Məhkəmə qərarları › İş №2(105)-1160/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1160/2023

09.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1160/2023 09.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2(060)-72/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qardaşının xatirə lövhəsinin ətrafının zibillənməsinin qadağan edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun şərəf və ləyaqətini alçaldan cavabdehlərin ondan rəsmi formada üzr istəməsi, cavabdehlərdən onun xeyrinə 1000 (bir min) manat mənəvi zərərin tutulması, həmçinin cavabdehlərə qardaşının xatirə lövhəsinin ətrafının zibillənməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında 2018-ci ilin may ayından yaşayır. Xüsusi olaraq qeyd edir ki, 1992-ci ildə 1-ci Qarabağ döyüşlərində itkin düşmüş şəhid qardaşının xatirə lövhəsini evinin qarşısına yerləşdirmişdir. Evinin yaxınlığında adsız dükan qarşısında qoyulan və aşıb-daşan tullantı vedrələrindəki tullantılar külək vasitəsilə evinin ətrafında yerləşdirilmiş xatirə lövhəsinin yaxınlığına səpələnir. Dükan sahibi olan cavabdehlərdən tullantılarına nəzarət etmələrini dəfələrlə tələb etmişdir. Tələbi nəticədə cavabdehlər tərəfindən şəhid anası olan anasını və onu təhqir etmələrinə və cavabdehlərin qohumları ilə birlikdə ona fiziki güc tətbiq edərək döymələri niyyətinin ona bildirməsi ilə nəticələnmişdir. Yaranmış növbəti dözülməz təhqirlərdən sonra vəziyyətlə bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vurmaq məcburiyyətində qalmışdır. Müraciəti əsasında sahə müvəkkili qanunvericiliklə müəyyən edilmiş lazımi qaydada cavabdehlərə ciddi xəbərdarlıq etdi. Lakin müsbət nəticə əldə olunmadığından Bakı şəhəri Sabunçu rayon Zabrat qəsəbəsi üzrə nümayəndəliyinə müraciət etmiş, müraciət əsasında qəsəbə nümayəndəliyindən rəsmi nümayəndə cavabdehlərə yaranmış vəziyyətlə söhbət aparmış və bu kimi halların təkrarlanmasını cavabdehlərə bildirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi tərəfindən cavabdehlər barəsində polis idarəsinə şikayət edilmiş, səbəb isə həmin sahənin zibillənməsi olmuşdur ki, aralarında mübahisə çıxmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, hər bir normal insan kimi həmin mübahisə ona pis təsir etmiş, şəhid qardaşının vətən üçün etdiklərinə vətəndaşların dəyər verməməsi, hətta onun abidə lövhəsinin qarşısının zıbillənməsi onda məyusluq hissi də yaratmışdır. Heç keçə deyə bilməz ki, qardaşını vətən uğrunda itirən bir bacıya qeyd etdiyi hallar təsir edə bilməz. Bu hallar onun mənəvi iztirab keçirməyinə səbəb olmuşdur ki, bunun öz-özlüyündə sübuta belə ehtiyacı yoxdur. Hətta bir neçə dəfə həmin məsələ ilə bağlı polis idarəsinə tərəfindən gedilmiş, əsəbləri gərginləşmiş, pxisoloji sarsıntı keçirmişdir. Özlərinə şəhid qardaşının xatirə lövhəsi ilə təsəlli verir ki, onun da cavabdehlər tərəfindən zibillənməsi sözün əsl mənasında ürəyini ağrıdır. Hətta məhkəmənin nəzərinə çatdırır ki, məhkəmənin gedişatında ekspertiza təyin edilmiş, rəyi verən ekpert baxış keçirmək üçün gələrkən onun qarşısında guya anasını məhkəməyə verməyinə dair ona böhtan ataraq nalayiq ifadələr işlətmişlər, hələ bu azmış kimi Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi X1 Faiq adlı şəxsin (mobil: *** *** ** **) yanında da “şəhid qardaşını heç tanıyırsan, ananı tanıyırsan” deyə anormal suallar verərək onu təhqir etmişdir. Onun fiziki və mənəvi sarsıntılar keçirməsi cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində baş vermişdir, onların qanunsuz hərəkətləri ilə ona dəyən mənəvi zərər arasında səbəbli əlaqə var və bu zərər vuran şəxsin təqsirinin olması ilə bağlıdır. Cavabdehlərin qanunsuz hərəkəti ilə onun sağlamlığına birbaşa qəsdən zərər vurulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticəni cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ekspertizanın nəticəsi olaraq 23 metr məsafədən külək və digər hərəkətlərlə zibillərin iddiaçının yaşadığı ünvanda, həmçinin “şəhidin xatirə lövhəsinin” olduğu yerin zibilləməsi ehtimalının ağlabatan olmaqla, təsdiq olunması qənaətinə gəlməsinə əsas verməsi, iddia tələbində onun şərəf və layaqətini alçaldan ifadələrə yol verməsi və bunun nəticəsində mənəvi zərər tələb etməsinə əsas olan sarsıntılar keçirməsi, sağlamlığına zərər vurulması ilə səbəbli əlaqənin olmasının sübuta yetirilməməsi ilə əsaslandırmış və iddiaçı məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmununa əsasən qətnaməni iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən apellyasiya şikayətini nəzərə alaraq mübahisələndirilən hissədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı iş üzrə iddia tələbi şərəf və ləyaqəti alçaldığından ondan üzr istənilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 23 və 21-ci maddələri təşkil edir. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1. maddəsi). Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 14.1. maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Mülki Prosessual Məcəllənin 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası cavabdehlərin ondan üzr istənilməsi barədə iddia tələbinə gəldikdə qeyd edir ki, iddiaçı tələbinin əsası kimi anasına və özünə qarşı təhqir və cavabdehlərin qohumları ilə birlikdə ona fiziki güc tətbiq edilməsinə istinad etmişdir. Qeyd olunmalıdır ki, təhqirə görə Cinayət Məcəlləsinin 148-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təhqir dedikdə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində şəxsiyyətin, şərəf və ləyaqətin nalayiq formada qəsdən alçaltma anlaşılır. Hazırkı işdə belə hal mövcud deyil. Həmçinin cavabdehlərin qohumları ilə ona fiziki güc tətbiq edərək döymələri niyyətinin ona bildirilməsi barədə dəlilinə gəldikdə isə qeyd olunmalıdır ki, bu hal öz təsdiqini tapsa belə, şərəf və ləyaqətin alçaldılması kimi qiymətləndirilə bilməz. Lakin təhqir və döymə ilə bağlı iddiaçının hüquq mühafizə orqanlarına müraciət etməsi istisna deyil. İddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə gəldikdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərarda göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda adı çəkilən hərəkətlər nəticəsində iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması, habelə cavabdehlərin təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayətinin təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382., 384.0.1., 385.2., 393., 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar