Məhkəmə qərarları › İş №2(105)-128/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-128/2024

14.10.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-128/2024 14.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: zəbt olunmuş torpaq sahəsinin boşaldılması, tikilinin sökülməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6 İddiaçı nümayəndəsi X2, Cavabdeh (sonuncu iclasda iştirak etmir) iştirakı ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, qanunsuz inşa edilmiş fərdi yaşayış evinin və hasarın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(012)-83/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi İşin halları

1. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 24 aprel 2003-cü il tarixli, 091 №-li qeydiyyat vəqisəsindən görünür ki, Sabunçu rayonu, Ramana sovxozunda yerləşən A, B və V nömrəli qeyri-yaşayış binası X3 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır.

2. Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 767778 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X8 13 avqust 2015-ci ildə ölmüşdür.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tarixli, 10/8519 saylı ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin sərhəddi ilə “B” literli tövlə tikilisinin arasındakı ən yaxın məsafənin 25 metr olduğu müəyyən olunmuşdur. Lakin qeyri-yaşayış binasının Texniki Pasportunda (bax i.v 36) koordinatlar qeyd olunmadığına, “B” literli tövlə tikilisi ilə sağ tərəfindən yerləşən torpaq sahəsinin sərhəddinə qədər olan məsafə qeyd olunmadığına və miqyas müəyyən olunmadığına görə, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin X4 aid torpaq sahəsinin daxilində yerləşibyerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Apellyasiya icraatı zamanı:

4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2023-cü il tarixli, 2(105)- 1648/2023 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 3-21-3-32/2-14145/2023 nömrəli, 24.11,2023-cü il tarixli məktubunda iş üzrə mütəxəssis rəyinin hazırlanmasının təmin edildiyi, həmçinin mütəxəssis rəyinin verilməsi üçün 392.4 manat xidmət haqqının ödəniləcəyi təqdirdə mütəxəssis rəyinin məhkəməyə göndəriləcəyi bildirilmişdir.

6. Mütəxəssis rəyinin əldə edilməsi üçün zəruri xidmət haqqının ödənilməsi barədə iş üzrə tərəflərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, son nəticədə xidmət haqqı ödənilməmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 may 2024-cü il tarixli, 2(105)- 128/2024 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.

8. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 2(105)-128/2024 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Yenə mütəxəssis rəyinin əldə edilməsi üçün zəruri xidmət haqqının ödənilməməsi səbəbindən iş üzrə xx.xx.2024-cü il tarixli qərardadla icraat təzələnmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Sabunçu Rayonu Ramana Sovxozu ərazisində yerləşən, mərhum həyat yoldaşı X3 mülkiyyətində olan qeyri yaşayış binalarının, qanuni istifadəsində olan və qeydiyyat orqanı tərəfindən tərtib edilmiş qeyri-yaşayış binasının texniki pasportunda göstərilən ölçüləri əsas götürməklə, cavabdeh tərəfindən həmin ərazidə qanunsuz olaraq inşa edilmiş fərdi yaşayış evinin və hasarın cavabdeh tərəfindən sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ailəsi 1997-ci ildən Sabunçu Rayonu Ramana südçülük sovxozu ərazisində heyvandarlqla məşğul olur. İddiaçının ailəsi Ermənistan Respublikasından 1988-ci ildə məlum səbəblərdən Azərbaycana köçmüşlər. 2003-cü ildə satın aldıqları təsərrüfat obyektinin bütün sənədləri hüquqi baxımdan qaydasındadır. Təsərrüfat obyektinin yerləşdiyi torpaq sahəsi Abşeron rayonunun istifadəsində qalan torpaq sahəsi olmaqla, Sabunçu Rayon İnzibati ərazisi hüdudları daxilində yerləşməkdədir. Həmin təsərrüfat obyekti iddiaçının mərhum həyat yoldaşı X3 mülkiyyətindədir. Mərhum 2015-ci ildə vəfat etdikdən sonra mülkiyyətində olan obyektin mərhumun, hüquqi varisi olaraq iddiaçının adına yenidən sənədləşməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişlər. Ancaq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən məlumatda mərhum X4 məxsus Sabunçu rayonu, Ramana sovxozu ərazisində yerləşən təsərrüfat obyektinin sərhədləri daxilində (qeydiyyat orqanı tərəfindən tərtib edilmiş qeyri yaşayış binasının Texniki Pasportunda göstərilən cizgilər daxilində), müxtəlif şəxslər tərəfindən qanunsuz olaraq fərdi yaşayış evlərinin və yarım tikililərin inşa edildiyi bildirilmişdir, (bu şəxslərdən biri də Cavabdehdır.) Bu baxımdan mərhum X3 mülkiyyətində olan qeyri-yaşayış binaları üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun varisin adına dəyişdirilməsinin indiki vəziyyətdə mümkün olmayacağı söylənərək, qanunsuz tikililərin sökülməsi üçün məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Bunu nəzərə alaraq mərhum X4 məxsus Sabunçu rayonu, Ramana sovxozu ərazisində yerləşən təsərrüfat obyektinin yerləşdiyi torpaq sahəsində (qeydiyyat orqanı tərəfindən tərtib edilmiş qeyri yaşayış binasının Texniki Pasportunda göstərilən ölçüləri ilə üst-üstə düşən hissədə), inşa edilmiş qanunsuz tikilinin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq istifadəyə qaytarılması iddiası ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh qanunsuz olaraq başqasına aid torpaq sahəsini zəbt edərək kənd təsərüfatı təyinatlı torpaq sahəsində tikinti işləri apararmış həm torpağın münbit qatına həm də təsərrüfat sahibinə külli miqdarda ziyan vurmuşdur. Abşeron Rayon Tİ və MHQİ tərəfindən verilmiş 24 aprel 2003-cü il tarixli 091 №-li qeydiyyat vəsiqəsindən görünür ki, Sabunçu rayonu Ramana sovxozu ərazisində yerləşən “A”, “B” və “V” qeyri yaşayış tikililəri mərhum X3 mülkiyyətindədir. Həmin qeydiyyat vəsiqəsinə aid olan qeyri-yaşayış binalarının texniki pasportundan göründüyü kimi, “A”, “B” və “V” qeyriyaşayış tikililəri arasındakı sahə və həmçinin tikililərə giriş çıxışlar mülkiyyət sahibinin istifadəsindədir. Göstərilənlərə əsasən iddia tələbi təmin olunmalıdır.

11. Abşeron Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(012)-83/2023 nömrəli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia təmin olunmamışdır.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 24 aprel 2003-cü il tarixli, 091 №-li qeydiyyat vəqisəsindən göründüyü kimi Sabunçu rayonu, Ramana sovxozunda yerləşən A, B və V nömrəli qeyri-yaşayış binası X3 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tarixli, 10/8519 saylı ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin sərhəddi ilə “B” literli tövlə tikilisinin arasındakı ən yaxın məsafənin 25 metr olduğu müəyyən olunmuşdur. Lakin qeyri-yaşayış binasının Texniki Pasportunda (bax i.v 36) koordinatlar qeyd olunmadığına, “B” literli tövlə tikilisi ilə sağ tərəfindən yerləşən torpaq sahəsinin sərhəddinə qədər olan məsafə qeyd olunmadığına və miqyas müəyyən olunmadığına görə, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin X4 aid torpaq sahəsinin daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunan işin faktiki hallarından göründüyü kimi, Cavabdeh tərəfindən Bakı Şəhəri Sabunçu Rayonu Ramana Sovxozu ərazisində qanunsuz olaraq fərdi yaşayış evinin və hasarın inşa edildiyini təsdiq edən mötəbər sübutlar müəyyən edilmədiyindən, məhkəmə iddianın təmin olunmasını mümkün hesab etməmişdir.

13. Məhkəmə öz mövqeyini İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 106.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

15. Apellyasiya şikayətinin dəlilləri, iddia tələbinin dəlilləri ilə analoji məzmunda tərtib olunmuşdur. Şikayət onunla əsaslanıb ki, məhkəmənin iddia tələbinin rədd edilməsi barədə mövqeyi əsassızdır. Belə ki, məhkəmə iş üzrə lazımı qaydada araşdırma aparmamış iddia tələbinin əsaslılığı iddiaçı tərəfindən sübut edilməsinə baxmayaraq məhkəmə iddianın rədd edilməsi barədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən iş üzrə tikinti-texniki ekspertiza təyin edilməklə işin məhkəmə icraatı dayandırıldıqdan bir neçə ay keçdi. Lakin ekspertlər əraziyə baxış keçirmədilər. Uzun müddət ərzində Abşron Rayon Məhkəməsi və Məhkəmə Ekspertiza Mərkəzi ilə əlaqə saxlanıldıqdan sonra belə müvafiq əraziyə yerli baxış təşkil edilmədi. Lakin sonda məlumat aldılar ki, artıq may ayında işə iddiaçı tərəfin iştirakı olmadan baxılmaqla, iddia tələbinin rədd edilməsinə dair yekun məhkəmə aktı qəbul edilib. Məhkəməyə müraciət edib, qətnaməni əldə etdikdə, qətnamənin məzmunu ilə tanış olduq. Qətnamədən iddiaçı tərəfin iştirak etməsi qeyd olunub ki, bu hal həqiqətdən uzaqdır. İkincisi qətnamədə ekspert rəyinə istinad olunur ki, bu rəy umimiyyətlə saxta və natamamdır. Belə ki, ekspertlər əraziyə baxış keçirmədiyi halda əsaslı rəy verə bilməzlər. Ekspert rəyində qeyd olunanlar həqiqəti əks etdirmir. Belə ki, iş materiallarında obyektin texniki pasportu ölçüləri və hətta obyektin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına dair müvafiq sənədlər olduğu halda ekspert rəyində iddiaçının hüquqi sənədlərinin qaydasında olmadığı qeyd olunub. Göründüyü kimi işə baxan məhkəmə heç bir araşdırma aparmadan, iddia tələbinin əsaslarına dair təqdim olunan sübutları tədqiq etmədən, əsassız ekspert rəyinə istinad etməklə, tələsik, qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, hazırkı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2023-cü il tarixli, 2(105)-1648/2023 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edildikdən sonra məhkəmə tərəfindən iddiaçıya ünvanlanan məktublar arasında ekspertiza rəyi əldə edilməsi üçün ödənilməli xidmət haqqı məbləği və hansı quruma ödənilməsi ilə bağlı fərqliliklər olmuşdur. Ən əsası isə ekspertlər tərəfindən sonuncu dəfə mübahisəli əraziyə baxış keçirilməmişdir. Belə olan halda hər hansı obyektiv rəydən söhbət gedə bilməz. Digər tərəfdən həmin torpaq sahəsinin hansı Ərazi İdarəsinin hüdudları daxilində olması dəqiq müəyyən edilməli, bu məqsədlə Sabunçu Rayon İcra Hakimiyyətinə müvafiq sorğu göndərilməlidir. Qeyd olunan məsələlərin dəqiqləşdirilməsi üçün 2-3 ay əlavə vaxt lazımdır. İddiaçının nümayəndəsi sadaladığı məsələlərin aydınlaşdırılmasını məhkəmə kollegiyasından xahiş etdi.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımı qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

20. Məhkəmə kollegiyasının daha öncə iştirak etdiyi iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, hazırda onun istifadəsində olan torpaq sahəsini o Ramin Məmmədovdan etibarnamə əsasında almışdır. Torpaq sahəsini əldə edən zaman bələdiyyənin işçiləri, kənd icra nümayəndəliyinin əməkdaşları ərazidə olmuş, torpaq sahəsinin ölçmə işləri həyata keçirilmiş və ona 0.2 ha torpaq sahəsi verilmişdir. Həmin zaman iddiaçı tərəfdən heç kəs qeyd olunan torpaq sahəsinin onlara məxsus olmasını bildirməmişdir. Artıq torpaq sahəsində onun tərəfindən tikili inşa edildikdən sonra ona qarşı belə bir iddia irəli sürülmüşdür. Hesab edir ki, iddia tələbi kimi apellyasiya şikayəti də əsassızdır.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 16.1-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan suiistifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 238.1 və 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

23. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apelyasiya şikayətinin dəlilləri həddində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını, iş materialları ilə birgə nəzərdən keçirib, hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Hazırki mübahisə torpaq sahəsinin zəbti ilə bağlıdır. İddiaçı tərəf mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edildiyini bildirir və cavabdehin zəbt olunan hissədən çıxarılmaqla mülkiyyət hüququnun bərpa olunmasını tələb edir.

29. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassızdır.

30. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 24 aprel 2003-cü il tarixli, 091 №-li qeydiyyat vəqisəsindən göründüyü kimi Sabunçu rayonu, Ramana sovxozunda yerləşən A, B və V nömrəli qeyri-yaşayış binası X3 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 767778 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, X8 13 avqust 2015-ci ildə ölmüşdür.

31. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, Y.Hümbətov adına Kəndli fermer təsərrüfatının direktoru X9 tərəfindən xx.xx.2003-cü il tarixli, notarial qaydada təsdiqlənmiş, (“A"-1032.0 kv.m., B-1032.0 kv.m və’V 30.0 kv.m. tikintialtı sahələri olan tikililər və 0.20 ha torpaq sahəsi qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən mərhum X4 xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsi və texniki pasport tərtib edilərək verilmişdir. Tərtib edilmiş texniki pasportun baş planındakı A və B tikililəri naturada təyin etmək mümkün olsa da, ümumi tikintialtı sahəsi 5mx6m=30.0 kv.m olan “V” tikilisini təyin etmək mümkün olmamışdır. Texniki pasportun baş planındakı qrafiki təsvirə əsasən torpaq sahəsi 43 nəfər digər vətəndaşların 2013-cü ildən daimi istifadəsinə verilmiş torpaq sahələri ilə tam və müəyyən hissələri ilə üst-üstə düşür.

32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tarixli, 10/8519 saylı ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin sərhəddi ilə “B” literli tövlə tikilisinin arasındakı ən yaxın məsafənin 25 metr olduğu müəyyən olunmuşdur. Lakin qeyri-yaşayış binasının Texniki Pasportunda (bax i.v 36) koordinatlar qeyd olunmadığına, “B” literli tövlə tikilisi ilə sağ tərəfindən yerləşən torpaq sahəsinin sərhəddinə qədər olan məsafə qeyd olunmadığına və miqyas müəyyən olunmadığına görə, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin X4 aid torpaq sahəsinin daxilində yerləşibyerləşməməsini müəyyən etmək mümkün olmamışdır.

33. Başqa sözlə hazırkı halda Cavabdeh tərəfindən Bakı Şəhəri Sabunçu Rayonu Ramana Sovxozu ərazisində qanunsuz olaraq fərdi yaşayış evinin və hasarın inşa edildiyini təsdiq edən mötəbər sübutlar müəyyən edilməmişdir.

34. Apellyasiya şikayətində də iddiaçı iddia edir ki, cavabdeh onun mərhum ərinə məxsus olan torpaq sahəsinin bir hissəsini zəbt etməklə, orada qanunsuz tikili inşa etmişlər və torpaq sahəsindən hazırda da sonuncu tərəfindən istifadə davam edir.

35. Apellyasiya instansiya məhkəməsinin mübahisənin ədalətli və obyektiv həll edilməsi məqsədi ilə əsas hədəfi X4 məxsus Sabunçu rayonu Ramana sovxozu ərazisində yerləşən “A”, “B” və “V” qeyri yaşayış tikililərinə dair 24 aprel 2003-cü il tarixli, 091 reyestr nömrəsi ilə qeydə alınmış qeydiyyat vəsiqəsi və həmin qeydiyyat vəsiqəsinə aid Texniki Pasportda göstərilən ölçülərin nəzərə alınmaqla A, B və V nömrəli qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahələrinin ayrı-ayrılıqda naturada koordinatları müəyyən edilməsi, habelə Texniki Pasportda göstərilən ölçüləri nəzərə alınmaqla A, B və V nömrəli qeyri-yaşayış binalarının faktiki və naturada yerləşmə vəziyyətinin, nəhayət X4 məxsus Sabunçu rayonu Ramana sovxozu ərazisində yerləşən “A”, “B” və “V” qeyri yaşayış tikililərin yerləşdiyi torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi, əgər zəbt edilibsə hansı hissədə və ölçüdə zəbt edilməsinin müəyyən edilməsi olmuşdur.

36. Bu məqsədlə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2023-cü il tarixli, 2(105)-1648/2023 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

37. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 3-21-3-32/2-14145/2023 nömrəli, 24.11,2023-cü il tarixli məktubunda iş üzrə mütəxəssis rəyinin hazırlanmasının təmin edildiyi, həmçinin mütəxəssis rəyinin verilməsi üçün 392.4 manat xidmət haqqının ödəniləcəyi təqdirdə mütəxəssis rəyinin məhkəməyə göndəriləcəyi bildirilmişdir.

38. Mütəxəssis rəyinin əldə edilməsi üçün zəruri xidmət haqqının ödənilməsi barədə iş üzrə tərəflərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, son nəticədə xidmət haqqı ödənilməmişdir.

39. Bundan sonra iş üzrə icraat təzələnərək mübahisənin mümkün həlli tərəflərin iştirakı ilə yenidən müzakirə olunmuşdur. Bu zaman iddiaçı tərəf yenidən məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş etmiş və mövqeyini də onunla əsaslandırmışdır ki, əvvəlki məhkəmə qərardadında qoyulmuş suallar onun mənafeyinə zidd olduğundan xidmət haqqını ğdəməmişdir. Əgər onun özü tərəfindən tərtib olunmuş suallar da növbəti dəfə ekspert qarşısına sual kimi qoyularsa, bu halda müəyyən olunmuş xidmət haqqını ödəyəcəkdir.

40. Kollegiya mübahisənin tam və obyektiv həllinə nail olmaq üçün yenidən məhkəmə tikintitexniki ekspertizası təyin etmiş və tədqiqat aparılması üçün ekspert qarşısında həm məhkəmənin, həm də iddiaçı tərəfin təqdim etdiyi sualları qoymuşdur.

41. Lakin növbəti dəfə də ekspertiza təyin edilməsinə, bununla bağlı xidmət haqqının ödənilməsinin zəruriliyi barədə tərəflərə, xüsusən də iddiaçı tərəfə rəsmi məlumatlar verilməsinə, hətta məhkəmə iclasında MPM-in 97.5-ci madddəsinin tələbləri izah edilməsinə baxmayaraq, yenə də xidmət haqqının ödənilməməsi səbəbindən mütəxəssis və əlaqəli olaraq ekspert rəyinin verilməsi mümkün olmamış, sonda tədqiqat aparılmadan geri qaytarılmışdır.

42. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “ekspertizanın keçirilməsinə mane olma və ya rəyin verilməsində maraqlı olmaması” kimi amillər, işin hallarına Mülki Proressual Məcəlləsinin 97.5-ci maddəsinin tətbiq olunmaqla, iddiaçının irəli sürdüyü və ekspertiza təyin edilən faktın sonuncunun ziyanına təsdiq olunmasını ehtiva edir.

43. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə tələbinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

44. Göründüyü kimi, hazırki mübahisənin obyektiv həlli məqsədilə apellyasiya icraatı zamanı təkrar tikinti ekspertizasının icrası məqsədilə müvafiq mütəxəssis rəyinin əldə edilməsi üçün dəfələrlə iddiaçı tərəfə məktublar ünvanlansa da, habelə şifahi qaydada məlumata verilsə də, son nəticədə qərardadın icrasının təmin edilməsi iddiaçı tərəfin işi biganə münasibətindən mümkün olmamışdır.

45. İcraat təzələndikdən sonra da, iddiaçı tərəf qeyd olunan məsələlərə qeyri-müəyyən cavablar verməklə, hazırki işin icraatını bir neçə ay da uzadılmasını xahiş etmişdir. Kollegiya mübahisənin həllinə bu cür yanaşmanı süni süründürməçilk kimi qiymətləndirir.

46. Kollegiyanın qənaətinə görə hazırki vəziyyətdə kimin haqlı olub-olmaması məsələsinə müvafiq ekspert rəyi olmadan, məhkəmənin özünün tədqiq etdiyi hallar əsasında nəticəyə gəlməsi və ya yalnız iddia tələbində qeyd olunanlara uyğun iddianı təmin etmək düzgün olmazdı.

47. Kollegiya nəzərə çatdırmağı lazım bilir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, bu xarakterli işlərdə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

48. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

49. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə də, göründüyü kimi iddiaçı tərəf mübahisəli ərazinin məhz cavabdeh tərəfindən istifadə edilməsinə dair sübutu nə birinci, nə də ki, apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir.

50. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, iddia tələbinin dəlilləri birinci instansiyası məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilmiş və işin hallarına uyğun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma və gəlinən nəticə ilə razılaşır.

51. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

52. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(012)-83/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar