Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1284/2021 16.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi vəkil Əsədov Kərimxan Əmirxan oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunun silinməsi və aliment borcunu ödəməkdən azad olunma tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(060)-2554/2020 saylı qətnaməsindən iddiaçının nümayəndəsi vəkil Əsədov Kərimxan Əmirxan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) İddiaçı Sumqayıt şəhər məhkəməsinin 2-322-2006 saylı, 06.03.2006-cı il tarixli qətnaməsi ilə 02.07.1995-ci il təvəllüdlü X3 və 08.03.1997-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ondan cavabdehin xeyrinə aliment tutulması üzrə yaranmış aliment borcunun silinməsi və aliment borcunu ödəməkdən azad edilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçının nümayəndəsi vəkil Əsədov Kərimxan Əmirxan oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı oğlu məhkəməyə müraciət edərək, Sumqayıt şəhər məhkəməsinin 06.03.2006-cı il tarixli qətnaməsi ilə 02.07.1995-ci il təvəllüdlü X3 və 08.03.1997-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün ondan cavabdehin xeyrinə aliment tutulması üzrə yaranmış aliment borcunun silinməsi və aliment borcunu ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 22.07.1994-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Həmin nikahdan 02.07.1995-ci il təvəllüdlü X5 və 08.03.1997-ci il təvəllüdlü X4 adlı övladları vardır. Sumqayıt şəhər məhkəməsinin 26.10.1998-ci il tarixli qətnaməsi ilə cavabdehlə arasında olan nikah pozulmuş, övladları cavabdehin himayəsinə verilmişdir. Sumqayıt şəhər məhkəməsinin 06.03.2006-cı il tarixli qətnaməsi ilə hər ay cavabdehdən 80 manat aliment tutularaq 02.07.1995-ci il təvəllüdlü X3 və 08.03.1997-ci il təvəllüdlü X1 üçün cavabdehə verilmişdir. Həmin qətnamədən məlumatı olmamış, övladlarının təhsili, maddi təminatı ilə hər zaman maraqlanmışdır. 16.01.2019-cu ildə həmin qətnamədən icra idarəsinə dəvət olunan zaman məlumatı olmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçının nümayəndəsi vəkil Əsədov Kərimxan Əmirxan oğlu Sumqayıt şəhər məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, aliment borcunun silinməsi və İddiaçı aliment borcunu ödəməkdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin alimentin tutulması barədə qətnaməsindən xəbəri olmamış, 16.01.2019-cu il tarixdə icra şöbəsi tərəfindən borcun ödənilməsi tələb olunduqda xəbəri olmuşdur. Həmişə uşaqları ilə maraqlanmış, onların maddi təminatında iştirak etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Əsədov Kərimxan Əmirxan oğlu apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının maddi durumunun ağır vəziyyətdə olmasına dair sübutları məhkəməyə təqdim etməməsi və tələbinə dair gətirdiyi dəlillərin əsassız olması ilə əsaslandırmışdır. İşdən görünür ki, iddiaçının 2 (iki) övladının saxlanılması üçün hər uşağa 80 manat olmaqla 160 manat alimenti cavabdehə ödənilməsi Sumqayıt şəhər məhkəməsinin 06 mart 2006-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş, lakin övladlarının saxlanılması üçün müəyyən edilmiş aliment məbləğini ödəmədiyinə görə 8040 manat məbləğində aliment borcu yaranmış, həmin borcun silinməsi və aliment borcunu ödəməkdən azad olunması üçün məhkəməyə müraciət etmişdir. Masallı rayon İcra və Probasiya Şöbəsinin 31685/20-62-06 nömrəli 07 may 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı hal-hazırda 8040 manat aliment borcu vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetrilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, aliment valideynin övladının saxlanılması üçün uşaqları yanında qalan valideynə ödənilə müavinətdir. Həmin müavinət digər valideynə öz tələbatının ödənilməsi üçün deyil, himayəsində qalan övladlarının maddi tələbatının ödənilməsi, yemək və digər zəruri ehtiyaclarının ödənilməsində digər valideynin də iştirakının təmin edilməsinə yönəldilir ki, uşaqların saxlanılması yükü bir valideynin üzərinə düşməsin. Lakin aliment ödəyən valideynin işsizlik və digər üzürlü səbəblərə görə borc əmələ gəldiyi, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər (Ailə Məcəlləsinin 107.2. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin aliment borcunun qətnamədən xəbəri olmadığından və digər üzrlü səbəbə görə əmələ gəlməsini, eləcə də ailə və maddi vəziyyətinin bu borcu ödməyə imkan vermədiyini sübut etmə öhdəliyi yaranmışdır. Lakin iddiaçı aliment borcunun üzrlü səbəbə görə əmələ gəlməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə qaydasında aliment üzrə borcları ödəməkdən azad edilmənin əsaslarına aliment borcunun onu ödəməli olan şəxsin xəstəliyi və yaxud başqa üzrlü səbəblərdən əmələ gəlməsi və aliment ödəməli olan şəxsin ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan verməməsi daxildir. Qanunun mənasına görə aliment üzrə borcları ödəməkdən azad edilmə üçün bu hallar birlikdə mövcud olmalıdır. Aliment üzrə borcların qalması üzrlü səbəblərlə əlaqədar olduqda, məhkəmə bu borcların miqdarını azaltmağa və ödəməkdən azad etməyə haqlıdır. Lakin bunun üçün o hallar əsas kimi götürülə bilər ki, həmin halların mövcud olması aliment borclarının ödənilməsini qeyri-mümkün etsin. Əksinə işin mübahisə olunmayan hallarından görünür ki, 26.10.1998-ci il tarixdə tərəflərin rəsmi nikahları pozulmuş, Nurlan və Nurlanə adlı uşaqları anasının himayəsində qalmış və 06 mart 2006-cı il tarixli qətnamə ilə 16.01.2006-cı ildən başlayaraq ayda 80 manat sabit pul məbləğində aliment tutulmuşdur. Lakin iddiaçı həmin vaxt yetkinlik yaşına çatmayan iki uşağı olmasına baxmayaraq, istər boşanmadan sonra, istərsə də aliment tutulduğu vaxtdan sonra cavabdehin himayəsində qalan övladlarının maddi tələbatının ödənilməsində iştirak etməmişdir. Bu halı birinci instansiya məhkəməsində dindirilən X6 da bir daha təsdiq etmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq etdiyindən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1284/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1284/2021
16.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver