Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2438/2020 20.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-258/2019 saylı qərardadından iddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyətinin şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-258/2019 saylı qərardadı ilə (sədrlik edən, hakim Cəmilə Səfiyeva) iddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyəti tərəfindən Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli,2(012)-258/2019 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmış, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-258/2019 saylı qətnaməsi ilə iddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-258/2019 saylı qərardadı ilə iddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyəti tərəfindən Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-258/2019 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyəti qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, qərardadın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, qətnamənin surəti tərəflərə göndərilmiş, iddiaçı da hüquqi ünvanında “Həsənova” qeydi ilə xx xxxxxx 2020-ci il tarixdə qəbzə imza etməklə qətnamənin surətini qəbul etmiş, qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Qərardadda iddiaçının hüquqi ünvanında “Həsənova” qeydi ilə xx xxxxxx 2020-ci il tarixdə qəbzə imza etməklə qətnamənin surəti qəbul edilmişdir kimi yazılsa da lakin qətnamə banka xx xxx 2020-ci il tarixdə poçt vasitəsilə daxil olmuşdur (poçt zərfi qoşmaya əlavə edilir). Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi barədə qərardad qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 şikayətdə qeyd edilənlərə uyğun izahat verdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasya şikayətini geri qaytararkən, qətnamənin iddiaçının hüquqi ünvanına göndərilməsinə və həmin ünvanda xx xxxxxx 2020-ci il tarixdə “Həsənova” adlı şəxs imza etməklə qətnamənin surətini almasına, apellyasiya şikayəti qanunla müəyyən edilən bir aylıq müddət daxilində yox, müddət ötürülməklə verilməsinə, müddətin bərpası barədə ərizənin isə apellyasiya şikayətinə əlavə edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. İş materiallarında olan “xxxxxxxx” MMC Abşeron MXŞ-nin teleqramından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-258/2019 saylı qətnaməsinin surəti xx xxxxxx 2020-ci il tarixdə iddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyətində Həsənovaya verilmişdir (İ/v-158). Göründüyü kimi, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)- 258/2019 saylı qətnaməsinin surəti iddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyətinə rəsmi qaydada verilmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımını, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi günlə əlaqələndirmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. İddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyəti tərəfindən Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-258/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin axımı qətnamənin ona təqdim edildiyi günün sabahı, yəni xx xxxxxx 2020-ci il tarixdən başlanmışdır. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. İddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyəti tərəfindən Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-258/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti 2020-ci ilin fevral ayının 14-də qurtarmışdır. İş materiallarından görünür ki, iddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyətinin Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-258/2019 saylı qətnaməsindən apellyasiya şikayəti xx xxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, məhkəmə qətnaməsini rəsmi qaydada aldıqdan sonra iddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyəti tərəfindən apellyasiya şikayəti 1 ay müddətində deyil, 4 ay 25 gündən sonra verilmiş və qanunla müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi müddəti 3 ay 25 gün buraxılmışdır. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, iddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyəti tərəfindən Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-258/2019 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə vəsatət verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi prosessual müddətin keçməsi əsası ilə apellyasiya şikayətini geri qaytararkən prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyəti şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-258/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-2438/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2438/2020
20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver