Məhkəmə qərarları › İş №2(105)-1145/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1145/2025

17.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1145/2025 17.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X2 ibarət tərkibdə, X16 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı məhkəmənin müəyyən etdiyi alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-434/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AZ-İ seriyalı, 699129 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı xx.xx.2011-ci ildə nikahlarını bağlamışdırlar.

2. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X4 ilə İddiaçı birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X10 doğulmuşdur.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST İş Mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, DOST İş Mərkəzi ilə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlayaraq X17 İstismarı İdarəsinin Quba rayonuna təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmiş İddiaçı xx.xx.2024cü il tarixdən xx.xx.2025-ci il tarixədək aldığı əməkhaqqı cəmi 3945,04 manat məbləğində olmuşdur.

4. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (müqavilənin müddətinin qurtarması) əsasən xx.xx.2025-ci il tarixdə xitam verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Cavabdeh qarşı məhkəmənin müəyyən etdiyi alimentin tutulma qaydasının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran Rayon Məhkəməsinin 8(031)-18/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı əsasında Şabran Rayon Məhkəməsinin 2(031)-79/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X5 yektinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay sabit pul məbləğində alimentin indeksasiya edilərək minimum əmək haqqının məbləğinin 0,64 misli həddində alimentin tutulması qaydasının dəyişdirilməsi, xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə hər ay İddiaçı əmək haqqısının (və va digər gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şabran Rayon Məhkəməsinin 8(031)- 18/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı əsasında Şabran Rayon Məhkəməsinin 2(031)-79/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X5 yektinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay sabit pul məbləğində alimentin indeksasiya edilərək minimum əmək haqqı məbləğinin 0,64 misli həddində indeksasiya aparılmış və nəticədə onun alment öhdəliyi 93 manat minimum əmək haqqının məbləğinə münasibətdə 60 manatdan (400 manat x0,64=256 manat) 4 dəfədən də çox məbləğdə artırılaraq 256 manat məbləğinə yüksəldilmişdir. Şabran Rayon Məhkəməsinin 8(031)-18/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı əsasında xx.xx.2010cu il təvəllüdlü X5 yektinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay 256 manat sabit pul məbləğində almentin tutulmasının müəyyən edilməsi ikinci nikahdan olan 3 azyaşlı övladının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarını, habelə hər bir uşağın fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinə malik olmaq hüquqlarını pozduğundan və əksinə bu hüquqlar birinci nikahdan olan uşağa münasibətdə pozulmadığından, Şabran Rayon Məhkəməsinin qərarı ədalətli olmamışdır. O, DOST İş Mərkəzində işləyir, aylıq əmək haqqı məbləği 400 manat təşkil edir və digər gəlir mənbəyi yoxdur. Hal-hazırda onun öhdəsində ikinci nikahdan olan arvadı X4 (işsiz), qızları xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X9, oğlu xx.xx.2018-ci il təvəllüdlü X10 vardır.

7. İddiaçı iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Şabran Rayon Məhkəməsinin 8(031)-18/2025 saylı, xx.xx.2025- ci il tarixli qərardadı əsasında Şabran Rayon Məhkəməsinin 2(031)-79/2012 saylı xx.xx.2012- ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay sabit pul məbləğində almentin indeksasiya edilərək minimum əmək haqqı məbləğinin 0,64 misli həddində alimentin tutulması qaydasının dəyişdirilməsi, xx.xx.2010cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum aylıq əmək haqqının məbləğinin müəyyən olunmuş məbləğinin 0,20 misli həddində aliment tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianın qismən qəbul edərək xx.xx.2010-cu il təvəllüdlü X1 üçün cavabdehdən 200 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-434/2025 nömrəli qətnaməsi ilə (hakim Könül Mirzəfərova) iddia qismən təmin edilərək, Şabran Rayon Məhkəməsinin 8(031)-18/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı əsasında Şabran Rayon Məhkəməsinin 2(031)-79/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay sabit pul məbləğində almentin indeksasiya edilərək minimum əmək haqqının məbləğinin 0,64 misli həddində alimentin tutulması qaydası dəyişdirilməsi, xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulması və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2010-cu il təvəllüdlü X5 Cavabdeh himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin Cavabdeh üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi İddiaçı tutulmasına əsas verir. İddiaçı rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan əlavə İddiaçı məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 17-ci, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3, 18, 27-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü, Ailə Məcəlləsinin 112.1-ci maddələrinin və “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının tələbləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5510/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin qimən təmin olunması barədə yeni qətnamə çıxarmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2011-ci il tarixdə rəsmi nikah münasibətlərinə girərək ikinci dəfə ailə həyatı qurmuşdur. Onun ikinci nikahdan xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X10 adlı üç övladı da vardır. Əmək müqaviləsinin müddəti bitdiyi üçün sonuncu iş yerindən də məhrum olmuşdur. Artıq faktiki olaraq heç bir gəliri yoxdur. Ailəsini dolandırmaqda çətinlik çəkir. O, Şabran Rayon Məhkəməsində mütəmadi şəkildə təzyiq altında olmuşdur. Hətta həyat yoldaşı və anası zalda ola-ola hakim onları dindirməmiş, onları hədələmiş, qətnamədə də göstərilmişdir ki, guya müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəməyə gəlməmişdir. Nəticədə də iddianı tam şəkildə təmin etməməklə onun digər övladlarının hüquqlarını pozmuşdur. Əvvəlki aliment miqdarı onun maddi vəziyyətinə uyğun olmuşdur. Onun bir az da artması onun maddi vəziyyətinə bəlkə də çox təsir etməz, lakin məhkəmənin müəyyən etdiyi məbləğdə aliment ödəmək onun imkanlarına aid deyildir. Yuxarıda qeyd etdiyi kimi aliment ödədiyi şəxs özü də işləyir, əmək qabiliyyətlidir, onun isə ikinci nikahdan 3 azyaşlı övladı var və nə özü, nə də həyat yoldaşı heç yerdə işləmir. Məhkəmə onun ailə və maddi vəziyyətini öyrənsə də, onu nəzərə almamış, beləliklə də düzgün olmayan nəticəyə gəlmişdir. Əgər onun indiki övladları əvvəlki övladı ilə eyni hüquqlara malikdirsə, onda belə çıxır ki, o, 800 manat aliment vermək iqtidarına malikdir. Bu isə yalnız xəyaldır. Yox əgər birinci övladına məhkəmə 200 manat aliment müəyyən edirsə, yerdə qalan 5 nəfərlik ailə üzvü üçün 200 manat qalırsa, onda onun ikinci nikahdan olan övladlarının hər birinə 40 manat aliment düşür. O isə məhkəmədə də bildirmişdir ki, övladına 80 manat məbləğində aliment ödəyə bilər. Ona görə də hesab edir ki, Şabran Rayon Məhkəməsinin qətnaməsi qanunsuz, ədalətsizdir və apellyasiya qaydasında ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etirazında qeyd etmişdir ki, X8 hazırda 15 yaşındadır və o, ali məktəbə hazırlaşmaq istəyir. İddiaçı alimenti ödəmədiyindən hazırda qızı Əsnad hazırlıq dərslərinə qatıla bilmir. Bundan əlavə, o, qızının bütün ehtiyaclarını təmin etməkdə çətinlik çəkir. Övlada baxmaq hər iki valideynin borcudur. O, ikinci dəfə ailə qurmuşdur və ikinci nikahdan bir oğlu var. İddiaçı onun həyat yoldaşının Əsnadın ehtiyaclarını qarşılaya biləcəyini və qarşılamalı olduğu fikrindədir, lakin bu belə deyil. Onun həyat yoldaşı Əsnad Məmmədovanın bioloji atası olmasa da, uşağa baxmaqda, onun ehtiyaclarını qarşılamaqda ona köməklik göstərir. Onların maddi vəziyyəti hazırda olduqca çətindir. İddiaçı uşaqla vaxtlı-vaxtında maraqlanıb onun ehtiyaclarının ödənilməsində ona köməklik etmiş olsa idi, o, alimentin məbləğinin indeksasiya edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olmazdı. Lakin iddiaçı uşağı tanımır, uşaq da onu tanımır. Hər ay ödənilən 60 manat məbləğində aliment uşağın normal inkişafı üçün yetərli deyildir. Qanunvericiliyə əsasən uşağın qayğısına qalmaq valideynin borcudur və valideyn uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyəti və maliyyə imkanı daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi xx.xx.2010-cu il təvəllüdlü X5 onun himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin onun üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi İddiaçı tutulmasına əsas verir. İddiaçı rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan əlavə İddiaçı məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs X3 məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

18. Maddə 17. Ailə, uşaqlar və dövlət İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (...) Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

19. Maddə 29. Ər və arvadın ailə münasibətlərində hüquq bərabərliyi 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 29.2. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ərarvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. (...) 29.4. Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.

20. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

21. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı (...) 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

22. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

23. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. (...)

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

25. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

26. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 234. Qətnamənin icra edilməsi 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; (...)

28. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

30. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

34. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

35. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarının “8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2025-ci il üçün ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, aliment institutu, azyaşlı uşağı özündən ayrı yaşayan valideyindən onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment təyin edilməsindən ibarətdir.

37. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qismən qəbul edərək, xx.xx.2010-cu il təvəllüdlü X1 üçün cavabdehdən 200 manat məbləğində alimentin tutulmasına etiraz etmədiyini bildirmişdir.

38. İddiaçıdan hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətini, 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu, iddiaçının hazırda işləməməsini, öhdəsində daha üç uşağının olmasını, diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, alimentin məbləği dəyişdirilməli, iddiaçıdan hər ay uşağın saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

39. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

41. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

42. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

43. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan prosessual hüquq normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi mövcud mübahisə üzrə tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin 8(031)-18/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı əsasında xx.xx.2010cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay sabit pul məbləğində tutulan almentin tutulması qaydası dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulmalı, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır.

44. MPM-in 402-ci maddəsinə əsasən kollegiya həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. 45.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-434/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 8(031)-18/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı əsasında xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay sabit pul məbləğində tutulan almentin tutulması qaydası dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar