Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1169/2025 19.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(028)-452/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli BKC/2025/1111081/011 saylı müqaviləyə əsasən cavabdehə təqdim edilmiş “Redmi 14C 8/256 RU NFC” markalı cihazın qalıq borcu olan 488,7 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən xeyrlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(028)-452/2025 saylı qərardadı ilə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənədi məhkəməyə təqdim etməməsinə görə geri qaytarılması qərara alınmışdır (hakim Samir İsmayılov). İddiaçı şikayət verərək Qubadlı Rayon Məhkəməsinin e-2(028)-452/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış BKC/2025/1111081/011 saylı xx.xx.2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin 5.6-cı bəndinə əsasən bu müqavilə ilə tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılaşma yolu ilə həll edilir. Qarşılıqlı razılaşma dedikdə isə heç də yazılı pretenziya göndərilməsi nəzərdə tutulmur. Şifahi qaydada qarşı tərəfdən pulun tələb edilməsi də qarşılıqlı razılaşma kimi başa düşülə bilər. Hazırki iş üzrə isə iddiaçı məhkəməyə müraciət etməmişdən qabaq cavabdehlə telefon vasitəsi ilə mübahisənin qarşılıqlı razılaşma yolu ilə həll edilməsini tələb etmiş, lakin cavabdeh borc məbləğini ödəməkdən yayınmışdır. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(028)-452/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-inin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(028)- 452/2025 nömrəli qərardadı ləğv edilməli, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsnin icraata qəbul edilməsi məsələsinin yoxlanılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.1.6-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarında olan tərəflər arasında BKC/2025/1111081/011 saylı xx.xx.2025-ci il tarixli nisyə alqı-satqı müqavilənin 5.6-cı bəndinə əsasən, bu müqavilə ilə tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılaşma yolu ilə həll edilir. Qarşılıqlı razılaşma ilə həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll ediləcəkdir. İddiaçı isə şikayətində qeyd edir ki, məhkəməyə müraciət etməmişdən qabaq cavabdehlə telefon vasitəsi ilə mübahisənin qarşılıqlı razılaşma yolu ilə həll edilməsini tələb etmiş, lakin cavabdeh borc məbləğini ödəməkdən yayınmışdır. Müqavilənin 5.5.2-ci bəndində isə nəzərdə tutulmuşdur ki, abonent bu müqavilə üzrə hər-hansı öhdəliyini yerinə yetirmədikdə, operator birtərəfli qaydada müqaviləyə xitam verə və abonentdən icraedilməmiş öhdəliklərinin dərhal icrasını tələb edə bilər. Müqaviləyə hər hansı bir səbəbdən xitam verilməsi və ya müqavilənin qüvvədən düşməsi tərəfləri icra edilməmiş öhdəliklərdən azad etmir. Digər tərəfdən, Mülki Məcəllənin ikitərəfli müqavilələrdə öhdəliklərin icra edilməməsi adlanan 447-ci maddəsində göstərilir ki, 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mövcud iddia ərizəsinin göstərilən əsasla-iddiaçının cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etməməsinə əsaslanmaqla qaytarılması əsassız olmuşdur. Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı hesab edir ki, şikayət qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(028)-452/2025 nömrəli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264,395-396, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(028)-452/2025 nömrəli qərardadı ləğv edilsin. Mülki iş sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün Qubadlı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1169/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1169/2025
19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver