Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1226/2022 31.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment və sair tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(067)-709/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehdən 2 uşağın saxlanılması üçün hər ay hər uşaq üçün 196 manat sabit pul məbləğində alimentin, uşağın dünyaya gəlməsi üçün ödənilən 1710 manat məbləğində pulun, uşağin 3 yaşı tamam olana kimi lazım olan xərclər nəzərə alınaraq əlavə məbləğin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(067)-709/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 28.08.2014-cü il təvəllüdlü X1 və 04.10.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 24 yanvar 2022-ci ildən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 165 manat sabit pul şəklində alimentin alınaraq İddiaçı verilməsi, həmçinin Cavabdeh 1710 manat məbləğində pulun yarısı, yəni 855 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin alimentə aid hissəsi dərhal icra olunması qət edilmişdir ( hakim Anar Sadıqov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək ondan iki uşağın saxlanması üçün qazancının 1/3 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə barışdığını, ailəni bərpa etdiyini bildirərək iddiadan imtina etdiyini, iddia tələbindən imtinanın hüquqi nəticələrinin ona aydın olduğunu, iddia tələbindən imtinanın nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh izahatında iddiaçının iddiadan imtina barədə ərizənin qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası verilmiş ərizəni nəzərə alaraq hesab edir ki, iddiaçının iddiadan imtina etmə barədə ərizəsi təmin edilməli, iddiadan imtina qəbul edilməklə Xaçmaz Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(067)-709/2022 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbinin üzrə işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası mülki-prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyi və onun iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Xaçmaz Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(067)-709/2022 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi üzrə işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Xaçmaz Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(067)-709/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı aliment və sair tələbinə dair işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1226/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1226/2022
31.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver