sonradan ona məlum olmayan səbəbdən iddiaçı uşaqları istəmiş və məhkəmə qətnaməsindən sonra uşaqlar ona verilmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsini və iddiaçı ilə birgə ailə münasibətlərindən anadan olmuş uşaqların onun himayəsinə verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdehlə birgə ailə münasibətlərindən xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Nikahın pozulması ilə bağlı məhkəmənin icraatında iş vardır. Ailə münasibətləri pozulduğundan cavabdehlə ayrı yaşayırlar. 04 iyun 2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 onun himayəsindədir, xx.xx.2016-cı il təvəllüdlü X6 isə atasının yanındadır. Cavabdeh uşaqların saxlanılmasında iştirak etmir. Cavabdehin yanında qalan uşağınında onun himayəsinə verilməsini istəyir. Cavabdeh işləyir, o işə gedəndə uşaq baxımsız qalır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

17. Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.

18. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

19. Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.

20. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.

21. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

22. Maddə 73.1. Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) işə cəlb edilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu

23. Maddə 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

24. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

25. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər faktiki ailə qurmuşlar, xx.xx.2019-cu il tarixdə isə nikahları qeydə alınmışdır. Onların birgə ailə münasibətlərindən xx.xx.2016-cı il təvəllüdlü Xədicə, xx.xx.2019-cu il təvəllüdlü Həmzə və xx.xx.2020-ci il təvəllüdlü Fidan adlı uşaqları anadan olmuşdur. Sonradan ailə münasibətləri pozulduğundan tərəflər ayrılmışlar və xx.xx.2016-cı il təvəllüdlü Xədicə adlı uşaq cavabdeh (ata) Eltun İsmayılovun, xx.xx.2019-cu il təvəllüdlü Həmzə və xx.xx.2020ci il təvəllüdlü Fidan adlı uşaqlar isə iddiaçı (ana) İddiaçı yanında qalmışdır. Həmçinin başqa iş üzrə məhkəmə qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuşdur. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə tərəflərin birgə ailə münasibətlərindən anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü Xədicə adlı uşaq cavabdeh (ata) Eltun İsmayılovdan alınaraq iddiaçı (ana) İddiaçı verilmiş və həmin uşağın, o cümlədən tərəflərin digər uşaqları xx.xx.2019-cu il təvəllüdlü Həmzə və xx.xx.2020-ci il təvəllüdlü Fidan adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən (ata) aliment tutularaq iddiaçıya (ana) ödənilməsi müəyyən edilmişdir.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

37. İşin həllinə ilk növbədə uşağın münasibətini araşdırmaqdan (uşağın gözü ilə baxmaqdan) başlamaq zəruridir.

38. Çünki, qanunvericiliklə məhkəmələrin üzərinə qoyulan vəzifələrdən biri də, uşaq maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməsidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

39. Hər bir halda başlanğıc prinsipin uşağın üstün mənafeyi olduğu unudulmamalıdır. Uşaqların «üstün maraqları» konsepsiyası Uşaq hüquqları haqqında Bəyannamənin 2-ci maddəsindən, Uşaq hüquqları haqqında Korvensiyanın 3-cü maddəsinin birinci bəndindən irəli gəlir. 2008-ci ildə BMT-nin Qaçqınlar və Ailə Komissarlığı tərəfindən qəbul edilmiş «Uşaq mənafelərinin daha yaxşı təmin edilməsi Qaydaları»nda göstərilir ki, «üstün maraqlar» termini uşağın rifahını izah edir. Belə rifah yaşı, yetkinlik səviyyəsi, valideynin olub-olmaması, uşağın ətraf mühiti və təcrübəsi kimi fərdi hallarla müəyyən edilir».

40. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi tərəflər faktiki ayrıldıqdan sonra onların ailə münasibətlərindən anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü Xədicə adlı uşaq faktiki olaraq cavabdeh (ata) Cavabdeh yanında, xx.xx.2019-cu il təvəllüdlü Həmzə və xx.xx.2020-ci il təvəllüdlü Fidan adlı uşaqların isə iddiaçı (ana) İddiaçı yanında qalmışdır. Nəzərə almaq lazımdır ki, adları qeyd olunan uşaqlar azyaşlıdır və ana qayğısına, nəvazişinə, xüsusi diqqətə ehtiyacı vardır. Uşaqların ana qayğısına, nəvazişinə daha çox ehtiyac duyduğu bir yaş dövründə analarının himayəsindən alınması və ana qayğısından kənarda saxlanılması uşaqların mənafeyi, həmçinin psixoloji vəziyyətinə mənfi təsir baxımından əlverişli deyildir.

41. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

42. Qanunvericiliyin bu yanaşması 10 yaşına çatmayan uşağın da dinlənilməsini zəruri edir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah etmişdir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir.

43. İşdən müəyyən edilir ki, birinci instansiya məhkəməsində icraat zamanı xx.xx.2016-cı il təvəllüdlü Xədicə adlı uşaq məhkəmə iclasında pedaqoqun iştirakı ilə dinlənilmiş və uşaq anasının yanında qalmaq istəmədiyini, bacı və qardaşını çox istədiyini, lakin atasının yanında qalmaq istədiyini bildirmişdir.

44. Məhkəmə kollegiyası xx.xx.2016-cı il təvəllüdlü Xədicə adlı uşağın atası ilə qalmaq barədə istəyinə münasibətdə qeyd edir ki, tərəflərin faktiki ayrıldığı vaxtdan adı qeyd edilən uşağın məhkəmə iclasında fikri dinlənilən zamanadək xeyli müddət ötmüş və bu zaman kəsiyi heç şübhəsiz ki, azyaşlı uşaqla anası arasında olan isti münasibətlərin soyumasına, ünsiyyətin və bağlılığın azalmasına səbəb olmuşdur. Burada həmçinin, cavabdehin və ya digər şəxslərin uşağın anasına qarşı olan fikirlərinə, hislərinə təsir etməsi halı da istisna edilmir. Diqqət yetirilməli hallardan biri də həmçinin odur ki, tərəflər münaqişəli vəziyyətdə bir-birindən ayrılaraq ailə münasibətlərini sona çatdırmışlar. Bu isə, valideynlər arasında yaşanmış gərginliyin uşağın psixologiyasına neqativ təsir göstərməsi halını ortaya çıxarır.

45. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin birgə ailə münasibətlərindən anadan olmuş uşaqların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının təmin olunması baxımından anaların himayəsinə verilməsi onun qanunla qorunan mənafelərinə daha uyğundur. Kollegiya birinci instansiya məhkəməsinin həmin mövqeyini əsaslı və qanuni hesab edir. Çünki, yuxarıda da qeyd edildiyi kimi uşaqlar azyaşlıdır və ana qayğısına, nəvazişinə, xüsusi diqqətə ehtiyacları vardır. Digər tərəfdən nəzərə alınmalıdır ki, azyaşlı uşağın ana qayğısına və nəvazişinə daha çox ehtiyacının olması, bu ehtiyacların digər hər hansı şəraitlə əvəz olunmasının mümkünsüzlüyü sübuta ehtiyacı olmayan haldır. Azyaşlı uşağın atası ilə qalmaq istəməsi onun ana himayəsindən məhrum edilməsinə əsas kimi qiymətləndirilə bilməz.

46. BMT-nin Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş «Uşaq Hüquqları Bəyannaməsi»nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır, o, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır.

47. Kollegiya həmçinin qeyd edir ki, “BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİY) nömrəli qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6cı prinsipində göstərilən azyaşlı uşaqların anasından ayrılmasına əsas verən heç bir müstəsna şərait hazırkı işdə mövcud deyildir. Cavabdeh azyaşlı uşaqların ana İddiaçı himayəsinə verilməsinin uşaqların mənafeyinə uyğun olmadığı barədə arqument irəli sürsə də, lakin buu təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Bir sözlə, ananın şəxsi və əxlaqi keyfiyyətlərində uşaqların psixikasına, mənəvi inkişafına və tərbiyəsinə təsir edəcək mənfi halların olması müəyyən edilməmişdir. Əksinə, ananın davranışında, həyat tərzində və maddi-məişət şəraitində uşağın normal mənəvi-əxlaqi və fiziki inkişafına mənfi təsir edən hal müəyyən olunmur.

48. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqlardan ikisinin ananın, digər birinin isə atanın yanında qalması da uşaqların mənəvi və psixoloji cəhətdən sağlam böyümələrinə uyğun deyildir. Belə ki, qeyd edilən hal uşaqların doğulduğu vaxtdan qırılmaz tellərlə bir-birinə bağlı olan, daimi ünsiyyətdə olan bacı-qardaşların bağlılığına son qoymaqla, onların daimi ünsiyyətdə olmaq hüququnun pozulmasıdır. Çünki, bir-biri ilə daimi ünsiyyətdə olmaqla valideynlərinə bağlı olan uşaqların hazırkı vəziyyətdə həm bir-birindən, həm də valideynlərinin birindən ayrı düşməsi uzun müddət ərzində formalaşan ailə həyatının əsaslarına zidd olmaqla, onların psixi və fiziki durumlarına, sağlam böyümələrinə və əqli inkişaflarına mənfi təsir göstərən haldır. Buna görə də bacı və qardaşların birlikdə analarının yanında yaşaması onların maraq və mənafelərinin maksimal şəkildə qorunması baxımından məqsədəmüvafiqdir.

49. Məhkəmə kollegiyası qəyyumluq və himayəçilik komissiyasının rəyinə münasibətdə qeyd edir ki, yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla uşağın yaşı, onun fikri, uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı, valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər, uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı, habelə uşağın fikrinin onun maraqlarına zidd olub-olmaması müəyyən edilir. Göstərilən hallara isə uşaqların mənefeyi (maraqları) nəzərə alınmaqla yekun qiymət məhkəmə tərəfindən verilir. Odur ki, qəyyumluq və himayəçilik komissiyasının rəyi azyaşlı uşağın valideynlərdən hansının himayəsinə verilməsi məsələsinin həllində əsas meyar deyildir.

50. «Hər üç uşağın onun himayəsinə verilməsini istəyir» barədə Cavabdeh dəlili də məhkəmə kollegiyası tərəfindən əsassız sayılmışdır. Ona görə ki, hazırkı işdə İddiaçı tələbi üzrə xx.xx.2016-cı il təvəllüdlü Xədicə adlı uşağın cavabdeh (ata) E.İsmayılovdan alınması, habelə birgə ailə münaisbətlərindən anadan olmuş uşaqların saxlanılması üçün aliment tutulması barədə iddiaya baxılır. Cavabdeh isə uşaqların himayəyə verilməsi barədə hər hansı tələbi mövdud deyildir. Bu halda, hazırkı işin predmeti olmadığından azyaşlı uşaqların ata Cavabdeh himayəsinə verilməsi barədə cavabdehin arqumentlərinə qiymət verilməsinə zərurət yoxdur. Bundan əlavə, tərəflərin nikahı hazırkı iş üzrə çıxarılmış məhkəmə qətnaməsi ilə də pozulmadığından, uşaqların hansı valideynin himayəsinə verilməsi məsələsini həll etmək də məhkəmənin qanundan irəli gələn vəzifəsi deyildir (Ailə Məcəlləsi maddə 22.2.1).

51. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tərəflərin birgə ailə münasibətlərindən anadan olmuş uşaqlar iddiaçı (ana) İddiaçı yanında saxlanıldığından sonuncu tərəfindən həmin uşaqların saxlanılması üçün cavabdeh (ata) Cavabdeh aliment tutulması qanuni və əsaslıdır.

52. Belə ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Qeyd olunmalıdır ki, qətnamənin icrasından sonra uşaqlar analarının yanında yaşayacağından, onların bütün qida, geyim, tibbi və digər xərcləri mütəmadi şəkildə anaları tərəfindən ödəniləcəkdir. Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin, yəni İddiaçı üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni Cavabdeh tutulmasına əsas verir.

53. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. İşə baxan məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli 2(023)-46/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar