Məhkəmə qərarları › İş №2(105)-436/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-436/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-436/2025 13.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: subroqasiya tələbi) X14 Süleymanovanın sədrliyi və məruzəsi, X4 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbinə dair» mülki iş üzrə Quba Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, e- 2(027)-2029/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İşin halları:

1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 7250 (yeddi min iki yüz əlli) manat məbləğində sığorta ödənişinin, 92.5 (doxsan iki manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun və 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqının, cəmi 7342.9 (yeddi min üç yüz qırx iki manat, doxsan qəpik) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən “VAZ 21214” minik markalı 99-X-851 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Quba şəhəri, H.Əliyev prospektində “Mersedes Benz 508” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla toqquşmuşdur. Hadisə nəticəsində mikroavtobusun sərnişinləri X12, X13 və X5 sağlamlıqlarına zərər dəymiş və yol kənarındakı işıq dirəyinə maddi zərər vurulmuşdur. Hadisə Quba RPŞ tərəfindən qeydə alınaraq, araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Qərara əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş, onun barəsində materiallar AR İXM-in 328.2-ci maddəsi ilə inzibati məsuliyyət tədbirlərinin görülməsi üçün Quba RPŞ DYPB-ə göndərillmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində X1 dəyən zərərə görə 3292.95 (üç min iki yüz doxsan iki manat, doxsan beş qəpik), X2 dəyən zərərə görə 1500 (min beş yüz) manat, X3 dəyən zərərə görə 750 (yeddi yüz əlli) manat və işıq dirəyinə dəymiş zərərlə bağlı isə “Təmiz Quba” MKTB-yə 1707.05 (min yeddi yüz yeddi manat, sıfır beş qəpik) manat məbləğində sığorta ödənişi verilmişdir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 7250 (yeddi min iki yüz əlli) manat məbləğində sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna sahib olmuşdur. Bundan başqa, iddianın qaldırılması ilə bağlı dövlət rüsumu və xidmət haqqı da cavabdehdən tutulmalıdır. Bununla bağlı bildiririk ki, 92.5 (doxsan iki manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun və 0.4 (qırx qəpik) manat məbləğində xidmət haqqının ödənilməsi haqqında qəbz iddia ərizəsinə əlavə edilmişdir.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. 15.07.2022-ci il tarixli, PAZ********** saylı icbari sığorta müqaviləsinə görə X8 məxsus “VAZ 21214” minik markalı, **-XE-*** dövlət qeydiyyatı nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığorta məbləğləri- əmlaka vurulan zərərə görə 5000 (beş min) AZN, sağlamlığa vurulan zərərə görə-bir şəxs üçün 5000 (beş min) AZN, bir hadisə üzrə isə 50 000 (əlli min) AZN müəyyən edilmişdir.

5. CML-0049/2023-AKT210/23, CML-0049/2023-AKT212/23, CML0049/2023- AKT403/23 və CML-0049/2023-AKT706/23 saylı Sığorta Aktlarından görünür ki, xx.xx.2023-cü il tarixində X9 1500 manat, xx.xx.2023-cü il tarixində X10 hesabına 750 manat, xx.xx.2023-cü il tarixində X11 3292.95 manat və “Təmiz Quba” MKTB-nin hesabına 1707.05 manat məbləğində sığorta ödənişi icra edilmişdir.

6. 10.03.2023-cü il tarixli “Ödəniş tapşırığı”ndan görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC vasitəsilə X10 hesabına 750 manat, X7 hesabına 1500 manat, X6 hesabına 3292.95 manat və “Təmiz Quba” MKTB-nin hesabına 1707.05 manat məbləğində pul ödənilmişdir.

7. “Ziyan Aktı”ndan görünür ki, “Təmiz Quba” MKTB-nə ümumilikdə 3125, 50 qəpik ziyan dəymişdir.

8. “Avtonəqliyyat vasitələrinin texniki ekspertizası”nın ekspert rəyindən göründüyü kimi, “Mersedes Benz 508” mikroavtobus markalı,**-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər 5980 (beş min doqquz yüz səksən) manat təşkil etmişdir.

9. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 10 dekabr 2022-ci il tarixli qərardan göründüyü kimi, Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinin tələblərinə əsasən, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməsi, barəsində cinayət işinin başlanması rədd edilməsi, X7 barəsində cinayət təqibinin başlanması rədd edilməsi, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti RPŞ-nin DYPB-nə verilməsi, Cavabdeh barəsində inzibati xəta üzrə iş üzrə icraatın başlanmasının rədd edilməsi, toplanmış materialın RPŞnin arxivinə təhvil verilməsi və qərarın surəti ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Quba rayon prokuroruna göndərilməsi qərara alınmışdır.

10. Cavabdeh AE 622416 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi vardır.

11. Pretenziya məktubunun surətindən göründüyü kimi, Cavabdeh borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

12. Quba Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, e-2(027)-2029/2024 nömrəli qətnaməsi ilə (hakim Aydın Babayev) iddiaçı "xxxx" ASC nin Cavabdeh 7250 (yeddi min iki yüz əlli) manat məbləğində sığorta ödənişinin, 92.5 (doxsan iki) manat, 50 (əlli) qəpik məbləğində dövlət rüsumunun və 0.40 (qırx) qəpik məbləğində xidmət haqqının, cəmi 7342 (yeddi min üç yüz qırx iki) manat, 90 (doxsan) qəpik pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1 və 936.6-cı maddələri, “İcbari sığortalar haqqında” Qanunun 13.1-ci, 13.4, 23.1.6 və 25.1.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 14 aprel 2023-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 217.4, 216-220, 227, 233, 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

14. Quba Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, e-2(027)-2029/2024 nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən “VAZ 21214” minik markalı 99-X851 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Quba şəhəri, H.Əliyev prospektində “Mersedes Benz 508” mikroavtobus markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla toqquşmuşdur. Hadisə nəticəsində mikroavtobusun sərnişinləri X12, X13 və X5 sağlamlıqlarına zərər dəymiş və yol kənarındakı işıq dirəyinə maddi zərər vurulmuşdur. Hadisə Quba RPŞ tərəfindən qeydə alınaraq araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Qərara əsasən Cavabdeh yolnəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş, onun barəsində materiallar AR İXMin 328.2-ci maddəsi ilə inzibati məsuliyyət tədbirlərinin görülməsi üçün Quba RPŞ DYPBə göndərillmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində X1 dəyən zərərə görə 3292.95 (üç min iki yüz doxsan iki manat, doxsan beş qəpik), X2 dəyən zərərə görə 1500 (min beş yüz) manat, X3 dəyən zərərə görə 750 (yeddi yüz əlli) manat və işıq dirəyinə dəymiş zərərlə bağlı isə “Təmiz Quba” MKTB-yə 1707.05 (min yeddi yüz yeddi manat, sıfır beş qəpik) manat məbləğində sığorta ödənişi verilmişdir.Tərəflərindən iş materiallarına əlavə edilmiş 10 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə” arayış iddia ərizəsinə əlavə edilmişdir. Həmin qərardan və arayışdan müəyyən edilir ki, Cavabdeh yolnəqliyyat vasitəsi baş verən vaxt avtomobili idarə etmək hüququ olmamış və o, avtomobili etibarnamə olmadan idarə etmişdir. Tərəflərindən iddia ərizəsinə əlavə verilmiş və həmin əlavədə “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə istinad edilərək, subroqasiya hüququnun yarandığını qeyd etmişlər. Lakin məhkəmə həmin əlavədə qeyd edilmiş halları nəzərə almamış və "xxxx" ASC cavabdehin “İcbari sığortalar haqqında” Qanununun məhz hansı maddəsinə əsasən subroqasiya qaydasında məsuliyyət daşıması baxımından iddianın əsasını qeyd etmədiyini göstərmişdir. Göstərilən hallar həm də məhkəmə tərəfindən qətnamənin əsaslandırılmadığını və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2-ci bəndinin tələblərinin pozulduğunu deməyə əsas verir. Qeyd edilən qərarın müvafiq bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Lakin məhkəmə tərəflərindən verilmiş iddia ərizəsinə əlavənin dəlillərini qətnamədə müzakirə etməmiş və həmin əlavədə göstərilən halları tədqiq etməmişdir. Məhkəmənin "xxxx" ASC cavabdehin “İcbari sığortalar haqqında” Qanununun məhz hansı maddəsinə əsasən subroqasiya qaydasında məsuliyyət daşıması baxımından iddianın əsasını qeyd etmədiyini göstərməsi məhkəmə tərəfindən iddia ərizəsinə əlavənin dəlillərinin müzakirə edilmədiyini və araşdırılmadığını deməyə əsas verir. Qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan aşağıdakı hal – yol-nəqliyyat hadisəsi baş verən vaxt Cavabdeh avtomobili idarə etmək hüququnun olub-olmaması aydınlaşdırılmamışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmənin iddiaçının subroqasiya hüququnun yaranmaması barədə gəldiyi nəticə işdə olan 10 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə” arayışla tam təkzib olunur. Göstərilənlərə əsasən məhkəmə tərəfindən qətnamədə göstərilmiş nəticə işin aşağıdakı halına uyğun deyil: Yolnəqliyyat hadisəsi baş verən vaxt Cavabdeh avtomobili idarə etmək hüququnun olmaması və iddiaçının “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə müvafiq olaraq subroqasiya hüququnun yaranması.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

17. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

18. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

21. “İcbari sığortalar haqqında” Azərbayan Respublikasının Qanunu: Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilərək iddia rədd olunmalıdır.

24. Məhkəmə kollegiyası araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh tərəfindən idarə edilən “VAZ 21214” minik markalı 99-X-851 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Quba şəhəri, H.Əliyev prospektində “Mersedes Benz 508” mikroavtobus markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla toqquşmuşdur. Mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi üzrə "xxxx" ASC tərəfindən hadisə nəticəsində sağlamlıqlarına ziyan dəymiş sərnişinlərə və yol kənarındakı işıq dirəyinə, habelə mikroavtobusa zərərə görə sığorta ödənişi ödənilmişdir. İddiaçı "xxxx" ASC “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə müvafiq olaraq subroqasiya hüququnun yarandığını iddia edərək 7250 (yeddi min iki yüz əlli) manat məbləğində sığorta ödənişinin əvəzinin ödənilməsini tələb edir.

25. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir.

26. Məhkəmə hesab etmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə üçüncü şəxsin əmlakına zərər vurulması faktı bir sığorta hadisəsi hesab edilir və sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməzdi. İddiaçı "xxxx" ASC cavabdehin “İcbari sığortalar haqqında” Qanununun məhz hansı maddəsinə əsasən subroqasiya qaydasında məsuliyyət daşıması baxımından iddianın əsasını qeyd etməmişdir. Sığorta hadisəsi üzrə inzibati məsuliyyətin istisna edilib-edilməməsi və sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olub-olmaması müəyyən olunmur.

27. Bundan başqa məhkəmə qeyd etmişdir ki, 10 dekabr 2022-ci il tarixli qərardan göründüyü kimi, qərarın surətinin Cavabdeh əməlində İXM-nin 328.2-ci maddəsinin tərkibi ilə tədbir görülməsi məqsədilə RPŞ DYPB-ə göndərilməli olması müəyyən olunmuşdur. Yəni qeyd edilən qərarla müvafiq bölməyə inzibati məsuliyyətə cəlb etmə baxımından qəbul ediləcək qərarla bağlı əvvəldən müəyyən olunmuş hər hansı mövqe qoyulmadan verilmişdir və inzibati məsuliyyətə cəlb edilib-edilməmə barədə müvafiq qərarı inzibati orqan öz səlahiyyətləri daxilində fakt üzrə qiymətləndirmə aparmaqla qəbul etməli, həmin qərarın da müvafiq məhkəmədə mübahisələndirilməsi imkanı qanunvericiliklə hər kəs üçün tanınmış hüquqdur.

28. Məhkəmə sığorta haqqında qanunvericiliyin tələbini əsas götürərək belə qənaətə gəlmişdir ki, cavabdehin sığorta şirkəti qarşısında qeyd edilən məbləğdə sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı mülki hüquqi məsuliyyəti müəyyən olunmadığından iddia tələbi təmin edilməməlidir.

29. Quba Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, e-2(027)-2029/2024 nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq şikayətin dəlillərini qismən əsaslı hesab edir. Kollegiyanın qənatincə birinci instansiya məhkəməsi mübahisə predmeti ilə bağlı gəldiyi nəticə düzgün olsa da, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, “İcbari sığortalar haqqında” Azərbayan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən əsaslara qiymət verməmişdir.

31. Kollegiya vurğulayır ki, iddiaçı subroqasiya tələbinin əsası olaraq Cavabdeh avtomobili etibarnamə olmadan idarə etməsinə istinad etmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Qanunvericilik normalarının təfsir etsək görərik ki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur.

33. Qeyd olunmalıdır ki, sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyil, yetər ki, etibarnamə ilə avtomobili idarə edənin sürücülük hüququ (sürücülük vəsiqəsi) olsun. Etibarnamənin olmaması sığorta şirkətlərinə, o cümlədən iddiaçıya aid məsələ deyildir. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi hələ onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir.

34. Kollegiyanın qənaətincə etibarnamə olmadan avtomobilin idarə edilməsi daha çox inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilib. Sığorta münasibəti inzibati deyil, mülki hüquqi münasibətdir və mülki hüquq normaları ilə tənzimlənir. Yəni, mülki hüquqa görə avtomobil əşyadır və bu əşyanın istifadəyə verilməsi üçün tərəflər arasında istifadə müqaviləsi də bağlana bilər. Hazırkı işdə də qeyd olunan avtomobil mülkiyyətçinin razılığı ilə Cavabdeh tərəfindən idarə edilmişdir. Bunun üçün məcburi forma şərti müəyyən edilməmişdir. “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinin məzmunu da bunu təsdiq edir.

35. Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mövcud subroqasiya tələbi cavabdehə qarşı əsassızdır.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsi araşıdırılan mübahisə üzrə düzgün nəticəyə gəlsə də, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmadığından apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilərək iddia təmin olunmamalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.2, 385 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, e-2(027)-2029/2024 nömrəli qətnaməsi ləğv olunsun və yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbinə dair» iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar