Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1255/2024 21.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “İcbari Sığorta Bürosu” X4 Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdeh (sonuncu məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-31/2024 nömrəli qətnaməsindən iddiaçı “İcbari Sığorta Bürosu” X11 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. 19 mart 2014-cü il tarixdə verilmiş AC seriyalı, 220105 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2011-cı il buraxılışlı, "xxxx" markalı, ** HC *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sahibi X5r.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsi məlumatlar barədə çıxarışdan görünür ki, Cavabdeh 06 aprel 2019cu il tarixdə sürücülük vəsiqəsi verilmiş və o, 06 aprel 2029-cu il tarixədək “B, C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir.
3. 26 dekabr 2019-cu il tarixli, PST********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, "xxxx" markalı, ** HC *** dövlət qeydiyyat nişanlı yük avtomobili ASC "xxxx" Sığorta Şirkətində 26 dekabr 2019-cu il tarixdən 26 dekabr 2020-ci il tarixədək sığorta olunmuşdur.
4. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan, həmçinin DİN-in BDYPİ-nin Yol-Patrul Xidməti Alayının İİ Tağımının əməkdaşı tərəfindən 29 avqust 2020-ci il tarixdə tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində 29 avqust 2020-ci il tarixdə, saat 16:10 radələrində Bakı- Quba yolunun 138-ci km-də yol-nəqliyyat hadisəsi baş vermiş və sonuncu etibarnamə olmadan idarə etdiyi X2 mülkiyyətində olan "xxxx" markalı, ** HC *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol-nəqliyyat hadisəsi törətməklə, X10 məxsus, X6 idarə etdiyi “Mercedes Benz 814” markalı, ** DM *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə zərər vurduğuna görə Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.1-ci maddələri ilə təqsirli bilinib, 40 manat inzibati cərimə edilmişdir.
5. 05 oktyabr 2020-ci il tarixli sığorta aktının, eləcə də 08 oktyabr 2020-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, “Mercedes Benz 814” markalı, ** DM *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə dəymiş zərərə görə 3500 manat sığorta ödənişi “İcbari Sığorta Bürosu” X11 tərəfindən X7 ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı “İcbari Sığorta Bürosu” X11 Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3500 manat məbləğində sığorta ödənişi və 55 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3555 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan ASC "xxxx" Sığorta Şirkəti tərəfindən sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X3 adına sığortalanmış "xxxx" markalı, ** HC *** dövlət qeydiyyat nişanlı yük avtomobili 29 avqust 2020-ci il tarixində Bakı-Quba yolunun 138 km-də Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X6 əmlakına maddi zərər vurulmuşdur. Hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən dəymiş zərərə görə 3500 məbləğində sığorta ödənişi zərərçəkənə ödənilmişdir. Yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini istifadə və idarə etməyə, habelə digər qaydada istismar etməyə hüququ olmamışdır. Belə ki, DYPİ tərəfindən tərtib edilmiş 29 avqust 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokola və eyni tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh sözügedən yol-nəqliyyat hadisəsi zamanı "xxxx" markalı, ** HC *** dövlət qeydiyyat nişanlı yük avtomobili istifadə və idarə etməyə, eləcə də digər qaydada istismar etməyə hüququ olmadan istismar etdiyinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulan qaydada cərimə edilmişdir. Bununla da, sığortaçının subroqasiya qaydasında pul vəsaitini geri tələb etmə hüququ yaranmışdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.
8. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-31/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Bəylər Ələkbərov).
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 926, 927.3, 936.6, 1096.1, 1108.1, 1108.2-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı, 25.1.3, 25.2-ci maddələrinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 124.2 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı “İcbari Sığorta Bürosu” X11 apellyasiya şikayəti verərək, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-31/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmiş, icbari sığortalar haqqında və subroqasiya hüququ haqqında qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməmiş, işin hallarına düzgün hüquqi qiymət verməyərək iş üzrə qanunsuz və əsassız məhkəmə qətnaməsi çıxarmışdır. Məhkəmə tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktları tətbiq etməmiş, həmçinin qanunu səhv təfsir etmişdir.
12. İş üzrə qəbul edilən məhkəmə qətnaməsindən görünür ki, işə baxan məhkəmə hazırkı iş üzrə olan iddia tələbini təmin etməyərək hazırkı mübahisəyə “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsini səhv təfsir edərək tətbiq etmişdir. Məhkəmə hesab etmişdir ki, guya «idarə etməyə və sair hərəkətlərə hüququ olmayan şəxs» dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmayan şəxsi nəzərdə tutulur. “Hüququ olmayan şəxs” yalnız sürücülük hüququ olmayan şəxsdir, həmçinin nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxsdir. Diqqətinizə çatdırırıq ki, “İcbari sığortalar haqqında” Qanunun (Qanun) 25.1.3-cü maddəsinin tələbinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar etməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi, Qanunun 25.1.3-cü maddəsində avtomaşının təkcə sürücülük hüququ olmayan şəxs tərəfindən idarə olunması nəzərdə tutulmamışdır. Heç təsadüfi deyildir ki, qanunverici yuxarıda sözügedən maddənin məzmununda əmlakdan istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə dair ifadələrinin hamısından istifadə etmiş, burada istifadə, istismar, işlətmə və idarə etməni bir birindən fərqləndirmişdir. Əgər bu ifadələrin hamısı eyni məzmunu ifadə edirdisə, o zaman bunların hamısını sadalamağı qanunverici zəruri hesab etməzdi. Məhkəmə isə yuxarıda gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hüququ olmayan şəxs dedikdə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə, sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları “İcbari sığortalar haqqında” Qanun təsdiq edilərkən qanunverici tərəfindən konkret şəkildə artıq müəyyən edilmişdir. Məhkəmənin qanunvericinin konkret normasının şərh etməsinə lüzum qalmamışdır. Diqqətinizə çatdırırıq ki, Qanunun 25.1-ci maddəsində qeyd edilmiş icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları ilə yanaşı, baş vermiş sığorta hadisəsi zamanı hadisəni törətmiş şəxsə qarşı (avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə) sığortaçının “əlavə” subroqasiya hüququ Qanunun 63.1-ci maddəsində qeyd edilmişdir. Qeyd edirik ki, Qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Əgər qanunverici subroqasiya hüququnun yaranmasını sığorta riskinin artıb-artmaması ilə əlaqələndirsəydi, bu halda hadisə yerindən yayınmanı subroqasiya üçün əsas hesab etməzdi. Sürücünün hadisə yerindən yayınması yalnız sığorta hadisəsi baş verdikdən sonra baş tuta bilər. Bəllidir ki, hadisə yerindən yayınan sürücü həm nəzəri, həm də təcrübi biliklərə malik olan, alkoqoldan və ya digər güclü təsir edən maddələrdən istifadə etməmiş, avtonəqliyyat vasitəsini qanuni əsaslarla istismar edən şəxs ola bilər. Sığorta hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınma (post-factum) sığorta riskini necə artıra bilər? Qeyd edirlər ki, sürücünün nəqliyyat vasitəsini etibarnaməsi (icarə müqaviləsi və s. əsası) olmadan istismar etmək, qanuni əsaslar olmadan istifadə hesab edilir. Qeyd edilənlər həm “İcbari sığortalar haqqında” Qanunda, həm də digər normativ hüquqi aktlarda öz əksini tapmışdır. Qanunun 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər həmin Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Qanunun 52.1-ci maddəsində əsasən, avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Qanunun 52.2-ci maddəsində əsasən, avtonəqliyyat vasitəsinin istifadəsi dedikdə avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı onun istismarı nəzərdə tutulur. Avtonəqliyyat vasitəsində quraşdırılmış, lakin onun yol hərəkətində iştirakı ilə birbaşa bağlı olmayan avadanlıqların istismarı avtonəqliyyat vasitəsinin istifadəsi hesab edilmir. Nəzərə alınması zəruridir ki, cavabdehin etibarnaməsi və yaxud digər qanuni əsası olmamışdırsa, o, avtomaşını avtonəqliyyat vasitəsinin hərəkəti ilə bağlı işlətmək, ondan istifadə etmək, eləcə də digər qaydada onu istismar etməyə hüququna malik olmamışdır. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində göstərilir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini) özündə saxlamalıdır. Həmin Qanunun 27-ci maddəsinin aşağıda qeyd edilmiş hissələrinə əsasən: Xİİİ. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, etibarnamə əsasında başqa şəxsə verildikdə, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir. Xİİİ-İ. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı, habelə bu Qanunun 27-ci maddəsinin Vİ-İ hissəsində nəzərdə tutulmuş məlumatları dərhal müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı texniki vasitələrdən istifadə etməklə həmin məlumatı bir gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərir. Daxil olmuş məlumat əsasında müvafiq icra hakimiyyəti orqanı üç gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir. Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilənin notarial qaydada təsdiq edilməsi qanunla tələb olunmadıqda notarial qaydada təsdiq edilməmiş icarə müqaviləsinə əsasən nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı bu maddənin İV-İ, V, Vİ və Vİ-İİ hissələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın 1.2-ci maddəsinə əsasən reyestrlərin tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması(yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir. Həmin Fərmanın 2-ci əlavəsi ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı”nın 2- 12-ci bəndləri qeydiyyata alınmalı nəqliyyat vasitələrini və onlara dair daşınar əmlakın rəsmi reyestrlərini aparan inzibati orqanların adlarını müəyyən edir. Yuxarıda qeyd edilmiş maddələrin əlaqəli analizindən göründüyü kimi, nəqliyyat vasitəsinə dair hüquqlar qeydiyyata alınmalı, nəqliyyat vasitəsinin sürücüsü isə nəqliyyat vasitəsinin sahibi olmadıqda, icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini özündə saxlamalıdır. Mübahisələndirilməyən haldır ki, artıq qanuni qüvvəsini almış DİN-nin inzibati tənbeh vermə haqqında qərarla müəyyənləşir ki, Cavabdeh yol nəqliyyat hadisəsini törədərkən icbari sığortalanmış avtomobili etibarnamə olmadan idarə etmişdir. Cavabdeh həmin qərarı mübahisələndirməmiş, icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini təqdim etməmiş, hadisə zamanı qeyd olunan avtomaşından istifadə etmək hüququnun mövcudluğunu təsbit etməmişdir. Yuxarıda istinad olunanlara əsasən hesab edirik ki, cavabdehin adına sürücülük vəsiqəsi olsa da, onun məhz "xxxx" markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini istifadə etməyə hüququ olmamışdır, həmin hüququn olmaması isə iş materialları ilə sübuta yetirilir. Cavabdehin sürücülük hüququnun, yəni avtomobil idarə etməyə hüququnun olması onun etibarnamə, icarə müqaviləsi və digər qanuni əsaslar olmadan avtomaşını işlətməsi, istismar etməsi və ondan istifadə etməyə hüququ olmasını ehtiva etmir. “İcbari sığortalar haqqında” Qanunun 17-ci maddəsi sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısını müəyyən edir. Qanunun 17.1.4-cü maddəsində buQanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış sığorta ödənişinin vеrilməsi üçün tələb olunan sənədlər siyahısına daxil edilmişdir. Həmin Qanunun 58.2-ci və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-İVQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən müvafiq orqanın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 24 yanvar 2014-cü il tarixli Q-03 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış”dan göründüyü kimi, hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri, sürücünün avtonəqliyyat vasitəsini idarə etmək hüququ sığortaçı tərəfindən yox, müvafiq orqan tərəfindən müəyyən olunur və təsdiq edilir. Nəqliyyat vasitəsindən istifadə hüququnun sığortaçı tərəfindən yox, Daxili İşlər Nazirliyi tərəfindən qeydiyyata alındığını, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə sürücünün inzibati məsuliyyətə cəlb edilməsi sığortaçı tərəfindən deyil, Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirildiyini və sığorta ödənişinin Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən “sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış” əsasında vеrilməsini nəzərə alınaraq Məhkəmənin “sığortaçıların mənafeyinin qorunubqorunmaması” ilə bağlımülahizələri əsassız hesab edilməlidir. 2. İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət yaradan maddələri özündə ehtiva edir. Təsadüfi deyil ki, həmin maddə “idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi” hallarına həm nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsini (332.1), həm nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsini (332.2), həm də ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsini (332.5) aid edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan RespublikasıQanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur. Şərh olunanlardan göründüyü kimi avtonəqliyyat vasitəsinin etibarnamə olmadan idarə olunmasını (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) Konstitusiya məhkəməsi qanuna zidd hesab etmişdir. Sözügedən hüquqi mövqedən də yanaşıldıqda iş üzrə mübahisəsiz qaydada müəyyən edilir ki, cavabdehin "xxxx" markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini istifadə etməyə qanuni əsası olmamışdır. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi maddi hüquq normalarının təfsirində və tətbiqində kobud səhvə yol vermiş və beləliklə də iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
13. Hazırkı iş üzrə birinci instansiyası məhkəməsi tərəfindən prosessual hüququn tətbiqində və təfsirində səhvə yol verilmiş, bununla da işə baxan məhkəmə tərəfindən iş üzrə düzgün olmayan qətnamə qəbul olunmuşdur. Nəzərə alınması zəruridir ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cımaddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Hazırkı iş üzrə məhkəmə tərəfindən qəbul olunmuş qətnamədən görünür ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan RespublikasıMPM-nin 77.1-ci və 88-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuş, bu pozuntu isə nəticə etibarı iş üzrə düzgün olmayan qətnamənin qəbul olunmasına səbəb olmuşdur. Eyni zamanda qeyd edirlər ki, Azərbaycan RespublikasıMülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan xüsusatlarla yanaşı qeyd edirik ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan maddi hüquq normalarına müvafiq qiymət verməlidir. Həmçinin qeyd etməyi zəruri hesab edirlər ki, işə baxan məhkəmə maddi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyi kimi prosessual qanunvericiliyin tətbiqində də kobud pozuntuya yol vermişdir ki, bu da hazırkı iş üzrə olan qətnamənin apellyasiya icraatı qaydasında ləğv edilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 387.1-ci maddəsinin tələbinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Hesab edirlər ki, işə baxan birinci instansiya məhkəməsi yuxarıda sözügedən prosessual normaların tətbiqində səhvə yol vermiş və bununla da iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Odur ki, hazırkı iş üzrə olan qətnamə ləğv edilməli və iş üzrə iddia tələbinin təmin olunması üçün yeni qətnamə qəbul olunmalıdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
15. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edib şikayətin təmin olunmamasını xahiş etdi.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
18. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
19. Maddə 936.2. Faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
20. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
21. Maddə 1096.1 və 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
“İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununu
23. Maddə 25.1.3. İcbari sığota şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalanın və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
24. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Apellyasiya şikayətindən görünür ki, iddiaçı “İcbari Sığorta Bürosu” X11 Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-31/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etmişdir.
37. Ona görə də kollegiya Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. İşin hallarından görünür ki, 29 avqust 2020-ci il tarixdə Bakı-Quba yolunda Cavabdeh etibarnamə olmadan avtomobili idarə edərkən, X6 idarə etdiyi X8 məxsus “Mercedes Benz 814” markalı, ** DM *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşaraq Vüsal Salmanova maddi zərər vurmuşdur. İddiaçı tərəfindən zərər məbləğinə uyğun olaraq zərərçəkmiş şəxsə sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh 29 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.1-ci maddələri ilə təqsirli bilinib, 40 manat inzibati cərimə edilmişdir.
40. İddiaçı hal-hazırda avtomobili hüququ olmayan şəxs tərəfindən idarə edilməsini əsas gətirərək subroqasiya hüququnun yarandığını qeyd etmiş və bu hüquqdan istifadə edərək cavabdeh tərəfə qarşı iddia qaldırmışdır.
41. Kollegiya qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığota şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalanın və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
42. İddiaçı apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsi tərəfindən “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinin səhv təfsir ediməsinə və avtonəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edən şəxsin nəqliyyat vasitəsini idarə etməyə hüququ olmayan şəxs olmasına istinad etmişdir.
43. Kollegiya əvvəla qeyd edir ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsindəki “hüququ olmayan şəxs” ifadəsi ilə nəqliyyat vasitəsini etibarnaməsiz idarə edən şəxs deyil, onu idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmayan şəxs başa düşülməlidir. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ (sürücülük vəsiqəsi) olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri-təcrübi biliklərə malik olmur və belə şəxsin avtomobil idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Bu isə o deməkdir ki, sığortaçı məsuliyyətsiz şəxslərin, yəni sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən şəxslərin davranışı üzündən maliyyə vəsaiti itirir. Odur ki, sığortaçıların (sığorta şirkətlərinin) əsaslı mənafelərinin müdafiəsinin təmin edilməsi məqsədilə belə bir norma qanuna daxil edilib və qanunverici, avtomobil idarə edilməsi sahəsində nəzəri-təcrübi bilikləri olmayan şəxslərin hərəkətlərindən sığortaçını müdafiə etmək məqsədini daşıyıb. Etibarnaməsi olmayan, lakin nəqliyyat vasitəsini idarə etmək hüququ (sürücülük vəsiqəsi) olan şəxs sığortaçının mənafeləri üçün təhlükə yaratmır, çünki “etibarnamə” adlı sənədin avtomobilin idarə edilməsi sahəsində nəzəri-təcrübi biliklərə hər hansı aidiyyəti yoxdur.
44. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur.
45. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, sözügedən maddədə “qanuni əsaslar” dedikdə avtomobili idarə etmək hüququnu verən sürücülük vəsiqəsi başa düşülür. Odur ki, şəxsin avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməsi, onun avtomobili idarə etmək hüququnun olmaması kimi qəbul edilməlidir.
46. Etibarnamə olmadan avtomobilin idarə edilməsini İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi qadağan edib və buna görə məsuliyyət müəyyənlədirib. Bu qadağanı müəyyən etməkdə inzibati hüququn iki məqsədi var: 1) avtomobil mülkiyyətçisinin sahiblik hüququ müdafiə olunsun, yəni onun iradəsi olmadan heç kəs avtomobilə sahiblənə bilməsin; 2) yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları artırılsın, yəni qayda pozanın şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi mümkün olsun. Bu qadağanın sığorta şirkətlərinin mənafeyini müdafiə etmək məqsədi yoxdur. Çünki mülki məsuliyyətin sığortası avtomobil mülkiyyətçisinin sahiblik hüququnun müdafiəsi üçün və ya yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanlarının artırılması üçün tətbiq edilmir.
47. Mülki hüquq inzibati hüququn müəyyən etdiyi “avtomobilin idarə edilməsinə dair etibarnaməni” tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (Mülki Məcəllənin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda “əşyadan istifadə edilmə” kimi qəbul olunur. O cümlədən yol hərəkəti münasibətlərində də avtomobilin idarə edilməsi (istifadə edilməsi) ilə bağlı təmsilçilik münasibətlərinin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən (istifadə edən) şəxs yol hərəkəti münasibətinin iştirakçısına çevrilir və həmin münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, öz adından “sürücü” kimi iştirak edir. İnzibati hüquq etibarnamənin olmasını o halda tələb edir ki, mülkiyyətçi olmayan şəxs avtomobillə yol hərəkətində iştiraka qoşulmuş olsun. Göründüyü kimi, hüquqda “avtomobilin idarə edilməsinə dair etibarnamə” təmsilçilik üçün deyil, hüquqpozmalara qarşı dövlətin qabaqlayıcı (preventiv) tədbiri kimi tətbiq edilir və etibarnamə olmadan avtomobil idarə edən şəxsi “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinin mənası baxımından “hüququ olmayan şəxs” kimi qiymətləndirmək normanın həddindən artıq geniş təfsiri deməkdir.
48. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, sığorta hadısəsi baş verən zaman Cavabdeh sürücülük vəsiqəsi qüvvədə olduğundan (06 aprel 2029-cu il tarixədək), cavabdeh “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” hesab edilə bilməz və bu səbəbdən də iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir.
49. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdır.
50. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
51. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
52. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-31/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı “İcbari Sığorta Bürosu” X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-31/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.