Məhkəmə qərarları › İş №2(104)-887/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-887/2023

02.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-887/2023 02.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı aliment öhdəliklərindən azad edilmə tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(062)-285/2023 nömrəli qərardadından Cavabdeh X tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment öhdəliklərindən azad edilmə tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək 2021-ci ilin mart ayından xx.xx.2013-cü il təvəllüdlü oğlu X1 münasibətdə 120 manat sabit pul məbləğində aliment ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(062)-285/2023 nömrəli qərardadı (hakim Fərid Əliyev) iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Tovuz Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(062)-285/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh X2 qarşı aliment öhdəliklərindən azad edilmə tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməməsi, qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin icraata götürülməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia prosessual tələblərə və müddətə riayət edilməklə verilmişdir. Belə olan halda onun qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməməsi qanunauyğun deyildir. Tovuz Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli 2(062)-285/2023 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, baxılması üçün mülki iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Ona görə də, Məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(062)- 285/2023 nömrəli qərardadı və onun əsasında verilmiş 03 fevral 2023-cü il tarixli 2(062)- 285/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərardad qəbul edərkən, qeyd etmişdir ki, qarşılıqlı iddianın qəbulu ilkin iddianın icraata qəbul olunmasından keçir. İlkin iddia icraatda olmalıdır ki, qarşılıqlı iddia verilən zaman Mülki Prosessual Məcəllənin 156-cı maddəsinin tələbləri yoxlanılsın. Hazırda İddiaçı iddiası Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə müvafiq olaraq baxılmamış saxlanıldığından qarşılıqlı iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Cavabdeh şikayətin dəlillərində qarşılıqlı iddia prosessual tələblərə və müddətə riayət edilməklə verilmişdir. Belə olan halda onun qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməməsi qanunauyğun deyildir. Məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmayaraq qeyd edir ki, qarşılıqlı iddianın icraata qəbul edilməməsinin əsası onun tələblərə cavab verməməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddətdə verilməməsi deyil, iddia ərizəsinin baxılmamış saxlanılması olmuşdur. Başqa cür desək, ilk iddia icraatda olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq qarşılıqlı iddianın qəbulu edilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının MPM-in 155.1 maddəsinə əsasən cavabde ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Azərbaycan Respublikasının MPM-in 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Azərbaycan Respublikasının MPM-in 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. 156.2. Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, mülki prosessual qanunvericiliyi rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni geri qaytarmışdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə konkret müəyyənləşdirilmişdir. Hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şikayət təmin edilməsin. Bu iş üzrə Tovuz Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(062)-285/2023 nömrəli qərardadı və onun əsasında verilmiş 03 fevral 2023-cü il tarixli 2(062)-285/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar