Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1028/2021 07.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, Cavabdeh1, cavabdehin nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Ruzigar qızının Cavabdeh1 qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mülkdə payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(012)-4041/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddianın qismən təmin edilməsi, Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən evə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış Abşeron rayon 1 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən 4Ə-3053 reyestr sayla təsdiq edilmiş 27.10.2018-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməsi, həmin torpaq sahəsi və onun üzərində yerləşən evə dair DƏDRX-nin 4 saylı Əİ tərəfindən Cavabdeh2 adına verilmiş 19.11.2018-ci il tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh1 qarşı bağışlama müqaviləsinin ləğv edilməsi, çıxarışın etibarsız sayılması və mülkdə payların müəyyən edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə birgə nikah dövründə yaşadıqları Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin Cavabdeh2 adına 27.10.2018-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin ləğv edilməsi, 19.11.2018-ci il tarixdə verilmiş çıxarışın etibarsız sayılması və əmlakda payların 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh1 mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə dair cavabdehin anasının adına 27.10.2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, 19.11.2018-ci il tarixdə verilmiş çıxarışın ləğv edilməsi və mülkdə payların 1/2 hissədə cavabdehə ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı ilə 22 aprel 2004-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 2 uşaqları anadan olmuşdur. Cavabdeh1 İddiaçı ilə nikahı 02 fevral 2017-ci il tarixdə pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli 2(012))-1617/2018 saylı qətnaməsi ilə Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh1 mülkiyyət hüququnun tanınması qət edilmişdir. Lakin, Cavabdeh1 11.10.2013-cü il tarixdə Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə dair çıxarış almış və 27 oktyabr 2018-ci il tarixli 4G 3053 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən anası Cavabdeh2 bağışlamışdır. Halbuki həmin əmlak birgə nikah dövründə əldə edildiyindən İddiaçı həmin əmlaka dair hüquqları pozulmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh1 Abşeron rayon məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün tədbir görməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil X2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi ərazi aidiyyət qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Gəncə şəhər Nizami rayon məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdeh mübahisələndirmiş və bu nəticənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aidiyyət qaydalarını pozmaqla baxdığından, qanuni və əsaslı hesab etmir. İddia ərizəsindən görünür ki, iddiaçı məhkəməyə bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mülkdə payların müəyyən edilməsi tələbi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 35.1. maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Prosessual normanın məzmuna görə hər bir kəs qanunla qorunan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı şəxs digər şəxs tərəfindən onun hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət edirsə, onda iddia tələbi tələbin yönəldiyi şəxsin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət edilməlidir. Lakin bir sıra hallar mövcuddur ki, həmin hallarda iddia tələbi cavabdehin deyil, müstəsna aidiyyət qaydalarına uyğun olaraq daşınmaz əmlakın olduğu yerə görə verilməlidir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Hazırkı iddia ərizəsində tələb alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi təşkil etdiyindən, bu halda müstəsna aidiyyət qaydasında məhkəməyə müraciət etmək hüququ istisna edilməklə, iddia tələbi cavabdehin rəsmi qeydə alındığı yerə görə verilməlidir. Çünki qanunvericiliyin 35.1. maddəsində “qanunla başqa hal nəzərdə tutulmamışdırsa” ifadəsini təsadüfi işlətməmişdir. İşdən görünür ki, Cavabdeh1 Gəncə şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda qeydiyyatdadır. Bu mənada məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd olunan iddia tələbi ilə mübahisəli torpaq sahəsinin yerləşdiyi yer üzrə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan maddələrin tələblərini pozaraq iddiaçının tələbinə mübahisəli torpaq sahəsinin yerləşdiyi yer üzrə məhkəmədə baxılması qənaətinə gələrək iddia ərizəsini icraata qəbul etməklə tələb üzrə yekun məhkəmə aktı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1. maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.3. maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır (Konstitusiya Məhkəməsi Plenumunun 28.03.2013-cü il tarixli qərarı). Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırki iddia tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 39.1-ci və 309.2-ci maddəsində göstərilən tələblərlə bağlı olmadığından birinci instansiya məhkəməsi iddia ərizəsinin cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi ilə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi cavabdehin yaşayış yeri üzrə Gəncə şəhəri Nizami rayon məhkəməsində baxılmalı olduğu halda, Abşeron rayon məhkəməsi ərazi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək qətnamə qəbul etməklə, MPM-nin 35.1. maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 44.2.2. maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-nin 385.1.1. maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti prosessual hüquq normalarının pozulması hissəsində əsaslı olduğundan qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə şəhər Nizami rayon məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 24.2., 26.1., 44.2.2., 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron rayon məhkəməsinin 10 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Ruzigar qızının Cavabdeh1 qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mülkdə payların müəyyən edilməsi tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Gəncə şəhər Nizami rayon məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1028/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1028/2021
07.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver