Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1099/2022 26.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(028)-641/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Qubadlı Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(028)-641/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Qubadlı Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli qətnaməsi ilə qət edilmiş alimentin məbləğinin dəyişdirilərək 29.08.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment və mediasiya xərclərinin əvəzi olaraq 25 manat qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı ödənilməsi qət edilmişdir.(hakim V.Ruvinov) Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Qubadlı Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(028)-641/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qubadlı Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli qətnaməsi ilə qət edilmiş alimentin məbləğinin dəyişdirilərək 29.08.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin və mediasiya xərclərinin əvəzi olaraq 25 manatın tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 1998-ci ildə nikaha daxil olmuş və həmin nikahdan onların üç uşaqları var. 2005-ci ildə onların nikahı pozulsa da, 2011-ci ildə onlar yenə nikaha girmişlər.Qubadlı Rayon Məhkəməsinin 14.02.2019-cu il tarixli qətnaməsi ilə nikahları yenə pozulmuş və cavabdehdən birgə nikahdan olan bir uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat miqdarda aliment tutulmuşdur. Qubadlı Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulmuşdur. Hal-hazırda cavabdehin rəsmi işlədiyi yer barədə məlumat olmadığı üçün gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulması ilə problemlər yaranmışdır. Problemin həlli ilə bağlı cavabdehə mediator vasitəsi ilə nizama salınması təklif olunsa da, bu barədə mediasiya zamanı razılıq əldə olunmamışdır.O, uşağı saxlamaqda çətinlik çəkir, çünki uşağının tələbatları artır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, qanunsuz qətnamə qəbul etmişdir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. İş materiallarından göründüyü kimi, yaranmış problemin həlli ilə bağlı cavabdehlə məsələni məhkəmədənkənar qaydada Mediator vasitəsilə nizama salınması ilə bağlı məktub göndərsəm də onunla bu barədə mediasiya zamanı razılıq əldə olunmamışdır. Hazırda da azyaşlı uşağı onun himayəsindədir. Cavabdehlə aralarında ərarvad münasibəti yoxdur. Bütün bunlara baxmayaraq məhkəmə iddianı qismən təmin etmişdir. Cavabdehin sadəcə olaraq “ürəyimdən əməliyyat olunmuşam” ifadəsini əsas götürərək heç bir maddi hüquq normasına əsalanmadan məhkəmə iddianı qismən təmin etmişdir. İddiaçının himayəsində olan azyaşlı uşağın səhhətində olan problemlər, onun 3cü qrup əlil olması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, məktəbdə kimya müəlliməsi işləyir, cəmi 400 manat əmək haqqı alır. Bu məbləğ uşağın saxlanılması üçün kifayət etmir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Əlavə etdi ki, əvvəllər iş yeri olub və uşaqları üçün lazım olan köməkliyi edib. Hazırda iş yerində ixtisar olduğu üçün işdən çıxarılmışdır, heç yerdə işləmir. Başqa gəlir yeri də yoxdur. Bundan əlavə, yaşadıqları iki mərtəbəli evi də uşaqlara qoyub gedib. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli qətnaməsindən məlum olur ki, İddiaçı ilə Cavabdeh arasında olan nikaha 14.02.2019-cu ildə xitam verilmiş, Cavabdeh birgə nikahdan olan bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat miqdarda aliment tutulması qət edilmişdir. Qubadlı Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda alimentin tutularaq iddiaçıya ödənilməsi müəyyən edilmişdir. İşə əlavə edilmiş 13.09.2012-ci il tarixli doğum haqqında Şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 29.08.2012-ci ildə X2 anadan olmuşdur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş üzrə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Qubadlı Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(028)-641/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflərin nikah münasibətlərindən 29.08.2012-ci ildə X2 anadan olmuşdur. Onların nikahına 14.02.2019cu ildə xitam verilmiş, Cavabdeh birgə nikahdan olan bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat miqdarda aliment tutulması qət edilmişdir. Qubadlı Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi müəyyən edilmişdir. Hazırda iddiaçı Qubadlı Rayon Məhkəməsinin 03.11.2020ci il tarixli qətnaməsi ilə qət edilmiş alimentin məbləğinin dəyişdirilərək 29.08.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normaların əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. İşin tədqiq olunan faktiki hallarından məlum oldu ki, Qubadlı Rayon Məhkəməsinin 03.11.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi müəyyən edilən zaman onun daimi iş yeri və sabit qazancı olmuşdur. Hazırda isə o, işləmir. Başqa sözlə, qazancın bir hissəsi kimi alimentin tutulması mümkünsüz olmuşdur. Bu səbəbdən də, alimentin sabit pul məbləğində müəyyən edilməsi zərurəti yaranmışdır. Bununla yanaşı məhkəmə kollegiyası nəzərə alır ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir, çünki valideynlərin hər biri uşaqların maddi ehtiyaclarını birgə ödəməlidirlər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa əsasən 2021-ci il üzrə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 manat təşkil etmişdir. Hazırda həmin məbləğ 193 manatdır. Daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, aliment təyin olunarkən tərəflərin hər ikisinin maddi vəziyyəti, azyaşlıların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmalı, alimentin tutulması barədə tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə iddia tələbinin uşağa görə 200 manat olmasına baxmayaraq, cavabdehin aylıq qazancı, həmin məbləğin onun, eləcə də iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağın saxlanması və digər xərclərinin ödənilməsi üçün sərf edildiyini və digər diqqətəlayiq halları nəzərə alaraq, iddianın qismən, uşağa görə aliment məbləğini150 manat həcmində təmin etməklə hər iki tərəfə münasibətdə balanslaşdırmış qətnamə qəbul etmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, alimentin miqdarının bu həddə müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(028)- 641/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1099/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1099/2022
26.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver