Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-969/2024 26.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və X1 ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli 2(061)-1039/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, nüfuzuna vurduğu mənəvi zərərə görə Cavabdeh 10000 manat pulun tutularq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli 2(061)-1039/2023 nömrəli qətnaməsi ilə (hakim Tahir Qubadov) iddia qismən təmin edilərək, Cavabdeh mənəvi zərərə görə 300 (üç yüz) manat pul tutularaq İddiaçı verilməsi; İddianın qalan hissədə təmin edilməməsi; Ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tərtər Rayon Məhkəməsinin 27 iyul 2021ci il tarixli qətnaməsinə əsasən onun və digərlərinin cavabdehin əri X2 yaşadığı Tərtər rayonu Xoruzlu kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya və kassasiya şikayətləri verilsə də, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qətnamə əsasında verilmiş icra sənədi icra olunması üçün Tərtər rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı icra məmurlarının və əmisinin iştirakı ilə icra yerinə gedərkən Cavabdeh qışqır-bağır salaraq icranın həyata keçirilməsinə maneçilik törətmiş və ətrafda olan şəxslərin gözü qarşısında onun ünvanına nalayıq ifadələr işlədərək onu təhqir etmiş, beləliklə şərəf və ləyaqətini alçaltmışdır. O, icra yerinə gedərkən əvvəlcədən mobil telefonun səsyazan proqramını açıq qoyub cavabdehin səsini telefonda qeydə almışdır. Cavabdeh onun üzünə nalayiq ifadələrlə söyüb, şərəf və ləyaqətini alçaltmaqla ona mənəvi zərər vurmuşdur. Cavabdehin bu hərəkəti nəticəsində ona 10000 manat miqdarında mənəvi zərər dəymişdir. İş materaillarında olan: Tərtər Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(061)-956/2021 nömrəli icra sənədinin surətindən görünür ki, iddiaçılar X5, X7, X3, X4, X6 və İddiaçı ailələri ilə birlikdə cavabdeh (hazırkı cavabdehin əri) X2 yaşadığı Tərtər rayonu Xoruzlu kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İcra sənədi 13 fevral 2023-cü il tarixdə tərtib edilmişdir; İddiaçının məhkəməyə təqdim etdiyi CD diskdəki videogörüntüdən və səs yazısından müəyyən olunur ki, Tərtər Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(061)-956/2021 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurları, hazırkı iddiaçı və əmisi icra yerinə gedərkən Cavabdeh hay-küy, qışqır-bağır salmış və iddiaçıya xitabən “az qəhbə” ifadəsini işlətmişdir; Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdeh onun üzünə nalayiq ifadələrlə söyüb, şərəf və ləyaqətini alçaltmaqla ona mənəvi zərər vurmuşdur. Həmin zərəri 10000 manat həcmində qiymətləndirir. Hesab edir ki, cavabdehin işlətdiyi nalayiq təhqirə görə dəymiş mənəvi zərərin əvəzinin 300 manat müəyyən edilməsi qanunsuzdur. Çünki cavabdehin bütün cəmiyyət içərisində bir qadına qarşı işlətdiyi məlum təhqiredici ifadənin kompensasiyası 300 manat ola bilməz. Əks təqdirdə, cavabdeh tərəfdə arxaynçılıq yaranar, kimi istəsə təhqir edib 300 manatını ödəyib əlini qolunu sallayaraq öz əməllərinə davam edər. Ona görə də cavabdeh qanunvericiliyin sərt üzünü görməlidir. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh onu təhqir edərək, nüfuzuma xələl gətirmişdir. Qanunvericilik kompensasiya məbləğini konkret olaraq müəyyən etməsə də, lakin onun ağlabatan həcmdə olmasını şərtləndirmişdir. Ədalət mühakiməsi həyata keçirilərkən şəxsiyyətin şərəf və ləyaqəti nəzərə alınmalıdır. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin olunmuş və cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən olunur ki, qətnamə iddia tələbinin təmin olunmaması hissədə mübahisələndirilmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hisədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Tərtər Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(061)-956/2021 nömrəli icra sənədinə əsasən iddiaçının və digər şəxslərin hazırkı iş üzrə cavabdehin əri X2 yaşadığı Tərtər rayonu Xoruzlu kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi müəyyən edilmişdir. İcra sənədinin icrası ilə bağlı icra məmurlarının və İddiaçı iştirakı ilə icra yerinə gedərkən Cavabdeh qışqır-bağır salmış və iddiaçıya iddiaçının şərəf və ləyaqətinə xələl gətirən nalayiq ifadələr işlətmişdir. Birinci instansiya məhkəməsinin hazırkı mübahisələndirilən qətnaməsi ilə iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq cavcabdehdən onun xeyrinə 300 manat vəsait tutulmuşdur. İddiaçı həmin məbləğin onun pozulmuş hüquqlarının bərpa edilməsi baxımından az olduğunu və dəymiş mənəvi zərəri 10000 manat qiymətləndirdiyini əsas göstərməklə qətnamədən apellyasiya şikayəti vermişdir. MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti üzrə baxılan mübahisə şərəfin və ləyaqətin müdafiəsi üzrə mənəvi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsi, habelə əlaqəli normalar əsasında həll edilməlidir. Mülki Məcəllənin 23.4-cü maddəsinə görə, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər biləvasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Qeyd edilməlidir ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir (“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İşin halları əsasında o nəticəyə gəlmək olar ki, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri, məlumatların yayılma dərəcəsi birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş kompensasiya məbləğinə uyğundur. Müəyyən olunmuş zərərin məbləği ağlabatan, keçirilmiş mənəvi əzaba adekvatdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, cavabdehdən mənəvi zərərin əvəzi kimi iddiaçının xeyrinə 300 manat məbləğində pul tutulması məqsədəmüvafiq hesab etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində ona dəymiş mənəvi ziyanın məhz hansı səbəblərdən 10.000 manat məbləğində müəyyən olunmasını əsaslandırmamış və bu barədə mötəbər sübutlarını təqdim etməmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizə olmaqla iş materiallarında olan sənədlərlə təkzib edilir. Ona görə də, iddiaçlar tərəfindən verilmiş şikayətin dəlilləri məhkəmə kollegiyası tərəfindən əsassız hesab olunur. İşin yuxarıda qeyd olunan hallarına məcmu halında hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-nin 372-376, 378-382, 384.0.1, 392-393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli 2(061)-1039/2023 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-969/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-969/2024
26.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver