Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-889/2023 28.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh Mahir oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Mahir oğluna qarşı “aliment” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-254/2022 saylı qətnaməsindən Cavabdeh Mahir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh Mahir oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə yaşayışlarından xx.xx.2021-ci il tarixdə doğulmuş Turan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-254/2022 saylı qətnaməsi ilə (hakim F.Əliyev) iddia tələbi qismən təmin edilmiş, cavabdeh X1 hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq xx.xx.2021-ci il tarixdə doğulmuş Turan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi, alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablanması, qətnamənin dərhal icra edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 41,6 manat məbləğdə dövlət rüsumunun əvəzi Cavabdeh Mahir oğlundan tutularaq dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh Mahir oğlu apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və aliment məbləğinin azaldılmasını xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Mahir oğlu ilə el adəti qaydasında evlənib, nikahlarını xx.xx.2021-ci il tarixdə rəsmi qeyd etdirmişlər. Birgə yaşayışlarından xx.xx.2021-ci il tarixdə Turan adlı uşaqları doğulmuşdur. Cavabdeh ilə faktik olaraq ayrılmış və ayrı yaşayırlar. Hazırda uşağı ilə birlikdə atası evində yaşayır. Cavabdeh uşağın saxlanılmasında maddi köməklik etmir, özü isə uşağın xərclərini ödəməkdə çox çətinlik çəkir. Heç bir yerdə işləmir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Mülki iş materiallarında olan: Nikah haqqında AZ İİ 428080 saylı şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Mahir oğlu ilə X2 nikahlarını xx.xx.2021-ci il tarixdə rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Nikahdan sonra arvada “Paşa” soyadı verilmişdir. Doğum haqqında AZ-İV 698642 saylı şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 oglu xx.xx.2021-ci il tarixdə doğulmuşdur. Onun atası Cavabdeh Mahir oğlu, anası isə İddiaçıdır. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə prosessual normanın pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə işin hallarını və onun maddi vəziyyətini nəzərə almadan aliment təyin etmişdir. Hazırda atasına məxsus evdə yaşayır, heç bir yerdə işləmir və heç bir yerdən gəliri yoxdur. Bundan başqa onun məhkəmə prosesi barədə məlumatı olmamış və bu barədə ona heç bir məlumat verilməmişdir. İşdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Mahir oğlu aepllyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, əlavə olaraq bildirdi ki, məhkəmənin müəyyən etdiyi 180 manat aliment çoxdur. O, fəhlə işləyərək gündəlik 5-10 manat qazanır. Ona gör də, alimentin miqdarının azaldılaraq 150 manat həddində müəyyən olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı verilmiş apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirdi ki, cavabdeh təkər təmiri sexində işləyir aylıq əmək haqqısı 350 manatdır. Özü isə uşağa baxdığı üçün işləmir. Ona görədə uşağın maddi təlabatını ödəyə bilmir, cavabdeh isə onlara heç bir maddi köməklik göstərmir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya mhəkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktiki halları kimi müəyyən etmişdir ki, tərəflər el adəti ailə həyatı qurmuş və xx.xx.2021-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçmişlər. Onların birgə nikahlarından 30 dekabr 2021-cu il tarixdə Turan adlı uşaqları doğulmuşdur. Tərəflər faktiki olaraq ayrı yaşayırlar və azyaşlı iddiaçının himayəsindədir. İddiaçı özü heç bir yerdə işləmir və uşağı saxlamaqda maddi çətinlik çəkir. Cavabdeh isə iddiaçıya uşağın saxlanılması üçün maddi köməklik göstərmir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya şikayətinin dəlilləri ilə mübahisələndirilən münasibətlər, uşaqların saxlanması üçün aliment öhdəlikləri ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Uşaq üçün aliment tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsidir. Eyni zamanda iddia tələbinin həllində başqa hüquq normaları da nəzərdən keçirilməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən ölkədə 2023-ci ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir. Sadalanan hüquq normalarından göründüyü kimi, valideyn qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Valideynin işləməməsi və ya qazanca malik olmaması, yaxud qazancının az olması onu uşağı saxlamaq, normal maddi dolanışığını təmin etmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78-ci maddəsi sabit məbləğdə aliment tutulmasına əsas verən hallardan biri kimi valideynin qazancının (gəlirinin) olmamasını, başqa bir hal kimi də alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu halı müəyyən etmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsi sabit pul məbləğinin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının əsas tutulmasını tələb edir. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar aliment təyini zamanı nəzərə alınsa da, uşağın mənafeləri baxımından qiymətləndirilməlidir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Məhkəmə kollegiyası qeyd olunan hüquq normalarına əsasən, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay uşağa 180 manat məbləğdə müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Bu məbləğ uşağın mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolveriləndir. Kollegiya göstərir ki, alimentin bu məbləği uşağın mənafeləri baxımından qənaətbəxşdir. Apellyatorun işləməməsi və maddi vəziyyətinin aşağı olması barədə dəlillərini kollegiya əsassız sayır. Çünki, cavabdehin uşaqları saxlaması qanunla onun üzərinə düşən vəzifədən başqa həm də ata kimi mənəvi borcudur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin, apellyasiya şikayətində cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaması dəlili ilə bağlı kollegiya qeyd edir ki, bu dəlil əsassızdır. Çünki, iş materiallarında olan zərfdən görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə olan bildiriş cavabdehin qeydiyyatda olduğu Tovuz rayonu, Yuxarı Öysüzlü kəndinə göndərilmiş və həmin ünvanda yaşamadığı üçün bildiriş geri qaytarılmışdır. Buna görə də məhkəmə işçisi tərəfindən cavabdehin istifadəsində olan mobil nömrə ilə əlaqə saxlanaraq məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək, bu barədə telefonoqram tərtib olunmuşdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası MPM-nin 138.4-cü maddəsinin tələbinə görə, zərurət olduqda və qanunla nəzərdə tutulmuş hallarda işdə iştirak edən şəxslər və prosesin digər iştirakçıları məhkəmə bildirişinin məzmununun ötürülməsini təmin edən rabitə vasitələrindən istifadə edilməklə, eləcə də məhkəmənin tapşırığı ilə məhkəmə işçisi tərəfindən xəbərdar edilə, yaxud çağırıla bilərlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qanunvericiliyin sadalanan tələblərini önə çəkərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddia tələbi qismən təmin edildiyindən ona hər ay cavabdeh tərəfindən ödənilməli olan 180 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 2160 manat təşkil edir. Göründüyü kimi, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-254/2022 saylı qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-889/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-889/2023
28.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver