Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1236/2024 09.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və sair tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-134/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Xaçmaz rayonu, Çaykənarı (Alekseyevka) kəndində yerləşən 2.5895 torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilmiş 40 sot torpaq sahəsinin onların qanunsuz sahibliyindən alınaraq ona qaytarılması, cavabdehdən ona dəymiş zərərin əvəzi olaraq 2000 (iki min) manat pulun alınaraq ona verilməsi və ödənilmiş 190 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-134/2024 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Qasımova) iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi və ekspertiza tədqiqatının dəyərinin iddiaçıdan alınaraq Məhkəmə Eksperizası Mərkəzinin müvafiq hesabına keçirilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. 364.1-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Belə ki, təqdim olunmuş apellyasiya şikayəti mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edilərkən müəyyən оlunmuşdur ki, iddiaçı “Elektron məhkəmə” informasiya sistemində xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-134/2024 nömrəli qətnaməsinin surəti xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus elektron sistemdə yaradılmış “elektron kabinet”inə yerləşdirilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 135.6-cı maddəsinin tələbinə uyğun olaraq qətnamənin surəti rəsmi qaydada iddiaçıya xx.xx.2024-cü tarixdə rəsmi qaydada təqdim edilmiş və apellyasiya şikayətinin veriləsi üçün nəzərdə tutulmuş prosessual müddətin axımının başlanması həmin günün səhərindən, yəni xx.xx.2024-cü il tarixdən etibarən hesablanmağa başlamışdır. Qətnamədən apellyasiya şikayətinin 1 ay müddətində verilməsi nəzərdə tutulduğu halda, 1 ay 8 gün sonra iddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə şikayəti məhkəməyə təqdim etmiş, bununla da məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Lakin iddia müddətinin bərpası barədə ərizə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılıb-buraxılmamasına, buraxılmışdırsa üzrlü hesab edilməsinə hüquqi qiymət vermədən, Mülki Prosesual Məcəllənin 364-cü maddəsində nəzərdə tutulan hərəkətləri həyata keçirmədən, apellyasiya şikayətinin uyğunluğu üzrə müvafiq araşdırma aparmadan mülki işi bаxılmаsı üçün Sumqayıt Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Kollegiya əlavə olaraq qeyd edir ki, yuxarıda sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir. Bununla yanaşı apellyasiya şikayətindən müəyyən olunur ki, iddia tələbi torpaq mübahisəsinə aiddir. Mülki Prosessual Məcəllə: Maddə 108.1. və 108.1.7 Mülki məhkəmə icraatında apellyasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. Maddə 108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi sadalanan qanunvercilik normalarının tələbinə əsasən apellyasiya şikayəti verildikdə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin əsasən ödənilməsi nəzərdə tutulmuş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödəməsi nəzərdə tutulur. İddiaçının apellyasiya şikayətindən görünür ki, o, apellyasiya şikayəti verdikdə xx.xx.2024-cü il tarixdə 20 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllə: Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən sadalanan Mülki Prosessual Məcəllənin tələblərinə əməl etməmiş, Mülki Prosessual Məcəllənin tələbini pozaraq apellyasiya şikayətinin geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və sair tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-134/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1236/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1236/2024
09.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver