Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1154/2025 24.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin olunması tələbi barədə iddia ərizəsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-2980/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə, Qusar rayonunda anadan olmuşdur.
2. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞB/9/2025-00345 saylı arayışdan görünür ki, İddiaçı aliment tələbinə dair Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Cavabdeh qarşı alimentin təyin olunması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay sabit pul məbləği olan 246 manat pulun alınıb onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun övladıdır. Onu dünyaya gətirilməsi, böyüdülməsi, tərbiyə edilib, təhsil almasında iddiaçını rolu olmuşdur. Həmişə ona həm maddi, həm də mənəvi qayğı göstərmişdir. İddiaçının hazırda 71 yaşı vardır. Ağır dərəcə skalioz və hər iki gözündən xəstədir, daim müalicə olunur və gözündən əməliyyat olunmalıdır. Onun aldığı təqaüd 400 manatdır ki, bu da onun dərman pullarına belə çatmır. Dəfələrlə maddi cəhətdən çətinlik çəkməsi ilə bağlı cavabdehə müraciət etməyinə baxmayaraq, cavabdeh tərəf buna heç bir əhəmiyyət etməmişdir. Özünün isə yaxşı gəlirləri vardır, fərdi işlə məşğuldur. Onun maddi vəziyyətinin kifayət qədər yuxarı olmasına baxmayaraq, o heç bir maddi cəhətdən köməklik göstərmir.
5. Məhkəmə iclasında iştirak etmiş İddiaçı bildirmişdir ki, hazırda sağlamlığı ilə bağlı xəstəlikləri var. Təqaüd almasına baxmayaraq, maddi cəhətdən çətinlik çəkir.
6. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etmədiyini, iddiaçının oğlu olduğunu, hazırda sağlamlıq vəziyyətinin imkan vermədiyi üçün işləyə bilmədiyini bildirmişdir.
7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-2980/2025 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia tələbi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 82.1, 82.2, 82.3, 83.1, 83.2-ci, Mülki Prosesual Məcəllənin 77.1, 88, 106.1, 217.4, 218.3-cü madələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ağır xəstədir, bu barədə iş materiallarına xəstəlik sənədlərini əlavə edə bilməmişdir. Hakim buna şərait yaratmamışdır. Ona hal-hazırda kənar şəxslər: dayısı qızının qızı, xalası qızının qızı tərəfindən maddi və mənəvi dəstək göstərilir. Oğlu, cavabdeh Xırdalan dairəsi, Adana Sofrasında kababçı kimi işləyir. Lakin ona maddi yardım və mənəvi dəstək göstərməkdən imtina edir. Cavabdeh ay ərzində günəmuzd işləyərək 50-70 manat məvacib alır. Cavabdehin ailə vəziyyətinə gələndə isə övladları yetkinlik yaşına çatmışdır. Hər biri işləyir. Övladalarından biri OYAL ofis ləvazimatlarının satışında işləyir. Digər övladı isə dövlət orqanında yaxşı işləyərək əmək haqqı alır. O isə aya 250 manata kirayələrdə qalır. Oğlunun günahından kirayələrə xərc çəkir. Lakin məhkəmə maddi hüquq normalarını düzgün təfsir etməyərək maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Onun maddi vəziyyətinin ağır olmasını, cavabdehin isə kifayət qədər maddi vəziyyətinin yaxşı olmasını nəzərə alınmamışdır. Nəticə olaraq onun maddi yardıma ehtiyacının olmasını nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
13. Maddə 82. Yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 82.4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. 82.5. Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. 82.6. Uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər.
14. Maddə 83. Yetkinlik yaşına çatan övladların valideynlərinə görə əlavə xərclərdə iştirakı 83.1. Yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. 83.2. Yetkinlik yaşına çatan övladların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla bu Məcəllənin 82.3—82.6-cı maddələrinə uyğun olaraq müəyyən edilir. 83.3. Əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı tərəflərin sazişi ilə də müəyyən oluna bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
16. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
17. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
18. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
20. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, iddiaçının maddi yardıma ehtiyacının olması ilə bağlı hallar hazırkı iş materialları ilə sübut olunmur.
25. Digər tərəfdən, apellyasiya şikayətinin dəlillərinin araşdırılması zamanı həmçinin müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh və qeyrilərinə qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddiası üzrə məhkəmənin icraatında mülki iş vardır.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir.
27. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.
30. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir.
31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-2980/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Kollegiya MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-2980/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.