Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-249/2024 24.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi vəkil Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı cavabdeh tərəfindən özbaşına inşa edilmiş daş hasarın cavabdehin öz vəsaiti hesabına sökülməsi, cavabdehin hesabına hasarın əvvəlki yerində bərpa edilməsi, İddiaçı ASC-nin torpaq sahəsi üzərində mülkiyyət hüququ bərpa edilməklə cavabdehin istifadəsində olan torpaq sahəsinin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli 2(067)-19/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) iddianın təmin edilməsi, iddiaçının mülkiyyətində olan (Xaçmaz şəhəri A.Məmmədov küçəsi 3 ünvanında) torpaq sahəsinin cavabdehin istifadə etdiyi 9 kv.metr hissəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçının istifadəsinə qaytarılaraq mülkiyyət hüququnun bərpa edilməsi, iddiaçının mülkiyyətində olan (Xaçmaz şəhəri A.Məmmədov küçəsi 3 ünvanında) torpaq sahəsində cavabdehin istifadə etdiyi 9 kv.metr hissədə cavabdeh tərəfindən inşa edilmiş (şimal tərəfdən 6 m 45 sm, şərq tərəfdən isə 2 m 54 sm ölçüdə) daş hasarın cavabdehin öz vəsaiti hesabına sökülməsi və əvvəlki yerində bərpa edilməsi, iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün ödənilmiş 317 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1081/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər L.Rəhimli (sədrlik edən və məruzəçi), İ.Dəmirov, F.Məmmədov) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1081/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı ASC məhkəmədə iddia qaldıraraq İddiaçı ASC-nin torpaq sahəsində cavabdeh tərəfindən özbaşına inşa edilmiş daş hasarın cavabdehin öz vəsaiti hesabına sökülməsi, cavabdehin hesabına hasarın əvvəlki yerində bərpa edilməsi, İddiaçı ASC-nin torpaq sahəsi üzərində mülkiyyət hüququ bərpa edilməklə cavabdehin istifadəsində olan torpaq sahəsinin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması, ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-yə məxsus Xaçmaz şəhəri A.Məmmədov küçəsi 3 ünvanında inzibati bina və digər tikililər, habelə torpaq sahəsi mövcuddur. Ərazinin baş planında “Z” işarəsi ilə işarələnmiş dəmirçi sexinin yan hissəsindəki hasar cavabdehin həyətyanı torpaq sahəsi ilə həmsərhəddir. Cavabdeh bir müddət bundan əvvəl özbaşına olaraq İddiaçı ASC-yə məxsus əraziyə müdaxilə edərək iddiaçıya məxsus beton pilitələrdən quraşdırılmış təxminən 10 metr hissəsini sökmüş, beton pilitələri aparmış, ərazinin 10x2 metr hissəsini daş hasarla öz torpaq sahəsinə birləşdirərək orada talvar tikmişdir. Bu barədə ona irad bildirilsə də nəticəsi olmamış, nəticədə qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən sübut kimi yalnız ekspert rəyinə əsaslanmışdır. Belə ki, iş materiallarında olan xx.xx.2023cü il tarixli 10/7813 nömrəli ekspert rəyindən müəyyən olunur ki, ünvan 2 ünvanında İddiaçı ASC-nin mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən tikili inşa edilmiş və cavabdeh tərəfindən İddiaçı ASC-nin mülkiyyətinə aid olan torpaq sahəsindən istifadə edir. İddiaçı ASC-nin mülkiyyətində olan torpaq sahəsindən 9 kv.metr hissəsi cavabdeh tərəfindən istifadə olunur. İddiaçı ASC-nin mülkiyyətində olan torpaq sahəsinin
9. kv.metr hissəsi mübahisəli torpaq sahəsinin şimal tərəfindən 6 m 45 sm, şərq tərəfdən isə 2 m 54 sm mişar daşı ilə əhatə olunmuşdur. Məhkəmədə çıxış edərkən tərəfindən ekspert rəyinin əsaslı olmadığı və obyektiv həqiqəti əks etdirmədiyi vurğulanmışdır. Məhkəmə hesab etmişdir ki, ekspert rəyi mötəbərdir. Məhkəmə və təkrar ekpertiza təyin etməməklə onun hüquqlarını pozmuş, ədalətli məhkəmə araşdırması həyata keçirməmişdir. Ekspert rəy verərkən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mühəndisi Namiq Əhmədovun mütəxəssis rəyinə əsaslanmış, özü yerində torpaq sahəsinə və tikililərə baxış keçirməmişdir. Həmçinin ekspert rəyinin əsaslı olmadığının sübutlarından biri də odur ki, ekspert qeyd edir ki, mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Belə olan bu rəyin əsaslılığına tərəfindən şübhələr mövcuddur və mütəxəsiss rəyi və ekspert obyektiv həqiqəti əks etdirmir. Hesab edir ki, yenidən məhkəmə tərəfindən əlavə və ya təkrar ekpertiza təyin edilməlidir. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və onun hüququnun bərpa olunmasına kömək etmək əvəzinə, sübutları araşdırmamışdır. Hakim işə obyektiv, qərəzsiz və hərtərəfli baxmamışdır. Məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, düzgün araşdırma aparmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini tərəflərin izahatlarını, ekspert rəyini nəzərə alaraq iddia tələbinin əsaslı olması ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 21, 152.1, 152, 157.2, 157.5-ci, Torpaq Məcəlləsinin 84, 111-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, bu nəticədən narazı qalan Cavabdeh qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən gəldiyini nəticəni birinci instansiya məhkəməsinin X2 işə cəlb etməməsi, hazırki qətnamənin X1 maraqlarına toxunmasına əhəmiyyət verməməsi, onu işdə iştirak etməyə cəlb etmədən sonuncunun hüquq və vəzifələrinə dair onun hüquqlarının pozulmasına səbəb olan qətnamə çıxarması, apellyasiya məhkəməsinin də işin qeyd edilən bu xüsusatına əhəmiyyət verməməsi, birinci instansiya məhkəməsi ziddiyyətli, tam olmayan ekspert rəyinə istinad etməklə iddianı qismən təmin etmiş, apellyasiya məhkəməsi də cavabdehin ekspert rəyi ilə bağlı dəlillərinə əhəmiyyət verməmiş, ekspert rəyindəki ziddiyyətin aradan qaldırılması yönündə heç bir prosessual hərəkət etməmiş, eyni səhvi təkrarlayaraq qətnaməni dəyişdirmədən saxlamaqla düzgün olmayan nəticəyə gəlməsini göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
Nəzərə alınmalıdır ki, iddianın faktiki əsaslarını göstərmək iddiaçının vəzifəsi olduğu kimi, iddianın qanuni əsasını müəyyən etmək isə məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin iddia ərizəsində və ya apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından, tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Baxılan iş üzrə iddia tələbi cavabdeh tərəfindən özbaşına inşa edilmiş daş hasarın cavabdehin öz vəsaiti hesabına sökülməsi, cavabdehin hesabına hasarın əvvəlki yerində bərpa edilməsi, İddiaçı ASC-nin torpaq sahəsi üzərində mülkiyyət hüququ bərpa edilməklə cavabdehin istifadəsində olan torpaq sahəsinin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması barədədir. İddiaçı mövcud tələbinin əsası kimi ərizəyə əlavə etdiyi texniki pasporta istinad etsə də, torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair çıxarış təqdim etməmiş, əksinə məhkəmə kollegiyasının iclasında mülkiyyət sənədi kimi yalnız 2006-cı il tarixli texniki pasportunun olduğunu bildirmişdir. Belə olan halda iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 164, 165 və 166.3cü maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Məlumdur ki, əşyaya sahiblik hüququ əşyanın mülkiyyətçisinə, eləcə də əşyanın mülkiyyətçisi olmayan şəxsə mənsub ola bilər. Bu maddənin mənasına görə mülkiyyətçinin öz əşyasını özgənin qanunsuz sahibliyindən geri qaytarmağı və öz mülkiyyət hüququnu həyata keçirilməsinə yaradılmış maneələri aradan qaldırmağı tələb etmək hüquqları eynilə sahibə də məxsusdur. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Mülki Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnu təmin edilməsi məqsədilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 28 oktyabr 2024-cü il tarixli ekspert rəyində 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsaslanaraq qeyd olunmuşdur ki, Cavabdeh məxsus tikili cavabdehin özünə məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir və cavabdehə məxsus tikili iddiaçıya məxsus torpaq sahəsinə düşmür. Cavabdeh məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində olan koordinatlar sürüşməsi olduğundan İddiaçı ASC-yə məxsus 9 kv.m hissəsi üst-üstə düşür. Lakin sürüşməni faktiki naturaya uyğun nəzərə aldıqda, həmin 9 kv.m torpaq sahəsi, cavabdehin sənəd üzrə olan torpaq sahəsində yerləşir. Göründüyü kimi cavabdehə məxsus tikili onun özünə məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir və iddiaçının sahibliyində olan torpaq sahəsinə düşmür. Lakin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində olan koordinatlar sürüşməsi olduğundan İddiaçı ASC-yə məxsus 9 kv.m hissəsi üst-üstə düşür və sürüşməni faktiki naturaya uyğun nəzərə aldıqda isə həmin 9 kv.m torpaq sahəsi cavabdehin sənəd üzrə olan torpaq sahəsində yerləşir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ərizəsində qeyd etdiyi hallar iş materialları və xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə təkzib olunduğundan, eləcə də iddiaçının sahibliyində olan torpaq sahəsinə cavabdeh tərəfindən hər hansı müdaxilənin, o cümlədən cavabdehin qanunsuz sahibliyində olması müəyyən edilmədiyindən, başqa sözlə iddiaçının tələbi Mülki Məcəllənin 164, 165 və 166.3-cü maddələrinin dispozisiya şərtləri ilə uzlaşmadığından, iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat və apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat, ümumilikdə 150 (yüz əlli) manat İddiaçı ASC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı cavabdeh tərəfindən özbaşına inşa edilmiş daş hasarın cavabdehin öz vəsaiti hesabına sökülməsi, cavabdehin hesabına hasarın əvvəlki yerində bərpa edilməsi, İddiaçı ASC-nin torpaq sahəsi üzərində mülkiyyət hüququ bərpa edilməklə cavabdehin istifadəsində olan torpaq sahəsinin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılmasına dair iddia tələbi rədd edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat İddiaçı ASC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.