Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1265/2021 06.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı son haqq-hesabatın, ödənilməmiş məzuniyyətə dair ödənişlərin verilməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(012)-2890/2020 saylı qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilməmiş 8000 manat son haqq-hesab, 29200 manat faiz borcu olaraq, cəmi 37200 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh “xxxx” MMC qətnamədən apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı son haqq-hesabatın, ödənilməmiş məzuniyyətə dair ödənişlərin verilməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC tərəfindən 8000 manat son haqq-hesabın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək “xxxx” MMC tərəfindən 8000 manat son haqq-hesabın, son haqq-hesabın gecikdirilməsinə görə 29200 manat isə faizlər olmaqla tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 16.04.2014-cü il tarixdə “xxxx” MMC-nin maliyyə şöbəsinə aparıcı mühasib, 01.05.2017-ci il tarixdə maliyyə nəzarətçisi vəzifəsinə, 21.12.2018-ci il tarixdə isə maliyyə departamentinin hesabat və büdcəyə nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 15.10.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq, yəni öz xahişimə əsasən işdən azad olunmuşdur. İddiaçı “xxxx” MMC-nin maliyyə departamentinin hesabat və büdcəyə nəzarət şöbəsinin rəisi vəzifəsi üzrə aylıq əmək haqqı 2157,19 manat olmuşdur. “xxxx” MMC-də fəaliyyət göstərdiyi müddət ərzində ona istifadə edilməmiş 88 gün üzrə məzuniyyət pulu və işdən çıxdıqdan sonra ödənilməli olan son haqq-hesab ödənilməmişdir. Belə ki, son haqqhesab ümumilikdə 16 168,61 manatdan 8168,61 manat ödənilmiş, qalıq 8000 manat isə ödənilməmişdir. Bununla bağlı İddiaçı tərəfindən “xxxx” MMC-nin rəhbərliyinə müraciət edilsə də, heç bir nəticə əldə edilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh “xxxx” MMC Abşeron rayon məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən, faiz borcunun alınması hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə rədd edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi hazırkı nəticə yanlışdır, işin hallarına uyğun deyil, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. 8000 manat son haqq-hesab məbləğini ödəməli olduğunu qəbul edir və məhkəməyə təqdim etdiyi son haqq-hesab cədvəli də bunu təsdiq edir. Lakin həmin 8000 manat məbləğinin vaxtında ödənilməməsinə görə faizlərin hesablanması qanuni deyildir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron rayon məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsi qismən mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin əsaslı olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin qismən, faiz borcunun tutulması hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, faizin tutulması hissəsində mübahisələndirilməsini nəzərə alaraq hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə hüquqi qiymət verilməlidir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri). Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2006-cı il tarixli S.Əliyevanın şikayəti üzrə qərarı). İşdən göründüyü kimi iddiaçı öz arzusu ilə işdən azad edildiyini və həmin vaxtı aralarında əmək mübahisəsi olmadığını əsas gətirərək cavabdehdən gecikdirilmiş hər gün üçün ona əmək haqqının azı bir faizi məbləğində cərimə ödənci verildiyini iddia edir. Əmək qanunvericiliyinin qeyd olunan maddəsinin mənasına görə işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə ödənilir. Əmək haqqının verilməsində gecikmə halları olduqda və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, işəgötürən işçilərə gecikdirilən hər gün üçün əmək haqqının azı bir faizi məbləğində əlavə ödənc verilməlidir. Bu hal fərdi əmək mübahisəsi yaradıbsa, onda qeyd olunan məsələlər Əmək Məcəlləsinin əmək mübahisələri bölməsində nəzərdə tutulan qaydada tənzimlənir. Bu müddətdə nəzərdə tutulmuş gecikmənin işəgötürənin təqsiri üzündən baş verməsi və bu halın fərdi əmək mübahisəsi yaratmaması birlikdə mövcud olmalıdır. Lakin hazırkı işdə qeyd olunan halların birlikdə mövcud olması işdə görünmür. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin “qeyd” hissəsində “işəgötürənin təqsiri üzündən əmək haqqının gecikdirilməsi” anlayışı verilmiş və göstərilmişdir ki, əmək haqqı işəgötürənin müştərisi olduğu bankın, qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində gecikərsə, bu işəgötürənin özündən asılı olmayan səbəblərə görə gecikmə hesab edilir və o, bunun üçün məsuliyyət daşımır. Məhkəmə kollegiyasına təqdim edilmiş son haqq-hesab cədvəlindən görünür ki, işəgötürən tərəfindən maliyyə və mühasibat uçotu sənədləri vaxtında və düzgün tərtib edilmiş, iddiaçıya ödənilməli olan 16168,61 manatın bir hissəsi, yəni 8000 manatı ödənilmiş, yerdə qalan 8168,61 manat hissəsi isə ödənilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında qeyd etmişdir ki, qalıq məbləğin iddiaçıya ödənilməməsi səbəbini təmsil etdiyi şirkətin göstərdiyi xidmətlərin, satdığı texnika və avadanlıqların haqqının vaxtında ödənilməməsi və davam edən məhkəmə mübahisələri və qəbul edilmiş qətnamələrin icrası ilə bağlı vəsaitin şirkətə ödənilməməsi səbəb olmuşdur. Göründüyü kimi iddiaçıya hesablanmış məbləğin 8168,61 manat hissəsinin ödənilməməsi cavabdehin özündən asılı olmayan səbəblərə görə əmələ gəldiyindən, sonuncunun iddiaçı qarşısında məsuliyyəti yaranmır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hesablanmış son haqq-hesabın 8168,61 manatının ödənilməməsi cavabdehin özündən asılı olmayan səbəblərə görə yarandığından, iddia tələbini bu hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndi). İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. (Əmək Məcəlləsinin 172.4., 172.5-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan 172-ci maddənin qeyd hisəsində göstirlənlərə əsasən bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Göründüyü kimi qanunvericiliyin tələbi baxımından hazırkı mülki iş üzrə iddiaçının son haqq-hesabın gecikdirilməsinə görə 29200 manat məbləğində faizin ödənilməsi hissəsində iddia tələbi əsaslı hesab edilə bilməz və bu hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Abşeron rayon məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsi qismən, 29200 manat faiz borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2., 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutuaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilsin. Abşeron rayon məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 29200 manat faiz borcu tutulması hissəsində iddia tələbi rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1265/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1265/2021
06.05.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver