Məhkəmə qərarları › İş №2(105)-1029/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1029/2024

20.06.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1029/2024 20.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 2 saylı Körpələr evi, Uşaq bağçası və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X9-Xızı Regional Təhsil İdarəsinə qarşı mülki iş üzrə (əmək münasibətlərindən irəli gələn mübahisə- əmək haqqı tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X27 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı, onu nümayəndəsi və vəkili Vəkil (sonuncu iclasda iştirak etmir) Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X9-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə1 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 2 saylı Körpələr evinin müdiri Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 2 saylı Körpələr evi, Uşaq bağçası və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X9-Xızı Regional Təhsil İdarəsinə qarşı ödənilməmiş əməkhaqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-394/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. Abşeron rayonu Ceyranbatan qəsəbə 2 saylı X40 bağçası ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Abşeron rayonu Ceyranbatan qəsəbə 2 saylı X40 bağçasında müddətsiz olaraq «tərbiyəçi» vəzifəsinə təyin edilmişdir.

2. Müqavilənin 3.1-ci bəndinə əsasən işçi vahid tarif ixtisas sorğusuna uyğun məzuniyyətdə və xəstəlik vərəqəsi ilə məzuniyyətdə olan işçilərin əmək funksiyasına uyğun işlərin icrasına dair öhdəlik götürür.

3. Müqavilənin 8.2-ci bəndinə əsasən, işçi məzuniyyətdə olan, əmək qabiliyyətini itirən işçiləri əvəz edir, faktiki gördüyü işə görə əmək haqqı ödənilir.

4. xx.xx.2021-ci il tarixli “əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, Abşeron rayonu üzrə İcra Hakimiyyətinin Ceyranbatan qəsəbəsi üzrə nümayəndəliyinin müdiri Nümayəndə2 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə edilmiş dəyişiklik xx.xx.2015 tarixli, xxxxxxx000204 nömrəli “Əmək Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır.

5. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi AbşeronXızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə daxil olmuş müraciətə (daxilolma H846; xx.xx.2022) aidiyəti üzrə Abşeron-Xızı Regional Təhsil idarəsində baxılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının icrası üçün başqa işçi ilə müddətli əmək müqaviləsi bağlanıla bilər.

6. “myGov” sistemindən vətəndaşın iş yeri haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilə əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi Ceyranbatan qəsəbə 2 nömrəli bağçasında tərbiyəçi (əvəzedici) vəzifəsində çalışmağa başlamış, əmək haqqı isə 497 manatdır.

7. Abşeron rayonu Ceyranbatan 2 saylı körpələr evi-uşaq bağçasının xx.xx.2022-ci il tarixli “2022-ci ilin mart ayı üçün əmək haqqının ödənilməsi” cədvəlindən görünür ki, əvəzedici tərbiyəçi İddiaçı 04 gün əvəzləməklə 79,92 manat əmək haqqı almışdır.

8. Abşeron rayonu Ceyranbatan 2 saylı körpələr evi -uşaq bağçasının xx.xx.2022-ci il tarixli “2022-ci ilin noyabr ayı üçün əmək haqqının ödənilməsi” cədvəlindən görünür ki, əvəzedici tərbiyəçi İddiaçı 15 gün Ağayeva Mətanəti əvəzləməklə 282,34 manat əmək haqqı almışdır.

9. Abşeron rayonu Ceyranbatan 2 saylı körpələr evi-uşaq bağçasının xx.xx.2022-ci il tarixli “2022-ci ilin noyabr ayı üçün əmək haqqının ödənilməsi” cədvəlindən görünür ki, əvəzedici tərbiyəçi İddiaçı 22 gün Ağayeva Mətanəti əvəzləməklə 367,12 manat əmək haqqı almışdır.

10. Abşeron rayonu Ceyranbatan 2 saylı körpələr evi -uşaq bağçasının xx.xx.2023cü il tarixli “2023-cü ilin fevral ayı üçün əmək haqqının ödənilməsi” cədvəlindən görünür ki, əvəzedici tərbiyəçi İddiaçı 798,57 manat əmək haqqı almışdır.

11. Abşeron rayonu Ceyranbatan 2 saylı körpələr evi -uşaq bağçasının xx.xx.2023cü il tarixli “2023-cü ilin mart ayı üçün əmək haqqının ödənilməsi” cədvəlindən görünür ki, əvəzedici tərbiyəçi İddiaçı 428,09 manat əmək haqqı almışdır.

12. Abşeron rayonu Ceyranbatan 2 saylı körpələr evi -uşaq bağçasının xx.xx.2023-cü il tarixli “2023-cü ilin aprel ayı üçün əmək haqqının ödənilməsi” cədvəlindən görünür ki, əvəzedici tərbiyəçi İddiaçı 418,14 manat əmək haqqı almışdır.

13. Abşeron rayonu Ceyranbatan qəsəbə 2 saylı X40 bağçasının müdiri Nümayəndə2 tərəfindən məhkəməyə ünvanlanan sorğuya cavab məktubdan görünür ki, Abşeron rayon Ceyranbatan qəsəbə 2 nömrəli körpələr-evi uşaq bağçasında Nazirlər kabinetinin nümunəvi ştatına uyğun olaraq hal-hazırda 12 tərbiyəçi ştatı mövcuddur. 01 mart 2022-ci il tarixdən 01 noyabr 2022-ci il tarixinə kimi adları aşağıda qeyd olunan şəxslər əmək məzuniyyətində və sosial məzuniyyətdə olmuşlar: - X10 (sosial məzuniyyət)-xx.xx.2022-xx.xx.2024-cü il tarixədək həvalə olunmuşdur: X1 0,5 ştat vahidi, X17 0,5 ştat vahidi; -X24 -(əmək məzuniyyəti-42 gün)-xx.xx.2022-xx.xx.2022- ci il tarixədək həvalə olunmuşdur: X7- 0,5 ştat vahidi, X11-0,5 ştat vahidi; - X17- (42 gün əmək məzuniyyəti)- xx.xx.2022- xx.xx.2022-ci il tarixədək həvalə olunur: X11 -0,5 ştat, X7 -0,5 ştat; - X12 – (42 gün əmək məzuniyyəti), xx.xx.2022- xx.xx.2022-ci il tarixədək həvalə olunmuşdur: X22-0,5 ştat vahidi, X18- 0,5 ştat vahidi; - X13- (42 gün əmək məzuniyyəti), xx.xx.2022- xx.xx.2022-ci il tarixədək həvalə olunmuşdur: X17 0,5 ştat vahidi X19 -0,5 ştat vahidi; - X18-(42 gün əmək məzuniyyəti)- xx.xx.2022- xx.xx.2022-ci il tarixədək həvalə olunmuşdur: X22 -0,5 ştat vahidi, X11 -0,5 ştat vahidi; - X11- (42 gün əmək məzuniyyəti) xx.xx.2022-xx.xx.2022-ci il tarixədək həvalə olunmuşdur: X18 -0,5 ştat vahidi, X19 -0,5 ştat vahidi; 01 may 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək bağça üzrə məzuniyyətə çıxan və onlan əvəz edən şəxslərin siyahısı: - X18- (42 gün əmək məzuniyyəti) xx.xx.2023- xx.xx.2023-cü il tarixədək həvalə olunmuşdur: X22 -0,5 ştat vahidi, X4-0,5 ştat vahidi; - X2 –(42 gün əmək məzuniyyəti) xx.xx.2023- xx.xx.2023-cü il tarixədək həvalə olunmuşdur: X19 - 0,5 ştat vahidi, X11- 0,5 ştat vahidi; - X7- (21 gün əmək məzuniyyəti) xx.xx.2023- xx.xx.2023-cü il tarixədək həvalə olunmuşdur: X5 -0,5 ştat vahidi, X18 -0,5 ştat vahidi; - X22- (42 gün əmək məzuniyyəti) xx.xx.2023- xx.xx.2023-cü il tarixədək həvalə olunmuşdur: X24- 0,5 ştat vahidi, X8- 0,5 ştat vahidi; - X14 – (42 gün əmək məzuniyyəti) xx.xx.2023- xx.xx.2023-cü il tarixədək həvalə olunmuşdur: X13 - 0,5 ştat vahidi, X17-0,5 ştat vahidi; - X24- (42 gün əmək məzuniyyəti) xx.xx.2023-xx.xx.2023-cü il tarixədək həvalə olunmuşdur: X7-0,5 ştat vahidi, X18- 0,5 ştat vahidi; - X11- (42 gün əmək məzuniyyəti) xx.xx.2023-xx.xx.2023- cü il tarixədək həvalə olunmuşdur: X10 -0,5 ştat vahidi, X3-0,5 ştat vahidi; - X13- (42 gün əmək məzuniyyəti) xx.xx.2023 - xx.xx.2023-cü il tarixədək həvalə olunmuşdur: X5 -0,5 ştat vahidi, X22 - 0,5 ştat vahidi; - X7- (21 gün əmək məzuniyyəti) xx.xx.2023- xx.xx.2023-cü il tarixədək həvalə olunmuşdur: X22- 0,5 ştat vahidi, X10- 0,5 ştat vahidi.

14. xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-02183 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı cavabdehlər Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 saylı Körpələr evi, uşaq bağçasına və Cavabdeh1nə qarşı “ödənilməmiş əmək haqqı tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1988-ci ildə anadan olmuşdur. 2006-2010-cu illərdə Sumqayıt Özəl Orta İxtisas Kollecinin “İbtidai Metodika” ixtisası üzrə tam kursu bitirmişdir. 2015-ci ilin yanvar ayının 21-də Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 2 saylı X40 Bağçasında müddətsiz əmək müqaviləsi ilə “tərbiyəçi” vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsində aylıq əmək haqqı 367 manat göstərilmişdir. Sonradan bu məbləğ artırılmış, hal-hazırda əmək haqqı 497 manat təşkil edir. 2022-ci ilin noyabr ayından bu ilin (2023-cü il) may ayının 1dək 2 saylı X40 Bağçasında “tərbiyəçi (əvəzedici)” işində çalışmışdır. 2023-cü ilin may ayının 1-dən iddiaçı əvəzedici tərbiyəçi kimi rəhbərliyin göstərişi ilə işlə təmin olunmamışdır. 2 saylı Körpələr Evi-Uşaq Bağçasının müdriyyəti iddiaçıya bildirir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi onun işləməyinə icazə vermir. Əmək müqaviləsi ilə iddiaçı məzuniyyətə gedən tərbiyəçi müəllimlərin əvəzinə işləməlidir. Bildirir ki, 2023-cü ilin may ayından sonra 2 saylı Körpələr Evi-Uşaq Bağçasından tərbiyəçi müəllimlər əmək məzuniyyətinə getsə də, boş vakant ştat olduğu halda iddiaçını işə çağırmamışlar. Bu səbəbdən də 2023-cü ilin may ayının 1-dən işsiz qalmışdır. Nəticədə 7 ay üçün iddiaçıya 3479 manat əmək haqqı ödənilməmişdir. Bir daha bildirir ki, iddiaçı ilə müddətsiz bağlanmış əmək müqaviləsinə görə 2 saylı Körpələr Evi-Uşaq Bağçasından əmək məzuniyyətinə getmiş "tərbiyəçi” müəllimlərin məzuniyyət dövründə onları iddiaçı əvəz etməlidir. Həmçinin qeyd edir ki, 01 mart 2022-ci ildən 01 noyabr 2022-ci ilə qədər iddiaçıya ödənilməmiş əmək haqqı qalmışdır. Həmin müddətdə 2 saylı Körpələr Evi-Uşaq Bağçasında ştat üzrə işləyən müəllimələr əmək məzuniyyətinə və analıq məzuniyyətinə getsə də, onu işə çağırmamışlar, məzuniyyət müddətini işləməyi digər bir işçiyə həvalə etmişlər. Qeyd edir ki, Mediasiya prosesi zamanı cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Mediasiya prosesi zamanı iddiaçı dövlət rüsumunu ödəmişdir. Bunu xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-02183 saylı arayış təsdiq edir. İddiaçıya 01 mart 2022-ci ildən 01 noyabr 2022-ci ilə qədər və 01 may 2023-cü ildən 01 noyabr 2023-cü il tarixinə qədər ödilməmiş 7455 manat əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, cavabdehlər iddiaçı ilə bağlanmış əmək müqaviləsinin şərtlərini pozaraq iddiaçını qeyd olunan müddətlərdə işə cəlb etməmişlər. Bu da iddiaçının əmək hüquqlarının pozulmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən iddiaçıya 01 mart 2022ci ildən 01 noyabr 2022-ci ilə qədər və 01 may 2023-cü ildən 01 noyabr 2023-cü il tarixinə qədər ödənilməmiş 7455 manat əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

17. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-394/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia təmin edilməmişdir.

18. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən Abşeron rayonu Ceyranbatan 2 saylı körpələr evi -uşaq bağçasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 61 №-li Qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı”ından kənar əvəzedici (əlavə) tərbiyəçi vəzifəsinə təyin edilmişdir (İşçi vahid tarif ixtisas sorğusuna uyğun məzuniyyətdə və xəstəlik vərəqəsi ilə işdə olmayan işçilərin əmək funksiyasına uyğun işlərin icrasını öhdəsinə götürür (əmək müqaviləsi maddə 3.1. a) bəndi). İşçiyə faktiki gördüyü işə görə əmək haqqısı ödənilir (maddə 4.1). İşçi məzuniyyətdə olan və əmək qabiliyyətini itirən işçiləri əvəz edir, faktiki gördüyü işə görə əmək haqqısı ödənilir (maddə 8.2)). İddiaçının Cavabdeh2na əvəzedici tərbiyəçi vəzifəsinə qəbul edilməsi və onunla əmək münasibətlərinin həyata keçirilmə qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 61 №-li Qərarının 7-ci maddəsinin “b” yarımbəndinə əsasən tənzimlənmişdir. Həmin yarımbənddə qeyd edilmişdir ki, məktəbəqədər təhsil müəssisələrinin smetasında məzuniyyətə gedən müəssisə müdirini, tərbiyəçiləri, sanitardayələri, xadimə-dayələri, gecə dayələrini, mətbəx işçilərini və paltaryuyanları əvəz edən şəxslərin əməyinin ödənilməsi xərci əlavə əmək haqqı xərci kimi nəzərdə tutulur. Məktəbəqədər təhsil müəssisələrində məzuniyyətə gedən tərbiyəçiləri əvəz edən şəxslərə nəzərdə tutulmuş təxsisat dairəsində əlavə tərbiyəçi vəzifəsi müəyyən edilə bilər. Məhkəmə iddiaçının işlədiyi dövrün əmək haqqını tam şəkildə aldığı halda, hazırda işləmədiyi dövr üçün əmək haqqı tələb etməsini əsassız hesab edib. Bundan əlavə, məhkəmə cavabdehlər tərəfindən təqdim edilmiş “iddia müddətinin tətbiqi barədə” ərizələr ilə bağlı qeyd edib ki, iddia tələbi ilə 2 hissədən ibarətdir: 1) xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə qədər, 2) xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək. Məhkəmə, Əmək Məcəlləsinin 296.3-cü maddəsini əsas götürərək hesab edib ki, İddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gün – 2022-ci ilin mart ayının müvafiq günüdür. Ona görə də 01 mart 2022-ci ildən 01 noyabr 2022-ci ilə qədər ödənilməmiş əmək haqqının ödənilməsi hissəsi üzrə iddia müddəti ötürüldüyündən, iddia həmin hissədə təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə yekunda iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı maddələri, «İnsan hüquqları haqqında» Ümumi Bəyannamənin 7,8,10-cu maddələri, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16, 42.1, 58, 154, 163.1, 157, 288, 296.3, 296.4-cü maddələri, Mülki Məcəllənin 372.1, 372.2, 375.1, 375.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021ci il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 76.1, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

20. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

21. İddiaçının apellyasiya şikayətinin dəlilləri təxminən iddia ərizəsi ilə analoji məzmunda tərtib olunmuşdur. Şikayətdə göstərilir ki, cavabdehlər iddiaçı ilə bağlanmış əmək müqaviləsinin şərtlərini pozaraq iddiaçını qeyd olunan müddətlərdə işə cəlb etməmişlər. Bu da iddiaçının əmək hüquqlarının pozulmasına səbəb olmuşdur. 01 mart 2022-ci ildən 01 noyabr 2022-ci ilə qədər tələbə dair iddia müddənin ötürülməsinə dair məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, iddiaçının hüququnun pozulduğunu bildiyi gün 2022-ci ilin mart ayı yox, 2023-cü ilin sentyabr-oktyabr ayıdır. İddiaçı isə məhkəməyə xx.xx.2023-cü ildə müraciət etmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl isə iddiaçı mediasiyaya müraciət etmişdir. Ona görə də iddia tələbinin bu hissəsində iddia müddənin ötürülməsi barədə məhkəmənin mövqeyi əsassızdır. Apellyasiya şikayətində apellyator Əmək Məcəlləsinin 294 və 296-cı maddəsinin müvafiq bəndlərinə istinad edərək məhkəmə tərəfindən müvafiq maddi hüquq normalarının pozulması qeyd olunmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, məhkəmə onun əsaslı iddia tələbini təmin etməmişdir. Belə ki. o hazırkı iddia tələbində işə çağırılmalı olduğu, lakin çağırılmadığı üçün işləyə bilmədiyi dövr üçün əməkhaqqısını tələb edir. Onunla bağlanmış əmək müqaviləsinə əsasən o məzuniyyətdə olan işçiləri (tərbiyəçiləri) əvəz etməlidir. Lakin qeyd edilən dövr ərzində ona da bəlli olmayan səbəblərdən işə çağırılmamışdır. Hazırkı mübahisəyə dair o daha öncə də məhkəməyə müraciət etmiş, lakin məhkəmədə ona işə çağırılacağı vədi verilmiş nəticədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. O hazırda işə getməyə razıdır, eyni zamanda hazırkı iddianı da müdafiə edir. Göstərilənlərə əsasən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X9-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət əsassızdır. İddiaçının iddia tələbi düzgün deyil. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin hüquqi əsasını Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli, 61 nömrəli qərarı təşkil edir. Həmin qərarla bağçalarda, X40 bağçalarında nümunəvi ştat təsdiq olunub ki, bu ştatda olan bütün əsas işçilər bağçada daimi ştatda olan işçilərdir, onlarla müddətsiz əmək müqaviləsi bağlanılır və işçilər daimi işlədiklərinə görə əməkhaqqı alırlar. Nazirlər Kabinetinin qərarının 7-ci hissəsinin “b” bəndinə əsasən, nümunəvi ştatdan kənar əlavə işçilərə ehtiyac yaranarsa, məsələn, işçilər məzuniyyətə getdikdə, bağçada qrup sayı çox olduqda onları əvəz etməyə zərurət yaranarsa, başqa müəssisədən tərbiyəçi dəvət edilib həmin vəzifənin icrası ona həvalə oluna bilər. 2022-ci ildən Abşeron regionunda yerləşən uşaq bağçaları Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeçiliyinə verilmişdir. Həmin müddətdən bəri qeyd olunan kateqoriya işçilərlə yalnız müddətli əmək müqaviləsi bağlanır. Abşeron rayonu üzrə bağça və körpələr evində iddiaçı ilə yanaşı 100ə yaxın sayda tərbiyəçi ilə eyni statuslu əmək müqaviləsi bağlanılmışdır. Onların hər biri işə götürüldükləri tarixdən indiki tarixədək əvəzedici kimi işləyiblər, işlənilən dövrə münasibətdə də əməkhaqqı almışlar. Lakin iddiaçı hazırkı iddiasında işləmədiyi dövr üçün pul tələb edir. Bu isə yolverilməzdir. İşə baxan məhkəmə iş üzrə düzgün nəticəyə gəlmiş qanuni və əsaslı qətnamə qəbul etmişdir. Ona görə də nümayəndə sonda apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 2 saylı Körpələr evi, Uşaq bağçasının müdiri Nümayəndə2 izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh müəssisə arasında bağlanan əmək müqaviləsinə əsasən iddiaçı müəssisədə məzuniyyətdə olan tərbiyəçilərin məzuniyyət dövrü ərzində işləyib əməkhaqqı almalıdır. Mütəmadi olaraq iddiaçı qeyd olunan formada işləyib və işlədiyi dövr üçün əməkhaqqı almışdır. Onun işlədiyi dövr üçün ödənilməmiş əməkhaqqısı qalmamışdır. İddiaçı ilə əmək müqaviləsi bağlanan zaman qüvvədə olan qanunvericiliyə əsasən uşaq bağçaları rayon icra hakimiyyətinin tabeleyində idi. Lakin 2 saylı Körpələr evi, Uşaq bağçası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X9-Xızı Regional Təhsil İdarəsinin tabeliyinə keçdikdən sonra İdarə tərəfindən bildirildi ki, qanunvericilikdə bu formada əmək müqaviləsinin bağlanması nəzərdə tutulmamışdır və bağçada məzuniyyətdə olan işçilərin qeyd olunan formada əvəzedilməsi yolverilməzdir. Bu səbəbdən də iddiaçı iddia tələbində mübahisələndirdiyi müddətdə işə çağırılmamışdır. Göstərilənlərə əsasən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 2 saylı Körpələr evinin mudiri Nümayəndə2 sonda apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi.

26. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, 2015-ci ildə bağlanmış əmək müqaviləsi əsasında iddiaçı müddətsiz tərbiyəçi vəzifəsinə işə qəbul edilmişdir. 2021-ci ildə həmin müqaviləyə dəyişiklik edilmiş və dəyişikliyə əsasən, tərbiyəçi sözündən sonra mötərizədə əvəzedici sözü qeyd olunub. İşçinin iş yeri əsas iş yeridir və müqavilə müddətsizdir. Əldə edilən məlumata əsasən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 2 saylı Körpələr evi, uşaq bağçasında 13 ştat var. İşçilərin hər biri 1 aylıq məzuniyyətdə olanda normal halda 1 aydan bir iddiaçı işlə təmin olunmalı və işə getməli idi, lakin iddiaçı işə çağırılmamışdır, bunun səbəbi isə bəlli deyil. İddiaçı məhkəməyə müraciət etdikdən sonra onu işə çağırmışlar. Hesab edir ki, əmək müqaviləsi müddətsiz olduğundan iddia tələbində qeyd olunan tarixlərdə hesablanmış əməkhaqqı cavabdeh tərəfdən alınıb iddiaçıya verilməlidir. Həmçinin bildirir ki, hazırkı tələblə bağlı iddiaçının hüquqlarının pozulduğunu bildiyi vaxt kimi iddiaçının mübahisənin həllinə dair mediasiyaya müraciət etdiyi tarix hesablanmalıdır. İşə baxan məhkəmə isə iddia tələbinin bir hissəsinə iddia müddəti tətbiq etməklə yanlış nəticəyə gəlmişdir. Göstərilən hallar sübut edir ki, məhkəmə iş üzrə hərtərəfli və obyektiv araşdırma aparmamış nəticədə əsassız qətnamə qəbul etmişdir. Ona görə də iddiaçının nümayəndəsi və vəkili sonda apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

Maddə 2 (2-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Maddə 2 (3-cü hissə). Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əsaslanır. Maddə 42.1.Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 58. 1-ci hissəsinə əsasən əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlayan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Maddə 154. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 157 (1-ci hissə) işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Maddə 163.1. Əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktik yerinə yetirilən işə görə ödənilir. 32. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddə 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir Maddə 296 (2-ci hissə) İşçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

28. Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 61 №-li Qərarı;

Bənd 7. Məktəbəqədər təhsil müəssisələrinin smetasında aşağıdakılara əlavə əmək haqqı xərci nəzərdə tutulur. b) məzuniyyətə gedən müəssisə müdirini, tərbiyəçiləri, sanitar-dayələri, xadimədayələri, gecə dayələrini, mətbəx işçilərini və paltaryuyanları əvəz edən şəxslərin əməyinin ödənilməsi xərci. Məktəbəqədər təhsil müəssisələrində məzuniyyətə gedən tərbiyəçiləri əvəz edən şəxslərə nəzərdə tutulmuş təxsisat dairəsində əlavə tərbiyəçi vəzifəsi müəyyən edilə bilər.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.1.Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-394/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. İddia tələbinin mahiyyətindən görünür ki, tələb verilməmiş əmək haqqının ödənilməsi barədə olmaqla iki hissədən, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə qədər, 2) xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək qanunsuz olaraq işə çağırılmadığı aylar üzrə əməkhaqqısının ödənilməsindən ibarətdir.

35. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edir ki, 2015-ci ilin yanvar ayının 21-də Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 2 saylı X40 Bağçasında müddətsiz əmək müqaviləsi ilə “tərbiyəçi” vəzifəsinə işə qəbul edilmişdir. 2022-ci ilin noyabr ayından 2023cü il may ayının 1-dək 2 saylı X40 Bağçasında “tərbiyəçi (əvəzedici)” işində çalışmışdır. 2023-cü ilin may ayının 1-dən iddiaçı əvəzedici tərbiyəçi kimi rəhbərliyin göstərişi ilə işlə təmin olunmamışdır. Buna səbəb kimi bildirilmişdir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi onun işləməyinə icazə vermir. Əmək müqaviləsi ilə iddiaçı məzuniyyətə gedən tərbiyəçi müəllimlərin əvəzinə işləməlidir. Bildirir ki, 2023-cü ilin may ayından sonra 2 saylı Körpələr Evi-Uşaq Bağçasından tərbiyəçi müəllimlər əmək məzuniyyətinə getsə də, boş vakant ştat olduğu halda iddiaçını işə çağırmamışlar. Bu səbəbdən də 2023-cü ilin may ayının 1-dən işsiz qalmışdır. Nəticədə 7 ay üçün iddiaçıya 3479 manat əmək haqqı ödənilməmişdir. İddiaçı ilə müddətsiz bağlanmış əmək müqaviləsinə görə 2 saylı Körpələr Evi-Uşaq Bağçasından əmək məzuniyyətinə getmiş "tərbiyəçi” müəllimlərin məzuniyyət dövründə onları iddiaçı əvəz etməlidir. Bundan başqa 01 mart 2022-ci ildən 01 noyabr 2022-ci ilə qədər iddiaçıya ödənilməmiş əmək haqqı qalmışdır. Həmin müddətdə 2 saylı Körpələr Evi- Uşaq Bağçasında ştat üzrə işləyən müəllimələr əmək məzuniyyətinə və analıq məzuniyyətinə getsə də, onu işə çağırmamışlar, məzuniyyət müddətini işləməyi digər bir işçiyə həvalə etmişlər. Ona görə də qeyd olunan müddət intervalında işə çağırılmadığı ayların əməkhaqqısı ona ödənilməlidir.

36. Apellyasiya kollegiyası iş üzrə məhkəmənin gəlmiş olduğu nəticə ilə razılaşaraq yaranmış mübahisəyə dair mövqeyini aşağıdakı qaydada əsaslandırır.

37. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdən Abşeron rayonu Ceyranbatan 2 saylı körpələr evi -uşaq bağçasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 61 №-li Qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı”ından kənar əvəzedici (əlavə) tərbiyəçi vəzifəsinə təyin edilmişdir.

38. İddiaçı vahid tarif ixtisas sorğusuna uyğun məzuniyyətdə və xəstəlik vərəqəsi ilə işdə olmayan işçilərin əmək funksiyasına uyğun işlərin icrasını öhdəsinə götürmüş və ona faktiki gördüyü işə görə əmək haqqısı ödənilir. İşçi məzuniyyətdə olan və əmək qabiliyyətini itirən işçiləri əvəz edir, faktiki gördüyü işə görə əmək haqqısı ödənilir (əmək müqaviləsinin 3.1. a) və 4.1-ci bəndləri.

39. İddiaçı Cavabdeh2na əvəzedici tərbiyəçi vəzifəsinə qəbul edilməsi və onunla əmək münasibətlərinin həyata keçirilmə qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 61 №-li Qərarının 7-ci maddəsinin “b” yarımbəndinə əsasən tənzimlənmişdir. Bu yarımbənddə qeyd edilmişdir ki, məktəbəqədər təhsil müəssisələrinin smetasında məzuniyyətə gedən müəssisə müdirini, tərbiyəçiləri, sanitardayələri, xadimədayələri, gecə dayələrini, mətbəx işçilərini və paltaryuyanları əvəz edən şəxslərin əməyinin ödənilməsi xərci əlavə əmək haqqı xərci kimi nəzərdə tutulur. Məktəbəqədər təhsil müəssisələrində məzuniyyətə gedən tərbiyəçiləri əvəz edən şəxslərə nəzərdə tutulmuş təxsisat dairəsində əlavə tərbiyəçi vəzifəsi müəyyən edilə bilər.

40. Hazırkı iddia tələbindən görünür ki, iddiaçı işləmədiyi, o cümlədən əvəz etmədiyi dövr üçün ona əməkhaqqı ödənilməsini tələb edir ki, kollegiya bunu əsassız və yolverilməz hesab edir.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğvi üçün qanuni əsas ola bilməz

42. Bundan başqa, məhkəmə kollegiyası sonda birinci instansiya məhkəməsinin müddətin tətbiq edilməsinə dair qənaəti ilə əlaqədar qeyd etməyi vacib bilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında həyata keçirilir. Hazırki mülki iş üzrə iddiaçının hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edildiyindən müddətin tətbiqindən məhkəmə tərəfindən imtina edilməlidir.

45. Buna baxmayaraq apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət ümumilikdə düzgün olduğundan, formal əsaslarla mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2(060)-394/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar