Məhkəmə qərarları › İş №2(105)-1154/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1154/2021

21.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1154/2021 21.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı, cavabdeh X2, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(060)-3605/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh3 2.365 manat, Cavabdeh1 3075 manat və X1 5360 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25,60 manat cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 birgə qaydada İddiaçı xeyrinə tutulması, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 3075 manat, X1 5360 manat və Cavabdeh3 4210 manat, cəmi 12645 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 04 sentyabr 2019-cu il tarixdə ondan 3075 manat, X4 04 fevral 2019-cu il tarixdə 1960 manat, 27 fevral 2019-cu il tarixdə 1960 manat və 07 iyun 2019-cu il tarixdə 1440 manat, cəmi 5360 manat pulunu, Cavabdeh3 Samir oğlu 04 fevral 2019-cu il tarixdə 1795 manat, 15 mart 2019-cu il tarixdə 435 manat və 15 aprel 2019-cu il tarixdə 1980 manat, cəmi 4210 manat pulunu almış və onlardan heç biri həmin məbləğləri geri qaytarmamışlar. Müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayındıqları üçün iddiaçı pulunu geri ala bilmir. Hər üçünə pul məbləğlərini bank hesablarına köçürməklə vermişdir. Cavabdehlər Sumqayıt şəhər Mühafizə Polis İdarəsində işləyirlər. Onların hərəkətləri ilə bağlı DİN-ə ərizə ilə müraciət etdikdə pulu geri almaq üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Cavabdehlərdən Cavid 1845 manat ödəyib, 2365 manat borcu qalmışdır. Cavid əvvəllər də ondan borca pul götürüb qaytarmışdır, odur ki, qaytarılmayan borc məbləğini hesablayarkən səhv etmişdir. Bu halın məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 Sumqayıt şəhər məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozmaqla qəbul olunmuşdur. Məhkəmə qətnamə çıxararkən mülki iş üzrə dəlillərə və sübutlara düzgün qiymət verməmişdir. Qətnamə əsassız, ədalətsiz və qanunsuzdur. Məhkəmə gəldiyi nəticə üçün bütün faktiki halları aydınlaşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh X4 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt şəhər məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehlərin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdehlər apellyasiya şikayəti verərək məhkəmənin gəldiyi nəticəni mübahisələndirmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. İşdən görünür ki, iddiaçı Cavabdeh1 04 sentyabr 2019-cu il tarixdə ondan 3075 manat, X4 04 fevral 2019-cu il tarixdə 1960 manat, 27 fevral 2019-cu il tarixdə 1960 manat və 07 iyun 2019-cu il tarixdə 1440 manat, cəmi 5360 manat pulunu, Cavabdeh3 Samir oğlu 04 fevral 2019-cu il tarixdə 1795 manat, 15 mart 2019-cu il tarixdə 435 manat və 15 aprel 2019-cu il tarixdə 1980 manat, cəmi 4210 manat pul aldıqlarını, cavabdehlərdən Cavabdeh3 1845 manat pulu qaytardığını, geri qalan 2365 manat borcu qaytarmadığını əsas gətirərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdehlər Cavabdeh3 2.365 (iki min yüz altmış beş) manat, Cavabdeh1 3075 (üç min yetmiş beş) manat və X1 5360 (beş min üç yüz altmış) manat borc məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan 04.09.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı 3075 manat pulu Cavabdeh1 “xxxx” İKB ASC-də olan 4-331201-1 saylı bank hesabına köçürmüşdür. İş üzrə 04.02.2019-cu il tarixli №746562 saylı, 27.02.2019-cu il tarixli №747318 saylı və 07.06.2019-cu il tarixli №750378 saylı qəbzlərdən görünür ki, İddiaçı cəmi 5360 manat (1960 manat+1960 manat+1440 manat) pulu X2 “xxxx” KB ASC-də olan AZ38UBAZ**********1010AZN001 saylı bank hesabına köçürmüşdür. İş üzrə 04.02.2019-cu il tarixli, 15.03.2019-cu il tarixli №747868 saylı və 15.04.2019cu il tarixli №748716 saylı qəbzlərdən görünür ki, İddiaçı cəmi 4210 manat (1795 manat+435 manat+1980 manat) pulu Cavabdeh3 “xxxx” KB ASC-də olan AZ95UBAZ**********1010AZN001 saylı bank hesabına köçürmüşdür. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etdiyi halda cavabdehlər bunu təkzib edən tutarlı sübut məhkəməyə təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt şəhər məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar