Məhkəmə qərarları › İş №2(105)-1192/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1192/2024

07.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1192/2024 07.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh Minatulla oğluna qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: uşaq 3 yaşına çatanadək alimentin tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı X2 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-811/2024 nömrəli qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Quba Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli 2(027)-1091/2023 saylı qətnaməsindən müəyyən olunur ki, tərəflərin nikahı pozulmuş və birgə nikahdan olan 26 yanvar 2022-ci il doğumlu X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Minatulla oğlundan hər ay 220 manat aliment tutularaq X3 verilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı X6 məhkəmədə iddia qaldıraraq, Cavabdeh Minatulla oğlundan 26 yanvar 2022-ci il doğumlu X5 3 (üç) yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (yüz əlli) manatın tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Minatulla oğlu ilə 29 mart 2021-ci ildə rəsmi nikaha girərək ailə qurmuşlar. Birgə nikahdan 26 yanvar 2022-ci il doğumlu X7 adlı uşağı var. Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)- 1091/2023 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Qətnaməyə əsasən uşaq onun himayəsinə verilmişdir, eləcə də hər ay Cavabdeh Minatulla oğlundan 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Oğlu X5 sağlamlığı ilə bağlı çox ciddi problemləri var. Tez-tez həkim nəzarətində olur və mütəmadi olaraq müvafiq dərmanlar qəbul edir. Oğlunun sağlamlığı ilə bağlı müvafiq həkim sənədləri var, eləcə də oğlunun real şəkilini məhkəməyə rəsmi olaraq təqdim edir. Belə ki, oğlu X7 təcili olaraq əməliyyat olunmalıdır. Həkimlərin bildirdiyinə görə tez bir vaxtdla əməliyyat olunmasa gələcəkdə uşaqda çox ciddi problemlər olacaqdır. Əməliyyatın həyata keçirilməsi üçün təxminən 3000 (üç min) manata yaxın ödəniş lazımdır. Hesab edir ki, övladının sağlamlığı ilə bağlı bütün problemlərin həll olunmasında cavabdeh ata olaraq yaxından iştirak edib maddi dəstək verməlidir. O, çox çətin maddi durumdadır. Alimentdən başqa heç bir yerdən gəliri yoxdur. Uşaq isə böyüyür və onun maddi tələbatları getdikcə artır. Cavabdeh uşağının normal böyüməsi üçün ona qayğı göstərməli, onun bütün ehtiyaclarını tam ödəməlidir. Bu onun həm atalıq borcudur, həm də qanunun onun qarşısında qoyduğu birmənalı tələbdir. Buna görə də o, hesab edir ki, onun iddia tələbi təmin edilməli və uşağın 3 (üç) yaşına çatana kimi saxlanması üçün Cavabdeh Minatulla oğlundan hər ay 150 (yüz əlli) manat tutularaq ona ödənilməlidir.

4. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-811/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Vüsalə Qasımova).

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 81.1, 81.2, 81.3, 84.1, 84.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı X6 apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin 30 aprel 2024cü il tarixli, 2(067)-811/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı apellyasiya şikayətini onunla əsalandırmışdır ki, brinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını kobud pozub, maddi hüquq normalarını səhv təfsir edib, onun tərəfindən təqdim edilmiş əsaslı sübutlara düzgün hüquqi qiymət vermişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iddiaçı X6 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh Minatulla oğluna məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişlər.

11. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

13. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

14. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

“Uşaq hüquqlarına dair” BMT Konvensiyası

15. Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər.

“Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

16. Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir;

17. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

18. Maddə 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər:

19. 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; ...

20. Maddə 86. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

26. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

30. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-811/2024 saylı qətnaməsini tam həcmdə mübahisələndirmişdir.

31. Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-811/2024 nömrəli qətnaməsi qismən ləğv edilməli və həmin hissədə iddianın qismən təmin edilməsi, Cavabdeh Minatulla oğlundan 26 yanvar 2022-ci il təvəlldlü X5 3 yaşına çatana kimi hər ay 80 manat məbləğində aliment tutulub iddiaçı X3 ödənilməsi barədə yeni qətnamə çıxarılmalıdır.

33. Məhkəmə kollegiyası hər şeydən öncə qeyd edir ki, iddiaçının tələbi cavabdehlə birgə nikahından olan uşağın üç yaşına çatanadək keçmiş ərdən aliment tələbidir.

34. İddianı təmin etməyən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının uşağın 3 yaşına çatanadək 150 manat maddi yardım verilməsinə dair məhkəməyə verdiyi iddia tələbi mötəbər sübutlar təqdim olunmadığından, habelə cavabdehin kömək göstərməkdən imtina etməsi, eləcə də zəruri vəsaitə malik olması sübuta yetirilmədiyindən təmin edilməməlidir.

35. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, qüvvədə olan Ailə Məcəlləsinin 14-cü fəsli ər-arvadın və keçmiş ər-arvadın aliment öhdəliklərini müəyyən etmişdir. Hazırkı iş üzrə isə Quba Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuşdur və onların birgə nikahından olan 26 yanvar 2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Minatulla oğlundan hər ay 220 manat aliment tutularaq X3 verilməsi qət edilmişdir.

36. Göründüyü kimi, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir.

37. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

38. Məhkəmə kollegiyası “uşağın 3 yaşına çatanadək cavabdehdən hər ay 150 manat məbləğində alimentin tutulması”na dair iddia tələbinin araşdıraraq, hesab edir ki, iddia qismən əsaslıdır.

39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehin həqiqətən də zəruri vəsaitə malik olmasına dair hər hansı sübut təqdim etmədiyindən, iddia tələbi qismən təmin edilərək, cavabdehdən hər ay 80 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir.

40. Bundan başqa, məhkəmə alimentin cavabdehdən tutulan alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, uşağın 3 yaşına çatanadək cavabdehdən tutulan alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan - xx.xx.2024-cü il tarixindən başlanmalıdır.

41. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-811/2024 nömrəli qətnaməsi qismən ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-811/2024 nömrəli qətnaməsi qismən ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edlsin. Cavabdeh Minatulla oğlundan xx.xx.2024-cü il tarixindən başlayaraq, 26 yanvar 2022-ci il təvəllüdlü X5 3 (üç) yaşına çatana kimi hər ay 80 (səksən) manat məbləğində aliment tutulub iddiaçı X3 verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar