Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1092/2023 26.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X6 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Cavabdeh) qarşı yaşayış sahəsinin sahibinə təhvil verilməsi və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2(012)-4015/2021 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia təmin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 13-cü mərtəbəsində yerləşən 64 nömrəli mənzilin İddiaçı təhvil verilməsi, İddiaçı həmin mənzilə köçürülməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumuna görə pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1587/22 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 21 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.Əhmədova və V.Həsənov) kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1587/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Cavabdeh) qarşı yaşayış sahəsinin sahibinə təhvil verilməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (Cavabdeh) üzərinə 12 mart 2007-ci il tarixli müqavilə üzrə öhdəliyi olan ünvan 2 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış evinin 1-ci blokunun (Giriş 1) 13-cü mərtəbəsində yerləşən sahəsi 52 kv.m təşkil edən 1 (bir) otaqlı 64 nömrəli mənzilin ona təhvil verilməsi və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh (hazırki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) arasında bağlanmış 12 mart 2007-ci il tarixli müqaviləyə əsasən iddiaçı Cəmiyyətin ünvan 2 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış evinin 1-ci blokunun (Giriş 1) 13-cü mərtəbəsində sahəsi 52 kv.m təşkil edən bir otaqlı 64 nömrəli mənzilini 13.572 manat dəyərini tam ödəməklə almış və iddiaçıya bu barədə maliyyə arayışı verilmişdir. Cavabdeh adı sonradan dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı aldığı yaşayış sahəsinin dəyərini tam ödəsə də, cavabdeh mənzili təhvil verməmiş və buna görə də iddiaçı həmin yaşayış sahəsindən bu günə qədər istifadə edə bilməmişdir. Belə ki, cavabdeh dəyərinin tam ödəməklə aldığı mənzili iddiaçıya təhvil verəcəyi barədə öhdəlik götürsə də, bu öhdəlikdən yayınaraq öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək sözügedən mənzili bu günə qədər təhvil verməmiş, müqavilə şərtlərinin 2 və 8-ci bəndlərini pozmuşdur. İddiaçı cavabdehdən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək aldığı ünvan 2 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış evinin 1-ci blokunun (Giriş 1) 13-cü mərtəbəsində sahəsi 52 kv.m təşkil edən bir otaqlı 64 nömrəli mənzili təhvil verməkdən boyun qaçırır. Göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirsə də, cavabdeh bu günə qədər öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda iddiaçının müqavilə üzrə mövcud hüquqlarının qanun çərçivəsində qorunmasını tələb etməkdə başqa çarəsi qalmamışdır. Məhkəmə tərəfindən (Cavabdeh üzərinə müqavilə öhdəliyinin dərhal yerinə yetirməsi öhdəliyi qoyulmalı və dəyərinin tam ödədiyi mənzil iddiaçıya təhvil verilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Maraqlı şəxs Abşeron Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, iş materiallarından görünür ki, o, iki dəfə bu məsələ ilə bağlı məhkəmədə iddia qaldırmış, iddiası təmin olunmuşdur. Qətnamə hazırda qüvvədədir. İcra mərhələsində məlum olmuşdur ki, həmin mənzil Cavabdeh tərəfindən başqa bir şəxsə satılmışdır. Bununla bağlı, təkrarən iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmiş, xx.xx.2021-ci il tarixdə iddia qismən təmin edilmiş və mənzilin ikinci dəfə satılmasına dair müqavilə etibarsız hesab edilmişdir. Həmin qətnamə də hazırda qüvvədədir. Qətnamələrdən də görünür ki, həmin mənzilin İddiaçı satılmasına dair məhkəmədə heç bir məlumat olmamışdır. Məhkəmədə eyni vaxtda, 1 ay fasilə ilə eyni mənzilə dair iki qətnamə qəbul edib. İddiaçı ilə bağlanılmış müqavilə qanunsuzdur. İddiaçı cavabdeh təşkilatda mühafizəçidir və orada payçı ola bilməz. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Maraqlı şəxs nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxsin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni ünvan 1 ünvanında tikilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda 13-cü mərtəbəsində yerləşən 64 nömrəli mənzilin alınmasına görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Cavabdeh) ilə İddiaçı arasında bağlanmış 12 mart 2007-ci il tarixli koorperativ binada mənzil tikintisi müqaviləsi üzrə 13572 manat pulu Cavabdehnə ödəməsi, onun hüquqi varisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin mənzil İddiaçıya təhvil verilməməsi ilə əsaslandırmışdır. Maraqlı şəxs bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, bu nəticədən narazı qalan Maraqlı şəxs qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən gəldiyini nəticəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaması, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilə maraqları pozulan şəxs Maraqlı şəxs tərəfindən təqdim olunmuş sübutların araşdırılmaması, onlara düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etməsini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. İşdən göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə mübahisəli mənzilin tikintisinin başa çatdırılaraq Maraqlı şəxs təhvil verilməsi və həmin mənzilə dair Mehparə İbrahimova ilə bağlanmış müqavilənin etibarsız sayılaraq sonuncunun həmin mənzildən çıxarılması işin mübahisəsiz halıdır. İşin digər mübahisəsiz halı isə ondan ibarətdir ki, İddiaçı mübahisəli mənzilin ona təhvil verilməsi barədə iddiasını məhkəməyə xx.xx.2021-ci il tarixdə verdiyi halda qüvvədə olan xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsi ilə artıq həmin mənzilin Maraqlı şəxs təhvil verilməsi qət edilmişdir. Göründüyü kimi Maraqlı şəxs mübahisəli mənzilin qanuni sahibi kimi həmin mənzillə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Cavabdeh) ilə Mehparə İbrahimova arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsızlığı və sonuncu tərəfindən mənzilin boşaldılması barədə iddia vermiş və onun bu tələbi məhkəmə qətnaməsi ilə təmin edilmişdir. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə İddiaçı iddianı verməmişdən əvvəl mübahisəli mənzil Maraqlı şəxs sahibliyinə keçdiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Cavabdeh) ilə İddiaçı arasında mübahisəli mənzilə dair bağlanmış müqavilə etibarlı bir müqavilə kimi qəbul edildiyi halda da, bu hal Mülki Məcəllənin 452.1. maddəsinin tələbi baxımından İddiaçı iddiasının təmin edilməsinə əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçıla cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Cavabdeh) arasında mənzilə dair müqavilə Maraqlı şəxslə ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Cavabdeh) arasında bağlanmış müqavilədən daha əvvəl bağlansa da, fərdi-müəyyən əşya olan mənzil qüvvədə olan məhkəmə aktı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Cavabdeh) ilə Maraqlı şəxs arasında bağlanmış müqavilə əsasında sonuncuya təhvil verildiyindən, İddiaçı həmin mənzilin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (Cavabdeh) alınmasını və ona təhvil verilməsini tələb etmək hüququna malik deyildir. Ona görə ki, onun bu hüququ mənzilin Maraqlı şəxs təhvil verildiyi andan aradan qalxmışdır. Göründüyü kimi, Maraqlı şəxs mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etdiyindən və həmin mənzil artıq qanuni qüvvədə olan məhkəmə aktı ilə istifadə üçün sonuncuya təhvil verilməsi müəyyən edildiyindən, mənzilin iddiaçıya təhvil verilməsi barədə iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə mübahisəli mənzilin X3 məxsus olması öz təsdiqini tapdığından, iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həmin işlər üzrə qəbul edilmiş məhkəmə aktlarından görünür ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (əvvəlki Cavabdeh) mübahisəli mənzilin İddiaçı satılmasına dair hər hansı dəlil irəli sürməmiş, həmin halı təqdim etdiyi şikayətlərdə qeyd etməmiş, məhkəmə iclaslarında verilən izahatlarda etirazın əsası kimi həmin hala istinad etməmişdir. Belə ki, iddiaçı X2 cavabdehlər X1 və "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılması” tələbinə dair iş üzrə birinci instansiya məhkəməsinin iclasında iştirak edən MMC-nin nümayəndəsi mübahisəli mənzilə dair İddiaçıla bağlanmış 12 mart 2007-ci il tarixli müqavilənin olması barədə məhkəməyə məlumat verməmiş, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətində də həmin dəlili qeyd etməmişdir. Digər tərəfdən, hazırkı iş üzrə birinci instansiya məhkəməsində izahat verən cavabdehin nümayəndəsi mübahisəli mənzillə bağlı məhkəmə qətnaməsinin olmaması, eyni zamanda həmin mənzillə bağlı digər şəxslə müqavilə bağlanmaması barədə yanıldıcı izahat vermişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almadan iddiaçı ilə bağlanmış müqavilənin Maraqlı şəxs mübahisəli mənzillə bağlı tələblərindən yayınmaq üçün görünüş məqsədi yaratmaq məqsədilə bağlanmış əqd olub-olmamasını araşdırmamış və qiymət verməmişdir. Bu mənada məhkəmə kollegiyası həmin müqaviləyə hüquqi qiymət verilməsini əsaslı hesab edir. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının birgə qərardadının 13-cü bəndində qeyd edilmişdir ki, məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olubolmaması, əqd bağlandığı halda isə onun etibarlı olubolmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir. Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2021-ci il tarixli qərarda vurğulamışdır ki, hər hansı əqdə istinad edərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (Mülki Məcəllənin 337.1, 337.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarındakı formalaşmış hüquqi mövqeyinə görə isə əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu mənada məhkəmə kollegiyası xx.xx.2007-ci il tarixli müqavilənin etibarlılığına qiymət verərək hesab edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarı və Mülki Məcəllənin 337.3. və 340.1-ci maddələrinin tələbləri baxımdan bu müqavilə (əqd) əhəmiyyətsiz əqddir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (Cavabdeh) qarşı yaşayış sahəsinin sahibinə təhvil verilməsi və mənzilə köçürülməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1092/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1092/2023
26.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver