Məhkəmə qərarları › İş №2(105)-1153/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1153/2023

06.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1153/2023 06.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh, onun nümayəndə və vəkili Vəkil iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(012)-1287/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikah münasibətlərindən anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşağa görə 220 manat olmaqla, ümumilikdə, cəmi 440 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdeh ilə ailə problemlərinin yaranması səbəbindən o, hazırda, valideynləri ilə birlikdə yaşayır, cavabdeh ilə birgə təsərrüfat aparmır, cavabdeh övladlarından ayrı yaşadığı müddətdə ona maddi yardım göstərməmişdir. Halbuki, övladlarının qayğısına qalmaq, onları maddi cəhətdən təmin etmək bir valideyn kimi cavabdehin də vəzifəsidir. Belə ki, azyaşlı uşaqlara təkbaşına baxmaq onun üçün çox çətin olduğundan uşaqların saxlanılması üçün maddi yardımı onun atası və qardaşı edir. Ona görə də aliment məbləğinin məhkəmə qaydasında tutulması zəruridir. Cavabdeh tərəfdən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Abşeron Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(012)-1287/2023 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir (hakim Habil Əhmədov). Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin75.1, 725.4, 78.1-ci maddələrinə, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(012)-1287/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, hər uşaq üçün ayda 150 manat olmaqla 300 manat alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Qanunvericiyə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. AR KM Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd olunan mövqeyə ğörə ,alimentin miqdarı 220 manata yaxın məbləğ 150-160 manat olmalıdır. Aylıq qazancı 588 manatdır. İki uşaq üçün cəmi hər ay 440 manat tutularsa, o, 148 manat ilə bir ay yaşamalıdır. 3 və 5 yaşlı uşağın yaşayış minimumu nəzərə alınmış, lakin onun yaşayış minimumu nəzərə alınmamalıdır b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(012)-1287/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh, apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, alimentin məbləğindən narazıdır. Çünki cəmi 648 manat maaş alır, bu məbləğdən 440 manat aliment tutulur. Uşaqlara baxacaq, amma ödənişin birbaşa iddiaçıya aid karta ödənilməsini istəmir. Maaşı ilə əlaqədar aliment məbləğinin azaldılmasını istəyir. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, aliment məbləğinin azaldılmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, müvəkkilinin maaşı ilə aliment məbləği arasında uyuşmazlıq var. 220 manat bir uşaq üçün aliment tutulub. Amma yetkin fərd kimi cavabdehin özünə xərcləməyə heç 220 manat da qalmır. Qarşı tərəfə hər uşaq üçün 190 manat aliment ödənilməsinə cavabdeh razıdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, onun əri ilə münasibətləri normal olub. Qaynana ilə problemi olduğundan əri nikahın pozulması barədə iddia ilə məhkəməyə müraciət edib. Hazırda yaşamağa yeri yoxdur. Kirayə mənzildə yaşayır. Boşanmaya dair iş hələ də məhkəmədə davam etməkdədir. Bu dövrdə də uşaqların ehtiyacları üçün cavabdehə müraciət etsə də, heç bir kömək etmir. Analıq məzuniyyətində idi. İndi tibb bacısı kimi fəaliyyət göstərir və maaşı da cavabdehin maaşına bərabərdir. Amma həmin maaşdan kirayə mənzildə yaşamaq üçün də vəsait xərcləyir. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(012)-1287/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətindən görünür ki, cavabdeh qətnaməni alimentin məbləği hissəsində mübahisələndirir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Abşeron Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(012)-1287/2023 nömrəli qətnaməsi Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması hissəsində dəyişdirilməli, cavabdehdən tutulan alimentin məbləğiu hər uşaq üçün 190 manat müəyyən edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -1 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017ci il tarixli AZ-İİ № 197778 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X3 xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 892 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. -3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018ci il tarixli AZ-İV № 183963 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 5807 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İV № 541999 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 77 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə birinci instansiya məhkəməsinin alimentin miqdarına dair gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən alimentin məbləğini 220 manat müəyyən etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Konstitusuya Məhkəməsinin hüquqi mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Hazırki işdən görünür ki, cavabdeh 588 manat əmək haqqı aldığını, bununla yanaşı hər uşaq üçün 190 manat aliment verə biləcəyini bildirmişdir. Eyni zamanda iddiaçı da işlədiyini, cavabdehin əmək haqqına yaxın əmək haqqı aldığını bildirmişdir. Məhkəmə kollegiyası iddiaçı ilə yanaşı cavabdehin maddi vəziyətini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği dəyişdirilməli, hər uşaq üçün tutulan alimentin miqdarı 190 (yüz doxsan) manat müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(012)-1287/2023 nömrəli qətnaməsi Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması hissəsində dəyişdirilməli, cavabdehdən tutulan alimentin məbləği hər uşaq üçün 190 manat müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2(012)-1287/2023 nömrəli qətnaməsi Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması hissəsində dəyişdirilsin. Cavabdehdən tutulan alimentin məbləği hər uşaq üçün 190 manat, cəmi 380 manat müəyyən edilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar