Məhkəmə qərarları › İş №2(105)-1037/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1037/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1037/2021 09.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X2 iştirakı ilə, İddiaçı «X6 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 02 dekabr 2015-ci il tarixli, 6-Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsi üzrə 23316,67 ABŞ dolları əsas borc, 2363,32 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla, cəmi 25 779,99 ABŞ dolları borc və 30 manat dövlət rüsumuna görə, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat rüsumuna və 20 manat xidmət haqqına görə pul, cəmi 60 manatın iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın kreditin təminatı olan Abşeron rayonu Digah qəsəbəsi, Xətai küçəsi, döngə 1-də yerləşən, 94,8 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinə yönəldilməsi, həmin ev və torpaq sahəsinin açıq hərracda satılması, mənzilin satışından əldə edilən vəsait hesabına Cavabdeh1 "xxxx" ASC-nə olan borcunun ödənilməsinin təmin edilməsi, tərəflər arasında bağlanan 02 dekabr 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, ipoteka predmeti olan Abşeron rayonu Digah qəsəbəsi, Xətai küçəsi, döngə 1-də yerləşən, 94,8 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinin ilkin satış qiymətinin 60000 (altmış min) manat müəyyən edilməsi, ekspertiza tədqiqatının dəyəri 100 manatın Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 02 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 26902,08 ABŞ dolları əsas, 2363,32 ABŞ dolları faiz, 677,23 ABŞ dolları cərimə borcu olmaqla cəmi, 29942,63 ABŞ dolları borcun, 30 manat dövlət rüsumuna görə, bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsi, Xətai küçəsi, döngə 1-də yerləşən, 94,8 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun həmin əmlakların satışından əldə edilən pul vəsaitinin hesabına banka ödənilməsi, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, borcun ümumi qaydada tutulması, həmin əmlaklar açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin evə və torpaq sahəsinə istifadə hüququnun itirilməsi, onun həmin evdən çıxarılması, əmlakın boşaldılıb banka təhvil verilməsi, tərəflər arasında bağlanan 02 dekabr 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışında iddiaçının nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək İddiaçı İKB ASC-nin hazırda prosessual hüquq varisinin "xxxx" ASC olduğundan onun işə cəlb edilməsini məhkəmədən xahiş etdi və məhkəmənin 06 dekabr 2019-cu il tarixli protokol qərarı ilə vəsatət təmin edimişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" ASC “MXM” filialından illik 25%-lə 48 ay müddətinə 24000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 20 dekabr 2016-cı il tarixli əlavə sazişə əsasən kreditin müddəti 20 noyabr 2023-cü il tarixinədək uzadılmışdır. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu Digah qəsəbəsi, Xətai küçəsi, döngə 1-də yerləşən, 94,8 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsi 02 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmiş və Cavabdeh2 ilə bank arasında 02 dekabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 02 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 12 sentyabr 2018-ci il tarixədək Cavabdeh1 02 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 26902,08 ABŞ dolları əsas, 2363,32 ABŞ dolları faiz, 677,23 ABŞ dolları cərimə borcu olmaqla cəmi 29942,63 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetiə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. İşə baxan birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini işdə olan mütəxəssis rəyi ilə müəyyən etmişdir. Həmin rəyə əsasən ipoteka ilə yüklü edilmiş torpaq sahəsinin dəyəri 60.000 manat müəyyən edilmişdir. Mübahisəli ipoteka predmeti olan evin torpaq sahəsi 0,03 ha olmaqla onun ayrıca qiyməti müəyyən edilməmişdir. Torpaq sahəsi ilə fərdi yaşayış evinin birgə dəyərləndirilməsi nəticəsində evin dəyəri 100.000 manatdan artıq təşkil edir. Məhkəmə müəyyən etdiyi 60.000 manat qiymət evin real dəyərini əks etdirmir və çox aşagı müəyyən edilmişdir. Mütəxəssis rəyi əsasında ipoteka predmetinin bazar dəyərini müəyyən etmişdir, halbuki, ipoteka predmetinin bazar dəyəri yox, likvid dəyəri müəyyən edilməli idi. Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qətnaməsinin ipoteka predmeti olan Abşeron rayonu Digah qəsəbəsi, Xətai küçəsi, dongə 1-də yerləşən, 94,8 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evinin və 0,03 ha torpaq sahəsinin ilkin satış qiymətinin 60.000 (altmış min) manat müəyyən edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi R.N.Abdullayev apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, zamin və ipoteka müqaviləsinin olmasına və cavabdehlər tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur, lakin ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri hissəsində qətnamə dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, işin materiallarında olan 02 dekabr 2015-ci il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 İddiaçı İKB ASC tərəfindən illik 25%-lə 48 ay müddətinə 24000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşə əlavə olan 02 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsindən müəyyən edilir ki, 02 dekabr 2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu Digah qəsəbəsi, Xətai küçəsi, döngə 1-də yerləşən, 94,8 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsi 02 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İşdə olan 02 dekabr 2015-ci il tarixli zaminlik müqaviləsindən müəyyən edilir ki, Cavabdeh2 02 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına zamin durmuşdur. İş materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, 02 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 12 sentyabr 2018-ci il tarixədək Cavabdeh1 banka 26902,08 ABŞ dolları əsas, 2363,32 ABŞ dolları faiz, 677,23 ABŞ dolları cərimə borcu olmaqla cəmi, 29942,63 ABŞ dolları borcu İddiaçı İKB ASC-nə borcu vardır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2019-cu il tarixli 18333 saylı rəyindən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış 02 dekabr 2015-ci il tarixli, 6-Z1G1-6-01624-15 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 İddiaçı İKB ASC-nə 12.09.2018-ci il tarixə ödənilməli olan əsas kredit borcu 23316,67 ABŞ dolları, faiz borcu 5135,56 ABŞ dolları müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış cərimənin məbləği azaldılmalı və 100 ABŞ dolları müəyyən edilməlidir. Beləliklə borc məbləği əsas borc 23 316,67 ABŞ dolları, faiz borcu 2363,32 ABŞ dolları və cərimə borcu 100 ABŞ dolları olmaqla, cəmi 25 779,99 ABŞ dolları müəyyən edilməli və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənn 414- 416cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Digah qəsəbəsi, Xətai küçəsi, döngə 1-də yerləşən, 94,8 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 139 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində İddiaçı İKB-nin xeyrinə yüklü edilməklə Cavabdeh1 adına 04 dekabr 2015-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan 02 dekabr 2015-ci il tarixli, 6-Z1G1-6-0-1624-15 saylı ipoteka müqaviləsindən müəyyən edilir ki, Abşeron rayonu Digah qəsəbəsi, Xətai küçəsi, döngə 1də yerləşən, 94,8 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinin dəyəri 32.500 (otuz iki min beş yüz) manat müəyyən edilmişdir. İşə əlavə olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu Digah qəsəbəsi, Xətai küçəsi, döngə 1-də yerləşən, 94,8 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində 122 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində 21 noyabr 2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan “LEX FORİ” hüquq və qiymətləndirmə şirkətinin 12 iyun 2019cu il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəyindən müəyyən edilir ki, Abşeron rayonu Digah qəsəbəsi, Xətai küçəsi, döngə 1-də yerləşən, 94,8 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinin dəyəri 60000 (altmış min) manat müəyyən edilmişdir. Cavabdeh2 evin bazar qiyməti ilə razı olmadığından, məhkəmə kollegiyası tərəfindən işin obyektiv araşdırılması üçün ekspertiza təyin etmişdir. Azərbaycan Respublikası S-Əmlak Qiymətləndirilmə Ekspert Mərkəzinin 18 iyun 2021-ci il tarixli rəyinddən müəyyən olunur ki, Abşeron rayonu, Digah qəsəbəsi Xətai küçəsi döndə 1-də yerləşən 98 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evinin likvid qiyməti 65.000 manat, Abşeron rayonu Digah qəsəbəsi Xətai küçəsi döndə 1-də yerləşən 0.03 ha torpaq sahəsinin likvid qiyməti 25.000 manat, cəmi 90.000 manat təşkil edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti təmin edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında qanun”un 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Abşeron rayonu Digah qəsəbəsi, Xətai küçəsi, döngə 1-də yerləşən, 94,8 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinə yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, N.T.Novruzov və E.T.Novruzovin həmin əmlaka olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, N.T.Novruzov və E.T.Novruzovun həmin evdən çıxarılmaları, Abşeron rayonu Digah qəsəbəsi, Xətai küçəsi, döngə 1-də yerləşən, 94,8 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinin boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin tərəflər arasında bağlanan 02 dekabr 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsində iddianı əsaslı sayır və hesab edir ki, iddia bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, cavabdeh müqavilənin şərtləri pozmuşdur. Belə ki, cavabdehlər Cavabdeh1 Abşeron rayonu Digah qəsəbəsi, Xətai küçəsi, döngə 1-də yerləşən, 94,8 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsini qeyd-şərtsiz tərk etmələri barədə cavabdeh tərəfindən götürülmüş öhdəlik barədə hər-hansı sübut məhkəməyə təqdim olunmamış, qeyd edilən tələb də mənzilin mülkiyyətçisinə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat və 20 manat xidmət haqqının ödənilməsi üzrə pul məbləğləri Cavabdeh1 alınaraq iddiaçı "xxxx" ASC tərəfindən ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı "xxxx" ASC-nin xeyrinə Cavabdeh1 02 dekabr 2015-ci il tarixli, 6- Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə 23316,67 ABŞ dolları əsas borc, 2363,32 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, cəmi 25 779,99 ABŞ dolları borc və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat və 20 manat xidmət haqqının ödənilməsi üzrə pul məbləğləri, cəmi 30 manat məhkəmə xərci tutulmalı, tutma kreditin təminatı olan Abşeron rayonu Digah qəsəbəsi,Xətai küçəsi, döngə 1-də yerləşən, 94,8 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsiinə yönəldilməli, həmin ev və torpaq sahəsi açıq hərracda satılmalı, satışdan əldə edilən pul iddia tələbinin təmin edilən hissəsində banka ödənməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, digər Cavabdeh2 zaminlik müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıdığından, onlardan müştərək qaydada iddia olunan məbləğ tutularaq iddiaçıya verilməli, bununla da iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur, lakin qətnamə dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 06 dekabr 2019-cu il tarixli 2(012)- 258/2019 saylı qətnaməsi ipoteka predmeti olan Abşeron rayonu Digah qəsəbəsi, Xətai küçəsi, dongə 1-də yerləşən, 94,8 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evinin və 0,03 ha torpaq sahəsinin ilkin satış qiymətinin 60.000 (altmış min) manat müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh1 və Cavabdeh2 02 dekabr 2015-ci il tarixli, 6-Z1G1-6-0-1624-15 saylı kredit müqaviləsi üzrə 23316,67 ABŞ dolları əsas borc, 2363,32 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla, cəmi 25 779,99 ABŞ dolları borc və 30 manat dövlət rüsumuna görə, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat rüsumuna və 20 manat xidmət haqqına görə pul, cəmi 60 manat iddiaçı "xxxx" ASC-nin xeyrinə pul tutulsun, tutma kreditin təminatı olan Abşeron rayonu Digah qəsəbəsi, Xətai küçəsi, döngə 1-də yerləşən, 94,8 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsiinə yönəldilsin, həmin ev və torpaq sahəsi açıq hərracda satılsın, mənzilin satışından əldə edilən vəsait hesabına Cavabdeh1 "xxxx" ASCnə olan borcunun ödənilməsi təmin edilsin, tərəflər arasında bağlanan 02 dekabr 2015-ci il tarixli kredit müqaviləsi ləğv edilsin, ipoteka predmeti olan Abşeron rayonu Digah qəsəbəsi, Xətai küçəsi, döngə 1-də yerləşən, 94,8 kv.m ümumi sahəsi olan 25 saylı fərdi yaşayış evi və 0,03 ha torpaq sahəsinin ilkin satış qiyməti 90000 (doxsan min) manat müəyyən edilsin, ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh1 alınaraq tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına və iş üzrə aparılmış məhkəmə əmttəşünaslıq ekspertizasının dəyəri 500 (beş yüz) AZN manatı alınıb "xxxx" MMC-nin h/hesabı AZ06Aİİ******************** VÖEN: **********, "xxxx" ASC Sumqayıt şəhər filialı Bank kodu: 200253, Müxbir hesabı: AZ37NABZ013501**********1944 Bank VÖEN: ********** S.VV.İ.F.Tkod AİİAZ2X hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar