Məhkəmə qərarları › İş №2(104)-879/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-879/2025

09.04.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-879/2025 09.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-673/2025 nömrəli qərardadından qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin, ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan 0,022 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 99,8 kv/m olan bağ evinə dair İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra ilk iddia üzrə Cavabdeh1 İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu İddiaçı2 mülkiyyətində olan ünvan 2 ünvanından istifadə hüquqlarının itirilmiş hesab edilməklə məcburi qaydada ailə üzvləri və əşyaları ilə birgə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 nümayəndəsi (vəkili) Nümayəndə1 birinci instansiya məhkəməsinə yazılı vəsatətlə müraciət edərək, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-673/2025 nömrəli qərardadı (hakim Camal Quliyev) ilə, vəsatət təmin edilmiş, İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «kredit müqaviləsinin, alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin ləğv edilməsi» tələbi barədə ilk iddiasına, Cavabdeh1 İddiaçı2 qarşı «evdən çıxarılma» tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Həmçinin, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-673/2025 nömrəli digər qərardadı ilə, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə2 şikayət verərək, qərardadın ləğv edilməsini və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi iş üçün əhəmiyyətli deyildir. Buna bağlı olaraq da iş üzrə icraatın dayandırılması ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 hüquqlarının pozulmasına və iş üzrə icraatın uzanmasına səbəb olur. Buna görə də mülki iş üzrə icraatın dayandırılmasına dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-673/2025 nömrəli qərardadı ləğv edilməli və mülki iş üzrə icraat davam etdirilməlidir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-673/2025 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Mülki mühakimə icraatında iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Qərardad müşavirə otağında müstəqil akt şəklində qəbul edilir. Məhkəmə mürəkkəb olmayan məsələləri məhkəmə iclasında həll etdikdə, müşavirə otağına getməyib, yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan qərardad çıxara bilər. (Azərbaycan Respublikasının MPM-in 263.1-263.4-cü maddələri). Azərbaycan Respublikasının MPM-in 267.1-ci maddəsində deyilir ki, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Belə ki, iş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə icraatın dayandırılmasına əsas məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi olmuşdur. Ekspertizanın təyin edilməsində başlıca məqsəd isə işin obyektiv həllinə və həqiqətin aşkar edilməsinə nail olmaqdır. Məhkəmənin bu prosessual aktının hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 254-cü maddəsində məhkəmə icraatının məcburi dayandırılmalı olduğu əsaslar, MPM-nin 255-ci maddəsində isə icraatın dayandırılması mümkün olan hallar müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 255.0.5-ci maddəsinə görə, iş üzrə ekspertiza təyin olunduqda məhkəmə iş üzrə icraatı dayandıra bilər. Göründüyü kimi, ekspertiza təyin olunduqda icraatın dayandırılması məcburi deyildir. Qanun bu halda icraatın dayandırılması məsələsinin həllini məhkəmənin səlahiyyətinə buraxır. Ona görə də Azərbaycan Respublikasının MPM-in 255-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə işin konkret hallarından asılı olaraq icraatın dayandırılması məsələsini həll edir. Əgər bu halların mövcudluğu işin sonrakı gedişatına mane olursa, məhkəmə icraatı dayandırmaqda haqlıdır. Nəzərə alınmalıdır ki, tələbin düzgün həlli, işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə işin prosessual tənzimlənməsində məhkəmənin səlahiyyətləri məhdudlaşdırılmamalıdır. Hazırki işdə də ekspertiza təyin olunduğuna və ekspert rəyinin alınması üçün işə baxılması üçün müəyyən olunan prosessual müddətlərdən kənara çıxan vaxt lazım olduğuna görə məhkəmə icraatın dayandırılmasını zəruri saymışdır. Məhkəmə, icraatı dayandırmaqla Azərbaycan Respublikasının MPM-in 255-ci maddəsi ilə müəyyən olunmuş prosessual səlahiyyətdən düzgün istifadə etmişdir. Məhkəmə kollegiyası, prosessual müddətlərə riayət olunmasının təmin olunması üçün iş üzrə icraatın dayandırılması barədə birinci instansiya məhkəməsinin mövqeyini məqsədəuyğun hesab edir və göstərir ki, məhkəmə qərardadının ləğv edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası sadalanan hallara əsasən hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalı, həmin qərardaddan verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxdıqda məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyəti vardır. Eyni zaman məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 255, 263, 264, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-673/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar