Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1171/2021 20.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı atalığın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli, 2(067)-970/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli, 2(067)-970/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim İ.Xəlilov) Qətnamədən İddiaçı iddia ərizəsi ilə eyni məzmunda apelyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun 23 fevral 2009-cu il təvəllüdlü X5 atası olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 06.10.2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Cavabdeh 23.02.2009-cu il tarixdə oğlan uşağı dünyaya gətirmişdir. Onların münasibətləri birgə yaşadıqları dövrdə normal olmuş, lakin sonradan cavabdeh vaxtından əvvəl uşaq dünyaya gətirdiyinə görə münasibətləri pisləşmiş və onlar ayrılmaq qərarına gəlmişlər. Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2010-cu il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarındakı nikah pozulmuşdur. Həmin dövrdə o, uşağın ondan olmaması səbəbindən atalığın ləğv edilməsi ilə bağlı iddia qaldırmamışdır. 9 ildən artıq bir müddət idi ki, cavabdehlə heç bir münasibətləri olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 30.10.2019-cu il tarixli icra vərəqəsi ilə bağlı İcra Şöbəsinin ona xəbərdarlığından sonra, hazırki iş üzrə cavabdehin ona qarşı alimentin müəyyən edilməsinə dair iddiası üzrə qətnamə çıxarıldığını bilmişdir. Birgə nikahdan doğulduğu iddia edilən X5 atası o, deyildir və bununla bağlı istənilən analiz və ekspertizanın keçirilməsinə razıdır. Cavabdehlə aralarında rəsmi nikah 06.10.2008-ci ildə bağlanmış, 23.02.2009-cu il tarixdə, təxminən 5 aya yaxın bir müddətdə uşaq dünyaya gəlmişdir. Uşağın anadan olması faktı barədə Xaçmaz rayon qeydiyyat şöbəsində qeydiyyat aparılmış və doğum haqqında şəhadətnamə verilmişdir. Qeydiyyat aparılan vaxt cavabdeh onunla nikahda olduğu üçün uşağın atası, cavabdehin əri kimi o, göstərilmişdir. Ancaq uşağın bioloji atası o deyildir. Bu hal onunla təsdiqlənir ki, nikahlarının bağlanmasından 5 aya kimi bir müddətdə uşaq dünyaya gəlməsi mümkün deyil. Bundan başqa, şübhələrin aradan qaldırılması üçün cavabdeh uşağı ona göstərmir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı əsassız olaraq rədd etmişdir. İddiaçı tərəf üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməmiş, bununla belə, məhkəmə onun iştirakı olmadan işə baxmış və ekspertiza keçirilməsi barədə iddiaçı tərəfin vəsatətini rədd etmişdir. İddiaçını dinləmədən, tərəflər arasında olan mübahisənin mahiyyətini və səbəbini araşdırmadan birtərəfli qərar qəbul etməklə məhkəmə ədalət mühakiməsini sual altına qoymuşdur. Bundan başqa, X5 doğum haqında şəhadətnaməsindən görünür ki, onun ana qrafasında X6 yazılmışdır. Belə olan halda, Cavabdeh ona qarşı aliment tələb etməsi əsassızdır. Bundan başqa, cavabdeh uşağı ona göstərmir, bu isə uşağın atasının o olmaması fikrini daha da qətiləşdirir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında İddiaçı, onun vəkil və nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə etdilər və onun təmin olunmasını xahiş etdilər. İddiaçı təkid edərək, şübhələrinin aradan qaldırılması üçün ekspertiza təyin edilməsini xahiş edərək ekspertiza xərcini özü ödəyəcəyini bildirdi. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında Cavabdeh şikayətlə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. Tərəflər sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası məhkəmə iclasını tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmiş və mübahisəni tərəflərin iştirakı olmadan yekunlaşdırmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1145/2010 saylı, 24 dekabr 2010-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı 06.10.2008-ci il tarixli rəsmi nikah qeydi pozulmuş və 23.02.2009-cu il təvəllüdlü X1 Minarə Ferzilahovnanın himayəsində saxlanılmışdır. Yenə iş materiallarında olan AZ-İ 130063 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı rəsmi nikah qeydinin pozulması 22.02.2011-ci il tarıxdə qeydə alınmışdır. Yenə də iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8644/2019 saylı, 30.10.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı 23.02.2009cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat alimentin tutulması qət edilmişdir. İşdə olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1367/2020 saylı, 04 iyun 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 30.10.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yenə işdə olan AZ-İİ 557930 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 23.02.2009-cu il təvəllüdlü X5 atası İddiaçı, anası X2. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya PHŞ-nin 07.06.2021-ci il tarixli, 9/540 saylı rəyindən görünür ki, qəbul olunmuş beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, İddiaçı ekspertizaya təqdim olunmuş X8 adlı uşağın bioloji atası olması təsdiq edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli, 2(067)-970/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı və Cavabdeh qanuni nikaha daxil olaraq ailə münasibətlərində olmuş və sonradan məhkəmə qaydasında ayrılmışlar. Bu dövrdə onların 1 övladı olmuşdur. Hazırda İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun 23 fevral 2009-cu il təvəllüdlü X5 atası olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Yenə həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən tərəflər arasında boşanma və alimentlə bağlı məhkəmə qətnamələrinə istinad etmişdir. Məhkəmə kollegiyası yaranmış ziddiyyətin aradan qaldırılması və tərəflərin nikahlarından doğulmuş azyaşlı Fəridin atasının iddiaçı olmasını müəyyən etmək məqsədilə məhkəmə tibbi-bioloji ekspertizası təyin etmişdir. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya PHŞ-nin 07.06.2021-ci il tarixli, 9/540 saylı rəyinə əsasən İddiaçı ekspertizaya təqdim olunmuş X8 adlı uşağın bioloji atası olması təsdiq edilmişdir. AR MPM-nin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya PHŞ-nin 07.06.2021-ci il tarixli, 9/540 saylı rəyi ilə tamamilə razılaşır, çünki bu tip mübahisələrdə atalığın müəyyən edilməsi üçün ən qabaqcıl tədqiqat məhz genetik test hesab edilir. Beləliklə də, işin tədqiq edilən faktiki halları ilə İddiaçı Cavabdeh 23 fevral 2009cu ildə anadan olmuş X5 atası olması faktı təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə alaraq iddianı rədd edilməsi barədə tamamilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Bu şikayətin dəlilləri aparılmış ekspertiza tədqiqatının nəticəsi, o cümlədən iş materialları ilə təkzib olunur. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və ekspertiza xərci İddiaçı özünə aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli, 2(067)- 970/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya PHŞdə aparılmış genetik ekspertiza xərci İddiaçı özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1171/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1171/2021
20.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver