Məhkəmə qərarları › İş №2(105)-119/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-119/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-119/2025 07.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X6 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(028)-238/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ondan əsasız olaraq əldə etdiyi 3100 manat pulun alınaraq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2023-cü il tarixdə ondan 3100 manat pul borc almışdır ki, ən geci 10 günə qaytaracaq (oğlunun toyundan sonra 09 dekabr 2023-cü il). Lakin bu günə qədər də hər dəfə bir bəhanə ilə qaytarmamışdır. İndi isə deyir ki, get məhkəməyə ver, məhkəmə qaydasında qaytaracaq, həyat yoldaşı Xanəmir də yoldaşının dediklərini təsdiq edir. Tahirənin 070 *** ** ** mobil nömərələri, Xanəmirin 077 *** ** ** mobil nömrələri olan yazışmaları, səs yazılarını fləşkarta sübut olaraq köçürülüb. Özü bir əziyyətlə 10 uşaq saxlayır. Bu gün 10 uşağa baxmaq necə əziyyətlidir hər kəsə bəllidir. Həm onların gündəlik qayğıları, həm də ki, xərcləri nə qədərdir. Cavabdehin pulu qaytamamağı uşaqlarının həyatına həm maddi, həm də mənəvi çox pis təsir edir. Cavabdeh artıq özü də pulu qaytarmayacağını, məhkəməyə müraciət etməsini istədiyi üçün bu gün öz hüququndan istifadə edərək məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-238/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia təmin edilmiş, Cavabdeh 3100 manat pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan elektron daşıyıcıda olan səs yazısı məhkəmə tərəfindən dinlənilmiş, iddiaçının deməsinə əsasən səs yazıları ona, cavabdehə və cavabdehin ərinə məxsusdur. Səs yazılarından müəyyən edilir ki, iddiaçının qeyd etdiyi cavabdeh və sonuncunun əri borcu və onun məbləğini etiraf edirlər.

5. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 445.7, 739, 740-cı maddələrinin, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 217-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-238/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı qəbul edərkən şahid ifadələrinə və telefon danışığına istinad etmişdir. Nəzərə almaq lazmdır ki, şahidlərdən biri, yəni X2 iddiaçının bacısı, digər şahid X5 isə iddiaçının həyat yoldaşıdır. Həmçinin məhkəmə iddiaçının deməsinə əsaslanaraq hesab etmişdir ki, səs yazısı cavabdehin və onun həyat yoldaşının səs yazısıdır. Heç bir araşdırma aparmadan cavabdehin məhkəməyə dəvət edib dinləmədən hesab etmişdir ki, cavabdeh iddiaçıdan 3100 manat pul almış və onu hazırki tarixə qədər qaytarmamışdır. İddiaçı ona ilk əvvəl 15%-lə, daha sonra isə 25%-lə sələmə pul vermişdir. Həyat yoldaşının çörək pulu kartını girov kimi iddiaçıya vermişdir. İddiaçı hər ay 180 manat olmaqla 2019-cu ilin aprel ayından kartdan pul çıxarıb. Həmçinin əlbəəl 25%-lə hər ay 180 manat vermişdir. İddiaçı ona bildirmişdir ki, 15% azdır, 25%-dən verəcəksən. Əlavə olaraq 975 manat və 300 manat, cəmi 1275 manat iddiaçı ondan pul almışdır. Hazırkı vaxta qədər iddiaçıya 1000 manat pul vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)

12. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 529. Öhdəliyin icrasının qəbulu 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.

16. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

17. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

18. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

20. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

21. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

24. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

27. Belə ki, məhkəmə iclasında işin araşdırılmış halları ilə müəyyən olundu ki, tərəflər arasında yazılı müqavilə olmamış, Cavabdeh İddiaçı 3100 manat məbləğində pul vəsaitini almışdır.

28. Məhkəmə iclasında verdiyi izahatında İddiaçı qeyd etmişdir ki, o, cavabdehə əvvəllər müxtəlif məbləğlərdə, yəni 300, 500 və 1000 manat borc pul vermişdir və onları vaxtında geri qaytarmışdır. xx.xx.2023-cü ildə oğlunun toyu olacağı üçün o, Cavabdeh 3100 manat borc vermiş, cavabdeh toydan sonra pulu qaytaracağını bildirmiş, lakin 3100 manat puldan ona heç bir məbləğdə pul qaytarmamışdır. O, öz qızıllarını lombarda qoyaraq pulu götürüb cavabdehə vermişdir. Cavabdehin ərinin kartı ona 2022-ci ildə verilmişdir və həmin kartdan ümumilikdə təxminən dörd-beş dəfə pul çıxara bilmişdir. Hər ay 180 manat olmaqla pul çıxara bilmişdir. Daha sonra kartı bloka saldıqları üçün çıxara bilməmişdir.

29. Cavabdeh məhkəmə iclaslarında verdiyi izahatında qeyd etmişdir ki, ümumilikdə iddiaçıdan 3100 manat borc götürmüşdür. O, dörd il ərzində götürdüyü pulun faizini qaytarmış və iddiaçıya təxminən 12000 manat qaytarmışdır. Həmin 12000 manat faizə hesablanmış pul məbləğidir. Onun bankda gecikməsi olduğu üçün ona kredit vermirdilər, bu səbəbdən məcbur olub yuxarı faizlə iddiaçıdan pul almışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı ona 975 manat göndərmişdir. O, iddiaçıya bildirmişdir ki, lotereya oynayıb ona olan borcunu ödəmək istəyir və xahiş etmişdir ki, ona möhlət versin, amma iddiaçı razı olmamışdır. O, ərinə məxsus olan kartı iddiaçıya vermişdir. Karta hər ay 180 manat pul mədaxil olunurdu. 2020-ci ilin aprel ayından 2024-cü ilin yanvar ayına kimi həmin kart iddiaçıda olmuşdur. O, kartı cari ilin fevral ayında bağlatdırmışdır.

30. İşin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh İddiaçı 3100 manat məbləğində pul vəsaitini alması öz təsdiqini tapır. Cavabdeh ərinə məxsus olan kartın isə 2024-cü ilin fevral ayında bloklanması işin mübahisəsiz halıdır. Deməli xx.xx.2023-cü il tarixdə verilmiş pul vəsaitinə münasibətdə kartın iddiaçının istifadəsində olduğu iki ay müddətində aylıq 180 manat olmaqla, iki ay üçün 360 manat pul vəsaiti İddiaçı tərəfindən çıxarılmışdır.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi hüquqi nəticə ilə razılaşsa da, hesab edir ki, iddiaçı tərəfindən cavabdehin ərinə məxsus kartdan əldə edilmiş həmin 360 manat məbləğin iddiaçı tərəfindən çıxarılaraq götürülməsi nəzərə alınmalı və iddiaçıya xx.xx.2023-cü il tarixdən sonra ödənilməli olan 3100 manat məbləğindən çıxılmalı, ödənilməmiş qalan pul vəsaitinin məbləği isə 2740 manat müəyyən edilməlidir.

32. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

33. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

34. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

35. Beləliklə məhkəmə kollegiyası iş üzrə təqdim olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-238/2024 nömrəli qətnaməsi - Cavabdeh 3.100 manat pulun alınaraq İddiaçı ödənilməsi hissəsində dəyişdirilməli, Cavabdeh 2740 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Məhkəmə kollegiyası MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-238/2024 nömrəli qətnaməsi - Cavabdeh 3100 manat pulun alınaraq İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh 2740 (iki min yeddi yüz qırx) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar