Məhkəmə qərarları › İş №2(105)-1080/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1080/2021

01.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1080/2021 01.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı valideynin uşağa görə əlavə xərclərdə iştiraka cəlb olunması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Sadıqov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı Azərbaycan Dövlət Pedaqoji Kollecində 4-cü kurs təhsili üçün ödəniləcək 500 manat təhsil haqqının yarısı, yəni 250 manatı, kollecdə təhsil alacağı müddətdə hər ay 100 manat pulun, kollecə İ-İİİ kurslarda təhsil haqqı olaraq ödənilmiş 1500 manat pulun yarısı-yəni 750 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh onun təhsili üçün hər il ödənilən 500 manat təhsil haqqının 250 manatı, kollecdə təhsil alacağı müddət üçün hər ay 250 manat pulun, İ-İİİ kurslarda təhsilə görə ödənilmiş 1500 manat pulun yarısı olan 750 manat pulun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, atası Cavabdeh anası Zivər Hacıyeva ilə 2001-ci ildə evlənmişlər. Xaçmaz Rayon Məhkəməsinin 2003-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə onun saxlanması üçün cavabdehdən 100 manat aliment tutulması qət edilmişdir. xx.xx.2020-ci ildə onun 18 yaşı tamam olduğuna görə cavabdehin aliment öhdəliklərinə xitam verilmişdir. O, Azərbaycan Dövlət Pedaqoji Kollecinə daxil olmuş və hazırda əyani «Texnologiya müəllimliyi» şöbəsinin 3-cü kursunda ödənişli qaydada təhsil alır. Təhsil haqqı hər il üçün 500 manat təşkil edir. Təhsili 2021-ci ildə başa çatacaqdır. Bundan başqa Bakı şəhərində kirayədə qalır, kirayə haqqı olaraq 150 manat ödəyir. Dərs ləvazimatlarının alınmasına, qidalanmasına və geyiminə hər ay orta hesabla 300 manat vəsait xərcləyir. Kollecə ödənilən 500 manatdan başqa hər ay ən azından 450-500 manat vəsait sərf edilir. Tələb olunan vəsaitin yarı hissəsindən çoxunu anası təmin edir. Digər valideyni olan cavabdeh isə valideyn olaraq həmin xərcin yarı hissəsini ödəməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə tamamilə qanunsuz və əsassızdır. O, keçmiş həyat yoldaşı Zivər Abdullayeva ilə 2001-ci ildə rəsmi nikah bağlamaqla evlənmişlər. Birgə nikahdan xx xxxxxx 2002-ci il tarixdə Samir anadan olmuşdur. Aralarında olan nikah 2015-ci il tarixdə pozulmuşdur. İddiaçının 18 yaşı tamam olduğu vaxtadək saxlanması ilə bağlı aliment öhdəliyini tam olaraq yerinə yetirmişdir. xx xxxx 2005-ci il tarixdə Sevinc Abdullayeva ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahdan 3 övladı anadan olmuşdur. Hazırda o, Xaçmaz rayonu Köhnə Xudat kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Həyat yoldaşı işləmir. X1 Quba Dövlət Sosial-iqtisad Kollecində ödənişli əsaslarla təhsil alır. Onun illik təhsil haqqı 700 manat təşkil edir. Özü isə ikinci qrup əlildir. Bu səbəbdən də işləyə bilmir, əliliyə görə aldığı müavinətdən başqa sabit gəliri yoxdur. İddiaçının ondan təhsil aldığı müddətdə çəkdiyi digər xərcləri ondan tələb etməsi əsassızdır. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(067)-1708/2020 saylı qətnaməsini ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi, onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdehin bir ata kimi uşağına maddi köməklik göstərməsinə borclu olduğuna istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin 148 nömrəli arayışından müəyyən olunur ki, İddiaçı kollecin əyani şöbəsinə 2017/2018-ci tədris ilində ümumi orta (9 illik) təhsil bazasından «Texnologiya müəllimliyi» ixtisasına qəbul olmuşdur. Hal-hazırda 3-cü kursda ödənişlə əsaslarla təhsil alır. 500 manat təhsil haqqı ödəyir. Təhsil müddətini 2021-ci ildə başa vuracaqdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1.-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Odur ki, məhkəmə kollegiyası cavabdehin yeni ailə qurduğunun, həmin nikahdan qızının kollecdə oxumasını və maddi imkanının ağır olması barədə gətirdiyi dəlili qəbul etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli 2(067)- 1708/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar