Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-100/2023 20.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X8 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Abşeron Rayon Xırdalan Bələdiyyəsinin Cavabdeh və 3-cü şəxs Abşeron Rayon İcra Hakimiyyətinə qarşı özbaşına tikilmiş qeyri-yaşayış obyektinin sökülməsi, söküntü materiallarının cavabdehin şəxsi vəsaiti hesabına daşınması və sökülmüş daş hasarın tikilərək əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(012)-129/2022 nömrəli qətnaməsindən iddiaçı Abşeron Rayon Xırdalan Bələdiyyəsi və 3-cü şəxs Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddiaçı Abşeron rayonu Xırdalan Bələdiyyəsinin Cavabdeh (İİİ şəxs Abşeron rayon İcra Hakimiyyəti) qarşı özbaşına tikilmiş qeyri-yaşayış obyektinin sökülməsi, söküntü materiallarının cavabdehin şəxsi vəsaiti hesabına daşınması və sökülmüş daş hasarın tikilərək əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı Abşeron Rayon Xırdalan Bələdiyyəsi və üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı Abşeron rayonu Xırdalan Bələdiyyəsi Cavabdeh (İİİ şəxs Abşeron rayon İcra Hakimiyyəti) qarşı özbaşına tikilmiş qeyri-yaşayış obyektinin sökülməsi, söküntü materiallarının cavabdehin şəxsi vəsaiti hesabına daşınması və sökülmüş daş hasarın tikilərək əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Xırdalan Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində, yəni Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa etdiyi özbaşına qeyri-yaşayış obyektinin sökülməsi, söküntü materiallarının cavabdehin şəxsi vəsaiti hesabına daşınması və sökülmüş daş hasarın tikilərək əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən, Xırdalan Bələdiyyəsinin mülkiyyətində, lakin cavabdehin istifadəsində olan torpaq sahəsinin prospektə baxan hissəsində Xırdalan Bələdiyyəsinə məxsus daş hasarı 8-10 metr enində sökərək təxmini 100 kv.m sahədə qeyri-yaşayış obyekti inşa etmişdir. Cavabdeh tikintiyə dair aidiyyəti orqanlardan icazə almamış, o cümlədən məlum olmuşdur ki, mübahisəli torpaq sahəsinin cavabdehə verilməsi barədə Xırdalan Bələdiyyəsində hər hansı hüquq müəyyənedici sənəd yoxdur. Bundan əlavə Xırdalan Bələdiyyəsinin nümayəndələri tərəfindən sözügedən torpaq sahəsinə, o cümlədən qanunsuz tikiliyə və sökülmüş daş hasara baxış keçirilmiş qanunsuz tikinti işlərinin dayandırılması barədə cavabdehə rəsmi xəbərdarlıq olunmuş, yerli baxış zamanı akt tərtib olunmuş, cavabdeh rəsmi xəbərdarlıq vərəqəsini və aktın bır nüsxəsini qəbul etməkdən imtina etmişdir. Qanunvericilik aktlarına əsasən bələdiyyələr onlara ayrılmış və sonradan mülkiyyətləri kimi qeydiyyatdan keçirilmiş sahələrdə sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi səlahiyyətinə malikdir. Qeyd edilən həmin torpaq sahələrindən bələdiyyənin icazəsi və razılığı olmadan istifadə edilməsi hallarının qarşısını almaq üçün bələdiyyə tərəfindən mütəmadi monitorinqlər keçirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh bələdiyyə mülkiyyətinə aid olan sahədə, yəni Xırdalan şəhəri, Heydər Əliyev prospektində özbaşına tikinti aparmışdır. X6 və Xırdalan şəhər icra Nümayəndəliyi tərəfindən dəfələrlə şifahi xəbərdarlıqlar edilsə də o, hər dəfə müxtəlif bəhanələr gətirərək bu işi yubatmışdır. Bu hərəkətləri ilə cavabdeh Xırdalan Bələdiyyəsinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan hüquqlarını kobudcasına pozmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon X2 Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilmiş qətnaməsində obyektiv, həqiqəti ifadə edən faktlar qətiyyən nəzərə alınmamış, iş tam, hərtərəfli araşdırılmadan və qanunvericiliyin tələbləri kobud surətdə pozularaq əsassız qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Lakin məhkəmə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinin tələblərini nəzər almamış, hüquqi şəxs tərəfindən verilmiş rəyi rəhbər tutaraq iş üzrə qətnamə qəbul etmişdir. Hesab edir ki, Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə tənzimlənən məsələdə məhkəmə normativ hüquqi aktlara istinad etməli, hər hansı rəy əsasında qərar verməməlidir. Bununla yanaşı bildirir ki, sozügedən torpaq sahəsi texniki pasportda 1022 kv.m göstərilməsinə baxmayaraq, Abşeron rayon İcra Hakimiyyəti başcısının 27 mart 1997-ci il tarixli, 66 nömrəli sərəncamı əsasında 1 otaqdan ibarət 20,7 kv.m yaşayış, 9,2 kv.m köməkçi, ümumilikdə isə 29.9 kv.m sahə yaşayış sahəsi olaraq mülkiyyətə alınmış, Abşeron rayonu Texniki inventarlaşdırma bürosu tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. Qeyd edir ki, torpaq sahəsi qalan hissədə zəbt olunmuşdur. İşin faktiki hallarına uyğun olaraq bildirir ki, Cavabdeh istifadəsində olan 1022 kv.m torpaq sahəsinin 29.9 kv.m sahəsində fərdi yaşayış evi tikilmiş, 992.1 kv.m sahə isə boş qalaraq, həyətyanı sahə kimi istifadə olunmaqdadır. Məhkəmənin qətnaməsində Xırdalan Bələdiyyəsinin iddiası üzrə 992.1 kv.m torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsinə münasibət bildirilməmişdir. Lakin məhkəmə işi araşdırarkən cavabdehin istifadəsində olan 1022 kv.m torpaq sahəsinin yalnız 29.9 kv.m-nin üzərində yerləşən fərdi yaşayış evinə münasibətdə mülkiyyət hüquq əldə etməsini, ümumilikdə torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədin olmamasını, ümumi olaraq 1022 kv.m torpaq sahəsinin Xırdalan Bələdiyyəsinin mülkiyyətdə olmasını nəzərə almalı idi. Hal-hazıradək torpaq sahəsi cavabdehin qanunsuz istifadəsindədir. Qeyd edir ki, Xırdalan şəhərinin 470 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məasələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Daşınmaz əmlakın dövlət reyestrində 125 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınaraq, seriya MA № ******* nömrəli çıxarış verilmiş və sözügedən 470 ha torpaq sahəsinin Xırdalan Bələdiyyəsinin xüsusi mülkiyyəti olması barədə dövlət qeydiyyatı aparılmışdır. Aralarında yaranmış hüquq münasibətləri qanunsuz tikilinin sökülməsi ilə bağlı yaranan mübahisə olduğundan yaranmış mübahisənin hüquq müstəvisində həlli, həmçinin də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-cı, Torpaq Məcəlləsinin 111-ci, o cümlədən Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin tələbləri nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-cı, Torpaq Məcəlləsinin 111-ci, o cümlədən Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin tələbləri nəzərə almadan AB Consulting tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mübahisə predmeti olan daşınmaz əmlak haqqında mütəxəssis rəyinə istinad edərək Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsində inşa edilən qeyri-yaşayış binasının Abşeron rayon DTİ və MHQİ tərəfindən 2001-ci il tarixdə qeydiyyata alınmış fərdi yaşayış evinin texniki pasportunda göstərilən 1022 kv.m torpaq sahəsinin hüdudları daxilində olmasını, sözügedən tikilinin çöl divarı ilə avtomobil yolunun hərəkəti hissəsi arasındakı məsafənin 1.85 metr təşkil etdiyini və Dövlət Şəhərsalma Norma və Qaydalarının 8.18-ci maddəsinə əsasən küçə və yolların hesabi parametrlərində göstərilən yaşayış tikililəri ərazisində olan küçələrdə səkinin piyada hissəsinin eni 1.5 metr nəzərdə tutulduğunu qeyd edərək qətnamə çıxarmışdır. Üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə istinad edilmiş xx.xx.2021-ci il tarixli aktdan da görünür ki, cavabdeh tərəfindən tikintisi həyata keçirilmiş qanunsuz tikili ilə bağlı müvafiq akt RİH-nin əməkdaşlarınmın iştirakı ilə tərtib olunmuş və Rayon İcra hakimiyyəti də həmin tiklini qanunsuz tikili kimi qəbul edir. Mübahisəli torpaq sahəsinin Xırdalan Bələdiyyəsinin mülkiyyətində olması faktının müəyyən olunmamasına gəlincə hesab edirik ki, məhkəmə tərəfindən işin halları hərtərəfli araşdırılmamış və ekspertiza rəyi olmadığı əsas gətirilməklə düzgün olmayan nəticəyə gəlinməklə qətnamə qəbul olunmuşdur. Qanunun tələbindən də görünür ki, dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Hazırki iş üzrə torpaq sahəsi üzərində cavabdehin və dövlətin mülkiyyət hüququ mövcud deyildir. Torpaq sahəsi qanunvericiliyin tələbinə əsasən bələdiyyə mülkiyyətinə aiddir. Eləcə də məhkəmənin nəzərinə çatdırırıq ki, tikili cavabdeh tərəfindən qanunsuz olaraq inşa olunmuşdur, bu zaman cavabdeh şəhərin mərkəzi prospekti olan Heydər Əliyev adına prospektdə aparılmış abadlıq işləri çərçivəsində xüsusi üzlük daşlarla bəzədilmiş hasarı qanunsuz olaraq sökmüş, onun tərəfindən tikilmiş qeyri-yaşayış obyekti üçün nəzərdə tutulan qapılar quraşdırmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətlərini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçı Abşeron Rayon Xırdalan Bələdiyyəsinin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətlərini qəbul etməyərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsində inşa edilən qeyriyaşayış binası, Abşeron rayon DTİ və MHQİ tərəfindən 2001-ci ildə qeydiyyata alınmış fərdi yaşayış evinin texniki pasportunda göstərilən 1022 kv.metr torpaq sahəsinin hüdudları daxilində olmaqla, həmin torpaq sahəsi 2001-ci ilədək hələ 1990-cı illərdən cavabdehin faktiki istifadəsində olduğundan, həmin torpaq sahəsinin hasarlarının isə Xırdalan bələdiyyəsi tərəfindən inşa edilməsi sübut olunmadığından, habelə qeyri-yaşayış sahəsinin sökülməsini tələb etmək üçün iddiaçı subyektiv hüquqa malik olmaması ilə əsaslandırmışdır. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Abşeron rayon Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayon İH Başçısının sərəncamı və 27 mart 1997-ci il tarixli 66 saylı qərarı əsasında Abşeron rayonu Xırdalan qəsəbəsi Quşçuluq yaşayış massivi Z.Tağıyev küçəsində yerləşən bir otaqlı yaşayış sahəsi 20,7 kv.m, köməkçi sahəsi 9,2 kv.m olan ev Cavabdeh adına dövlət qeydiyyatına alınması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi özbaşına tikilmiş qeyri-yaşayış obyektinin sökülməsi, söküntü materiallarının cavabdehin şəxsi vəsaiti hesabına daşınması və sökülmüş daş hasarın tikilərək əvvəlki vəziyyətə gətirilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Həmin maddənin dizpozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçı ilk növbədə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Qanunun tələbindən də görünür ki, dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Hazırki iş üzrə torpaq sahəsi üzərində cavabdehin və dövlətin mülkiyyət hüququ mövcud deyildir. Həmin torpaq sahəsi qanunvericiliyin tələbinə əsasən bələdiyyə mülkiyyətinə aiddir. X4 həmin torpaq sahəsinə çıxarış almamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bələdiyyənin subyektiv hüququ olmamasını əsas gətirərək iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. İşdən görünür ki, şəxsi mülkiyyət hüququ üzrə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport ilə Cavabdeh mülkiyyətinin yerləşdiyi ünvanda torpağın ümumi sahəsi 1022 kv.metr (tikilinin altında olan və həyətyanı sahə ilə birlikdə) açıq torpaq sahəsi 980,6 kv.metr, tikintinin sahəsi isə 41,4 kv.m. göstərilmişdir. İşdən həmçinin görünür ki, Cavabdeh tərəfindən 2016-cı il tarixdə Xırdalan Bələdiyyəsinə 1022 kv.m. torpaq sahəsinə görə vergi ödənilmişdir. Məhkəmə kollegiyası tərəfindən tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi məqsədilə mülki iş üzrə eskpertiza təyin etmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/7267 №li ekspert rəyi ilə müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Z.Tağıyev küçəsi hazırkı Heydər Əliyev prospekti ünvanında Cavabdeh istifadəsində olan 35 saylı evin yerləşdiyi 1022.0 kv.m torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim olunmamışdır. 22384 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinə əsasən cavabdehin qanuni istifadə və sahibliyində olan 0.0938 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən bələdiyyənin mülkiyyətinə verilmiş torpaqların daxilində yerləşir, lakin üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmayıb. Cavabdeh tərəfindən tikilmiş birmərtəbəli qeyri-yaşayış sahəsi (iaşə obyektləri) cavabdehin faktiki istifadəsində olan 0,0938 ha torpaq sahəsinin üzərində yerləşir və sxemdə göstərilmişdir. Qeyd olunmalıdır ki, mübahisəli torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydə alınmasa da, həmin torpaq sahəsi Bələdiyyənin mülkiyyətinə verilmiş torpaqların daxilində yerləşməklə həmin torpaq sahəsi uzun müddət cavabdehin istifadəsində olmaqla, sonuncunun adına tərtib edilmiş 2001-ci il tarixli texniki pasportda ümumi sahəsi 1022 kv.m. (tikintinin altında olan və həyətyanı sahə ilə birlikdə), açıq torpaq sahəsi 980 kv.m., tikintinin sahəsi isə 192,0 kv.m. öz əksini tapmışdır. Eyni zamanda cavabdeh həmin torpaq sahəsində birmərtəbəli qeyri-yaşayış sahəsi (iaşə obyekti) tikilməklə istifadə edilir və Bələdiyyə tərəfindən vergiyə belə cəlb edilmiş və 2016-cı ildə Cavabdeh tərəfindən ödəniş edilmişdir. Mülki Məcəllənin 172.3. maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Qonşu torpaq sahəsinin mülkiyyətçisi öz mülkiyyət hüququnu yolverilməz şəkildə poza biləcək belə qurğuların tikilməsini və ya istismarını qadağan edə bilər. Belə qadağanlara o zaman yol verilir ki, hüququ pozulan mülkiyyətçi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi bu işlərin aparılmasına qarşı öz etirazını bildirmiş olsun. Belə bildiriş verilmədikdə onun hüququnun qərəzsiz şəkildə pozulmasının nəticələrinə dözməlidir. Lakin mülkiyyətçi qərəzsiz olaraq qonşu torpaq sahəsinin sərhədini pozduqda və bunu görərək qonşu mülkiyyətçi (Xırdalan Bələdiyyəsi) vaxtında etiraz etməmişsə ağır məsrəflər hesabına başa gələn bina tikilib istifadəyə verildikdən sonra, şübhəsiz ki, onun sökülməsini tələb etmək ədalətsiz olardı. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsində cavabdeh tərəfindən ağır məsrəflər hesabına başa gələn qeyri-yaşayış sahəsi (iaşə obyekti) tikilib istifadəyə verildikdən sonra sökülərək həmin söküntü materialları cavabdehin şəxsi vəsaiti hesabına daşınması cavabdehi daha da ağır itkilərə məruz qoyduğundan, iddiaçının isə hüququnu əhəmiyyətli dərəcədə pozmadığından, iddiaçı Abşeron Rayon Xırdalan Bələdiyyəsi və üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin apellyasiya şikayətləri qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçı Abşeron Rayon Xırdalan Bələdiyyəsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı Abşeron Rayon Xırdalan Bələdiyyəsi və üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin apellyasiya şikayətləri qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Abşeron Rayon Xırdalan Bələdiyyəsinin Cavabdeh və 3-cü şəxs Abşeron Rayon İcra Hakimiyyətinə qarşı özbaşına tikilmiş qeyri-yaşayış obyektinin sökülməsi, söküntü materiallarının cavabdehin şəxsi vəsaiti hesabına daşınması və sökülmüş daş hasarın tikilərək əvvəlki vəziyyətə gətirilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı Abşeron Rayon Xırdalan Bələdiyyəsindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-100/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-100/2023
20.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver