Məhkəmə qərarları › İş №2(105)-1081/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1081/2023

14.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1081/2023 14.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı cavabdeh tərəfindən özbaşına inşa edilmiş daş hasarın cavabdehin öz vəsaiti hesabına sökülməsi, cavabdehin hesabına hasarın əvvəlki yerində bərpa edilməsi, İddiaçı ASC-nin torpaq sahəsi üzərində mülkiyyət hüququ bərpa edilməklə cavabdehin istifadəsində olan torpaq sahəsinin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlakın qanunsuz sahiblikdən geri alınması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-19/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7813 nömrəli ekspert rəyinə əsasən, Xaçmaz şəhəri A.Məmmədov küçəsi 3 ünvanında İddiaçı ASC-nin mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən tikili inşa edilmişdir və cavabdeh tərəfindən İddiaçı ASC-nin mülkiyyətinə aid torpaq sahəsindən istifadə edir. İddiaçı ASC-nin mülkiyyətində olan torpaq sahəsinin 9 kv.metr hissəsi cavabdeh tərəfindən istifadə olunur. İddiaçı ASC-nin mülkiyyətində olan torpaq sahəsinin 9 kv.metr hissəsi mübahisəli torpaq sahəsinin şimal tərəfindən 6m 45sm, şərq tərəfindən isə 2m 54sm mişar daşı ilə əhatə olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ASC məhkəmədə iddia qaldıraraq İddiaçı ASC-nin torpaq sahəsində cavabdeh tərəfindən özbaşına inşa edilmiş daş hasarın cavabdehin öz vəsaiti hesabına sökülməsi, cavabdehin hesabına hasarın əvvəlki yerində bərpa edilməsi, İddiaçı ASC-nin torpaq sahəsi üzərində mülkiyyət hüququ bərpa edilməklə cavabdehin istifadəsində olan torpaq sahəsinin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması, ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-yə məxsus Xaçmaz şəhəri A.Məmmədov küçəsi 3 ünvanında inzibati bina və digər tikililər, habelə torpaq sahəsi mövcuddur. Ərazinin baş planında “Z” işarəsi ilə işarələnmiş dəmirçi sexinin yan hissəsindəki hasar cavabdehin həyətyanı torpaq sahəsi ilə həmsərhəddir. Cavabdeh bir müddət bundan əvvəl özbaçına olaraq İddiaçı ASC-yə məxsus əraziyə müdaxilə edərək iddiaçıya məxsus beton pilitələrdən quraşdırılmış təxminən 10 metr hissəsini sökmüş, beton pilitələri aparmış, ərazinin 10x2 metr hissəsini daş hasarla öz torpaq sahəsinə birləşdirərək orada talvar tikmişdir. Bu barədə ona irad bildirilsə də nəticəsi olmamış, nəticədə qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulur.

4. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-19/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ASC-nin mülkiyyətində olan (Xaçmaz şəhəri A.Məmmədov küçəsi 3 ünvanında) torpaq sahəsinin Cavabdeh istifadə etdiyi 9 kv.metr hissəsi cavabdehin qanunsuz sahibliyindən alınaraq İddiaçı ASC-nin istifadəsinə qaytarılaraq mülkiyyət hüququnun bərpa edilməsi, İddiaçı ASC-nin mülkiyyətində olan (Xaçmaz şəhəri A.Məmmədov küçəsi 3 ünvanında) torpaq sahəsində cavabdehin istifadə etdiyi 9 kv.metr hissədə cavabdeh tərəfindən inşa edilmiş (şimal tərəfdən 6m 45sm, şərq tərəfdən isə 2m 54sm ölçüdə) daş hasarın cavabdehin öz vəsaiti hesabına sökülməsi və əvvəlki yerində bərpa edilməsi, iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş 317 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh alınaraq Məhkəmə Eksperizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim Anar Sadıqov).

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 152, 157.2, 157.5, 21, Torpaq Məcəlləsinin 84, 111, Mülki Prosessual Məcəllənin 14.2 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 19/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin tam şəkildə ləğv edilməsini, birinci instansiya məhkəməsində müəyyən olunmuş sübutlarla və hallarla yeni qətnamə qəbul edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Şikayətin dəlilləri:

8. Məhkəmə qətnamə qəbul edərkən sübut kimi yalnız ekspert rəyinə əsaslanmışdır. Məhkəmədə çıxış edərkən tərəfindən ekspert rəyinin əsaslı olmadığı və obyektiv həqiqəti əks etdirmədiyi vurğulanmışdır. Məhkəmə hesab etmişdir ki, ekspert rəyi mötəbərdir. Məhkəmə təkrar ekpertiza təyin etməməklə onun hüquqlarını pozmuş, ədalətli məhkəmə araşdırması həyata keçirməmişdir. Ekspert rəy verərəkən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestr Xidmətinin "xxxx" MMCnin Xaçmaz Layihə- Təqdiqat İdarəsinin mühəndisi Namiq Əhmədovun mütəxəxssis rəyinə əsaslanmış, özü yerində torpaq sahəsinə və tikililərə baxış keçirməmişdir. Həçminin ekspert rəyinin əsaslı olmadığının sübutlarından biri də odur ki, ekspert qeyd edir ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Belə olan bu rəyin əsaslılığına tərəfindən şübhələr mövcuddur və mütəxəsiss rəyi və ekspert obyektiv həqiqəti əks etdirmir. Hesab edir ki, yenidən məhkəmə tərəfindən əlavə və ya təkrar ekpertiza təyin edilməlidir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

12. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

13. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

14. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

19. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

20. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

21. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

22. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Mülki Prosessual Məcəllə

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

31. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 2(067)-19/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin tam şəkildə ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

32. Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

35. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini (Mülki Məcəllənin 157.2-ci maddəsi) təsbit etmişdir.

36. Mülki işdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7813 nömrəli ekspert rəyi ilə Xaçmaz şəhəri A.Məmmədov küçəsi 3 ünvanında İddiaçı ASC-nin mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən tikilinin inşa edilməsi, cavabdeh tərəfindən İddiaçı ASC-nin mülkiyyətinə aid torpaq sahəsindən istifadə edilməsi öz təsdiqini tapmışdır.

37. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

38. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC mülkiyyətində olan torpaq sahəsində baş verən qanunsuz müdaxilələrin aradan qaldırılmasına və torpağın cavabdehin qanunsuz sahibliyindən və istifadəsindən alınaraq geri qaytarılımasına dair tələblərini irəli sürmək hüququna malikdir.

39. Belə olan halda apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr kimi qiymətləndirilməlidir, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

40. Beləliklə, şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-19/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar