Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1145/2024 24.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: sabit pul məbləğində aliment tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-143/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(077)-91/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Tağıyeva (Məmmədova) Nigar Elgiz qızının cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair” iddia ərizəsi qismən təmin edilərək, tərəflər arasında xx.xx.2009-cu il tarixdə Şuşa rayon Qeydiyyat şöbəsi tərəfindən 185 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 ataları İddiaçı himayəsində saxlanılması qət edilmişdir.
2. DOST agentliyi 5 saylı Bakı DOST mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-17-7/2- M18185/2024 saylı arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixindən işsiz kimi qeydiyyatdadır və hazırda adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir.
3. Şuşa Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli, 22/170 saylı arayışından görünür ki, Cavabdeh Şuşa rayonundan məcburi köçkün kimi ödənilən vahid aylıq müavinət İddiaçı adına hesab nömrəsi ********** olan kartına köçürülür.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şuşa rayon Məhkəməsinin 2(077)- 91/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X4 ilə İddiaçı arasında xx.xx.2009-cu il tarixdə Şuşa rayon Qeydiyyat şöbəsi tərəfindən 185 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, boşanmadan sonra yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X7 ataları İddiaçı himayəsində saxlanılmışdır. Tərəflər arasında nikah pozulduqdan sonra Cavabdeh yetkinlik yaşına çatmayan övladlarının saxlanılmasında ümumiyyətlə iştirak etməmiş və uşaqlarla maraqlanmamışdır. Bu səbəbdən də hesab edir ki, cavabdehin müntəzəm qazancının olmamasını nəzərə alaraq, ondan xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 görə hər ay hər uşaq üçün sabit pul məbləğində 235 manat aliment tutularaq ona ödənilməlidir.
6. Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-143/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, alimentin tutulmasının 18 mart 2024-cü il tarixdən hesablanması, qətnamənin dərhal icra edilməsi qət edilmişdir (hakim Sərdar Mehrəliyev).
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndi, 18-ci maddəsinin 1-ci bəndi, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016cı il tarixli Qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinin 14.2, 234.2.1 və 218.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verib, Şuşa Rayon Məhkəməsinin 2(077)-143/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir etmişdir.
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin iddia təmin edilməyən hissədə, mövqeyi və gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur. Belə ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsi yalnız aşağıdakılardan ibarətdir: “...Məhkəmə, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin olunması və valideynləri ilə birlikdə yaşadıqları vaxtdakı maddi təminatlarının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddiaçı hazırda cavabdehə qarşı aliment tələbi ilə iddia qaldırmaqda haqlıdır . Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində hər ay hər uşağa 235 manat məbləğində aliment tutulmasını xahiş etsə də, uşaqların saxlanması hər iki valideyinin borcu olduğundan və iddiaçı cavabdehin başqa gəlirləri haqqında sübutlar təqdim edə bilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.”(Qətnamə səh. 3). Birinci instansiya məhkəməsi, iddia ərizəsində əks olunmuş 235 manat məbləğində aliment tələbinin qismən təmin edilərək, cavabdehdən tutlmalı alimentin məbləğinin məhz 120 manat müəyyən edilməsini qətnamədə əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi qətnamədə “uşaqların saxlanması hər iki valideyinin borcu olduğu” barədə qeydlər etsə də, nəzərə almamışdır ki, iki uşağı hazırda işləməyən atanın öhdəsinə buraxan “ana”dan yalnız hər uşaq üçün 2024-cü il üçün yaşayış minimumu, yəni 235 manat məbləğində aliment tələbi irəli sürülmüşdür. Birinci instansiya məhkəməsi tərəflərin maddi vəziyyətini ümumiyyətlə araşdırmadan, uşaqların bu günə qədər bütün xərclərinin məhz ata, yəni iddaçı İddiaçı tərəfindən ödənildiyini və bu xərclərin əhəmiyyətli olduğunu nəzərə almadan, uşaqların yaşaması üçün minimum məbləği heç bir əsas göstərmədən cavabdehdən tutmaq istəməmişdir. Tam sağlam və əmək qabiliyyəti olan və dünyaya gətirdiyi iki uşağı atanın öhdəsinə buraxan cavabdeh uşaqlarına yaşayış minimumu olan məbləği belə ödəmək istəməmişdir.
10. Eyni zamanda, məhkəmə qətnamədə iddianı qismən təmin edərkən, “iddiaçı cavabdehin başqa gəlirləri haqqında sübutlar təqdim edə bilmədiyi”ni əsas gətirmişdir. Bu zaman, məhkəmə Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərini kobud şəkildə pozmuş və nəzərə almamışdır ki, həmin maddənin tələbinə görə valideynin “......qazancı və ya sair gəliri yoxdursa,...” məhkəmə tərəfindən aliment hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Başqa sözlə, cavabdehin işləməməsi və heç bir gəliri olmaması, onu aliment ödəməkdən (qismən və ya tam) azad etmir. Məhkəmə iş üzrə gəldiyi nəticəni, yəni iddianı qismən rədd etməsini əsaslandırmamış, məsələ ilə bağlı maddi hüquq normalarını düzgün tətbiq etməmiş, 120 manat aliment məbləği müəyyən edərkən, bunun əsaslarını öz qətnaməsində qeyd etməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsinə münasibətdə işə birtərəfli və subyektiv yanaşmış, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir.
11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Ailə Məcələsinin 78.1-ci maddəsinə birbaşa zidd olmaqla, işləməyən cavabdehin başqa gəlirlərinin müəyyən edilməsi vəzifəsini iddiaçının üzərinə qoymaqla, iddianın qismən rədd edilməsinə dair qənaəti düzgün hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianın qismən rədd edilməsi və aliment məbləğinin məhz 120 manat müəyyən edilməsinə dair iş üzrə heç bir sübuta əsaslanmamış və işdə bu hal üzrə hər hansı sübut etmə mövcud deyildir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir.
15. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
16. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini əsas götürərək işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
17. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
18. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.
“Uşaq hüquqlarına dair” BMT Konvensiyası
19. Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər.
“Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
20. Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir;
21. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
22. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
23. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-143/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
34. Ona görə də kollegiya Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsini iddianın təmin edilməyən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Belə ki, işin hallarına görə Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(077)-91/2023 saylı qətnaməsi ilə iddiaçı Tağıyeva (Məmmədova) Nigar Elgiz qızının cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair” iddia ərizəsi qismən təmin edilərək, tərəflər arasında xx.xx.2009-cu il tarixdə Şuşa rayon Qeydiyyat şöbəsi tərəfindən 185 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 ataları İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
37. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, uşaqların saxlanması hər iki valideynin vəzifəsi olduğundan və bununla bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından - uşaqların saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin maddi vəziyyəti, uşaqların mənafeyi nəzərə alınmalıdır.
38. İddiasının tam təmin edilməsini xahiş edərək qətnaməni həmin hissədə mübahisələndirən iddiaçı apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi nəticəsinə gələrkən əsaslandırma aparmamasına, özünün işsiz olmasına, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin Ailə Məcələsinin 78.1-ci maddəsinə birbaşa zidd olmaqla, işləməyən cavabdehin başqa gəlirlərinin müəyyən edilməsi vəzifəsini iddiaçının üzərinə qoymaqla, iddianın qismən təmin edilməsinə dair qənaətin düzgün olmamasına istinad etmişdir.
39. Məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmayaraq qeyd edir ki, yuxarıda göstərildiyi kimi birinci instansiya məhkəməsi gəldiyi nəticəni düzgün maddi hüquq normaları ilə əsaslandırmış, məhkəmə hər iki tərəfin maddi vəziyyətini və uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olmasını qeyd etmişdir.
40. Məhkəmə kollegiyası hesab edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir.
41. Apellyasiya şıkayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edir.
43. Belə ki, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları isə alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir.
44. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması müəyyən meyar kimi çıxış etsə də, iddiada göstərilən aliment məbləğin tam ödənilməsi vəzifəsinin əlavə sübutlar olmadan cavabdehin üzərinə qoyulması yolverilməzdir.
45. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsi tərəfindən hər uşağa alimentin 120 manat məbləğində müəyyən edilməsini hazırki mübahisənin halları baxımından ədalətli və ağlabatan hesab etmişdir.
46. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır.
47. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X8rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-143/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.