Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-919/2023 05.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Xalıqverdi oğluna qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alimentin artırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(076)-2686/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AZ-İİİ seriyalı 803258 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X2 atası Cavabdeh, anası X3r.
2. AZ-İV seriyalı 252533 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası X3r.
3. Şəmkir Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 2(076)-291/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2020-ci ildən başlayaraq, Cavabdeh Xalıqverdi oğlundan xx.xx.2016-cı ildə doğulmuş X5 və xx.xx.2019-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment alınıb Haqverdizadə (Namazlı) Elnarə Rahim qızına verilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh Xalıqverdi oğluna qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Xalıqverdi oğlundan xx.xx.2016-cı ildə doğulmuş X5 və xx.xx.2019-cu ildə doğulmuş X7 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Şəmkir rayon məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(076)-291/2021 nömrəli qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 193 manat məbləğində tutulmasına, 50 manat mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Xalıqverdi oğlu ilə 2016-cı ildə evlənmişlər. Cavabdehlə birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X7 doğulmuşdur. Aralarında olan narazılığa görə Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, Məşdi və Aylanın saxlanması üçün hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Övladları orta məktəbdə təhsil alır və bu da cavabdeh tərəfindən ödənilən alimentin onların təhsilini, yeməyini və geyim xərclərini ödəmir. Hazırda həmin pula övladlarının tələbatını ödəyə bilmir. O, rəsmi olaraq heç bir yerdə işləmir. Cavabdeh maddi cəhətdən övladına yardım göstərəcək iqtidarda olsa da, özü könüllü olaraq övladına əlavə maddi yardım göstərmir. Övladının maddi və mənəvi maraqlarını təmin etmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyət qarşısında qalmışdır.
6. Şəmkir Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(076)-2686/2022 nömrəli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) iddianın qismən təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin 2(076)-291/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Xalıqverdi oğlundan İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh Xalıqverdi oğlundan 30 manat dövlət rüsumunun alınaraq Şəmkir Rayon Məhkəməsinin hesabına ödənilməsi, mediasiya üçün ödənilmiş 50 manatın Cavabdeh Xalıqverdi oğlundan tutulub İddiaçı ödənilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi gündən icra edilməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 100.2 və 112.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 112.1.3 və 124.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(076)-2686/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və hər ay hər uşağa 140 manat sabit pul məbləğində aliment tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamış, tətbiq edilməli maddi hüquq normasını tətbiq etməmişdir. Belə ki, iddiaçı ilə nikahından olan uşaqlarının saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat miqdarında aliment məbləğinin müəyyən edilməsi onun həqiqi vəziyyətinə uyğun deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabət hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi iddiaçı da valideyn olaraq uşaqların qayğısını çəkməyə və onu maddi cəhətdən təmin etməkdə bərabər hüquq və vəzifələr daşıdıqları halda məhkəmə qeyd edilən normaları nəzərə almamışdır. Onlar hər ikisi uşaqlarını saxlamağa borcludurlar.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 25 yanvar 2021ci il tarixli 2(076)-291/2021 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı ildə doğulmuş X5 və xx.xx.2019-cu ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulur. Məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti ödəməkdə çətinlik çəkir. Belə ki, "xxxx" MMC-də fəhlə işləyir və aylıq əmək haqqı 276.50 manatdır. Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, uşaqların maddi tələbatı günbəgün artmaqdadır, uşaqlar onun himayəsindədir və onların başqa tələbatları da vardır. O bir valideyn kimi onları maddi, mənəvi, hərtərəfli təmin etməyə çalışır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
13. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
14. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
15. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
16. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
17. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
18. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8 nömrəli Qərarı:
19. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşdırılmış hüquqi mövqeyinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
20. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.
Azərbaycan Respublikasında Yaşayış minimimu haqqında Qanunu
21. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
26. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
27. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
28. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. MPM-in 376.1. İşdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır.
32. MPM-in 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-in 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəlmişdir, ona görə də hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(076)- 2686/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. İşin halları ondan ibarətdir ki, tərəflərin nikahları məhkəmə qətnaməsi ilə pozulmuş, birgə nikahlarından olan iki azyaşlı uşağın hazırki iş üzrə iddiaçının yanında saxlanılmaları və yetkinlik yaşına çatanadək onların saxlanılması üçün hər ay hər uşağa görə 140 manat sabit pul məbləğində alimentin hazırki iş üzrə cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı alimentin artırılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edərək hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək cavabdehdən hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment tutulmasını qət etmişdir. Cavabdeh maddi imkanı olmaması və uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olmasına istinad edərək qətnamənin ləğv edilməsini, hər ay hər uşaq üçün 140 manat sabit pul məbləğində, yəni əvvəlki qətnamə ilə müəyyən edilmiş məbləğdə aliment ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Dolayısı ilə, cavabdeh aliment məbləğinin dəyişdirilməməsini – iddianın təmin edilməməsini xahiş etmişdir. Maddi hüquq normasının düzgün tətbiq edilməməsinə dair dəlillə bağlı məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, uşağın saxlanılması onun sadəcə maddi təminatının qarşılanmasından ibarət deyildir. Hazırki iş üzrə isə uşaqlar iddiaçının himayəsində olmaqla onların digər tələbatları (mənəvi, qayğı və s.) onun tərəfindən ödənilir. Bundan başqa, birinci instansiya məhkəməsi hər iki tərəfin maddi vəziyyətini və uşağın maddi ehtiyaclarını nəzərə almış, uşaqların mənafeyini üstün tutmuşdur. Odur ki, məhkəmə kollegiyası qətnamənin dəyişdirilməsi və ləğv edilməsi üçün heç bir əsas görmür, ona görə apellyasiya şikayəti təmin edilməməlidir. 37.Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyil.
38. Kollegiya qeyd edir ki, baxılan iş üzrə çıxarılan qətnamədən (qətnamənin mübahisələndirilən hissəsi iddianın qiyməti (ödənilməli alimentin illik məcmusu) beş min manatdan az olduğu üçün) kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. 39.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 402.1-ci, 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(076)-2686/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .