Məhkəmə qərarları › İş №2(105)-119/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-119/2023

05.01.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-119/2023 05.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh Elxan oğluna qarşı mülki iş üzrə (Açar sözlər: lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı “Union Lizinq" ASC-nin nümayəndəsi Gasan Guseinovun, Cavabdeh Elxan oğlunun nümayəndəsi Nümayəndə1, onun nümayəndə və vəkili Vəkil, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin nümayəndəsi Gasan Guseinovun iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh Elxan oğluna qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(060)- 4835/2019 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC Cavabdeh Elxan oğluna qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə bağlanmış 25 oktyabr 2016-cı il tarixli, AL- 1481 saylı “Daxili lizinq müqaviləsi”nin ləğv edilməsi, lizinq obyekti olan 2014-cü il buraxışlı, “Daewoo Gentra”markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA565962 ban, 0471 mühərrik nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçı ASC-yə geri qaytarılması, Cavabdeh Elxan oğlundan 25 oktyabr 2016-cı il tarixli AL-1481 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 aprel 2019-cu il tarixə 7107,24 manat əsas, 3529,01 manat mükafat və həmin günə hesablanmış 7132,32 manat dəbbə pulu, cəmi 17.768,57 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun “Union lizinq“ ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh Elxan oğlu ilə 25 oktyabr 2016-cı il tarixdə AL-1481 saylı “Daxili lizinq müqaviləsi” bağlamış və lizinq alan Cavabdeh Elxan oğlunun müvəqqəti istifadəsinə vermişdir. “Daxili lizinq“müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə nömrə 3) əsasən Cavabdeh Elxan oğlu illik 17% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 455.85 manat, ümumilikdə isə 21880.34 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümümilikdə 21880.34 manatın 15800 manatı əsas məbləğ təşkil edir. Cavabdeh Elxan oğlu tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 20 iyul 2017-cil tarixdə 500 manat məbləğində olmuşdur. Cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, nəticədə iddiaçı qşarşısında öhdəliyi yaranmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfdən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) İddiaçı ASC-nin Cavabdeh Elxan oğluna qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh Elxan oğlundan 748,95 manat lizinq ödənişi üzrə borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1,20 manatın İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada lizinq müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranıb. İddiaçı həmin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, yəni lizinq obyektini cavabdehin istifadəsinə versə də, sonuncu lizinq müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazimi qaydada və vaxtında tam icra etməyib. Cavabdeh lizinq obyektini 31 may 2017-ci il tarixdə geri qaytarıb və lizinq obyekti 7 ay müddətində cavabdehin istifadəsində olub. Cavabdeh həmin müddət üçün hər ay 455,85 manat olmaqla, cəmi 3.190,95 manat ödəməli idi, lakin o, cəmi 2.442 manat ödəyib. Hazırda cavabdehin iddiaçıya ödənilməmiş 748,95 manat borcu qalıb. Bu səbəbdən də iddia qismən təmin edilməlidir. Lizinq obyekti 2017-ci ilin 31 may tarixində cavabdeh tərəfindən iddiaçı təşkilata geri qaytarılmışdır. Bu barədə tərəflər arasında təhvil-təslim aktı olmasa da, həmin halın doğruluğu 26 iyul 2017ci il tarixli aktla (Xəzər DYPİ tərəfindən “Daewoo Gentra” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobil «Beydullayev» tərəfindən cərimə meydançasından qəbul edilmişdir) təsdiq edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi həmin aktın doğruluğunu təsdiq etmişdir. İddiaçının nümayəndəsi lizinq obyektinin iddiaçıda olmadığını, nə də Cavabdeh Elxan oğlundan sonra lizinq obyektinin digər şəxsə verilməsi barədə ASC-də məlumat olmadığını, eləcə də həmin avtomaşının "xxxx" MMC-yə məxsus olduğunu və həmin MMC-yə təhvil verildiyini göstərsə də, bu göstərilənləri təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 747.1, 748-1.12.4, 748-2.1, 748-10.1, 748-10.2, 748-10.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(060)-4835/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər E.G.Rəhimov (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və T.O.Quliyev) 6 avqust 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(060)4835/2019 nömrəli qətnaməsinin borcun tutulması hissəsində ekspert rəyi nəzərə alınmaqla dəyişdirilməsi, qətnamə ilə Cavabdeh Elxan oğlundan İddiaçı ASC-nin xeyrinə tutulması qət edilən 748,95 manat lizinq ödənişi üzrə borc məbləği dəyişdirilərək gecikdirilmiş əsas borc üzrə 900,81 manat, mükafat borcunun (faiz) üzrə 300,30 manat həddində müəyyən edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 145 manat ekspertiza xərcinin Cavabdeh Elxan oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər E.G.Rəhimov (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və T.O.Quliyev) 6 avqust 2020-ci il tarixli xüsusi qərardadı ilə İddiaçı ASC ilə Cavabdeh Elxan oğlu arasında bağlanmış 25 oktyabr 2016-cı il tarixli AL-1481 saylı “Daxili lizinq müqaviləsi”nin obyekti olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA565962 ban, 0471 mühərrik nömrəli, ağ rəngli avtomobilin qanunsuz ələ keçirilməsində və istismar olunmasında iştirak edən şəxslərin dairəsinin müəyyən edilməsi və həmin şəxslərin əməllərində dələduzluq cinayətinin əlamətlərinin olub-olmamasına dair xüsusatlatın araşdırılması zəruri hesab edilməsi, xüsusi qərardadın Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə müvafiq olaraq baxılması üçün Bakı şəhər Prokurorluğuna göndərilməsi qərara alınmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 avqust 2020-ci il tarixli, 2(105)-388/2020 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin Mülki kollegiyasının Mülki kollegiyasının (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), V.Həsənov və İ.Dəmirov) 9 mart 2021-ci il tarixli qərarı ilə İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 avqust 2020-ci il tarixli, 2(105)-388/2020 saylı qətnaməsinin qismən - iddianın 2014-cü il buraxılışlı, ağ rəngli “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı ASC-yə geri qaytarılmasının rədd edilməsi hissəsində ləğv edilməsi, mülki işin həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması və qalan mübahisələndirilən hissədə qətnamənın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) 24 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(060)-4835/2019 saylı qətnaməsi 2014-cü il buraxılışlı, ağ rəngli “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh Elxan oğlundan alınıb İddiaçı ASC geri qaytarılmasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə aid edilməsi qət edilmişdir. e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(105)-1716/2021 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. AR Ali Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(102)-1840/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1716/2021 nömrəli iş üzrə 24 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehə lizinqə verilmiş “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Abas Şahmuradova lizinqə verilmiş “Daewoo Gentra” markalı, 90-PD957 dövlət qeydiyyat nişanlı avtomobilin eyni avtomobillər olub-olmadığını, sonuncunun idarə etdiyi avtomobilin üzərinə nəyə görə cavabdehə lizinqə verilmiş avtomobilin dövlət qeydiyyat nişanlarının vurulduğunu, İddiaçı ASC ilə "xxxx" MMC arasında hər hansı hüquqi bağlılığın olubolmadığını, mübahisəli lizinq obyektinə dair həmin təşkilatlar arasında hər hansı müqavilənin bağlanıb-bağlanmadığını aydınlaşdırmadan, zərurət yarandığı halda xüsusi bilik tələb edən qeyd olunan suallara aydınlıq gətirmək üçün iş üzrə müvafiq ekspertizalar keçirib rəy almadan, lizinq obyektinin 25 iyul 2017-ci il tarixli aktla Bakı şəhər DYP İdarəsinin “Siqnal ili” İdarəsinin 12 saylı cərimə dayanacığına yerləşdirilməsi və 26 iyul 2017-ci il tarixdə oradan çıxarılmasına dair müvafiq toplanmış sənədləri, o cümlədən sözügedən aktı, habelə Abas Şahmuradovun inzibati qaydada cərimə edilməsinə dair işi tələb edib onlara baxış keçirmədən, bir sözlə lizinq obyektinin yerini müəyyən etmədən, lizinq obyektinin cavabdehdə olmamasına dair işin halları barədə səhv nəticəyə gəlib. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı ASC qətnamədən apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(060)-4835/2019 saylı qətnaməsininin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsi işə baxarkən və qətnamə qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi qətnaməsində maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Cavabdeh Elxan oğlu tərəflərin imzaladıqları daxili lizinq müqaviləsi üzrə lizinq ödənişlərini vaxtında və lazımi qaydada icra etməmiş və lizinq obyekti olan "Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili "Union Lizinq” ASC-yə qaytarmamışdır. Cavabdeh Elxan oğlu lizinq ödənişlərini vaxtında yerinə yetirmədiyi üçün 04 aprel 2019-cu il tarixə 7107.24 manat əsas, 3529.01 manat lizinq mükafatı və həmin günə hesablanmış 7132.32 manat dəbbə pulu olmaqla, cəmi 17768.57 manat borcu yaranmışdır. Cavabdeh Elxan oğlu birinci instansiya məhkəməsinin iclasında izahat verərkən lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobili heç bir hüquqi əsası olmadan Vüqar adlı şəxsə verdiyini bildirmişdir. Vüqar adlı şəxs lizinq obyekti olan avtomobili ona qaytarmadığı üçün Cavabdeh Xəzər rayon Polis İdarəsinə şikayət etmiş və Xəzər RPİ işi araşdıraraq cinayət işinin başlanmasının rədd olunması ilə bağlı qərar qəbul etmişdir. 25 iyul 2017-ci il tarixdə Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 99AD-595 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış və avtomobili idarə edən X9 AR İnzibati Xətalar Məcəlləsinin 332.1ci (avtomobili etibarnaməsiz idarə etmə) və 342.7-ci (başqa nömrə ilə idarə etmə) maddələri ilə cərimə olunaraq barəsində protokol tərtib edilmişdir. Qeyd olunan avtomobil 26 iyul 2017-ci il tarixdə İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsinə təhvil verilmişdir. Mübahisəli avtomobil şirkətin müvəqqəti duracağına gətirildikdə müəyyən olunmuşdur ki, avtomobilin üzərində olan **-AD-*** dövlət qeydiyyat nişanı İddiaçı ASC-yə məxsus olsa da, avtomobilin özü isə "xxxx" MMC-nin mülkiyyətində və axtarışda olan qara rəngli, “Daewoo Gentra” markalı avtomobildir. Ona görə də qeyd olunan avtomobil "xxxx" MMCnin səlahiyyətli nümayəndəsinə təhvil verilmişdir. Bununla bağlı, "xxxx" MMC tərəfindən 20 sentyabr 2017-ci il tarixli, 182 saylı məktubla Xəzər rayon Polis İdarəsinin 1ci Polis Bölməsinə müraciət olunmuşdur. 25 iyul 2017-ci il tarixli, KYP 667625 nömrəli inzibati xəta haqqında protokoldan göründüyü kimi, X9 avtomobili başqa nömrə ilə idarə etmişdir. Məhkəmə işin obyektiv araşdırılmasını təmin etmək üçün barəsində protokol tərtib edilmiş X5 məhkəməyə cəlb etməli olduğu halda bunu etməmiş və müvafiq tədbir görməmişdir. Bütün bunlar da məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Göstərilənlərə əsasən şikayətdə Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2019cu il tarixli, 2(060)-4835/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması xahiş edilmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ilə müraciət edərək göstərmişdir ki, lizinqə götürdüyü nəqliyyat vasitəsi ondan alınaraq başqa şəxsə verildiyindən 2017-ci ilin mart ayından etibarən lizinq obyekti onun sahibliyindən çıxdığına görə ondan istifadə etməmişdir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2019cu il tarixli, 2(060)-4835/2019 saylı qətnaməsinin dəyişmədən saxlanılması, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi Gasan Guseinov izahatında apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, Abbas Şahmuradovun təmsil etdiyi qurumla bir əlaqəsi olmayıb. Amma hesab edir ki, maşını son dəfə görən və dövlət qeydiyyat nişanını dəyişən şəxs həmin şəxsdir. Cavabdeh öz izahatında bildirir ki, avtomobil onun istifadəsində imiş. Amma ödənişləri gecikdirirmiş. Dediyinə görə iki şəxs ona yaxınlaşaraq iddiaçı şirkətin əməkdaşları olduqlarını və maşının şirkətə getməli olmasını bildiriblər. Cavabdeh şübhə ilə yanaşaraq polisə müraciət edib. Polis bölməsində həmin iki şəxsin şirkətdən olmadığı bəlli olub. Cavabdehin dediyinə görə başqa bir-iki şəxs ondan iddiaçı şirkətin əməkdaşı kimi maşını istəyəndə maşını təhvil verib. Cavabdeh maşını qeyri-qanuni satıb. Sonda maşın Abbas Şahmuradova çatıb. Abbas Şahmuradov da heç bir problemi olmayan maşın olduğunu düşünüb və onun dövlət qeydiyyat nişanını başqa maşının üzərində işlətməyə başlayıb. Polis əməkdaşları müəyyən ediblər ki, maşının üzərindəki nişan əslində başqa maşına məxsusdur və bundan sonra avtomobili cərimə meydançasına aparıblar. Təşkilatın nümayəndəsi cərimə meydançasından nömrəylə birlikdə maşını təhvil alıb. Nümayəndə İddiaçı ASC-nin maşınını təhvil almalı idi amma məlum olub ki, maşın "xxxx" MMC-yə məxsusdur. Maşının yük hissəsində "xxxx" MMC-yə məxsus dövlət qeydiyyat nişanı aşkarlanıb. Maşını təhvil alanda cərimə meydançasında ban nömrəsinə baxmayıblar. Təhvildən sonra məlum olub ki, "xxxx" MMCyə aid ban nömrəsidir. Şirkətin maşını ağ rəngdə idi. Amma nümayəndə bunu bilə bilməzdi, çünki şirkətin balansında yüzlərlə maşın var. Maşın duracağa gətirilən gün məlum oldu ki, maşın təşkilata məxsus deyil. Maşın "xxxx" MMC-yə təhvil verilib. Avtomobilin axtarışı ilə bağlı X19 İdarəsinə müraciət edilib. Şahmuradov Abbas məsuliyyətdən yayınmaq üçün birinci instansiya məhkəməsində bildirib ki, nömrəni maşının üstündə lizinq şirkətindən təhvil alıb. Təşkilata aid nömrələr təşkilatdadır. **-AD- *** iddiaçıya məxsus dövlət qeydiyyat nişanıdır. Axtarışın bir nəticəsi olmayıb. Şahmuradov Abbasla heç bir əlaqə yoxdur. Cavabdehin nümayəndəsinin adını çəkdiyi İlqar adlı şəxs təşkilatın əməkdaşı olmayıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(060)- 4835/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Elxan oğlunun nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, oğlu Cavabdeh borcu yaranmışdı. Tələbkar olan iddiaçı isə oğlundan borcu qanunvericiliyə uyğun qaydada tələb etmək əvəzinə onun üzərinə iki şəxsi göndərmişdir. Bununla əlaqədar 102 xidmətinə zəng etmiş, həmin iki şəxs saxlanılaraq 13-cü Polis Bölməsinə aparılıblar. Onların bütün məlumatları həmin bölmədə mövcuddur. Biri Nicat adlı şəxsdir, digəri isə İlqarın (iddiaçı qurumun işçisi) qardaşıdır. Onların anket məlumatlarını dəqiq bilmir. Həmin iki şəxs bölmədən çıxdıqdan sonra oğluna dedilər ki, məsələ çox uzanmasın, oğlu maşını onlara öz razılığı ilə versin və onlar da aparıb iddiaçıya təhvil versinlər. Həmin gün maşını götürüb apardılar, sonradan isə bir də onları və maşını tapa bilməyiblər. 102-yə təkrar zəng vurublar, çünki maşın axtarılmalı idi. Polisdən məhkəməyə müraciət etməli olması barədə məktub göndərilib, axtarış aparılmadı. İddiaçı ilə təkrar danışıq aparmaq istəsələr də, mümkün olmadı. 13-cü Polis Bölməsində baş leytenant rütbəli Namiq Məmmədov zəng vasitəsilə Vüqarı bölməyə çağırdı və bildirdi ki, barəsində ərizə var. Vüqar bölməyə gəlmədi amma telefonda bildirdi ki, maşın Xəzər rayonunda saxlanılıb. Ərizə icraatında olmasına baxmayaraq Namiq Məmmədov maşının olduğu iddia edilən yerə onlarla gəlmədi. O, oğlu ilə həmin yerə gedib. Onlara deyilib ki, iddiaçının borcunu qaytarmalıdır. İddiaçının əməkdaşları maşını aparıblar. Onda iddiaçının Abbas adlı əməkdaşı orda idi. Onlar da arxayın olublar ki, şirkət maşını apardı. Amma bir il səkkiz ay sonra iddiaçı oğluna qarşı iddia qaldırıb. Maşın hazırda oğlunda deyil. Oğluna yaxınlaşan iki nəfər şirkətin əməkdaşı olduqlarını deməyiblər, iddiaçı qurumun işçisi İlqar da həmin iki şəxsin yanında olub. Maşını təhvil almaları barədə onlara hər hansı sənəd verilməyib. Polis Bölməsindən çıxandan sonra İlqar da orda idi, həmin adamların kim olduğunu biliblər, sonradan hər hansı bir səhv olsaydı məhkəməyə müraciət edə bilərdilər. Həmin işçiləri tanıdıqları üçün maşını təhvil veriblər. Polisdən onlara deyilib ki, Xəzər rayonunda maşını götürməlidirlər. Xəzər rayonunda Asim adlı polis mayoru bildirdi ki, gedib pulu ödəsinlər, maşını artıq şirkət götürür. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsini qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Elxan oğlunun nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, təmsil etdiyi şəxs maşını təhvil verib, artıq sonrakı məsuliyyət maşının təhvil verildiyi və maddi məsuliyyəti daşıyan şəxsin üzərindədir. Azərbaycan Respublikası Ali Məhkəmə iş üzrə qəbul edib ki, maşın cavabdehin sahibliyindən 2017-ci ilin may ayından çıxıb. Ali Məhkəmə pul tələbinin cavabdehə münasibətdə rədd edilməsi hissəsi ilə razılaşıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs “Azevrocar“MMC-nin nümayəndəsi Nümayəndə2 göstərdi ki,, "xxxx" MMC ilə X8 arasında xx.xx.2017-ci il tarixdə daxili lizinq müqaviləsi bağlanmış, vətəndaşın müvəqqəti istifadə və sahibliyinə **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Vətəndaş götürdüyü öhdəlikləri tam şəkildə icra etməmiş və onun gecikmə borcu yaranmışdır. Bundan sonra iddiaçı təmsil etdiyi təşkilata müraciət edərək bildirmişdir ki, onlara məxsus ban nömrəli avtomobilin üzərindən iddiaçıya aid dövlət qeydiyyat nişanı aşkarlanmışdır. Həmin avtomobil yoxlanılmış, Ban nömrəsi təşkilata məxsus olması müəyyən edilib. Avtomobilin yük hissəsindən təşkilatın mülkiyyətində olan avtomobilin dövlət qeydiyyat nişanı aşkar edildi. Onlar avtomobili xx.xx.2017-ci il tarixdə İddiaçı ASC-dən qəbul ediblər. Lizinq alan Şahmuradov Abbasa müqavilənin ləğvinə dair pretenziya məktubu göndərilib. xx.xx.2018-ci ildə isə həmin lizinq obyektinə dair X13 ilə "xxxx" MMC arasında daxili lizinq müqaviləsi bağlanmışdır. X13 öhdəliyini tam icra etmiş, maşın "xxxx" MMC-nin balansından çıxmışdır. Abbas Şahmuradov avtomobilin ondan götürülməsi barədə polisə müraciət etmiş, müvafiq məktubla polis orqanına cavab verilib. Həmin məktubu təqdim edib. Təhvil aldıqları maşın qara rəngdə idi. Təşkilata məxsus maşının üstündə **-AD-*** dövlət qeydiyyat nişanı var idi. Bu iddiaçıya məxsus dövlət qeydiyyat nişanıdır. Ban nömrəsi isə təmsil etdiyi təşkilata aid idi Şahmuradov Abbasla müqaviləyə xitam verilib. Həmin nömrənin Şahmuradov Abbasa necə verildiyini bilmirlər. Şahmuradov Abbasla əlaqələri yoxdur. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs X8 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsi barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 747.1. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Maddə 420. kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(060)-4835/2019 saylı qətnaməsi 2014-cü il buraxılışlı, ağ rəngli “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh Elxan oğlundan alınıb İddiaçı ASC-yə geri qaytarılmasının rədd edilməsi hissəsində müzakirə edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(060)-4835/2019 saylı qətnaməsi qismən, iddia tələbinin 2014-cü il buraxılışlı, ağ rəngli “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh Elxan oğlundan alınıb İddiaçı ASC geri qaytarılmasının rədd edilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, 2014-cü il buraxılışlı, ağ rəngli “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh Elxan oğlundan alınıb İddiaçı ASC geri qaytarılmalıdır. İşə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh Elxan oğlu arasında bağlanmış 25 oktyabr 2016-cı il tarixli, AL-1481 saylı “Daxili lizinq müqaviləsi” və 3 saylı Əlavədən görünür ki, lizinq verən lizinq alan tərəfindən sifariş verilmiş əmakı öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi, müqavilənin ayrılmaz hissəsi olan 3 saylı Əlavə ilə müəyyən edilmiş lizinq ödənişlərini (ödənişlərin məbləği, qaydası və müddəti) ödəməyi öhdəsinə götürür. Lizinq müqaviləsinin ümumi məbləği 15800 manat təşkil edir və 48 ay müddətinə bağlanılır. Aylıq ödəniş 455,85 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh Elxan oğlu arasında bağlanılmış 25 oktyabr 2016-cı il tarixli təhvil-təslim aktına əsasən “Union lizinq“ASC-nin mülkiyyətində olan “Daewoo Gentra”markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil Pərviz Hacıyev tərəfindən təhvil alınmışdır. İş materiallarında olan AC N 254699 nömrəli, xx.xx.2014-cü il tarixdə verilmiş Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, 99AD595 qeydiyyat nişanlı “Daewoo Gentra” markalı, 2014-cü il buraxışlı, 0471 mühərrik nömrəli, XWB5V319VEA565962 ban nömrəli avtomobil İddiaçı ASC-yə məxsusdur. İş materiallarında olan 07 iyun 2019-cu il tarixli, 1049 saylı arayışdan görünür ki, Cavabdeh Elxan oğlunun 25 oktyabr 2016-cı il tarixdə AL-1481 saylı «Daxili lizinq müqaviləsi» üzrə 04 aprel 2019-cu il tarixə əsas borcu 7107,24 manat, mükafat borcu 3529,01 manat, cərimə borcu 7132,32 manat, cəmi borcu 17768,57 manat təşkil edir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh Elxan oğlu tərəfindən xx.xx.2017-ci il tarixdə 500 manat, xx.xx.2017ci il tarixdə 455 manat, xx.xx.2017-ci il tarixdə 1050 manat, xx.xx.2017-ci il tarixdə 474 manat və xx.xx.2016-cı il tarixdə 463 manat ödəniş edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş etibarnamələrdən görünür ki, “Union lizinq“ASC tərəfindən lizinq obyektinin istifadəsi ilə bağlı Cavabdeh Elxan oğluna etibarlılıq müddəti 25 aprel 2017-ci il müəyyən edilməklə etibarnamə verilmişdir. İş materiallarında olan DİN-nin Bakı şəhər Xəzər RPİ tərəfindən məhkəmə sorğusuna verilmiş 25 iyul 2019-cu il tarixli cavabından görünür ki, “Daewoo Gentra”markalı, ** AD *** dövlət qeydiyyat nişanlı nömrəli avtomaşın xx.xx.2017-ci il tarixdə müvafiq aktla DİN BDYPİ-nin «Siqnal İLİ» idarəsinin 12 saylı cərimə meydançasına yerləşdirilmiş, xx.xx.2017-ci il tarixdə isə həmin dayancaqdan çıxarılmışdır. X3 Azərbaycan Respublikası İXM-nin 332.1 və 342.7-ci maddələrinin tələblərini pozduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş DİN-nin Bakı şəhər Xəzər RPİ tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, “Union lizinq“ ASC tərəfindən 26 iyul 2017-ci il tarixdə Xəzər rayonu DYP-nə məkub ünvanlanaraq göstərilmişdir ki, Cavabdeh Elxan oğlu götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün İddiaçı ASC-yə borcu yaranmışdır və heç bir hüququ əsası olmadan İddiaçı ASC-yə məxsus “Daewoo Gentra”markalı, ** AD *** dövlət qeydiyyat nişanlı nömrəli, ağ rəngli avtomobili idarə etməkdə davam edir. Qeyri rəsmi məlumata görə “Daewoo Gentra”markalı, ** AD *** dövlət qeydiyyat nişanlı nömrəli, ağ rəngli avtomobil DYP-nin müvəqqəti dayanacağındadır. Mülkiyyət hüququ ilə İddiaçı ASCyə məxsus olan həmin nəqliyyat vasitəsini X7 vasitəsi ilə “Union lizinq“ASC-nin müvəqqəti duracağına gətirilməsi üçün göstəriş verilsin. İş materiallarında olan 26 iyul 2017-ci il tarixli aktdan görünür ki, Xəzər DYPİ tərəfindən “Daewoo Gentra”markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobil «Beydullayev» tərəfindən cərimə meydançasından qəbul edilmişdir. Yenə iş materiallarında olan Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü X12 Pərviz Elxan oğluna ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubundan məlum olur ki, Cavabdeh qeyd olunan nəqliyyat vasitəsinin ondan alınması ilə bağlı polis orqanlarına müraciət etmiş, ona mübahisənin mülki qaydada həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Yenə də işdə olan Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin təhqiqatçısının cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh istifadəsində olan “Daewoo Gentra”markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx"ın əməkdaşları olan Vüqar və Nicat adlı şəxslər tərəfindən ondan alındığını bildirərək tədbir görülməsini xahiş etmiş, lakin mübahisənin mülki xarakterli olması səbəbilə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmənin Bakı şəhəri Baş Polis İdarəsinə ünvanladığı sorğuya əsasən əldə edilmiş və iş materiallarına əlavə edilmiş cavab məktublarından məlum olur ki, “Union lizinq“ ASC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Bakı şəhəri üzrə polis orqanlarına müraciət olunmamışdır. Həmin maşının saxlanılması üçün şəxsi heyət təlimatlandırılmışdır. Yenə məhkəmənin sorğusu əsasında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə göndərilmiş təsis sənədlərindən bəlli olur ki, təsisçiləri fərqli olsa da hər iki Cəmiyyətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, X18 4-dür. Birinci instansiya məhkəməsi lizinq obyekti olan nəqliyyat vasitəsinin xx.xx.2017-ci il tarixli akta əsasən lizinq verən təşkilatın nümayəndəsi tərəfindən qəbul edilməsini, lizinq obyektinin iddiaçıda olmadığının, həmin avtomaşının "xxxx" MMC-nə məxsus olmasının, həmin MMC-yə təhvil verilməsi göstərilsə də bunu təsdiq edəcək hər hansı sübutun təqdim edilməməsinə istinad edərək iddia tələbini qeyd edilən hissədə təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, işin hallarından müəyyən edilir ki, hazırki iş üzrə lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin 25 oktyabr 2016-cı il tarixli akta əsasən cavabdehə təhvil verilib. Mübahisəli avtomobilin iddiaçının nümayəndəsinə təqdim edilməsi bildirilsə də, işdə olan aktda qeyd olunan “Daewoo Gentra” markalı maşını duracaqdan iddiaçının nümayəndəsinin götürülməsi göstərilsə də, iddiaçı tərəf həmin nəqliyyat vasitəsinin məhz **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil olmadığını bildirmişdir. Belə ki, "xxxx" MMC, xx.xx.2017-ci il tarixli daxili lizinq müqaviləsi ilə “Daewoo Gentra” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 lizinqə verilmişdir. Müqavilə öhdəliyini pozan A.Şahmuradov həmin avtomobilə cavabdehə lizinqə verilmiş **-AD-*** dövlət qeydiyyat nişanını taxmaqla idarə etdiyi üçün nəqliyyat vasitəsi yol polisi tərəfindən saxlanılmış və duracağa yerləşdirilmişdir. İddiaçının nümayəndəsi Beydullayev soyadlı şəxs tərəfindən 26 iyul 2017-ci il tarixli aktla məhz həmin avtomobil alınaraq adı çəkilən MMC-yə təhvil verilmişdir. İş materiallarında olan X8 haqqında tərtib olunan KYP 667625 nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2017-ci ildə avtomaşın dövlət qeydiyyat nişanı oxunmadığı üçün saxlanılmış, yoxlama zamanı dövlət qeydiyyat nişanının başqa avtomaşına aid olması və maşını idarə etməsi üçün etibarnaməsinin olmadığı aşkar olunmuşdur. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli. 2(105)-1547/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspetirazı təyin edilərək xx.xx.2017-ci il tarixli aktla DİN BDYPİ-nin «Siqnal İLİ» idarəsinin 12 saylı cərimə meydançasına yerləşdirilmiş və 26 iyul 2017-ci il tarixli akt əsasında Xəzər DYPİ-dən «Beydullayev» tərəfindən cərimə meydançasından qəbul edilmiş “Daewoo Gentra” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Cavabdeh Elzan oğluna lizinqə verilmiş İddiaçı ASC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, ** AD *** dövlət qeydiyyat, XWB5V319VEA565962 ban, 0471 mühərrik nömrəli, ağ rənli nəqliyyat vasitəsinin eynilik təşkil edib-etməməsi barədə sual qoyulmuşdur. İşə əlavə edilmiş İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, 454 nğmrəli məktubunda göstərilmişdir ki, xx.xx.2017-ci il tarixli aktla DİN BDYPİ-nin «Siqnal İLİ» idarəsinin 12 saylı cərimə meydançasına yerləşdirilmiş avtomobilin üzərində ASC-yə məxsus dövlət qeydiyat nioşanı olduğu üçün avtomobilin şirkətə məxsus olması düşünülmüş, duracağa gətirilmiş, duracaqda baxış zamanı avtomobilin baqaj hissəsində **-PD-*** dövlət qeydiyyat nişanı aşkar edilmiş və araşdırmadan sonra məlum olmuşdur ki, avtomobil "xxxx" MMC-nə məxsusdur. Həmin nqəliyyat vasitəsi "xxxx" MMC-nə qaytarıldığından avtomobilin ekspertizaya təqdim edilməsi mümkünsüzdür. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli məlumat məktubunda avtomobilin ekspertə təqdim edilməməsi səbəbindən ekspertizanın aparılmasından imtina edilərək mülki iş materialları geri qaytarılmışdır. Məhkəmənin sorğusu əsasında daxil olmuş "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 243 nömrəli məktubdan görünür ki, “Azevrocar“MMC ilə İddiaçı ASC eyni inzibati binada fəaliyyat göstərsə də, onlar arasında hər hansı hüquqi bağlılıq yoxdur. Həmçinin “Daewoo Gentra” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair şirkətlər arasında hər hansı müqavilə bağlanmamışdır. Məhkəmənin sorğusu əsasında daxil olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin “Siqnal” İxtisasaşdırılmış Layihə istehsalat idarəsinin xx.xx.2022-ci il tarixli, 016-114521-1222 nömrəli məktubundan görünür ki, BDYPİ “Siqnal” İLİ İdarəsinin nəzdində fəaliyyət göstərən 12 saylı müvəqqəti avtomobil dayanacağı son illərdə fəalliyət nöqtəsini dəyişdiyi üçün bir çox sənədlər vaxtı keçdiyi üçün, 25 iyul 2017-ci il tarixində “Daewoo Gentra” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobil barədə heç bir məlumat verilməsi mümkün deyil. Məhkəmənin sorğusu əsasında daxil olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş X8 haqqında tərtib olunan KYP 667625 nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2017-ci ildə avtomaşın dövlət qeydiyyat nişanı oxunmadığı üçün saxlanılmış, yoxlama zamanı dövlət qeydiyyat nişanının başqa avtomaşına aid olması və maşını idarə etməsi üçün etibarnaməsinin olmadığı aşkar olunmuşdur. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasiətisinin etibarnamə olmadan idarə edilməsinə görə, başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə etdiyinə görə X2 Xətalar Məcəlləsinin 332.1, 342.7-ci maddələrinə əsasən 60 manat məbləğində cərimə edilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli, 182 nömrəli məktubundan görünür ki, xx.xx.2017-ci il tarixli, AL-894 nömrəli daxili lizinq müqaviləsinə əsasən X4 istifadəsinə 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir, 52 ay müddətinə 20940,29 manat ödəmək öhdəliyi götürmüş, üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün MMC-yə borcu yaranmış, həmin nəqliyyat vasitəsini idarə etmək üçün verilmiş etibarnamənin müddəti başa çatmışdır. Məhkəmənin sorğusu əsasında daxil olmuş Bakı şəhəri, Sabunşu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinn xx.xx.2022-ci il tarixli. 075-14066-1222 nömrəli məktuna əlavə edilmiş xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh Elxan oğlu xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət edərək 2017-ci ilin may ayında özlərini "xxxx" ASC-nin əməkdaşları Vüqar və Nicat kimi təqdim edən şəxslər tərəfindən banka aparmaq adı ilə ondan almasınl, bank tərəfindən məhkəməyə verildiyini, ondan 21000 manat pul tələb edildiyini bldirmişdir. Material üzrə CPM-nin 39.1.1-ci maddəsinin tələblərinə əsasən cinayət işinin bağlanması rədd edilmiş, ona izah edilmişdir ki, mülki qaydada məhkəməyə müraciət etməlidir. Yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli nəqliyyat vasitəsinin cavabdehə təqdim edilməsi işin mübahisəsiz halıdır. Lakin həmin avtomobilin cavabdeh tərəfindən iddiaçı təşkilata qaytarılması təsdiqini tapmır. Belə ki, iddiaçı, nümayəndəsinin 26 iyul 2017-ci il tarixli aktla dayanacaqdan qəbul etdiyi avtomobilin əslində cavabdehə verilən lizinq obyekti olmayıb, üzərinə 99-AD595 dövlət qeydiyyat nişanı vurulmuş və "xxxx" MMC tərəfindən Abas Şahmuradova verilmiş başqa avtomobil olduğuna istinad etməklə bu barədə müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Mövcud vəziyyətdə cavabdehin lizinq obyekti olan avtomobili iddiaçıya qaytardığına dair sübutetmə yükü cavabdehin üzərində olsa da, bunu sübut edə bilməmişdir. Müqavilə əsasında yazılı aktla təhvil aldığı lizinq obyektini iddiaçıya qaytardığını mötəbər və kifayətedici dəlillərlə sübuta yetirmək vəzifəsini lizinq müqaviləsindən irəli gələn öhdəliklərini pozmuş cavabdeh daşıyır. Çünki, lizinq obyektinin qaytarılması ilə bağlı lazımi sənədləşmə işlərinin aparılmaması və ya bu barədə sübutların məhkəməyə təqdim olunmamasının riski cavabdehə aiddir. Bununla da təsdiq edilir ki, X8 tərəfindən **-AD-*** dövlət qeydiyyat nişanını taxmaqla istifadə etdiyi nəqliyyat vasitəsi "xxxx" MMC ilə onun arasında bağlanmış xx.xx.2017-ci il tarixli daxili lizinq müqaviləsi ilə ona lizinqə verilmiş “Daewoo Gentra” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olsa da, nəqliyyat vasitəsi üzərində taxılaraq idarə edilən **-AD-*** dövlət qeydiyyat nişanı həmin nəqliyyat vasitəsinə aid olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə cavabdeh tərəfindən alınmış nəqliyyat vasitəsi iddiaçı təşkilata geri qaytarılmadığı müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mübahisələndirilən hissədə əsaslı olduğundan həmin hissədə təmin edilməli, 2014-cü il buraxılışlı, ağ rəngli “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh Elxan oğlundan alınıb İddiaçı ASC geri qaytarılmalıdır. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin şərtlərinə görə lizinq alan müqavilənin şərtlərini, tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikasının qanunvericiliyini pozduqda lizinq verənin tələbi ilə lizinq obyekti lizinq alanın müvəqqəti sahibliyindən lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 747.1-ci maddəsinin tələblərinə əsasən, lizinq müqaviləsinin mövcudluğu üçün əsas lizinq obyekti kimi çıxış edən əmlakın lizinq məqsədləri ilə lizinq verən tərəfindən satın alınması və ya hazırlanması və onun mülkiyyətində qalmaqla həmin lizinq obyektinin bilavasitə satın almaq hüququ da verilməklə lizinq alanın istifadəsinə verilməsi ilə əlaqədardır. Mülki Məcəllə Maddə 747-2-ci. lizinqin obyekti qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Maddə 739. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, Mülki Məcəllənin 739-cu maddəsinin məzmununa əsasən kredit müqaviləsinin predmeti qismində yalnız pul vəsaiti çıxış etdiyi halda, borc müqaviləsinin predmeti qismində pul və ya əvəz edilən əşyalar çıxış edə bilər. Sadalanan qanunvericilik normalarından müəyyən edilir ki, lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır. Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alğı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Kredit şərtləri və ya hər hansı digər əsasla əldə olunan əmlakdan fərqli olaraq, lizinq şərtləri ilə əldə olunan əmlak üzərində onun mülkiyyət hüququ dərhal yaranmır. Qeyd edildiyi kimi, lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Azərbaycan Respublikası Mülki Məcəllə Maddə: 748-2.1, 748-2.2, 748-2.5.maddələrində göstərildiyi kimi, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Maddə 748-10.1.lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği kimi müəyyən edilmişdir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məcəllənin 748-10.4-cü maddəsinə uyğun olaraq, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. . Maddə 748-10.6. lizinq ödənişləri bilavasitə lizinq verənin hesabına köçürülür. Maddə748-11.1.1, 748-11.1.2, 748-11.1.3, 748.11.1.5. Lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ və s. daxildir (Mülki Məcəllənin ci maddələri). Maddə 748-12.1 və 748-12.3. Lizinq müqaviləsində müəyyənləşdirilmiş lizinq obyektinə aid şərtlərə lizinq alan tərəfindən əməl edilməsinin təmin edilməsi məqsədi ilə lizinq verənə nəzarət etmək hüququ vermişdir. Belə ki, lizinq alan lizinq verənin lizinqlə bağlı maliyyə sənədləri və lizinqin obyekti ilə maneəsiz tanış olmaq və onlara baxış keçirilməsi imkanını təmin etməlidir. Sadalanan normalardan belə nəticəyə gəlməyə imkan verir ki, lizinq müqaviləsinin bağlanılması lizinq obyektinin lizinq alanın mülkiyyətinə keçməsi ilə nəticələnmir. Bu müqavilə lizinq verənin öz əmlakından gəlir əldə etməsinə, lizinq alanın isə aylıq haqqın ödənilməsi nəticəsində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən ondan istifadə etməsinə) yönəlmiş bir əqddir. Kredit və digər şərtlərdən fərqli olaraq lizinq əsasında əldə olunan əmlak üzərində lizinq alanın mülkiyyət hüququ dərhal yaranmır. Belə ki, lizinq obyektinə dair mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan müqavilənin hər hansı bir şərtini icra etmədikdə lizinq verənin tələbi ilə lizinq obyektinə dair sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzə¬¬¬¬rə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilib, Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(060)-4835/2019 saylı qətnaməsi qismən, iddia tələbinin 2014-cü il buraxılışlı, ağ rəngli “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh Elxan oğlundan alınıb İddiaçı ASC geri qaytarılmasının rədd edilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, 2014-cü il buraxılışlı, ağ rəngli “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh Elxan oğlundan alınıb İddiaçı ASC geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(060)-4835/2019 saylı qətnaməsi qismən, iddia tələbinin 2014-cü il buraxılışlı, ağ rəngli “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh Elxan oğlundan alınıb İddiaçı ASC geri qaytarılmasının rədd edilməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. 2014-cü il buraxılışlı, ağ rəngli “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh Elxan oğlundan alınıb İddiaçı ASC geri qaytarılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar