Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1227/2022 05.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi ilə, İddiaçı Cavabdeh Şıxəli oğluna qarşı alimentin tutulmasının dəyişdirilərək cavabdehin qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında müəyyən edilməsi və mediasiya xərcinin tutulması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏN E T D İ: Qusar Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli e-2(029)-268/2022 saylı qərardadı ilə (hakim A.Y.Vəliyev) Cavabdeh Şıxəli oğlunun nümayəndəsi və vəkili Vəkil İddiaçı qarşı məhkəmə qətnaməsi ilə tutulmuş alimentin məbləğinin azaldılmasına dair qarşılıqlı iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh Şıxəli oğluna qarşı alimentin tutulmasının dəyişdirilərək cavabdehin qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında müəyyən edilməsi və mediasiya xərcinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, Cavabdeh Şıxəli oğlunun nümayəndəsi və vəkili Vəkil İddiaçı qarşı məhkəmə qətnaməsi ilə tutulmuş alimentin məbləğinin azaldılmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin ərizə 28 mart 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh şikayəti onunla əsaslandırmışdır ki, 28 mart 2022-ci il tarixində elektron məhkəmə sistemi vasitəsilə məhkəmənin baxış iclasından əvvəl qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş alimentin azaldılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddianın qəbul edilməməsini rədd edərkən, onun əvvəl ilkin mediasiya sessiyasında istirak etmədiyini qeyd etmişdir. İddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə ilkin mediasiya sessiyasında iştirak üçün müraciət etmişdir. Lakin məhkəmə bunları nəzərə almamışdır. Qusar Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli e-2(029)-268/2022 saylı qərardadının ləğv edilərək qarşılıqlı iddianın icraata götürülməsi haqqında qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qərardadı dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Qarşılıqlı iddia ərizəsindən görünür ki, iddia tələbi ailə hüquq münasibətlərindən irəli gələn mübahisəyə aiddir və həmin mübahisələr üzrə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Buna baxmayaraq, iddia ərizəsində həmin tələbə riayət olunmasına dair məlumat göstərilməmiş və iddiaçı tərəfindən bu barədə sənəd ərizəyə əlavə olunmamışdır. Azərbaycan Respublikasının MPM-nin 149.2.4-1-ci maddəsinə əsasən ərizədə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, qarşılıqlı iddia ərizəsi MPM-nin 154.1-ci maddəsinə göstərilən müddət ərzində-yəni iddia ərizəsinin alındığı vaxtdan 20 gün müddətində verilməli olduğu halda, məhkəmə baxışı iclasının təyin olunduğu gün verilmişdir. Halbuki, Cavabdeh yaşadığı ünvana göndərilmiş bildiriş və iddia ərizəsinin surəti 10 fevral 2022-ci il tarixdə onunla birlikdə yaşayan ailə üzvü-yəni anası G.Balaqadaşovaya təqdim edilmiş, bu barədə poçt xidməti tərəfindən həmin şəxsə müvafiq xəbərnaməyə imza etdirilmişdir. Həmçinin, Cavabdeh istifadəsində olan mobil telefon nömrəsinə SMS bildiriş göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Bununla da, həmin vaxtdan 20 gün ərzində Cavabdeh qarşılıqlı iddia ərizəsi vermək üçün kifayət qədər vaxtı olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh nümayəndəsi və vəkili Vəkil İddiaçı qarşı məhkəmə qətnaməsi ilə tutulmuş alimentin məbləğinin azaldılmasına dair qarşılıqlı iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması barədə gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 398.0.1-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin bu iş üzrə 28 mart 2022-ci il tarixli e-2(029)-268/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1227/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1227/2022
05.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver