Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1225/2022 18.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X5, İddiaçı, Cavabdeh iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(074)-149/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şamaxı Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(074)-149/2022 nömrəli qətnaməsi ilə (hakim N.Ə.İsmayılov) İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilib, 13 iyun 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 30 noyabr 2021-ci il tarixdən başlayaraq hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 34,40 (otuz dörd manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi və qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(074)-149/2022 nömrəli qətnaməsinin qismən ləğv edilib, alimentin məbləğinin azaldılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh ilə birgə nikahdan doğulmuş 13.06.2019-cu il təvəllüdlü X6 onun himayəsində qalması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin və əlavə olaraq uşağın 3 yaşı tamam olanadək hər ay cavabdehdən 50 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ailə həyatı qurmuş və nikahlarını 13.09.2018-ci ildə rəsmiləşdirmişlər. Birgə nigahlarından 13.06.2019-cu il tarixdə Günay adlı bir nəfər uşaqları doğulmuşdur. Cavabdehlə əvvəldən ailə münasibətləri yaxşı olmuş, lakin sonradan onunla tez-tez söz-söhbəti olmağa başlamışdır. Bu hal bir neçə dəfə təkrarlandığına görə 15 iyun 2021-ci il tarixində uşağını da götürüb ata evinə getmişdir. Cavabdeh indiyədək uşağı ilə maraqlanmamışdır. Özü işsizdir, uşaq da körpə olduğundan daimi onu məşğul edir. Cavabdeh maddi yardım göstərməmiş, uşağın yeməyi, geyimi, sağlamlığı və təhsili ilə qətiyyən maraqlanmamışdır. Cavabdehlə boşanmaq fikrində deyil, 5 aydan çoxdur ki, birgə yaşayışları da yoxdur. Cavabdehlə birgə nigahlarından olan 13.06.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulub ona verilməsi zərurəti olduğundan hazırki iddia ərizəsi ilə məhkıməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsi 27 yanvar 2022-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2, 78.1, 78.2-ci maddələrinin və «İcra haqqında» Azərbaycan Respublikasının Qanunun tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(004)-3845/2019 nömrəli qətnaməsi ilə əvvəlki nikahdan olan uşaqları - 05 noyabr 2005-ci il təvəllüdlü X8 və 23 dekabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün ondan hər ay bir nəfər uşağa 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulur. Mən heç bir yerdə işləmədiyinə və gəlir yeri olmadığından birinci evliliyindən olan uşaqlara görə valideyinlərinin etdiyi maddi köməkliyi ilə aliment ödənilir. Özü onurğa xəstəliyindən əziyyət çəkdiyindən ağır işlərdə işləyə bilmir. Ona görə də "xxxx" MMC-də mühavizəçi işində işləməklə, əmək müqaviləsinə əsasən aylıq 300 manat əmək haqqı alır. Aldığı 300 manat əmək haqqı 3 uşağa görə alimentin ödənilməsinə yetərli deyildir, çətin də olsa 13 iyun 2019-cu il təvəllüdlü Günayın saxlanması üçün 60-80 manat aliment ödəməlidir. Aldığı 300 manat əmək haqqı tam aliment kimi tutularsa faktiki onun maddi cəhətdən yaşamağı çətin olacaqdır, bu hal nəzərə alınmalıdır. 2-ci həyat yoldaşı İddiaçı Abşeron rayonu, Höküməli qəsəbəsində 2 sot həyətyani torpaq sahəsində fərdi yaşayış evi vardır və maddi imkanı normaldır. Özünə məxsus isə heç bir daşınar və ya daşınmaz əmlakı yoxdur. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, aliment tələbi barədə iddianın qismən təmin olunması xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edib, rədd edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh Əzizov X7 Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(074)- 149/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti ilə qətnamənin aliment təyini hissəsində mübahisələndirmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız aliment təyini hissədə araşdırılır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ 273022 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X9 arasında nikah 13.09.2018-ci il tarixdə Şamaxı rayonu, Göylər kəndində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13.09.2018-ci il tarixdə 17 nömrə ilə qeyd edilmişdir. Şamaxı rayonu, Göylər kənd inzibati ərazi dairəsi tətəfindən 21 iyun 2019-cu il tarixdə verilmiş AZ-İV № 261957 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 13.06.2019-cu ildə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(004)- 3845/2019 nömrəli qətnaməsi ilə 05.11.2005-ci il təvəllüdlü X8 və 23.12.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 21.05.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləyir və onun aylıq əmək haqqı 300 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Göründüyü kimi istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Qanunvericiliyin aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisənin hazırki qaydada həlli tərəflərə, xüsusən də uşaqlara münasibətdə qanuni və əsaslı olmaqla ədalətlidir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb 13 iyun 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 120 manat sabit pul məbləğində alimentin müəyyən edilməsindən ibarədir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda həmin məbləğin bir il ərzində məcmusu isə (120 X 12 ay) 1440 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2(074)-149/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1225/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1225/2022
18.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver