Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1071/2024 12.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin tutulması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(060)-1732/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsinə, həmçinin mediasiya üçün ödədiyi 50 manat dövlət rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 05 iyul 2010-cu il tarixdə nikaha daxil olmaqla ailə qurmuşdur. Onların xx.xx.2011ci il təvəllüdlü X3 və xx.xx.2013-cu il təvəllüdlü X4 adlı iki övladı vardır. Cavabdehlə ailə kimi bir yerdə yaşamışlar. Lakin sonralar xasiyyətləri uyğun gəlmədiyindən münasibətləri pisləşmişdir. Bunun nəticəsində də hər gün aralarında söz-söhbət, dava-dalaş olmuşdur. Ailə faktiki olaraq dağılmışdır. Hal-hazırda uşaqlarını saxlamağa çətinlik çəkir, cavabdeh isə uşaqlara maddi cəhətdən kömək etməkdən imtina edir.
3. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, xəstədir və ayağı sınıqdır. Müalicələrinə lazım olan iynə-dərmanı maddi imkanına görə ala bilmir. Cəmi 250 manatdan artıq aliment ödəyə bilməyəcəkdir.
4. İddiaçı cavabdehin etiraz ərizəsinə dair mülahizə yazaraq bildirmişdir ki, iddiaçının etirazında əks etdirdikləri həqiqətə uyğun deyil. O fərdi əməklə məşğuldur və aylıq gəliri 1500-2000 manat təşkil edir. 2023-cü ildən ayrı olmalarına baxmayaraq uşaqlarının saxlanılması üçün aliment ödəməmişdir. Uşaqların bütün təminatı həmin vaxtdan onun üzərindədir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(060)-1732/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, mediasiya xərci olaraq ödənilmiş 50 manatın əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iddianın verilməsinə görə ödənilməli olan 18 manat dövlət rüsumunun Cavabdeh tutularaq Dövlət Büdcəsinə ödənilməsi, qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər xx.xx.2010-cu il tarixində nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü Yusif və xx.xx.2013-cu il təvəllüdlü Ümid adlı iki övları vardır. Tərəflər arasında hələ də nikah olmasına baxmayaraq iddiaçı qeyd edir ki, 2023-cü ilin avqust ayından etibarən faktiki olaraq ayrılmışlar. O müddətdən etibarən cavabdeh uşaqlarının saxlanılmasında iştirak etməmiş, bugünədək aliment ödəməmişdir. Uşaqlar böyüdükcə onların maddi tələbatları da artır. İddiaçı təkbaşına uşaqlarının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir.
7. Birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 75, 78.2-ci maddələrinə, «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa istinad edərək iddianı qismən təmin etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər
8. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(060)-1732/2024 nömrəli qətaməsinin ləğv edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə düzgün araşdırma aparmadan iddiaçını müdafiə etmişdir. Çünki, hakim ancaq qarşı tərəfi müdafiə etmişdir. Hakim qarşı tərəfə söz verib, onun yalan ifadəsini müdafiə edərək iddiaçını sərbəst dinlədi və onun yalan ifadəsini müdafiə etdi. Ancaq ona söz verəndə hakim imkan vermədi ki, hər şeyi sübutla izah etsin. Sözünü tez kəsərək, onu yerinə oturtdu. Xəstədır, kağızı da var. Ayağının biri də sınıb, ayaq üstündə çox dura bilmir. 400 manat aliment ödəməyə gücü çatmır. Xəstəliyi imkan vermir ki, ağır işlərdə işləsin. Xəstəliyə qarşı heç müalicələrinə lazım olan iynə-dərmanı maddi imkanına görə ala bilmir. Cəmi 300 manatdan artıq aliment ödəyə bilməyəcək. Qarşı tərəf məhkəməyə yalan ifadə verərək bildirdi ki, onun hər ay 1500-2000 manat qazancı olur. Bu tamamilə yalandır, əgər ayda 1500-2000 manat pul alsaydı uşaqların alimentlərinə də artıq pul verərdi. İşlədiyi yüngül işdə ayda 400 manat alır. İddiaçı tərəf həm ona şər atır, həm də hakimə hörmətsizlik edərək hakimi aldadır. İddiaçı 2 ildir ondan ayrıldığına baxmayaraq komunal, işıq pulu vermir. Həm də onların bazarlıqlarını da özü alır, uşaqlarının nəyə ehtiyacı varsa hamısını ödəyir. Çünki Xəyalə heç bir yerdə işləmədiyini özü deyib. Mediasiyada isə onun xəbəri olmadan ərizə verib, ora ödədiyi 51 manat pulu da ondan istəyib. Özü gedib ərizə verib özü də ödəsin. Hansı əsasa görə iddiaçının ödədiyi mediasiya pulunu ödəməlidir. Özü çox pis vəziyyədədir. 300 manatdanda artıq aliment ödəməyə gücü çatmır. Aldığı cəmisi 400 manat puldur. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz verilərək qeyd edilmişdir ki, cavabdeh 2023-cü ilin sentyabr ayından uşaqların maddi təminatında və saxlanılmasında iştirak etməmiş, yalnız məhkəmə qətnaməsindən sonra 2 dəfə 300 manat aliment ödəmişdir. Cavabdeh mənzillərin, obyektlərin təmi ilə mğşğul olur, birgə yaşadıqları müddətdə hər ay minimum 1500-2000 manat gəlirə malik olub, lakin uşaqların aliment verməmək üçün əsassız dəlillərlə apellyasiya şikayəti vermişdir. Uşaqların hər ikisi məktəb yaşıdlıdırlar, maddi tələbatları ilbəil artır, rəsmi aylıq gəliri 315 manatdır, bu da uşaqların ehtiyaclarını qarşılamağa yetmir. Uşaqlar məşğələyə gedir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellaysiya şikayətini müdafiə edərək bildirdi ki, fəhlə işləyir, usta deyil, 3 aya yaxındır ki, yüksək gəlirli iş tapa bilmir, iki ayın alimentindən də çətinliklə 300 manat ödəniş etmişdir. Qış aylarında qazancı az olur, bəzən isə olmur. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehdən hər uşaq üçün 235 manat tələb etsə də məhkəmə 200 manat müəyyən edib. Bununla razılaşaraq apellyasiya şikayəti verməyib. Lakin cavabdeh 400 manat əvəzinə 300 manat aliment ödəyir. Özü 315 manat əmək haqqı alır. Nikahın pozulması üçün məhkəməyə müraciət etmədən aliment tələb edib, son 9 ay ərzində cavabdeh uşaqların tələbatı ilə maraqlanmayıb. Bir evin içərisində yaşayırlar. Bir otaqda uşaqlarla özü, digər otaqda cavabdeh anası ilə yaşayır. Cavabdeh usta işləyir, aylıq qazancı 1300-2000 manat civarında olub. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.
İşdə olan sübutlar
13. MŞS/MT030/2023-02797 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərci ödəmişdir.
14. AZ-İ seriyalı, 593945 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı Nikah Evində xx.xx.2010-cu il tarixində nikah bağlanmış və həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1582 nömrəsi ilə qeyd edilmişdir.
15. DYİ seriyalı 00***** №-li Azərbaycan Respublikasının ərazisində Daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixində Türkmənistanda doğulmuşdur, Türkmənistan vətəndaşıdır.
16. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2011ci il təvəllüdlü X3 və xx.xx.2013-cu il təvəllüdlü X4 adlı iki övladı vardır. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Konstitusiyası
17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsi
75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
19. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:
1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
20. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.
22. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
23. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.
Apellyasiya baxışının hədləri
24. Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(060)-1732/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni aliment məbləğinin müəyyən edilməsi və mediasiya xərcinin tutulması hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razışaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq qeyd olunan qanunvericilik normalarını tətbiq etməklə, eləcə də tərəflərin rəsmi nikahından olan yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq aliment məbləğini hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat müəyyən etməklə düzgün nəticəyə gəlmişdir.
27. Məhkəmə kollegiyası cavabdehin maddi vəziyyətinin aşağı olması, qazancının az olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi minimum istehlak səbəti-insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu olmaqla, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Yəni, qanunveriliklə 2024-cü il üçün isə müəyyən edilmilş 235 manatlıq yaşayış minimumu məbləği, uşağın minimum tələbatlarını ödəmək üçün müəyən edilmiş minimum məbləğ hesab olunur ki, sosial həyatda digər xərclərin də yaranması qaçılmazdır. Qeyd olunan hal və birinci instansiya məhkəməsi tərəfindən alimentin məbləğinin qanunvericiliklə 2024-cü il üçün müəyyən edilmilş 235 manatlıq yaşayış minimumu məbləğinə münasibətdə 200 manat müəyyən edilməsi iddiaçının uşağın saxlanmasında iştirak etməməsi ilə bağlı cavabdehin dolayı dəlilinin əsassız olmasını təsdiq etməkdədir. Digər tərəfdən isə qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
28. Məhkəmə kollegiyası cavabdehin iki uşaq üçün 300 manat miqdarında alimentin tutulması barədə dəlilinə münasibətdə qeyd edir ki, təklif edilən məbləğ iki uşağın təhsil, qida və istirahəti üçün tələb olunan ehtiyacı baxımından yetərli deyil.
29. Bundan başqa iddiaçının özünün mediasiya müraciət etməsi səbəbindən mediasiya xərcinin özü tərəfindən ödənilməsi barədə dəlilə qiymət verərək məhkəmə kollegiyası qeyd edir “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
30. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(060)-1732/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2(060)-1732/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.