Məhkəmə qərarları › İş №2(105)-1208/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1208/2024

23.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1208/2024 23.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1672/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh və İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhər VVADQ şöbəsində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 507 № ilə qeyd edilmişdir. Tərəflərin xx.xx.2008-ci təvəllüdlü X2 adlı bir övladı vardır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2008-ci ildə anadan olmuş qızı X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, məhkəmədə ödənilməli olan dövlət rüsumu və mediasiya xərclərinin cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2007-ci ildə Cavabdeh ilə rəsmi nikaha girmiş, onların xx.xx.2008-ci ildə Əsmər adını verdikləri bir qız övladı var. Cavabdeh iddiaçını ünvan 1 ünvanına arvadı kimi köçürmüş və 2023-cü ilin iyun ayına qədər iddiaçı həmin mənzildə onunla birgə yaşayaraq birgə təsərrüfat idarə etmişlər. İddiaçı Cavabdeh ikinci evliliyindən olan arvadıdır. Birinci evliliyindən olan arvadı ölmüşdür. Birinci ailə münasibətlərindən cavabdehin Adilə və Mehman adlı iki övladı var. Mehman ailə qursa da, arvadından boşanmış, Adilə isə 2015-ci ildə Türkiyəyə gedib orada yaşasa da, 2022-ci ildə ölkəyə gəlmişdir. 5 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə üç otaqlı mənzildə yaşamışlar. Ərinin Adilə adlı qızı ölkəyə gələnədək çətinliklə olsa da yola getmişlər. Ərinin oğlu Mehman spirtli içki qəbul edib evdə iddiaçıya qarşı kobudluq etmişdir. Cavabdeh 2008-ci ildən yataq xəstəsi olduğundan ona arvadı kimi iddiaçı qulluq etmişdir. 2023-cü ilin iyul ayında cavabdehin övladları iddiaçı və onun qızını mənzildən zorla qovmuşlar. Qızı Əsmər həmin evdə qeydiyyatdadır, iddiaçı isə həmin evdə qeydiyyatda deyildir. İddiaçı 15 yaşlı qızı ilə məcbur olub kirayədə yaşayan digər qızının evində qalır. Qızının saxlanması üçün atası tərəfindən heç bir vəsait ödənilmir.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1672/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2024cü il tarixindən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, mediasiya xərci olaraq ödənilmiş 50 manat pulun əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi və məbləği barədə razılıq olmadığı üçün alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalı, ona görə də iddia tələbi qismən təmin edilməlidir.

6. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 75, 76, 78-ci maddələrinin və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, təyin edilmiş alimentin məbləğinin dəyişdirilərək 235 (iki yüz otuz beş) manat, habelə gözünün müalicəsi üçün hər ay əlavə 100 manat pulun Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əsmər Baxşəliyeva orta məktəbin 9-cu sinifini bitirib, ali məktəbə daxil olmağa hazırlaşır. Bunun üçün hazırda əlavə kurslara getmək lazımdır ki, bu da əlavə xərc və pul vəsaiti tələb edir. Məhkəmə isə alimenti təyin edərkən valideyinin uşağın saxlanması üçün əlavə xərclərdə iştirakının vaciblini nəzərə almamışdır və cəmi 200 manat aliment verilməsi barədə qətnamə qəbul etmişdir. Həm də qızı Əsmərin səhhətində problemlər var, gözündə əməliyyat aparılmasına ehtiyac vardır. Bu barədə may ayında qızı məktəbdə müayinədən keçərkən məlum olmuşdur. Əri, yəni Əsmərin atası 600 manata yaxın pensiya alır, iddiaçı isə heç yerdə işləmir. Qızı ilə bərabər onu evdən qovublar, kirayədə qalan qızının bir otaqlı mənzilində müvəqqəti qalır. Mənzil kirayə etməyə maddi imkanı yoxdur. Qızı Əsmər dərslərini hazırlamaqda çətinlik çəkir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə alimentin məbləğini müəyyən edərkən onun və qızının cavabdehin övladları tərəfindən mənzildən zorla qovulmağını, əlavə xərclərə səbəb olmasını, bununla da qızının maddi təminatının hərtərəfli təmin olunmasını nəzərə almamışdır. Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər hansı biri ilə uşaq qalıbsa, bir valideyindən az təminatlı diğər valideyinin xeyrinə hər ay tutulan alimentin miqdarı bu məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə, məhkəmə valideyinləri faktiki çəkilmiş xərclərə görə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə alimentin təyin edilməsi ilə əlaqədar qeyd edilən maddi hüquq normaları düzgün tətbiq edilmədiyi üçün qızının saxlanması üçün alimentin məbləği cəmi 200 manat təyin edilməsi barədə qətnamə qəbul etmişdir. Bu məbləğ həddi-buluğa çatmayanlar üçün 2024-cü ildə qəbul edilmiş 235 manat olmasına baxmayaraq 200 manat təyin edilmişdir. Məhkəmə hazırda ölkədə hökm sürən iqtisadi vəziyyəti nəzərə almadan, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, səhv nəticəyə gələrək əri Cavabdeh 600 (altı yüz) manata yaxın pensiya almasını qeyd etsə də, övladının saxlanmasına cəmi 200 manat məbləğində aliment müəyyən etməklə, maddi vəziyyətlərini, kirayədə qalmaqlarını, digər zəruri məsələləri nəzərə almamış, cavabdehin nümayəndəsinin əsassız arqumentlərinə əsaslanmışdır. Birinci instansiya məhkəməsinin proseslərindən sonra həkim müayinəsi zamanı məlum olmuşdur ki, qızı Əsmərin gözlərində problem vardır, bu barədə həkim arayışı vardır. Həmin arayışda qeyd edilir ki, mürəkkəb miopatik asiqmatizm (h52.2) diaqnozu ilə ambulator müalicə təyin edilmişdir. Həkimin sözlərinə görə qızı 18 yaşına çatana qədər müalicə olunmalıdır, əgər yaxşılaşma olmasa, cərrahi əməliyyat zəruri olacaqdır. Çünki qızının sol gözü demək olar ki, gündəngünə zəifləyir. Bütün bunlar əlavə vəsait və xərc tələb edir. Yeni dərs ilində qızı orta məktəbin 10-cu sinfində oxuyacaqdır. Ali məktəbə hazırlaşır, əlavə kurslara getmək üçün əlavə pul lazımdır. Əsmərin gözlərində xəstəliyin olması ona yeni məlum olub, ona görə də bu sübutun qəbul edilməsini xahiş edir və hesab edir ki, bu qanunazidd deyildir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı Cavabdeh yazılı etiraz təqdim etmişdir.

10. Etiraz onunla əsaslandırılmışdır ki, 2005-ci ildə faktiki ailə həyatı qurmuş və bir neçə il sonra-evlilik dövründə səhhətində problemlər yaranmış, nəticədə əmək qabiliyyətini və orqanizm funksiyasının 100 faizini itirməklə yataq xəstəsidir. İddiaçı onu xx.xx.2023-cü ildə yataq vəziyyətində ataraq evdən getmiş, hətta gedərkən onun yeganə gəliri olan pensiya kartını da aparmış və 4 ay həmin kartdan pul çıxarmış, 6 ay isə dövlət tərəfindən ona 1-ci dərəcəli əlil kimi təyin edilmiş baxım pulunu da özü yemişdir, nəticədə ona çatası 3000 manata yaxın pulunu ələ keçirmiş, onu ağır duruma salmışdır. Məhkəmə onun əlil, 1ci dərəcəli yataq xəstəsi olduğunu nəzərə alaraq ümumiyyətlə onu aliment öhdəliyinə cəlb etməli deyildi, çünki onun başqa yerdə işləmək imkanı yoxdur, kənar şəxsin köməyinə və yardımına ehtiyacı vardır və bu göstəriş TSE və RA-nin verdiyi qərarla da təsdiqlənmişdir. Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Göründüyü kimi onun əmək qabiliyyətinin olmaması təsdiq edilmiş və bu səbəbdən də ona 1-ci dərəcəli əlillik təyin olunmuşdur. Lakin iddiaçı sağlamdır və bu səbəbdən də ona qarşı aliment tələbi ilə bağlı iddia qaldıracaq. Ailə Məcəlləsinin 85-ci maddəsinə görə aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; 85.1.2. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 85.1.3. nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); 85.1.4. ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad). 85.2. Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. 72 yaşı vardır, birinci dərəcəli əlil kimi təyin edilmiş pensiya onun dava-dərmana olan tələbatını ödəmir, məhkəmə bu halı nəzərə almaqla onu aliment öhdəliyindən də azad edə bilərdi, lakin məhkəmə ondan 200 manat alimentin tutulmasına qərar vermişdir. Oğlu qərardan şikayət verməməyə və həmin pulu hər ay özünün də köməkliyi ilə ödəyəcəyini bildirmişdir, bu səbəbdən də apellyasiya şikayəti verməmişdir, lakin iddiaçı onun bu addımına baxmayaraq əslində onun xeyrinə qəbul edilmiş qətnamədən apellyasiya şikayəti vermişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

13. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

14. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

16. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

17. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

18. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

20. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir.

24. Cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən məhkəmə kollegiyası tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin birinci dərəcə əlil olmaqla əmək qabiliyyətsiz olmasını, diqqətəlayiq olan digər halları əsas tutaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab edir.

25. İşdə olan 1952-ci il təvəllüdlü Cavabdeh gəlir məlumatlarından görünür ki, o, 593,3 manat pensiya alır və birinci dərəcəli əlilldir, əmək qabiliyyətsizdir.

26. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Apellyasiya şikayətinin X1 gözünün müalicəsi üçün hər ay əlavə 100 manat pulun Cavabdeh tutulması barədə dəlili ilə bağlı kollegiya qeyd edir ki, qeyd edilən hal şikayətdə göstərildiyi kimi yeni sübut yox, yeni tələbdir. MPM-in 372.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

28. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1672/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar