Məhkəmə qərarları › İş №2(105)-1100/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1100/2023

09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1100/2023 09.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X19 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X8, Cavabdeh1 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(060)-5266/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 6500 (altı min beş yüz) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 85.40 (səksən beş manat qırx qəpik) manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" ASC Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 6500 manat məbləğində sığorta ödənişinin, 85,40 məbləğində dövlət rüsumunun, cəmi 6585,40 pul vəsaitinin müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Bakı-Quba- Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 94-cü km-də "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış Cavabdeh1 mülkiyyətində olan “Opel Zafira minik” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən idarə edilərkən yolnəqliyyat hadisəsi törədilmiş, nəticədə “X22 Prado minik” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymiş, X7, X4 və X2 az ağır, X14 və X3 yüngül xəsarət yetirilmişdir. AR DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yolnəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarının barədə” arayışına, cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh2 təqsirli şəxs olaraq müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş DİN Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli qərara əsasən Cavabdeh2 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin vaxt izahatı alınmış “Opel Zafira minik” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 DİN Baş stintaq və Təhqiqat İdarəsinə verdiyi izahatında hadisə zamanı maşını müvafiq etibarnamə olmadan idarə etdiyini etiraf etmişdir. İddia ərizəsinə əlavə edilmiş, “Opel Zafira minik” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin PBA ********** saylı sığorta şəhadətnaməsindən (müqavilə) göründüyü kimi, həmin avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş, müvafiq tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində“X22 Prado minik” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 10745 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2021-ci il tarixli, 356 saylı sığorta aktına, xx.xx.2021-ci il tarixli, № AZ0011214 saylı ödəniş tapşırığına əsasən 5000 manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş “X22 Prado minik” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X13 "xxxx"ASCdəki hesabına və xx.xx.2021-ci il tarixli, №AZ0011329 saylı ödəniş tapşırığına əsasən 1500 manat məbləğində sığorta ödənişi hadisə zamanı “Opel Zafira minik” markalı, **-DA- *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini X5 "xxxx" KB ASC-dəki hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-S22/1515 saylı“Geriyə tələb (subroqasiya)” məktublarından görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 6500 manat məbləğində sığorta ödənişinin 5 gün müddətində Cavabdeh2 və Cavabdeh1 tərəfindən geri ödənilməsi tələb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş AE №145173 saylı X6 Şəhadətnaməsindən göründüyü kimi, hadisə anında X17 tərəfindən idarə olunan “X22 Prado minik” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi X13 mülkiyyətində olmuşdur. İddia ərizəsinə əlavə edilmiş AE №083070 saylı X6 Şəhadətnaməsindən göründüyü kimi, hadisə anında Cavabdeh2 tərəfindən idarə olunan “Opel Zafira minik” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətində olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv edilməsini, həmin hissədə iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsini ona aid hissədə tamamilə qanunsuz və əsassız hesab edir. Bildirir ki, o, həmin şəxsi, yəni, Cavabdeh2 tanımır. O, həmin avtomobili etibarnamə ilə X9 idarə etmək üçün vermişdir (xx.xx.2021-ci ildə). Cavabdeh2 həmin avtomobili müvafiq icazəsi olmadan idarə etmiş və o, bundan xəbərsiz olmuşdur. Belə olan halda onun hüquqa zidd hərəkətləri nəticəsində törətdiyi əmələ görə o, məsuliyyət daşımalı deyil. Məhkəmə bu halları araşdırmadan iddia tələbini ona münasibətdə də təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, cavabdehlərin iştirakını təmin etməmiş, düzgün nəticəyə gəlməmiş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. İşin faktiki hallarını araşdırmadan əsassız nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi lazımi əsaslandırılmadan qəbul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmadığından iddia tələbini ona aid hissədə qəbul etmir. Qətnamə ona aid hissədə tamamilə qanunsuz və əsassızdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X16 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən Cavabdeh1 aid hissədə ləğv edilməli, həmin hissədə iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini Cavabdeh2 tərəfindən törədilmiş hüquq pozuntusu nəticəsində X13 idarə etdiyi “X22 Prado minik” markalı, **-SY- *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi ilə bağlı dəymiş zərərin aradan qaldırılmasına görə "xxxx" ASC tərəfindən 6500 manat məbləğində sığorta ödənişi həyata keçirilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 vermiş olduğu apellyasiya şikayətində qətnamənin ona aid hissədə ləğv edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, xx.xx.2021-ci il tarixində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən 94-cü km-də "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış Cavabdeh1 mülkiyyətində olan “Opel Zafira minik” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilməsi, “X22 Prado minik” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəyməsi, Cavabdeh2 barəsində Cinayət Məcəlləsinin 263.1. maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilməsi işin mübahisə olunmayan halıdır. İddiaçı sığorta ödənişinə görə cavabdehə qarşı subroqasiya qaydasında ödənilmiş pulun ona qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş, tələb təmin edilmiş, Cavabdeh1 həmin nəticəni mübahisələndirmişdir. Baxılan iş üzrə iddia tələbi subroqasiya qaydasında zərərin ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 936-cı maddəsi təşkil edir. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (Mülki Məcəllənin 936.1., 936.2. və 936.5. maddələri). İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu 8.1. maddəsi). Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu 50.1. maddəsi). Mülki Prosessual Məcəllənin 1108.2. maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (Mülki Məcəllənin 1097.1. maddəsi). Apellyasiya şikayətinə əlavə edilmiş “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən “Opel Zafira minik” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixdə etibarlılıq müddəti xx.xx.2022-ci il tarixdən X9 idarə etmək üçün vermiş və həmin etibarnamədə bu səlahiyyətlərin başqa şəxsə verilə bilməməsi qeyd olunmuşdur. Göründüyü kimi avtomobil yüksək təhlükə mənbəyi mülkiyyətçi Saxanım Bayramovanın sahibliyindən digər şəxslərin hüquqazidd hərəkətləri nəticəsində çıxmışdır. Belə olan halda o, həmin mənbənin vurduğu zərərə görə iddiaçı qarşısında məsuliyyət daşımır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qətnaməsi qismən Cavabdeh1 aid hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar