Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1121/2022 23.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi X2, cavabdeh İsayeva (İskəndərova) Vəfa Arzuman qızının vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(012)-3763/2021 saylı qətnaməsindən cavabdeh İsayeva (İskəndərova) Vəfa Arzuman qızının apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(012)-3763/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı cavabdeh İsayeva (İskəndərova) Vəfa Arzuman qızına qarşı müqavilənin ləğvi, mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, İddiaçı ilə cavabdeh İsayeva (İskəndərova) Vəfa Arzuman qızı arasında bağlanmış 20 iyun 2019-cu il tarixli, ********* saylı payçı müqaviləsinin ləğv edilməsi, cavabdeh İsayeva (İskəndərova) Vəfa Arzuman qızının ailə üzvləri ilə birlikdə Abşeron rayonu, H.Əliyev pr-ti, 30-cu məhəllə, 41-ci bina, 35 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçınə təhvil verilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək kooperativlə Cavabdeh arasında bağlanmış ********* saylı, 20 iyun 2019-cu il tarixli payçı müqaviləsinin ləğv edilməsi, Cavabdeh ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-ti, 30-cu məhəllə, 41-ci bina, 35 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq kooperativə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, kooperativlə Cavabdeh arasında 20 iyun 2019-cu il tarixdə ********* saylı payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-ti, 30-cu məhəllə, 41-ci bina, mənzil 35, sahəsi 59,4 kv.m olan 2 otaqlı mənzil satılmışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli təminatlı kredit müqaviləsinə əsasən bank Cavabdeh 52200 manat məbləğində kredit vermişdir. Mübahisə predmeti olan həmin mənzilə kredit ayrılsa da cavabdehə satılan mənzil dövlət reyestrində qeydə alınmadığına görə həmin mənzilə dair adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməmiş və buna görə də mənzil ipoteka ilə yüklü edilməmişdir. Həmin kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən Cavabdeh aldığı kredit vəsaitini 240 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 20-si tarixindən gec olmayaraq ödəməli idi. Cavabdehin kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə əsas və faiz borcu 2800 manat təşkil edir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə borclarını ödəməmiş, bununla da müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdeh kredit və zaminlik müqavilələri əsasında 52200 manat kredit götürmüşdür. İddiaçı və cavabdehlər arasında bağlanılmış payçı təminatlı kredit və zaminlik müqavilələrinin şərtlərinə əsasən, əgər payçı təminatlı kredit müqaviləsi və payçı müqaviləsi əsasında əldə etdiyi mənzilə görə bank və MTK qarşısında götürdüyü öhdəlikləri icra etməzsə, bu halda payçı müqaviləsi, eləcə də təminatlı kredit və zaminlik müqavilələri ləğv edilir, payçı MTKdan aldığı mənzili geri qaytarır, MTK isə payçının bankdan aldığı kredit məbləğinin qaytarılmayan hissəsini onun əvəzində banka, payçının müqavilə əsasında MTK-ya ödədiyi ilkin ödənişi və ödəniş cədvəli üzrə banka ödədiyi kreditin əsas məbləğini (bank xərcləri, faiz, borc və digər xərclər çıxıldıqdan sonra) müqavilənin 8.1-ci bəndinin şərtlərinə əsasən borcluya qaytarır. Cavabdeh payçı müqaviləsinin 4.2.7, 8.1-ci, eləcə də kredit müqaviləsinin 7.3, 13.2,13.9-cu bəndlərinin şərtlərini kobud şəkildə pozmuşdur. Kredit və payçı müqavilələrinin müvafiq bəndlərinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə, bank öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda, borc verən borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən İddiaçı MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-ti, 30-cu məhəllə, 41-ci bina, mənzil 35, sahəsi 59,4 kv.m olan 2 otaqlı mənzilin boşaldılmasını tələb edir. Borc alan isə qeydişərtsiz olaraq həmin sahəni boşaldır. İddiaçı MTK zamin olaraq öz növbəsində payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 30-cu məhəllə, 41-ci bina, mən.35, sahəsi 59,4 kv.m olan, 2 otaqlı mənzili öz sahibliyinə keçirərək "xxxx" qarşısında borcu bağlamaq hüququna malikdir. İddiaçı MTK Cavabdeh dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, ödəmək qabiliyyətində olmadığını bildirmişdir. Həmçinin "xxxx" tərəfindən cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaldaraq təhvil verməkdən imtina etmişdir. Bununla da cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-ti, 30-cu məhəllə, 41-ci bina, mənzil 35, sahəsi 59,4 kv.m olan, 2 otaqlı mənzildə yaşayır. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən payçı bankdan aldığı kredit üzrə borc öhdəliklərini icra etmədikdə, həmin öhdəliklər zamin tərəfindən icra edilməlidir. Bu halda MTK maddi çətinliklərlə üzləşir və nəticədə ciddi zərərə uğrayır. Buna görə də tərəflər arasında bağlanmış payçı müqaviləsinin ləğvi barədə məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan 20 iyun 2019-cu il tarixli, 151 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC ilə onun arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank ona 240 ay müddətinə, illik 10% olmaqla, 52200 manat məbləğində kredit vermişdir. İş materiallarında 20 iyun 2019-cı il tarixli, ********* saylı payçı müqaviləsinə əsasən İddiaçı MTK ilə onun arasında payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, 30-cu məhəllə, 41-ci bina, mənzil 35, sahəsi 59,4 kv.m olan, 2 otaqlı mənzil satılmışdır, yəni o, bankdan götürdüyü 52200 manatı İddiaçı MTK-ya ödəyək həmin mənzili əldə etmişdir. MTK-da öz növbəsində həmin pul müqabilində ona mənzili satmışdır. Onun yalnız bank qarşısında kredit (pul) öhdəliyi mövcuddur və yalnız bank ona qarşı kreditin ödənilməsi ilə bağlı iddia qaldıra bilər. Onun MTK qarşısında hər hansı öhdəliyi yoxdur, belə olan təqdirdə MTK ona qarşı iddia qaldıra bilməz. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, cavabdeh İsayeva (İskəndərova) X3 rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-ti, 30-cu məhələ, 41-ci bina, 35 saylı mənzildə xx.xx.2020-ci il təvəllüdlü qızı X5 ilə birlikdə yaşayır, iddia ərizəsində və qətnamədə ailə üzvləri dedikdə cavabdehin azyaşlı qızı nəzərdə tutulmuşdur. Cavabdeh İsayeva (İskəndərova) Vəfa Arzuman qızı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan İddiaçı ilə payçı kimi Cavabdeh arasında bağlanmış 20 iyun 2019-cu il tarixli, ********* saylı payçı müqaviləsinin surətindən görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-ti, 30-cu məhəllədə tikilməkdə olan 41-ci binasında, 1ci blok, 6-cı mərtəbə, 35 saylı, sahəsi 59,4 kv.m olan, 2 otaqlı mənzili tikib payçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş, mənzilin ümumi dəyəri 65340 manat təşkil etmiş, ilkin ödəniş 13140 manat müəyyən olunmuş, payçı müqavilə qiymətinin qalan 52200 manata bərabər tutulan məbləğini, payçı, MTK və "xxxx" ASC arasında bağlanacaq olan üç tərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaiti hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 20 iyun 2019-cu il tarixli, 151 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 240 ay müddətinə, illik 10% olmaqla, 52200 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı 20 iyun 2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, 41-ci bina, 1-ci blok, 6-cı mərtəbə, ümumi sahəsi 59,4 m2, 2 otaqlı, 35 saylı mənzilin dəyəri 65340 manatdır, Cavabdeh tərəfindən İddiaçınə məbləğin 13140 manatı ödənilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 1- 15866 saylı maliyyə arayışından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 iyun 2019-cu il tarixli, 151 saylı kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə cəmi ödənilmiş məbləğ 8362 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 22 sentyabr 2021-ci il tarixli, PKİŞ-0232 saylı bildirişdən görünür ki, Cavabdeh 22.09. 2021-ci il tarixə 20 iyun 2019-cu il tarixli, 151 saylı kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə əsas və faiz borcu 5300 manat təşkil edir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X7 arasında bağlanmış 20 iyun 2019-cu il tarixli, 151/Z-K.A saylı zaminlik müqaviləsinin surətindən görünür ki, X7 "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 iyun 2019-cu il tarixli, 151 saylı kredit müqaviləsi üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 20 iyun 2019-cu il tarixli, 151/Z-K.A saylı zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 iyun 2019-cu il tarixli, 151 saylı kredit müqaviləsi üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 1177 saylı məktubundan görünür ki, 20 iyun 2019-cu il tarixli, 151 saylı kredit müqaviləsinə əsasən Cavabdeh verilmiş kreditlərin təminatı olaraq Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış zaminlik müqaviləsini əsas tutaraq borcalanın bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə yerləşdirilmiş əmanətinə yönəldilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 322 saylı arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-ti, 30-cu məhəllə ünvanında yerləşən 41-ci bina, 1-ci blok, 6-cı mərtəbə, 35 saylı mənzilə görə Cavabdeh tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə cəmi 8884 manat ödənilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 343 saylı arayışından görünür ki, İsayeva X3 rayonu, Xırdalan şəhəri, H.Əliyev prti, 30-cu məhəllə tikilən yaşayış binalarının 41-ci bina, 1-ci blok, 6-cı mərtəbə, 35 nömrəli mənzildə xx.xx.2020-ci il təvəllüdlü qızı X5 ilə birlikdə yaşayır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2.-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 598.4-cü maddəsinə görə əgər alıcı alqı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 648.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. İşin mübahisə edilməyən hallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 20 iyun 2019-cu il tarixli, 151 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 22.09. 2021-ci il tarixə əsas və faiz borcu 5300 manat təşkil edir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə öz öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarınının tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdehin apellyasiya şikayətində onun İddiaçı qarşısında hər hansı öhdəliyinin olmamasını, İddiaçı ona qarşı iddia qaldıra bilməməsini göstərmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi bu dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 iyun 2019-cı il tarixli, ********* saylı payçı müqaviləsinin 2.4-cü bəndinə əsasən “Payçı” Cavabdeh müqavilə qiymətinin qalan 52200 manata bərabər tutulan məbləği “Payçı” “MTK” və "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanacaq olan üç tərəfləri daşınmaz əmlakın ipoteka müaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2.7-ci maddəsinə əsasən “Payçı” tərəfdən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında “MTK” birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda “MTK” "xxxx" Açıq Səhmdar Cəmiyyəti və “Payçı” arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn “Payçı”nın öhdəliklərini yerinə yetirməlidir. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən cədvəl üzrə ödənişlərin 2 ay müddətindən artıq gecikdirildiyi halda, “MTK” müqaviləni bir tərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. Bu halda “MTK” həmin mənzili digər şəxsə satdıqdan sonra mənzilin qalıq borcu bağlanılır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ “Payçı”ya qaytarılır. Həmin müqavilənin 8.12-ci bəndinə əsasən “Payçı” tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə imzalanmış kredit müqaviləsi üzrə təqdim olunmuş ödəniş cədvəlinə əsasən kedit üzrə ödənişlər, əsas və ya faiz borcu ayrı-ayrılıqda 2 ay müddətinə aparılmadıqda və ya lazımınca aparılmadıqda payçı qeyd olunan müqavilənin predmeti olan mənzili boşaltmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh İsayeva (İskəndərova) Vəfa Arzuman qızının apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2(012)-3763/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1121/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1121/2022
23.06.2022 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver