Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-949/2023 03.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: aliment Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(076)-281/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Atalığın müəyyən edilməsi haqqında 14 fevral 2022-ci il tarixli AZ-İ seriyalı 429221 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 28 yanvar 2022ci il tarixdə doğulmuş X1 atasıdır.
2. Doğum haqqında 14 fevral 2022-ci il tarixli AZ-İV seriyalı 707975 nömrəli şəhadətnamənin surətindən görünür ki, X2 28 yanvar 2022-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur.
a)İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 28 yanvar 2022-ci il tarixdə anadan olmuş Tuncay adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment, eləcədə uşağın 3 yaşı tamam olanadək ona baxılması üçün hər ay 100 manat aliment və mediyasiya xidmətinə ödədiyi 50 manat rüsumun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 24 mart 2021-ci il tarixdə faktiki olaraq evlənib ailə qurmuşlar və 03 mart 2022-ci il tarixdək birgə yaşamışlar. Birgə yaşadıqıları dövrdə 28 yanvar 2022-ci il tarixdə Tuncay adlı uşaqları anadan olmuşdur. Aralarındakı münasibətlər pozulduğundan ayrılmışlar və azyaşlı uşaq onun himayəsindədir. Uşağın saxlanılmasında maddi çətinliklər çəkir, cavabdeh isə uşağın saxlanılmasına heç bir yardım etmir. Cavabdeh Bakı şəhərində Meyvəli adlanan bazarda alverlə məşğul olur və maddi imkanı yaxşıdır.
5. Şəmkir Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(076)- 3453/2023 nömrəli qətnaməsi ilə (hakim R.Mustafayev) iddia tələbi qimsən təmin edilərək, 28 yanvar 2022-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər ay 190 manat sabit pul məbləğində aliment tutulub uşağın anası İddiaçı verilməsi; Alimentin tutulması 15 noyabr 2022-ci il tarixdən hesablanması; Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməsi; İddia tələbi qalan hissədə təmin edilməməsi; Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən xərclər qismində 50 manat mediasiya xərci tutularaq İddiaçı ödənilməsi; Cavabdeh 42,80 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2, 56.1, 58, 59.1, 75.1, 75.4, 78, 84.2.2, 100.2 maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8, 13 maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 112, 119, 217.1, 216-220, 227, 233, 235.1.1, 360-ci maddələrinə istinad etmişdir.
7. Şəmkir Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(076)-281/2023 nömrəli qərardadı ilə qətnamədə “2(076)-3453/2023” əvəzinə “2(076)-281/2023” kimi oxunması bərədə yanlışlığım düzəldilməsi qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və 28 yanvar 2022-ci il tarixdə anadan olmuş Tuncay adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment müəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul deyil və heç yerdə işləmir. Valideyinlərinin aldığı pensiya pulunun hesabına yaşayır və 190 manat aliment ödəməyə maddi imkanı yoxdur. Valideyinlərinin maddi köməyi ilə uşağın saxlanılması üçün hər ay 100 manat aliment ödəməyə razıdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı İddiaçı tərəfindən etiraz verilmiş və sonuncu apellyasdiya şikayəti əsassız olduğundan təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, əgər iddiaçı uşağı saxlay bilmirsə ona versin. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, alimentin müəyyən olunması hissədə qətnamənin dəyişdirilərək 100 manat müəyyən olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izaha verdikdən sonra əlavə olaraq bildirmişdir ki, uşaq körpə olduğundan işləyə bilmir. Eləcədə uşaq xəstəlikdən əziyyət çəkir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
13. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
14. Maddə 34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
15. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
16. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
17. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.
18. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
19. Maddə 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
20. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
21. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. 31.Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini alimentin müəyyən olunması hissəsində qismən ləğv olunmasını xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 28 yanvar 2022-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 190 manat sabit pul məbləğində aliment müəyyən etməkdə düzgün nəticəyə gəlmişdir.
33. Belə ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmiş. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh faktiki nikahından 28 yanvar 2022-ci il tarixdə Tuncay adlı uşaqları anadan olmuşdur. Tərəflər arasında münasibət pozulduğundan ayrılmışlar və uşaq hazırda ananın himayəsindədir. İddiaçı uşağın saxlanılmasında maddi çətinliklər çəkdiyi üçün hazırki tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci instasniya məhkəməsi də qətnamə mübahisələndirilən hissədə iddianı qismən təmin edərək 28 yanvar 2022-ci il təvəllüdlü Tuncay adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 190 manat aliment müəyyən etmişdir.
35. Cavabdeh apellyasiya şikayətində uşağın saxlanılması üçün hər ay 100 manat aliment ödəmək imkanının olduğunu qeyd etmişdir. Kollegiya hesab edir ki, Cavabdeh 28 yanvar 2022-ci il təvəllüdlü Tuncay adlı uşaq üçün ödəmək niyyətində olduğu 100 manat aliment adı qeyd olunan uşağın fiziki, əqli, mənəvi və sosial cəhətdən sağlam böyüməsi və inkişaf etməsi üçün heçdə yetərli hesab oluna bilməz.
36. Belə ki, “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli Qanununa əsasən, 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat müəyyən olunmuşdur. Göründüyü kimi uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən olunmuşdur.
37. Apellyasiya şikayətinin işsiz olması dəlilinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlili əsassızdır və həmin dəlil qətnamənin birinci instansiya məhkəməsinin müəyyən etdiyi alimentin məbləğinin azaldılması üçün əsas deyil. Belə ki, Cavabdeh əmək qabliyyətlidir. Eləcədə “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında da qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğlarının çəkilməsinin uşağın himayəsində olduğu valideyinin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir. Eləcə də qeyd olunan qərarda məhkəmələrə tövsüyyə olunmuşdur ki, aliment ödəyən əmək qabliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətinin dəlilləri əsassızdır, qətnamə mübahisələndirilən hissədə birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq nörmaları düzgün tətbiq edilmişdir, mübahisələndirilən hissədə qətnamənin dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni “28 yanvar 2022-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər ay 190 manat sabit pul məbləğində aliment tutulub uşağın anası İddiaçı verilməsi” hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Qətnamə mübahisələndirilən hissədə müəyyən olunmuş alimentin bir illik məcmusu beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(076)-281/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “28 yanvar 2022-ci il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər ay 190 manat sabit pul məbləğində aliment tutulub uşağın anası İddiaçı verilməsi” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.