Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1194/2024 10.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və mənəzi ziyan tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-686/2020 nömrəli, 14 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddianın qismən təmin edilməsi, Cavabdeh 27.000 manat məbləğində pul alınaraq, İddiaçı qızına verilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 50%-inin iddiaçıya, 50%-inin cavabdehə aid edilməsi, Cavabdeh 15 manat məbləğində pul alınaraq, iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 50.000 manat borc pulun, mənəvi ziyana görə 3000 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 30 manat pul olmaqla, cəmi 53.030 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2014-cü ildən oğlu Elçinə görə tanıyır. Oğlu Elçinlə onu, Quba rayonu, Zizik kənd sakini X1 tanış edib. Məmməd Mustafayevdən xx.xx.2015-ci il tarixdə 4.000 manat borc pul almış və öz xətti ilə iltizam yazaraq xx.xx.2015-ci il tarixə kimi qaytaracağına söz vermişdir. Hal-hazırda M.Mustafayev barəsində dələduzluq maddəsi ilə cinayət işi araşdırılır. Cavabdeh “Texnibank”ın Quba filialından 50.000 manat kredit götürmək istəyib və oğlundan xahiş edib ki, bankda ona zamin dursun. Oğlu Elçinin pula ehtiyacı olduğu üçün cavabdehdən 13.000 manatı da özünə istəmişdir. Buna görə də, oğlu cavabdehə zamin durmuş və yaşadığı Quba şəhərindəki evi də banka girov qoymuşdur. Müəyyən müddət keçdikdən sonra kreditin aylıq məbləğini ödəyə bilməmiş və buna görə də, evini sataraq bankın kreditini tam ödəmişlər. Cavabdeh söz vermişdir ki, yaxın müddətdə ona pulu qaytaracaq. Evsiz qaldığına görə Quba şəhərində Nərgiz adında şəxsin evini tapmış və aralarındakı razılığa əsasən Xaçmaz şəhəri, Qaraqurtlu kəndində ona 13.000 ABŞ dollarına Teymurov Əlipulatın evini tapmışdır. Həmin evin pulunu tam verə bilmədiyinə görə 6.000 ABŞ dollarını Əlipulata vermiş və qalan məbləği də Talehdən alıb verəcəyini bildirmişdir. Cavabdeh uzun müddət pulunu verə bilməmiş və Əlipulat Nərgizin evindən çıxararaq başqa şəxsə satmışdır. Əlipulat da verdiyi 6.000 ABŞ dollarını ona qaytarmamışdır. Əli pulu aldığını etiraf etsədə pulu ona vermir. Bütün bunlarla bağlı o, Xaçmaz və Quba RPŞ-yə ərizə ilə müraciət etmiş, araşdırma zamanı hadisənin mülki xarakterli olduğundan məhkəmə qaydasında məsələni mübahisələndirməyi ona məsləhət görmüşlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Quba Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tamamilə yanlış məlumatlar əsasında qəbul edilmişdir. Təxmini 2008-2009-cu illərdə sahibkarlıqla məşğul olurdu. Bunun üçün xüsusi biznes plan tərtib edərək müvəkkil banklardan 50000 manat Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kredit götürməyi planlaşdırırdı. Bütün sənədlərini hazırladıqdan sonra Quba rayonunda olan banklara müraciət etdikdə girov qoymalı olduğunu və onun girovunu bəyənmədikləri bildirdilər. Beləcə onun kredit götürməyi bir müddət uzandı. Lakin sonradan Məmməd adlı bank işçisi ona zəng edərək kredit verə biləcəyini dedikdə ona layihəni özünün edəcəyini və daha kreditə ehtiyac olmadığını bildirdi. O çox sərfəli olduğunu, yəni illik 7% kredit ayrıla biləcəyini və girovu da özü təşkil edəcəyini bildirərək biznes planı banka təqdim etməyi və sadəcə krediti onun adına rəsmiləşəcəyini bildirdi. Onu da əlavə etmişdir ki, heç bir təhlükə yoxdur, gələcəkdə ödəniş olmasa girov qoyulmuş əmlak satılıb banka ödəniləcək. O, banka gəlib sənədləri imza edəndə Neva və onun oğlunu orada görmüşdür. Əslində girov nə olduğunu və necə qoyulduğunu bilməmişdir. Bütün bunların hamısını Məmməd özü edirdi. Layihəyə görə ilkin olaraq 30 min pul ayrılır, qalan məbləğ isə bir neçə aydan sonra verilməli idi. İlkin olaraq 30 min götürdükdən sonra üç yerə bölərək ödənişi də bərabər ödəmək barədə razılaşmışlar. Qalan məbləğ isə bir neçə aydan sonra verilməli idi. Lakin kreditin ödəniş vaxtı çatanda Məmməd və Nevanın oğlu Elçin ödənişi yubatdılar, ona görə də kreditin ödənişi bir müddət hesabda qalan puldan silindi. Hesabda pul tutulduqdan sonra məcbur qalıb adına gecikmə düşməsin deyə bir miqdar o ödəmiş, daha sonra Nevanın evinə Məmməd müştəri tapıb sataraq banka olan borcu tam ödədi. Hətta həmin vaxt Nərgiz adlı şəxsin evini guya ona vermiş və bir müddətdən sonra Nərgiz onu məhkəməyə verərək evindən çıxartmışdır. O, Neva adlı şəxsin evini banka girov qoymamış, ümumiyyətlə Məmmədi bank vasitəsilə tanımışdır. Banka Nevanın evini Məmməd qoyub, kreditidə özü götürüb Nevanın uşaqları ilə bölüşüb. Onun Nevaya borcu yoxdur, Nevanın qaldırdığı iddia əsassız və quramadır. Məhkəmə heç bir araşdırma aparmadan əsassız qətnamə qəbul etmişdir. Qeyd edir ki, Quba Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə ona bugünə kimi rəsmi olaraq verilməmişdir. Məhkəmənin barəsində qətnamə qəbul etməsini icra məmurunun onu axtarması zamanı xəbəri olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırma hissəsindən belə aydın olur ki, cavabdehin hərəkətləri nəticəsində əsassız varlanma halı olmuşdur. Lakin, məhkəmə qətnaməsində kredit müqaviləsinin nə vaxt bağlanması, banka olan borcun hansı tarixdə tam olaraq ödənilməsi, həqiqətən iddiaçıya məxsus olmuş evin həmin kreditin təminatı olaraq banka girov qoyulması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Qətnamədən görünür ki, iddiaçı məhkəmə iclasında iştirak edərək iddianı müdafiə edərək bildirmişdir ki, evi banka girov qismində qoyub pul götürmüşlər. Həmin puldan 13.000 manatını oğlu almış, 27.000 manatını isə cavabdehə vermişlər. Göründüyü kimi, bu hal da məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz qərar qəbul etmişdir. Çünki, işin faktiki hallarından məlumdur ki, sözügedən kredit öhdəliyi sahibkarlığa kömək milli fondunun xətti ilə ayrılmış, belə layihələr üzrə dövlət tərəfindən xüsusi güzəştli 6-7% olmaqla faiz dərəcələri tətbiq edilir. Həmin müqavilədə məhz bu faiz bəndlərinə uyğun tətbiq edilmişdir. İddiaçının qeyd etdiklərini cavabdeh tərəfin təqdim etdiyi sübutlara nisbətən üstünlük verilməsi bərabərlik prinsiplərini və faktlar əsasında həyat keçirilən prinsipləri pozmuşdur. Məhkəmə faktlara deyil, fərziyyələrə, eyni zamanda həqiqəti əks etdirməyən ehtimallara söykənmişdir. Həmçinin birinci instansiya məhkəməsində işə baxılan zaman cavabdehin iştirakı təmin edilməmişdir. Məhkəmədə işə baxılan zaman onun sübutlar təqdim etmək, verilmiş iddiaya etiraz etmək hüququ pozulmuşdur. Bununla da məhkəmə cavabdehin iştirakı olmadan işə birtərəfli baxmış, işin bütün faktiki hallarını araşdırmamışdır. Birinci instansiya məhkəməsində işə baxılan zaman kreditin nə vaxt götürülməsi, kredit öhdəliyinin tam olaraq bağlanması və ipoteka predmetinin nə vaxt satılması araşdırılmamış və məhkəmə qətnaməsində bununla bağlı heç bir məlumat qeyd edilməmişdir. Bu hallar çox mühüm əhəmiyyət kəsb edir. Çünki məhkəmə həmin iş üzrə cavabdehin əsassız varlandığını öz qətnaməsində əsaslandırmağa çalışmışdır. Əgər həqiqətən də cavabdehin hərəkəti ilə əsassız varlanma olmuşdursa onda niyə məhkəmə iki illik kəsici müddəti tətbiq etməmişdir. Əgər tətbiq etsəydi onda iddia tələbi təmin edilmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul etməli idi. Məhkəmə qətnaməsində qeyd edir ki, 27 min manat cavabdehdən tutulmalıdır. Lakin bu məbləğ necə yarandığını, niyə məhz 27 min manat olmasını aydınlıq gətirməmişdir. Çünki iddiaçı qeyd edir ki, 13 min manat pul vəsaitini oğlu götürmüşdür. Əgər kredit məbləği 50 min manat olmuşdursa onda həmin məbləğdən 13 min çıxdıqda 27 min alınmır. Bu hallar da məhkəmənin qətnaməsində müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsində kreditin cavabdehə nə qədər çatması, cavabdehin üzərinə düşən öhdəliyin həcmi aydınlaşdırılmamışdır. Götürülmüş kredit üç yerə bölündüyü halda məhkəmə yalnız iddiaçının oğlununa çatan payı nəzərə alaraq iddia tələbindən çıxmışdır. Lakin məhkəmə həmin məbləğin Məmməd adlı şəxsə çatmasını araşdırmamışdır. Bununlada məhkəmə tərəfindən cavabdehin 27 min manat ödəmək öhdəliyinin hansı əsaslarla yarandığı sübuta yetirilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni Cavabdeh İddiaçı qızına 27.000 manat məbləğində borclu olmasının iş materialları ilə öz təsdiqini tapması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırmadan (xəbərnamə) əldə etmədən, onun iştirakı olmadan iddia tələbinə baxılaraq iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərə iddia ərizəsini, məhkəmə bildirişini rəsmi qaydada verməlidir (Mülki Prosessual Məcəllənin 134.1.1. və 134.1.4. maddələri). Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (Mülki Prosessual Məcəllənin 138.1. və 138.3. maddələri). “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarı). Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsidir (Mülki Prosessual Məcəllənin 387.2.4. maddəsi). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Baxılan iş üzrə iddia tələbi cavabdehin əsassız əldə etdiyi pulun qaytarılması barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091.1, 1092.1-ci maddələri təşkil edir. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (Mülki Məcəllənin 1091.1., 1092.1. maddələri). Qanunun mənasına görə əsassız varlanma heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına zənginləşməni ehtiva edən hüquqa zidd hərəkətdir və əsassız varlanmış şəxs əldə etdiklərini mərhum olanın tələbi ilə ona qaytarılmalıdır. İşdən göründüyü kimi, tərəflər arasında 50.000 manat məbləğində pulun verilməsini təsdiq edən hər hansı bir tutarlı sübut mövcud deyil. Odur ki, iddiaçı ilk növbədə cavabdehin onun hesabına varlandığını və bununla ona zərər vurduğunu sübut etməli olduğı halda bunu təsdiq edəcək hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia tələbi təmin edilə bilməz. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin cavabdehin nümayəndəsi Vəkil müddətin tətbiqi barədə ərizəsinə gəldikdə də aşağıdakıları qeyd etməyi zəruri hesab edir. B.Mürsəlovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun 12 mart 2020-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyi də nəzərə alınmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışdırsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahiş əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər. Bu halda, apellyasiya instansiya məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir (Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli və L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli qərarları). İşdən göründüyü kimi cavabdeh birinci instansiya məhkəməsində gedən icraat barədə məlumatsız olduğundan, yuxarıda qeyd olunan qanunvericiliyin tələbi baxımından iddia müddətinin ötürülməsi barədə xahişini əks etdirən ərizəni birinci instansiya məhkəməsinə təqdim etməmişdir. İşdən göründüyü kimi iddiaçı hüququ pozulduğunu xx.xx.2017-ci ildə Xaçmaz rayon Polis Şöbəsinə müraciət edərkən bildiyi halda xx.xx.2020-ci il tarixdə mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmiş və bununla da Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş 2 illik iddia müddətini də ötürmüşdür. İddiaçı mövcud qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini də ötürməklə məhkəməyə müraciət etdiyindən, bu əsasla da iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası mənəvi ziyana görə 3000 manat məbləğində pulun tutulması hissəsinə gəldikdə isə qeyd edir ki, iddiaçı mənəvi sarsıntı və stress keçirməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim etmədiyindən, həmin hissədə də iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul və mənəzi ziyanın ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1194/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1194/2024
10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver