Məhkəmə qərarları › İş №2(105)-505/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-505/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-505/2025 26.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Müseyibli (Cəbrayılova) Ülviyyə Rövşən qızına qarşı mülki iş üzrə (Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi- məhkəmə xəttşünaslıq ekspertizası) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə məhkəmə iclas katibi X1, cavabdeh Müseyibli (Cəbrayılova) Ülviyyə Rövşən qızının iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-8136/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh Müseyibli (Cəbrayılova) Ülviyyə Rövşən qızı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MZK5829153-O saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ümumi dəyəri 1275 manat məbləğində məişət avadanlığı almışdır.

2. SOLİTON LTD” MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, MZK5829153-O saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1245 manat əsas borcu vardır.

3. İddiaçı MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Apellyasiya icraatı zamanı əldə edilmiş:

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1 may 2025-ci il tarixli, 4/536 nömrəli ekspert rəyində mülki iş materialının 78-ci səhifəsində olan İddiaçı MMC ilə Müseyibli (Cəbrayılova) Ülviyyə Rövşən qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, MZK5829153- nömrəli borc müqaviləsinin aşağı sağ hissəsində “Alıcı- Cavabdeh” hissəsində “İmza” qrafası qarşısındakı imza Müseyibli (Cəbrayılova) Ülviyyə Rövşən qızı tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli, MZK5829153-O saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1245 manat əsas borc və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1278 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını.xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 15 ay olmaqla xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1275 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1245 manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh xx.xx.2020-ci il tarixli, MZK5829153-O saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1245 manat əsas borc və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1278 manat pulun alınaraq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir.

7. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-8136/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia tələbi təmin edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edildi ki, iş üzrə Cavabdeh ilə İddiaçı MMC ilə müddəti 15 ay olmaqla xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1275 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1245 manat əsas borcu ödənilməmişdir. Məhkəmə hesab edib ki, iddia tələbi təmin edilərək ödənilməmiş məbləğ cavabdehdən iddiaçının xeyrinə alınmalıdır.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 567, 601.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 284-1, 284.5.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh Müseyibli (Cəbrayılova) Ülviyyə Rövşən qızı qətnamədən apellyasiya şikayəti vermişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəmə prosesində iştirak etməmiş və bu səbəbdən də iddia ilə baglı mülahizələrini təqdim etmək imkanından məhrum olmuş, iddia tələbinə etiraz verə bilməmişdir. İşə baxan məhkəmə əsassız olaraq iddia tələbində göstərilən vəsaitin ondan tutulması qənaətinə gəlmişdir. Məhkəmə həmin əşyaların kimin istifadəsində olması, borcun dəqiqləşdirilməsi ilə hər hansı bir araşdırma aparmamış və bu hallar sonda qanunsuz və əsassız qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-8136/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1.Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayəti qətnamənin tam ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-8136/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Müseyibli (Cəbrayılova) Ülviyyə Rövşən qızı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə-xətşünaslıq ekspertizası üzrə verilmiş ekspert rəyi ilə tanış olmuşdur. Həmin ekspert rəyi ilə müqavilədəki imzanın ona məxsus olmadığı təsdiq edilmişdir. Sözügedən məhsulu keçmiş əri əldə edib. Hətta keçmiş əri İddiaçı MMC-nin əməkdaşlarına müraciət edərək öhdəliyin onun adına keçirilməsini bildirmiş, lakin MMCnin əməkdaşları bunun yalnız məhkəmə yolu ilə həll edilməli olduğunu bildirmişlər. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

18. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini müdafiə etdiyini bildirərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş materiallarında olan sübutlar əsasında yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir.

21. İşdən müəyyən edilir ki, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, MZK5829153-O saylı nisyə alqı-satqı müqaviləsi əsasında Cavabdeh ümumi dəyəri 1275 manat məbləğində məişət avadanlığı almışdır. Cavabdeh müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1245 manat əsas borcu qalıb. Hazırda həmin borcun iddiaçının xeyrinə tutulması tələb edilmişdir.

22. İşə baxan məhkəmə iddia tələbini təmin etmiş, narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.

23. Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi halları məhkəmə kollegiyasının iclasında müdafiə edərək bildirdi ki, iddia üzrə qeyd olunan xx.xx.2020-ci il tarixli, MZK5829153-O saylı nisyə alqı-satqı müqaviləsindən onun xəbəri yoxdur. Həmin müqavilə onun tərəfindən imzalanmamışdır. Ümumiyyətlə onun belə bir müqavilə bağlamaq arzusu olmamışdır.

24. Məhkəmə kollegiyası apellyatorun qeyd etdiyi dəlili işin həlli baxımından əhəmiyyətli hesab etdiyindən və həmin halın müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən iş üzrə xətşünaslıq ekspertizası təyin etmişdir.

25. Əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1 may 2025-ci il tarixli, 4/536 nömrəli ekspert rəyində tərəflər arasında bağlanıldığı iddia olunan xx.xx.2020-ci il tarixli, MZK5829153-O saylı nisyə alqı-satqı müqaviləsindəki imzanın Cavabdeh tərəfindən icra edilmədiyi qeyd edilmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır.

27. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88-ci maddələri).

28. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir.

29. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Prosessual qanunvericilik sübutetmə yükünü bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər.

30. Yuxarıda sadalananları hazırkı işin halları ilə birlikdə araşdıran məhkəmə kollegiyası qeyd edir ki, sözügedən müqavilə cavabdeh tərəfindən imzalanmadığından, habelə sonuncunun belə bir müqaviləni bağlama iradəsi sübut olunmadığından, müqavilə predmeti olan əşyanın cavabdehə təhvil verilməsi sübut edilmədiyindən, qeyd olunan müqavilə üzrə cavabdehdən borc tələb edilə bilməz. Konkret halda iddia tələbində istinad olunan müqavilə üzrə cavabdehin hər hansı hüququ yaranmadığı kimi öhdəliyi də müəyyən edilə bilməz.

31. Beləliklə də, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə iş üçün əhəmiyyətli halları üzə çıxarmaq üçün tam araşdırma aparmamış, işin hallarından aslı olaraq prosessual qanunvericiliyin ona verdiyi imkanlardan tam istifadə etməmiş, nəticədə yanlış nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-8136/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir.

32. Kollegiya belə qənaətə gəlir ki, iddia tələbi 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayət verilə bilməz.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Müseyibli (Cəbrayılova) Ülviyyə Rövşən qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-8136/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Müseyibli (Cəbrayılova) Ülviyyə Rövşən qızına qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar