Məhkəmə qərarları › İş №2(104)-912/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-912/2025

05.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-912/2025 05.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: aliment tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2(076)-622/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən 26 avqust 2022-ci il tarixdə verilmiş AZ-İV № 759725 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 09 avqust 2022-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

2. Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 oktyabr 2024-cü il tarixdə verilmiş AZ-V № 049047 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X5 02 oktyabr 2024-cü il tarixdə onadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

3. Şəmkir Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(076)-283/2024 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Şəmkir Rayon Qeydiyyat şöbəsində 21 sentyabr 2021-ci il tarixdə bağlanmış və 233 №-ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin nikahından doğulmuş 09 avqust 2022-ci il təvəllüdlü X4 cavabdeh İddiaçı yanında saxlanılması, 09 avqust 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 05 dekabr 2023-cü il tarixdən başlayaraq, hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 02 oktyabr 2024-cü il təvəllüdlü Alsu adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlarından 09 avqust 2022-ci ildə Aylin, 02 oktyabr 2024-cü ildə isə Alsu adlı iki uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan nikahları pozulmuşdur. Uşaqlar hazırda onun yanındadır. Şəmkir Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(076)-283/2024 nömrəli qətnaməsi ilə qızı Aylin üçün 180 manat aliment müəyyən olunmuşdur. Alsu adlı uşaq üçün aliment tutulmamışdır. Valideynlərinin himayəsində yaşayır, uşaqların maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Cavabdeh fərdi əməklə məşğuldur və kifayət qədər gəliri var.

6. Şəmkir Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2(076)-622/2025 saylı qətnaməsi ilə (hakim N.Heydərova) iddianın qismən təmin edilməsi, 19 dekabr 2024-cü il tarixdən başlayaraq, 02 oktyabr 2024-cü il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 100.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1, 213, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərəkləğv edilməsini və Alsu adlı uşağın saxlanılması üçün hər ay 150 manat aliment müəyyən olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəməyə maddi imkanı yoxdur. Belə ki, Aylin adlı uşağa da 180 manat aliment ödəyir. Qeyri rəsmi olaraq satıcı işləyir, aylıq əmək haqqı 350 manatdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, fərdi əməklə məşğuldur, aylıq qazancı 500-800 manat arasında dəyişir. Aylin adlı uşağa 180 manat ödəyir, Alsu adlı uşaq üçündə 180 manat aliment ödəyə bilər.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

13. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

14. Maddə 34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

15. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

16. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

17. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.

18. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

19. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

20. Maddə 110.2. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:

21. Maddə 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

22. Maddə 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

23. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

24. Maddə 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

25. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 384.0.3 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

31. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

32. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində alimentin tutulması hissədə mübahisələndirildiyindən hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının qətnamə mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

36. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 09 avqust 2022-ci ildə Aylin, 02 oktyabr 2024-cü ildə isə Alsu adlı uşaqları anadan olmuşdur. Münasibətləri pozulduğundan tərəflər faktiki olaraq ayrılmışlar. Tərəflərin nikahı Şəmkir Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(076)- 283/2024 saylı qətnaməsi ilə pozulmuş, eləcədə 09 avqust 2022-ci il təvəllüdlü Aylin adlı uşaq anası İddiaçı yanında saxlanılmış və Aylin adlı uşağa münasibətdə hər ay 180 manat sabit pul məbləğində aliment müəyyən olunmuşdur. 02 oktyabr 2024-cü il təvəllüdlü Alsu adlı uşağın saxlanılmasına görə də cavabdehdən aliment tutulması üçün iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı qismən təmin edərək 19 dekabr 2024-cü il tarixdən başlayaraq, 02 oktyabr 2024-cü il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində alimentin tutulmasını qət etmişdir.

37. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ var. Valideyinlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyır.

38. Kollegiya qeyd edir ki, sabit pul məbləğində alimentin tutulması zamanı Ailə Məcəlləsinin 110.2-ci maddəsinin tələblərinə uyğun olaraq alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməlidir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli № 15 Qərardakı hüquqi mövqeyinə görə də, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır

40. Yuxarıda qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə, yəni hər ay bir uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0,60 misli həddində alimentin müəyyən olunması işin həqiqi hallarına uyğun olmamışdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi tərəflərin birgə nikahından iki uşaqları anadan olmuşdur. Şəmkir Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(076)-283/2024 saylı qətnaməsi ilə 09 avqust 2022-ci il təvəllüdlü Aylin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət olunmuşdur. Belə olan təqdirdə kollegiya hesab edir ki, 02 oktyabr 2024-cü il təvəllüdlü X3 da aliment təyin edilərkən tərəflərin ailə və maddi vəziyyəti, eləcədə işin yuxarıda qeyd olunan halı nəzərə alınmalıdır.

41. Kollegiya onu da qeyd edir ki, 2024-cü il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 345 manat olmuşdur.

42. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2(076)-622/2025 nömrəli qətnaməsi “sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində aliment tutulmasi” hissədə dəyişdirilməli, həmin hissədə “sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0,52 misli həddində (2024-cü il üzrə 180 : 0,52=345) müəyyən edilməlidir. Bu miqdarda aliment adı qeyd olunan uşağın mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolveriləndir.

43. Qətnamə mübahisələndirilən hissədə alimentin bir illik məcmusu beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 373,- 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2(076)-622/2025 nömrəli qətnaməsi “sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində aliment tutulmasi” hissədə dəyişdirilsin. Həmin hissədə aliment “sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində müəyyən edilsin.. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar