Məhkəmə qərarları › İş №2(105)-1241/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1241/2021

15.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1241/2021 15.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-733/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-733/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rahim Həsənov) İddiaçı Cavabdeh qarşı çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh adına verilmiş xx.xx.2012-ci il tarixli, ******* saylı dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Quba rayonu, Qəçrəş kəndi ərazisində ona məxsus torpaq sahəsi mövcuddur. Belə ki, o, 2006-cı ildə müxtəlif şəxslərdən alqı-satqı vasitəsi ilə hissə-hissə olmaqla torpaq sahələri əldə etmişdir. Hazırda dövlət aktlarında göstərildiyi kimi, adı çəkilən ərazidə bitişik olmaqla, ümumilikdə 9,21 ha torpaq sahəsi onun mülkiyyətindədir. Torpaq sahələrini alqı-satqı etdikdən sonra elə həmin dövrdə ərazi onun tərəfindən hasarlanmış, yüngül konstruksiyalı tikililər inşa edilmişdir. Bu torpaq sahəsi meyvə bağıdır və təyinatına uyğun istifadə edilir. Bir müddət öncə torpaq sahəsinin bir hissəsinin zəbt edilməsinə cəhd edilmişdir. Məsələni araşdırdığı zaman məlum olmuşdur ki, bu işi görən Cavabdehdur. Cavabdeh mübahisəli torpaq sahəsinə hansı hüquqlarının olduğu ilə maraqlandıqda, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinin verdiyi dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan və ölçüsünü təqdim etmişdir. Əslində cavabdehə dövlət aktı ilə 1,5 ha torpaq sahəsi məxsus olmuşdur. Lakin həmin akt əsasında verilmiş çıxarışda heç bir səbəb olmadan torpaq sahəsinin ölçüsü 0,5 ha artırılmışdır. Beləliklə, müəyyən olunur ki, cavabdeh 3-cü şəxsin əməkdaşları ilə əlaqəyə girmiş, qanunvericiliyin tələbləri pozulmaqla torpaq sahəsinin ölçüləri artırılaraq, faktiki olaraq cavabdehə saxta dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin cavabdehə məxsus torpaq sahəsinin naturada harada yerləşməsini dəqiqləşdirmək üçün mütəxəssisə müraciət etmişdir. "X1" MMC-nin xx xxxxxx 2020-ci il tarixli, 146 rəyinə əsasən cavabdehə məxsus torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsinin cənub hissəsinə bitişik yerləşir, meşə fonduna aid torpaqlara aiddir. Həmçinin rəyə əsasən cavabdehə məxsus meşə fonduna aid torpağın koordinatları heç bir səbəb olmadan qanunsuz olaraq onun mülkiyyətində olan sahənin üzərinə işlənmişdir və torpaq sahəsinin ölçülərinin artırılmasının qanuni əsasları mövcud deyildir. Cavabdehə məxsus sahə aktda torpaq sahəsinin uqodiyası dəmyə kimi göstərilsə də, Qəçrəş kəndində torpaq islahatı bölgü layihəsində meşə fonduna aiddir. Beləliklə, müəyyən edilir ki, cavabdehə məxsus xx.xx.2012-ci il tarixli, ******* saylı dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü saxta sənədlər əsasında hazırlanmışdır və qanuna uyğun deyildir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni əsassız və ədalətsiz hesab edir. Belə ki, onun iddia tələbi xx.xx.2012-ci il tarixli, ******* saylı dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsi olmuşdur. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə bu iş üzrə icraata xitam verilmiş və aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərardaddan şikayət vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı ilə Quba Rayon Məhkəməsinin 2(027)-733/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş və təkrar araşdırılma üçün geri göndərilmişdir. Lakin məhkəmə hər hansı bir araşdırma aparmadan bir iclas keçirmiş və iddia tələbini rədd etmişdir. Beləliklə, işin aidiyyat məsələsi apellyasiya instansiyasının göstərişinə zidd olaraq təkrar araşdırılmamış və bu barədə qətnamədə heç bir qeyd yoxdur. Onun iddia tələbinin əsasını cavabdehə məxsus torpaq sahəsinin onun mülkiyyətində olan sahəyə aidiyyətinin olmaması təşkil etmişdir. O, "X1" MMC-yə müraciət edərək, cavabdehə aid sahənin koordinatlarının müəyyən edilməsini xahiş etmişdir. "X1" MMC-nin xx xxxxxx 2020-ci il tarixli, 146 saylı ekspert rəyinə əsasən cavabdehə məxsus torpaq sahəsi meşə fonduna aid torpaqlara aiddir, həmin koordinatlar heç bir səbəb olmadan onun torpaq sahəsinin üzərinə işlənmişdir. Həmçinin cavabdehə məxsus torpaq sahəsi meşə fonduna aid olduğu üçün xüsusi mülkiyyətə verilməsi qadağandır. Həmçinin cavabdehə dövlət aktı 1,5 ha torpaq sahəsinə aid verilmiş, lakin hər hansı bir səbəb göstərilmədən torpaq sahəsinin ölçüsü DƏDRX-nın çıxarışında artırılaraq 2,0 ha qeyd edilmişdir. Beləliklə, sənədləşmə aparılan zaman qanunsuz əməllərin baş verməsi tam sübut edilir və iddia tələbinin təmin edilməsi üçün əsaslar vardır. Məhkəmə ədalətsiz qətnamə çıxardığı zaman tərəflər arasında olmuş digər məhkəmə prosesinin qətnaməsinin olmasına əsaslanmışdır. Həmin iş üzrə tərəflər eyni olsa da, iddianın predmeti ayrı olmuşdur. Həmçinin hazırki qətnamədə digər iş üzrə verilmiş ekspert rəyinə əsaslanma vardır. Həmin iş üzrə ekspert qarşısında qoyulmuş suallar ayrıdır və onun hazırki iddia tələbi ilə hər hansı bir uyğunluğu yoxdur. Həmçinin məhkəmənin ədalətsiz qətnamə çıxardığı zaman əsaslandığı digər bir hal onun iddia qaldırmağa subyektiv hüququnun olmamasıdır. Məhkəmə qətnamədə göstərir ki, sahibliyində olan torpaq sahəsinə dair çıxarışı olmadığı üçün o, mülkiyyətçi hesab edilmir. O, torpaq sahəsini alqı-satqı etdiyi zaman torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin dövrdə bu sənəd mülkiyyət hüququnu təsdiq edirdi. DƏDRX-dan çıxarışın alınması isə onun hüququdur, vəzifəsi deyildir. Məhkəmənin gəldiyi bu nəticə də səhvdir. İddiaçı apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlmədiklərindən, üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli və iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə xitam verilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən, hazırki halda işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmamasına əhəmiyyət verməmiş, həmin tələblə bağlı iş üzrə icraata xitam vermək əvəzinə, iddiaya mahiyyəti üzrə baxıb onu təmin etməməklə prosessual hüquq normalarını pozmuşdur. İş materiallarına əlavə edilmiş JN-0783 saylı, kodu 30317018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Quba rayon dövlət notariat kontorunun 29.07.05 tarixli, 4-Ə-664-668, 28.12.05 tarixli, 4-Ə-1286-1290, 30.12.05 tarixli, 4-Ə-1409 saylı alqı-satqı müqavilələri əsasında Quba rayonu, Qəçrəş kəndi ərazisində 8,15 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi mülkiyyəti hüququ üzrə İddiaçı oğlunun adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş JN-0805 saylı, kodu 30317018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Quba rayon dövlət notariat kontorunun xx xxxxxx 2005-ci il tarixli, 4-Ə-1291 saylı alqı-satqı müqaviləsi əsasında Quba rayonu, Qəçrəş kəndi ərazisində 1,06 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi mülkiyyəti hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan JN-0787 saylı, kodu 30317018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Quba rayon dövlət notariat kontorunun xx xxxx 2006cı il tarixli, 4-Ə-94 saylı alqı-satqı müqaviləsi əsasında Quba rayonu, Qəçrəş kəndi ərazisində 1,50 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi mülkiyyəti hüququ üzrə Cavabdeh adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu, Qəçrəş kəndində 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh adına xx xxxxxx 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-733/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmiş və iddiaçıya hazırki iddia ilə inzibati məhkəmə icraatı qaydasında aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-2098/2020 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxx 2020-ci il tarixli qərardadları ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi tələbinə dair işə tərəflərin iştirakı təmin edilməklə məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılmışdır. Apelyasiya instansiyası məhkəməsi Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-733/2020 saylı qərardadını ləğv edərkən ona istinad etmişdir ki, hazırki işin inzibati qaydada baxılmasının müəyyənləşdirilməsi üçün birinci instansiya məhkəməsi ilk növbədə mübahisələndirilən hüquq müəyyənedici sənədlərin mülki hüquqi əqdə və yaxud inzibati akt əsasında verilməsini aydınlaşdırmaqla, mübahisənin məhkəmə aidiyyatı məsələsinə hüquqi qiymət verməlidir. İş materiallarından görünür ki, Cavabdeh adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməmişdən əvvəl JN-0787 saylı, kodu 30317018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Cavabdeh oğlunun mülkiyyətində Quba rayonu, Qəçrəş kəndi ərazisində 1,50 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi olmuş, həmin torpaq sahəsi isə Quba rayon dövlət notariat kontorunda təsdiq edilmiş xx xxxx 2006-cı il tarixli, 4-Ə-94 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh tərəfindən əldə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-2098/2020 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edildikdən sonra işə baxılarkən Cavabdeh adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olan sənədlər iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Həmçinin İddiaçı ləğv edilməsini tələb etdiyi torpaq sahəsinin planı və ölçüsündə olan qeydlərdən görünür ki, həmin sənəd DTXK Quba rayon şöbəsinin xx.xx.2006-cı il tarixli, JN- 0787 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmişdir. Qeyd edilən sənədlər mübahisələndirilmədiyi halda, birinci instansiya məhkəməsi iddiaya mahiyyəti üzrə baxıb onu təmin etməməklə prosessual hüquq normalarını pozmuşdur. İşdən görünür ki, İddiaçı iddia tələbini cavabdehə məxsus torpaq sahəsinə dair xx.xx.2012-ci il tarixli, ******* saylı dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün saxta sənədlər əsasında hazırlanması ilə əsaslandırmışdır. “İnzibati icraat haqqında” qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 2.2.2 və 2.2.3-cü maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ bölməsinin 42.1-ci sırasında inzibati orqan kimi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin şəhər (rayon) şöbələri (idarələri) göstərilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli Qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına əlavə və dəyişikliklər edilmiş, bu Qərarın 17-ci bəndi yeni redaksiyada verilmişdir. Həmin bəndə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmə qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki halda işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmamasına əhəmiyyət verməmiş, iş üzrə icraata xitam vermək əvəzinə, iddiaya mahiyyəti üzrə baxıb onu təmin etməməklə prosessual hüquq normalarını pozmuşdur. Bu da Azərbaycan Respublikası MPM-nin 385.1.1ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətdə göstərilən dəlillərə qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə kollegiyası izah edir ki, iddiaçı daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etməli, həmin qurumun hər hansı qərar və hərəkətindən (hərəkətsizliyindən) narazı qaldığı halda isə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 365, 391, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-733/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi barədə iddia ərizəsinə dair işin icraatına işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar