Məhkəmə qərarları › İş №2(105)-1216/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1216/2023

05.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1216/2023 05.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı təhsil xərcinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-1238/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AZ-İİ 822924 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2005-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.

2. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli nikah müqaviləsinin surətindən görünür ki, onlar xx.xx.2010-cu il tarixli nikahdan sonra bir sıra hüquq və vəzifələrlə bağlı qarşılıqlı surətdə razılığa gəlmişlər.

3. 14120 saylı, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, X8 təhsil haqqı kimi 1000 manat vəsaiti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Sənaye və Texnologiya Kolleci PHŞ-nin hesabına ödəmişdir.

4. 952430 saylı məlumatdan görünür ki, X8 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Sənaye və Texnologiya Kollecinə, kompyuter sistemlərində proqram təminatı ixtisasına ödənişli əsaslarla daxil olmuşdur.

5. Nikahın pozulması haqqında AZ-İ 338152 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahı pozulmuş, bu akt xx.xx.2019-cu il tarixdə 287 nömrə ilə qeydə alınmışdır.

6. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Sənaye və Texnologiya Kollecinin xx.xx.2022-ci il tarixli, 723 saylı arayışından görünür ki, X8 2022/2023-cü tədris ilində ümumi orta (9 illik) təhsil bazasından Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya kollecinin “Kompüter sistemlərində proqram təminatı” (040530) ixtisasının əyani şöbəsinə ödənişli əsaslarla daxil olmuşdur. Hal-hazırda həmin ixtisas üzrə 1-ci kurs KP102R nömrəli qrupunda təhsilini ödənişli əsaslarla davam etdirir. Təhsil müəssisəsini bitirməsi nəzərdə tutulmuş il 2025-ci ildir.

7. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Sənaye və Texnologiya Kollecinin xx.xx.2023-cü il tarixli, 127 saylı arayışından görünür ki, X8 2022/2023-cü tədris ilində ümumi orta (9 illik) təhsil bazasından Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya kollecinin “Kompüter sistemlərində proqram təminatı” (040530) ixtisasının əyani şöbəsinə ödənişli əsaslarla (1000 manat) daxil olmuşdur. Hal-hazırda həmin ixtisas üzrə 1-ci kurs KP102R nömrəli qrupunda təhsilini ödənişli əsaslarla davam etdirir. Təhsil müəssisəsini bitirməsi nəzərdə tutulmuş il 2025-ci ildir.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı Cavabdeh qarşı təhsil xərcinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya kollecində təhsilini başa vuranadək, illik təhsil haqqı 1000 manat olmaqla (2022-ci il daxil) cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 07 may 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan xx.xx.2011-ci ildə Cavid adlı övladları doğulmuşdur. Onun əvvəlki nikahından xx.xx.2005-ci ildə doğulmuş Hacı adlı uşağı üzərində Cavabdeh atalığı müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(012)-916/2019 saylı qətnaməsi ilə nikah pozulmuş, 09 dekabr 2005-ci il tarixdə anadan olmuş X4 və 03 dekabr 2011-ci il tarixdə anadan olmuş X3 onun himayəsində qalmaları və onların saxlanması üçün Cavabdeh alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh alimentdən əlavə uşaqların təhsil, təlim-tərbiyəsində iştirak etmir, əlavə xərclərini qarşılamaq üçün heç bir maddi köməklik göstərmir. Bununla da, cavabdehin övladlarına qarşı olan öhdəliyi yarımçıq qalır, övladlarının müalicəsi, digər ehtiyaclarının qarşılanması üçün digər öhdəlik yerinə yetirmir. Halbuki, onunla bağlanmış 23 aprel 2011-ci il tarixli nikah müqaviləsinin 7-ci maddəsində birbaşa qeyd olunmuşdur ki, cavabdeh nikah pozulduğu halda, birgə nikahdan doğulmuş uşaqlarını, onlar yetkinlik yaşına çatana qədər maddi baxımdan təmin etməklə bağlı üzərinə öhdəlik götürür. Həmin müqavilənin 8-ci maddəsində göstərilmişdir ki, Cavabdeh nikah pozulacağı təqdirdə, İddiaçı birinci nikahdan olan oğlu Hacı Qumruyevin normal həyat səviyyəsini, yüksək keyfiyyətli təhsil almasını təmin etməyi öhdəsinə götürür. xx.xx.2012-ci il tarixdə X6 Adil Əliş oğlu övladlığa götürmüş, doğum haqqında şəhadətnamədə müvafiq dəyişiklik edilərək Hacı Qumruyevin adı X2 qeyd olunmuşdur. X1 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Sənaye və Texnologiya kollecində, “Proqram təminatı” fakültəsində - ödənişli əsaslarla təhsil alır. Onun illik təhsil haqqı 1000 manat təşkil edir. Bu barədə cavabdehə məlumat versə də, pulu ödəməkdən imtina etdiyi üçün cari ilin təhsil haqqını xx.xx.2022-ci il tarixdə özü ödəmişdir.

10. İddiaçı MPM-in 53-cü maddəsinə istinad edərək tələbini dəqiqləşdirmiş və X4 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya kollecində 3 il müddətində təhsilini başa vuranadək, 3000 manat təhsil haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-916/2019 nömrəli qətnaməsinə və ondan sonra alimentin artırılmasına dair qəbul edilmiş qətnamələrə əsasən hər uşağın saxlanması üçün nəzərdə tutulmuş alimenti vaxtı-vaxtında ödəyir. Övladlığa götürdüyü iddiaçının əvvəlki nikahından olan oğlu Hacının təhsil haqqını onun tərəfindən ödənilməsinin aralarında bağlanmış nikah müqaviləsinin 8-ci bəndinə əsaslanması əsaslı deyil. Belə ki, həmin madddədə “keyfiyyətli təhsil alması” öhdəliyinin götürülməsi qeyd edilib. Təhsil haqqının ödənilməsi ilə keyfiyyətli təhsil almaq anlayışları tamamilə ayrı-ayrı anlayışlardır. “Təhsil haqqında” Qanunda keyfiyyətli təhsil dedikdə təhsil xərcinin ödənilməsi yox, daha çox mənəvi-psixoloji cəhətdən sağlam mühitdə təhsil almaq və ya təhsil vermək başa düşülür. Məhdud eşitmə qabiliyyətinin, yaşının 60-dan çox olmasına baxmayaraq üzərinə düşən uşaqları saxlamaq vəzifəsini layiqincə və vicdanla yerinə yetirir ki, Hacı və Cavid mənəvi-psixoloji cəhətdən sağlam mühiyyətdə keyfiyyətli təhsillərini alsınlar, onların geyimini, məktəbə getməini, yol xərci, qidalanması ödənsin. Təsil xərclərinə gəldikdə onun nikah müqaviləsində nəzərdə tutulmuş öhdəliyinə, nə də qanunvericiliklə üzrinə düşən vəzifələrinə aid deyildir. Odur ki, iddianın rədd edlməsini xahiş edir.

12. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-1238/2023 nömrəli qətnaməsi (hakim Məlahət Abbasova) ilə iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uşağın orta təhsil almasından sonra onun əlavə təhsil almasına görə cavabdehdən bununla bağlı vəsait tələb edilə bilməz. İddiaçının tərəflər arasında imzalanmış xx.xx.2011-ci il tarixli nikah müqaviləsinin 8-ci bəndinə istinad etməsi əsassızdır, çünki bu müddəa konkret olaraq nikah pozulduqdan sonra xx.xx.2005-ci il təvəllüdlü Hacı adlı uşağın ödənişli orta-ixtisas təhsili barədə xərcin ödənilməsi öhdəliyini ehtiva etmir. Həmin bəndlə Cavabdeh Hacı adlı uşağın yüksək keyfiyyətli təhsil almasının təmin edilməsi barədə İddiaçı qarşısında öhdəlik götürmüşdür. Məhkəmənin qənaətinə görə bu öhdəlik konkret yox, mücərrəd məna daşıyır və hazırki iddianın təmin edilməsinə hüquqi zəmin yaratmır.

14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsini 60.3, 81-ci maddəsinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

15. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında “Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır” cümləsində, istinad etmişdir ki, buda tamamilə yanlışdır. Belə ki, bu hal Valideyinlər arasında “uşağın yüksək keyfiyyətli təhsil almasının təmin olunması” ilə bağlı hər hansı saziş olmadıqda şamil edilir. Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında da, “Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə həll edilə biləcəyi, belə saziş olmadıqda isə, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər” kimi bir mənalı göstərilmişdir. 23 aprel 2011-ci il tarixli nikah müqaviləsinin müqavilənin 8-ci maddəsində göstərilmişdir ki, Cavabdeh nikah pozulacağı təqdirdə, İddiaçı birinci nikahdan olan oğlu Hacı Qumruyevin normal həyat səviyyəsini, yüksək keyfiyyətli təhsil almasını təmin etməyi öhdəsinə götürür. X1 2022/2023-cü tədris ilində ümumi orta (9 illik) təhsil bazasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Sənaye və Texnologiya kollecində, “Proqram təminatı” fakültəsində - ödənişli əsaslarla orta təhsilini davam etdirir. Yuxarıda qeyd olunanlar onu göstərir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflər arasında bağlanan sazişi nəzərə almamış qərar qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehlə bağlanmış nikah müqaviləsinin 8-ci bəndində göstərilmişdir ki, cavabdehlə nikah pozulacağı təqdirdə onun birinci nikahında olan Hacının normal həyat səviyyəsini və yüksək keyfiyyətli təhsil almasını təmin etməyi öz öhdəsinə götürür. Cavabdeh müqavilənin 8-ci bəndini icra etmir. Birgə nikahda olan zaman cavabdeh 2000 manat pulu gələcəkdə lazım olarkən xərclənmək üçün banka depozitə qoymuş, lakin bir müddət sonra cavabdeh özü həmin pulu kredit ödənişi ilə bağlı bankdan çıxararaq istifadə etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, hazırda xəstədir, maddi imkanı yaxşı deyil, aylıq qazancı çox aşağıdır, şəraitsiz mənzildə yaşayır, mebel işi ilə bağlı usta işləyib, qazancı yaxşı olub, hazırda sifarişlər az olduğu üçün gəliri hədsiz azalıb. Əlinin bükülməsi ilə bağlı xəstəliyi var, işləməkdə çətinlik çəkir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 58. Uşaqların tərbiyəsi və təhsilində valideynlərin hüquq və vəzifələri 58.4.Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. 58.5.Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Maddə 60. Valideynlik hüquqlarının həyata keçirilməsi 60.3-cü maddəsinə görə uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Maddə 81. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

21. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (...) Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı (...) 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (...)

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir.

25. Belə ki, İddiaçı Cavabdeh qarşı təhsil xərcinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya kollecində 3 il müddətində təhsilini başa vuranadək, 3000 manat təhsil haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu zaman iddiaçı tərəflər arasında imzalanmış xx.xx.2011-ci il tarixli nikah müqaviləsinin 8-ci bəndinə istinad etmişdir. Həmin bənddən görünür ki, Cavabdeh nikah pozulacağı təqdirdə onunla birgə nikahda olan İddiaçı birinci nikahından olan oğlu Hacı Qumruyevin normal həyat səviyyəsini, yüksək keyfiyyətli təhsil almasını təmin etməyi öhdəsinə götürmüşdür.

26. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-1238/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

27. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uşağın orta təhsil almasından sonra onun əlavə təhsil almasına görə cavabdehdən bununla bağlı vəsait tələb edilə bilməz. İddiaçının tərəflər arasında imzalanmış xx.xx.2011-ci il tarixli nikah müqaviləsinin 8-ci bəndinə istinad etməsi əsassızdır, çünki bu müddəa konkret olaraq nikah pozulduqdan sonra xx.xx.2005-ci il təvəllüdlü Hacı adlı uşağın ödənişli orta-ixtisas təhsili barədə xərcin ödənilməsi öhdəliyini ehtiva etmir. Həmin bəndlə Cavabdeh Hacı adlı uşağın yüksək keyfiyyətli təhsil almasının təmin edilməsi barədə İddiaçı qarşısında öhdəlik götürmüşdür. Məhkəmənin qənaətinə görə bu öhdəlik konkret yox, mücərrəd məna daşıyır və hazırki iddianın təmin edilməsinə hüquqi zəmin yaratmır.

28. Göründüyü kimi, məhkəmə sadalanan hallara əsasən iddianın təmin edilməməsi nəticəsinə gələrkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamış, tərəflər arasında bağlanmış nikah müqaviləsinin şərtlərini nəzərə almamışdır.

29. Halbuki, MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir.

30. Azərbaycan Respublikası MPM-in 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

31. İddia tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında göstərilmişdir ki, yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər.

32. Hazırki işdən görünür ki, tərəflər arasında xx.xx.2011-ci il tarixdə bağlanmış nikah müqaviləsinin 8-ci bəndinə əsasən Cavabdeh nikah pozulacağı təqdirdə birgə nikahda olan İddiaçı birinci nikahından olan oğlu Hacı Qumruyevin normal həyat səviyyəsini, yüksək keyfiyyətli təhsil almasını təmin etməyi öhdəsinə götürmüşdür.

33. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə Hacı Qumruyevin normal həyat səviyyəsini, yüksək keyfiyyətli təhsil almasının cavabdeh tərəfindən təmin edilməsi barədə müddəa yer almışdır.

34. Həmçinin uşağın orta təhsil almasından sonra onun əlavə təhsil almasına görə cavabdehdən bununla bağlı vəsait tələb edilə bilməməsi, müqavilənin 8-ci bəndinin bu müddəa konkret olaraq nikah pozulduqdan sonra xx.xx.2005-ci il təvəllüdlü Hacı adlı uşağın ödənişli orta-ixtisas təhsili barədə xərcin ödənilməsi öhdəliyini ehtiva etməməsi bardə məhkəmənin mövqeyinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin 8-ci bəndində Hacının yüksək keyfiyyətli təhsil almasının təmin edilməsi qeyd edilərkən yüksək keyfiyyətli təhsilin forması konkret olaraq müəyyən edilməmiş, yüksək keyfiyyətli təhsili dedikdə yalnız icbari ümumi orta təhsil səviyyəsində təhsil almasının nəzərdə tutulmasına dair hər hansı qeyd göstərilməmişdir.

35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.

36. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun 21-ci maddəsinə görə orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir. Orta ixtisas təhsili kolleclərdə və ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində həyata keçirilir və subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi ilə başa çatır. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili almaq üçün qəbul olunanlar həm də tam orta təhsil alırlar. Orta ixtisas təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. Orta ixtisas təhsili müəssisələrində tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Orta ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi - diplom verilir. Orta ixtisas təhsili proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil pilləsini müvəffəqiyyətlə başa vuran məzunların-subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınır.

37. Hazırki işdən görünür ki, tərəflərin övladı Hacı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya kollecində təhsil alır. Bu isə icbari orta təhsil deyil, icbari orta təhsildən sonra təhsil səviyyəsinin, keyfiyyətinin artırılması üçün alınan təhsil kimi başa düşülməlidir.

38. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin övladı Hacının hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya kollecində təhsil alması onun öz təhsilinin keyfiyyətinin artırılması, onun mütəxəssis kimi yetişməsinə müstəsna rol oynayacağı, dolayısı ilə yüksək keyfiyyətli təhsil alması mənasını daşıyır.

39. Məhkəmə kollegiyası Hacının Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya kollecində təhsil alması təhsil haqqının ödənilməsi ilə bağlı qeyd edir ki, iş materiallarından və iddiaçının izahatından müəyyən edilir ki, iddiaçı övladı Hacının 2022-2023-cü təhsil ili üçün təhsil haqqını artıq ödəmişdir. Belə olan halda cari il üçün təhsil haqqı ödənildiyindən həmin pulun cavabdehdən tələb edilməsi zərurəti də aradan qalxmışdır.

40. Bundan başqa məhkəmə kollegiyası növbəti iki il üçün təhsil haqqının cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, qanunvericiliyə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

41. Belə olan halda iş üzrə tərəflər övladları üzərində bərabər hüquq və vəzifələrə malik olduqlarından Hacının növbəti təhsil haqqı da valideynlər arasında bərabər bölünməlidir.

42. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qismən əsaslı hesab edərək qeyd edir ki, tərəflər övladları üzərində bərabər vəzifələrə malik olduğundan övladlarının təhsil alması üçün zəruri olan təhsil haqqının ödənilməsi cavabdehlə yanaşı iddiaçının da vəzifəsidir.

43. Eyni zamanda məhkəmə kollegiyası müqavilənin şərtlərinin xeyrinə yazılmaması barədə cavabdehin dəlilinə qiymət verərək qeyd edir ki, bağlanmış müqavilənin şərtləri tərəflər arasında qəbul edildikdən sonra onlar tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmişdir. Həmin müqavilə qüvvədədir.

44. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-1238/2023 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, X4 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya kollecində 2023-2024 və 2024-2025-ci illər üzrə təhsil aldığı müddətdə hər ilin avqust ayının 20-dən gec olmayaraq illik təhsil haqqına görə 500 (beş yüz) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-1238/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. X4 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya kollecində 2023-2024 və 2024-2025-ci tədris illəri üzrə təhsil aldığı müddətdə hər ilin avqust ayının 20-dən gec olmayaraq illik təhsil haqqına görə 500 (beş yüz) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar