Məhkəmə qərarları › İş №2(104)-889/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-889/2025

14.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-889/2025 14.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli 2(045)-665/2025 nömrəli qərardadından iddiaçı X3 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən dəyəri 450 manat olan 1 ədəd LG markalı paltaryuyan, dəyəri 150 manat olan 1 ədəd Euroluks markalı su ilə işləyən tozsoran, dəyəri 80 manat olan 1 ədəd Tefal markalı ütü, dəyəri 50 manat olan 1 ədəd Braun markalıfen, dəyəri 180 manat olan 1 ədəd Euroluks markalı blender–mikser dəsti, dəyəri 80 manat olan 1 ədəd Vitek markalı ətçəkən, dəyəri 250 manat olan 1 ədəd Galaxy markalı xəmir mikseri, dəyəri 60 manat olan 1 ədəd Saturun markalı şirəçəkən, dəyəri 60 manat olan 1 ədəd böyük elektrikli termos, dəyəri 35 manat olan 1 ədəd Braun markalı epilyator, dəyəri 50 manat olan 1 ədəd kofemorka, dəyəri 50 manat olan 1 ədəd stolüstü örtük, dəyəri 12 manat olan 6 ədəd əşya altlıqları, dəyəri 250 manat olan 1 ədəd xalça, dəyəri 200 manat olan 1 ədəd xalça, dəyəri 250 manat olan 1 ədəd pərdi, dəyəri 250 manat olan 1 ədəd pərdə, dəyəri 70 manat olan iki nəfərlik yataq örtüyü dəsti, dəyəri 60 manat olan cehizlik yataq dəsti, dəyəri 60 manat olan əl dəsmalları, dəyəri 80 manat olan qab dəsmalları, dəyəri 24 manat olan 6ədəd mətbəx dəsmalları, dəyəri 18 manat olan əl üçün mətbəx dəsmalları, hər birinin dəyəri 60 manat olan 6 ədəd yataqüçün qalın ədyal, ümumi dəyəri 500 manat olan şəxsi geyimlərim, dəyəri 35 manat olan 1 ədəd kabloklu ayaqqabı, dəyəri 40 manat olan 1 ədəd kabloklu ayaqqabı, dəyəri 35 manat olan 1 ədəd kabloksuz ayaqqabı, dəyəri 40 manat olan 1 ədəd kabloklu pasanoşka, ümumi dəyəri 300 manat olan uşaq geyimləri, dəyəri 20 manat olan uşaq yataq pasteli, dəyəri 25 manat olan böyük yataq pasteli, dəyəri 60 manat olan böyük yataq döşəyi, dəyəri 25 manat olan uşaq yataq döşəyi, dəyəri 120 manat olan uşaq yataq ımebeli, dəyəri 200 manat olan sandıq, dəyəri 350 manat olan qonaq otağı üçün stol və stullar, ümumi dəyəri 1000 manat olan qonaq otağı dəsti (3 ədəd qab–qacaq mebeli, güzgülü mebel, televizor altlığı), dəyəri 500 manat olan divan, ümumi dəyəri 150 manat olan 2 ədəd kreslo, ümumi dəyəri 1200 manat olan yataq otağı dəsti, dəyəri 12 manat olan ALLAH yazılı suvenir, dəyəri 25 manat olan güldan və vaz suvenir, dəyəri 70 manat olan 2 dəst mebelə yığılan boşqab dəstləri, dəyəri 30 manat olan fincan nəlbəki dəstləri, dəyəri 12 manat olan kofe fincanı dəsti, dəyəri 30 manat olan cehizlik bakal dəsti, Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: dəyəri 20 manat olan 6 ədəd bakal, dəyəri 5 manat olan 2 qutu çay stəkanı dəsti, dəyəri 200 manat olan çamadanda qaşıq-çəngəl dəsti, dəyəri 15 manat olan meyvə qabı, dəyəri 12 manat olan böyük ləpə qabı, dəyəri 14 manat olan 2 ədəd mürəbbə qabı, dəyəri 7 manat olan konfet qabı, dəyəri 8 manat olan 1 ədəd xrustal güldan, dəyəri 20 manat olan böyük xrustal güldan, dəyəri 35 manat olan 2 qutu padnos dəsti, dəyəri 15 manat olan şirəli qazan dəsti, dəyəri 40 manat olan tava dəsti, dəyəri 60 manat olan 40 litrlik böyük tək qazan, dəyəri 50 manat olan bıçaq dəsti, dəyəri 50 manat olan böyük şirəli tək qazan, dəyəri 60 manat olan böyük aş qazanı, dəyəri 60 manat olan yol üçün böyük paltar çamadanı, dəyəri 15 manat olan banka maşını, dəyəri 35 manat olan çaynik dəsti, dəyəri 15 manat olan armudu stəkan dəsti, dəyəri 25 manat olan 3–lü ləyən–aşsüzən, dəyəri 20 manat olan ütü stolundan ibarət cehiz əşyalarımın, həmçinin mənə məxsus olan qızıllar yığılan 1 ədəd sandıqça, hər birinin dəyəri 200 manat olan 2 ədəd 585 əyarlı uşaq bilərziklər, dəyəri 5400 manat olan 850 əyarlı gül naxışlı ağ qızıl dəsti, dəyəri 280 manat olan paxlava naxışlı bilərzik, dəyəri 570 manat olan 585 əyarlı ilan naxışlı qızıl sep, dəyəri 200 manat olan qızıl sep, dəyəri 50 manat olan tək qaşlı gümüş üzük, dəyəri 500 manat olan yarpaq naxışlı, tək qaşlı ağ qızıldan nişan üzüyü, dəyəri 200 manat olan yaqut qaşlı qızıl üzük və dəyəri 110 manat olan qızıl uşaq sancağından ibarət qızıl əşyalarımın natura şəklində, qətnamə icra olunan vaxt naturada mövcud olmazsa əşyaların dəyəri və ödənilmiş 138 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli 2(045)-665/2025 nömrəli (hakim T.Mustafayev) qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak və qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 138,60 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı X3 şikayət verərək, qərardadın ləğv olunması və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli 2(045)-665/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli 2(045)-665/2025 nömrəli qərardadı ləğv edilərək iş həmin məhkəməyə qaytarılmalıdır. Kollegiya ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prоsessual Məcəlləsinin 372.7. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 152.1.1. maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarır. Həmin Məcəllənin 152.2. maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3. maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 152.4. maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsinin verilməsinə dair Azərbaycan Respublikasının Mülki ProsessualMəcəlləsi ilə müəyyən edilmiş qaydaya, formaya və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl edilməmişdir. İddia ərizəsində iddianın predmeti və qiyməti, tələbinin əsası kimi istinad etdiyi fakt və hallar, onları təsdiq edən sübutların siyahısı (əşyanın növü, markası və dəyərini təsdiq edən sənədlər) göstərilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, kollegiya ilkin olaraq qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1-ci maddəsində göstərilən qaydada, yəni “Elektron məhkəmə” informasiya sistemindəyaradılan elektron kabnet vastəsilə verilmişdir. İddiaçı Qərənfil İsmayılova tərəfindən verilmiş iddia ərizəsinə nəzər yetirildikdə müəyyən olunur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə uyğun tərtib olunmaqla ərizəyə müvafiq sənədlər əlavə edilmişdur. Yəni iddia ərizəsində tələb olunan əmlakların ayrı-arılıqda adı, növü, sayı, eləcədə onların dəyəri göstərilmişdir. Əşyanın növü, markası və dəyərini təsdiq edən sənədlərin iddia ərizəsinə əlavə olunmamasına münasibətdə isə kollegiya qeyd edir ki, həmin çatışmamazlıq məhkəmənin hazırlıq iclasında aradan qaldırıla bilər. Buna baxmayaraq birinci instansiya məhkəməsi əsassız olaraq iddia ərizəsini geri qaytarmışdır. Yuxarıda qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli 2(045)-665/2025 nömrəli qərardadı ləğv edilməli və iddia ərizəsinin mümkünlük məsələsinə yenidən baxılıb hüquqi qiymət verilməsi üçün iş Goranboy Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunsa da, apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında iddianın icraata qəbul edilməsi barədə qərardad çıxarmaqda haqlı deyildir. Belə ki, iddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsasları da birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.2. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 395-398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli 2(045)-665/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki iş iddianın digər mümkünlük şərtləri yoxlanılmaqla icraata götürülməsi məsələsinə hüquqi qiymət verilməsi üçün Goranboy Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar