Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1045/2022 14.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron rayon Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı alqı-satqı müqavilələrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(012)-4971/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron Rayonu 1 saylı Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı onun adından çıxış edən qardaşı X4 ilə Cavabdeh1 arasında Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən xx.xx.2015-ci il tarixdə təsdiq olunmuş ƏMDK-nin yanında DƏDRX-nin Abşeron rayon 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə ona verilmiş **********03 nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 0.14 ha ölçülü torpaq sahəsinə dair reystrdə 4Ə/472 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin və ƏMDK-nin yanında DƏDRX-nin Abşeron rayon 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə ona verilmiş **********5 nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 0.30 ha ölçülü torpaq sahəsinə dair reystrdə 4Ə/471 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun adından çıxış edən qardaşı X4 ilə Cavabdeh1 arasında Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən xx.xx.2015-ci il tarixdə təsdiq olunmuş ƏMDK-nin yanında DƏDRX-nin Abşeron rayon 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə ona verilmiş **********03 nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 0.14 ha ölçülü torpaq sahəsinə dair reystrdə 4Ə/472 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin və ƏMDK-nin yanında DƏDRX-nin Abşeron rayon 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə ona verilmiş **********5 nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 0.30 ha ölçülü torpaq sahəsinə dair reystrdə 4Ə/471 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş xx.xx.2013-cü il və xx.xx.2015-ci il tarixli dövlət reyestrindən çıxarışlara əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.14 ha və 0.30 ha ölçülü torpaq sahələrinin xüsusi mülkiyyətçisi olmuşdur. İddiaçının adından etibarnaməyə əsasən çıxış edən qardaşı X4 ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş və reystrdə 4Ə/471 və 4Ə/472 nömrə ilə qeyd edilmiş həmin torpaq sahələrinə dair alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələr bağlanarkən Cavabdeh1 iddiaçının qardaşı X2 aldadaraq torpaq sahələrinin qiymətlərini vergidən yayınmaq adı ilə müqavilələrdə əvvəlcədən razılaşdırılmış qiymətlərdən dəfələrlə aşağı göstərmiş və nəticədə isə ümumiyyətlə pul ödəməmişdir. Tərəflər əvvəlcədən 0.14 ha ölçülü torpaq sahəsini 80000 manat, 0.30 ha ölçülü torpaq sahəsini isə 235000 manat dəyərində qiymətləndirsələr də, nəticədə cavabdeh iddiaçının qardaşını aldatmış və ümumiyyətlə pul ödəməmişdir. Alqısatqı üçün notariat kontoruna gəldikdə cavabdeh az vergi tutulsun deyə müqavilələrdə torpaqların qiymətlərini 0.14 ha ölçülü torpağa görə 5400 manat, 0.30 ha ölçülü torpağa görə isə 20000 manat göstərilməsini təklif etmişdir. 0.14 ha ölçülü qiymətini elə təyin etmişdir ki, ona görə ümumiyyətlə banka pul qoymaq tələb olunmasın. Hesablaşmaq vaxtı gəldikdə isə cavabdeh notariusun hesabına qoyduğu 20000 manatı da götürməklə üç gündən sonra razılaşdırılmış qiymətdə pulun hamısını nağd şəkildə iddiaçının qardaşının özünə verəcəyini söz vermişdir. Bundan sonra cavabdeh bütün vasitələrlə həmin pulları iddiaçının qardaşına verməkdən boyun qaçırmağa başlamış, cavabdeh telefon zənglərinə cavab verməmiş, gah pulu olmadığı səbəbindən əvəzində mənzillər verəcəyini vəd etmişdir. Sonradan iddiaçının qardaşı Rusiya Federasiyasının vətəndaşı olduğundan ora getməli olmuş və mübahisə həmin-qaydada qalmışdır. Daha sonra isə iddiaçının qardaşı qayıtdıqda cavabdeh tərəfindən torpaqların qapı ilə bağlandığını görmüşdür. Cavabdeh bütün bunlara baxmayaraq bağlanmış alqı-satqı müqavilələrinin ləğv olunması üçün notariat kontoruna getmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Nağıyev X3 Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə alqı-satqı müqavilələrinin predmeti olan torpaq sahələrinin müqavilələr bağlandığı günə olan real bazar qiymətinin müəyyənləşdirlməsi məqsədi ilə heç bir tədbir görməmiş, bu istiqamətdə heç bir araşdırma aparmamış, müqavilə şərtlərinin həqiqəti əks etdirib-etdirmədiyini, reallığa uyğun olubolmadığını araşdırmamış və bu istiqamətdə tərəflərə heç bir köməklik göstərməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, hər iki cavabdehlər məhkəmə kollegiyasına yazılı müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər, digər Cavabdeh1 də məhkəmə kollegiyasına ünvanladığı ərizəsində iddianın rədd edilməsi və müddətin tətbiq edilməsi barədə verdiyi ərizəsini müdafiə etdiyini, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılması mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının iddia müddətini ötürməsi ilə əsaslandırmışdır. İddiaçı birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalaraq apellyasiya şikayəti verərək bu nəticəni mübahisələndirmişdir. Abşeron rayonu, Masazır kəndində yerləşən 0,14 və 0,30 ha ölçülü torpaq sahələrinin iddiaçının mülkiyyətində olması və həmin torpaq sahələrini nümayəndəsi vasitəsilə Cavabdeh1 satması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi alqı-satqı müqaviləsinin ləğv edilməsi, iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 421-ci maddəsi təşkil edir. İddiaçı müqavilənin ləğvinin əsası kimi cavabdeh tərəfindən aldadılaraq torpaq sahələrinin qiymətlərinin aşağı göstərilməsi və nəticədə isə ümumiyyətlə pulu ödənilməməsi, eləcə də notariusun hesabına qoyduğu 20.000 manatı da götürməklə üç gündən sonra razılaşdırılmış qiymətdə pulun hamısını nağd şəkildə iddiaçının qardaşının özünə verəcəyinə söz verdiyinə istinad etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə görə müqavilənin digər tərəfi müqaviləni əhəmiyyətli dərəcədə pozmalı və bu pozuntu o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, həm əqd bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olsun. Lakin hazırkı işdə belə bir hal müəyyən olunmur. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı müqavilənin ləğvini onun nümayəndəsinin aldadılması ilə bağlandığına istinad edir. Bu isə mövcud müqavilənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, istər iddia tələbinin, istərsə də apellyasiya şikayətinin digər dəlili pulun ümumiyyətlə ona verilməməsi olsa da, iddiaçı bunu təsdiq edən tutarlı sübutlar məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə də razılaşmır. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin iddia müddətinin keçməsinə görə iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il təşkil edir (Mülki Məcəllənin 373.2. maddəsi). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2. maddəsi). İşdən göründüyü kimi tərəflər arasında müqavilə xx.xx.2015-ci ildə bağlanmasına baxmayaraq iddiaçı müqavilənin ləğvi barədə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etməklə mövcud qanunvericilikdə nəzərdə tutulmuş altı illik iddia müddətini ötürmüşdür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbini müddətin ötürülməsi əsası ilə rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1045/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1045/2022
14.06.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver