Məhkəmə qərarları › İş №2(105)-1266/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1266/2022

11.05.2022 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1266/2022 11.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(012)-439/2022 nömrəli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(012)-439/2022 nömrəli qərardadı ilə (hakim H.Y.Əhmədov) iddiaçı "xxxx" ASC-nin Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(012)-439/2022 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı şikayət verib, Abşeron Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli qərardadının ləğv edilib, apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edib, "xxxx" ASC və Cavabdeh arasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7 km, bina 1, blok 39, mərtəbə 5, 17 saylı (85.2 kv.m) saylı mənzilin alqı-satqısına dair bağlanmış 10.05.2008-ci il tarixli, 6112 saylı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq Cəmiyyətə təhvil verilməsi və Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(012)-439/2022 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı "xxxx" ASC verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 04 mart 2022-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytararkən əsassız olaraq dövlət rüsumunun 100 manatın 50 faizi həcmində ödənilməli olması qənaətinə gəlmişdir. Halbuki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən 10 manat dövlət rüsumu ödəmiş, iddia ərizəsi icraata qəbul edilmiş və məhkəmə işə baxaraq müvafiq qərar qəbul etmişdir. İddiaçı məhkəmənin qətnaməsindən narazı qaldığı üçün apellyasiya şikayəti vermiş və qanunvericiliyə uyğun olaraq birinci instansiya məhkəməsində ödənilmiş dövlət rüsumunun 50 faizi həcmində 5 manat dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” qanuna edilmiş dəyişikliklər 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minib. İddiaçı isə məhkəməyə iddia ərizəsi ilə bundan əvvəl müraciət etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini icraata qəbul etməkdən imtina etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verdikdə şikayətə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilməmişdir. Mülki Prosessual Məcəllə Maddə 108.1. və 108.1.7 Mülki məhkəmə icraatında apellyasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. Maddə 108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllə: Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. İş materialları ilə müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verildikdə 5 manat dövlət rüsumu ödənilmişdir. İddia ərizəsindən görünür ki, iddia tələbi müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi barədədir. Göründüyü kimi iddia tələbi qiymətləndirilməyən mübahisələrə aiddir. Ona görə də 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş prosessual qanunverciliyin tələbinə əsasən iddiaçının “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin əsasən ödənilməsi nəzərdə tutulmuş 100 manat dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödəməsi nəzərdə tutulur. Bundan əlavə apellyasiya şikayətindən görünür ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına ünvanlanmış və apellyasiya şikayətinin verilməsi üçün ödənişin təyinatı və xidmətin istifadəçisi kimi Bakı Apellyasiya Məhkəməsi qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət rüsumunun müəyyən edilmiş qaydada ödənilməsi dedikdə, həmçinin rüsumun hansı məqsəd üçün ödənilməsi, yəni təyinatının nədən ibarət olması və hansı dövlət orqanına ödənilməsi nəzərdə tutulur. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Ona görə də birinci instansiya məhkəməsi apellyasiya şikayətini icraata qəbul etməkdən imtina etdikdə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı "xxxx" ASC-nin verdiyi şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(012)-439/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar